manera.az
manera.az

İohann Volfqanq Höte - Təbiət

İohann Volfqanq Höte - Təbiət
Təbiət!

Biz – təbiətlə əhatə olunmuş və çulğalanmışlar, ona dərindən varmadan haləsindən çıxa bilmərik. İstəsək də, istəməsək də, o gözlənilmədən bizi öz yallısının burulğanına qatır və yorulub əlindən üzülüncəyədək bizimlə dolanır.

O daim yeni görünüşlər yaradır; indi onda olanlar bu anacan olmamışdı; olmuşlarsa, bir daha olmayacaq, hər şey təptəzədi, hər şey də kömköhnədi. Biz onda yaşayırıq, ona yadıq. O daim bizimlə danışır, sirlərini isə açmır. Biz dönə-dönə təsir edirik ona, lakin onun üzərində heç bir hökmümüz yox. Belə görünür ki, o nə varsa – subyektə əsaslandırır, lakin bunda deyil təbiətin məramı. O əbədi yaradıb, əbədi də dağıdır, ustalığına isə çatılmaz. Çağalığındadı, özü də anadı, bəs hansıdı o? – O, yeganə sənətkardı ki, azacıq da çətinlik çəkmədən, ulu bir kamilliklə ən sadə nəsnədən ən əks ruhlu əsərlər yaradır və hamısına da öz zərif örtüyünü çəkir. Onun hər yaratdığının öz əsilliyi var, hər olumununsa öz anlamı – hamısı da vəhdətdə.

O, sözəsığmaz baxarlıq yaradır; bunu özü görürmü, bilmirik, fəqət bizimçün yaradır; bizsə sezilməzcə bir qıraqdan baxırıq. Onda hər şey yaşayır, kamala yetir, hərəkət edir, ancaq o irəli getmir. Əbədi olaraq təkamül edir, bircə an da dayanışı yox. Nəfəs dərməyin nə olduğunu bilmir, hər cür dincliyə, ətalətə nifrət bəsləyir. Mətindi, addımları ölçülü-biçilidi, sapmaları təkdənbirdi, gərdişi döndərilməzdi. Aramsız düşünüb. Həmişə də götür-qoyda, seçib ayırd etmədədi, fəqət insan kimi yox, təbiət tək. Onun öz bütünlüyü qapsam niyyəti var, ancaq bunu heç kim fəhm eləmir.

Hətta ən qeyri-təbiidə belə təbiət var, ən qaba filisterlikdə belə onun dühasının nişanəsi nəqş olunub. Kim ki, onu hər yerdə görmür, onda heç yerdə də onunla üzbəüz deyil. O, saysız qəlblərlə özünü sevir, saysız nəzərlərlə özünə baxır. Bölüm-bölüm olunub ki, özündən həzz alsın. O dəyişib-keçməyə, gerçəyini bəlirtməyə divanəcəsinə can ataraq həzzə qadir büsbütün yeni varlıqlar əmələ gətirir.

Xəyallardan şad olur. Kim ki özündə və başqalarında o xəyalları puça çıxarır, onu ən yaman suçlu timsalında cəzalandırır. Kim ki, etibarla onun yolu ilə gedir, o da onu istəkli balası kimi bağrına basır.

Övladlarının sayı yox. Hamıya qarşı mehrlidi, ancaq onun sevimliləri də var ki, onlara daha çox səxavət göstərir, qurban verir. Böyüyü öz himayəsinə alır.

Yaradacaqlarına heçlikdən binə qoyur və demir onlara ki, hardan baş alıb gəliblər və hara gedəcəklər. Onlar getməlidi: yolunu özü bilir.

Çox da cəhd eləmir, ancaq əbədi çalışmalarında, əbədi çoxçalarlığındadı.

Onun baxarlığı həmişə təzədi, çünki o yorulmadan yeni seyrçilər ərsəyə gətirir. Həyat – onun ən yaxşı tapıntısı, ölüm – onun üçün daha böyük həyata ötürümdü.

İnsanı qaranlıqla çulğayıb, onu əbədi olaraq işığa qovur. İnsanı yerə bənd edib, yenidən ondan qoparır.

O, zərurət doğurur, çünki hərəkəti sevir, anlaşılmaz bir yüngüllüklə də hərəkəti oyandırır. Hər zərurət bir iltifatdır, tezcə ödənilir, tezcə də yenidən doğur. Onun doğurduğu artıq zərurətlərdə də həzzin yeni mənbələri var; onsuz da hər şeyin yeni-yeni nizamı yaradılacaq. Uzaq məqsədinə yetmək üçün hər an ondan ötrü bir məqamdı, hər dəqiqəsində də məqsəd başındadı. O – məğrurluğun özüdü, bizim üçünsə – müqəddəsliyin qaynağı.

O, hər cocuğa özünü anlamağa imkan verir; hər anlamaz da onun haqqında fikir yürüdə bilər; minlər ötür onun yanından, görmürlər; hər olumla fərəhlənir, hamısı ilə də öz haqq-hesabını aparır. Ziddinə durduqda belə, onun qanunlarına sığınılır; əksinə getmək istədikdə belə, onunla qoşa addımlanır. Onun hər gördüyü iş nemətdi, çünki qaçılmazdı. Yavaşıyır ki, ona çatsınlar, tələsiyir ki, ondan doymasınlar.

Nitqi-dili yoxdu, lakin o, danışıb-duyduğu min bir dil və qəlb yaradır.

Çələngi – sevgidi. Yalnız sevgi ilə də ona yaxınlaşmaq olar. Yaratdıqları arasında uçurumlar salıb və bütün yaratdıqları da onun ağuşunda qovuşmağa təşnədirlər. Onları ayrı salıb ki, yenidən birləşdirsin. Sevgi badəsinin dodağa bircə toxunuşu ilə o, iztirabla dolu həyatı arıda-durulda bilər.

Birgəliyindədi. Özü-özünü mükafatlandırıb-cəzalandırır da, şadlandırıb-kədərləndirir də. Sərtdi və həlimdi, sevir və qorxudur, gücsüzdü və qüdrətlidi. Varlığı rəvandı. Bilmir – keçmiş nədi, gələcək nədi; onun indisi – əbədiyyətidi.

Bərəkəti aşıb-daşardı. Bütün etdikləri ilə birlikdə mən onu mədh eləyirəm. Bilgədi, aramdı. Məhəbbətinə etibarı ondan qoparda bilməzsən, hərgah könüllü pay qıymırsa, bunu ondan tovlayıb ala bilməzsən. Hiyləgərdi – fəqət xeyirxah məqsəd üçün; yaxşısı budur ki, hiyləgərliyinə məhəl qoymayasan. Tamdı və əbədi olaraq sonayetməzdi. Necə yaradırsa, əbədi də elə yarada bilər.

Hər kəsə o ayrıca bir görümdə bəyan olur. Min bir ad-anlam altında gizlənsə də – birdi ki birdi.

O gətirdi məni həyata, o da aparacaq. Mən ona inanıram. Qoy mənimlə necə istəyirsə, elə də etsin. Onun yaratdığına sevgisi qıt deyil. Mən heç nə demədim onun haqqında. O artıq özü dedi – nə həqiqətdi, nə yanılma. Hamısı onun günahı və onun payıdı./sim-sim.az/

Təqdim və tərcümə edən: Rahid Ulusel Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031