manera.az
manera.az

Məmməd İlqar: Təcnis və yaşam əxlaqı

Məmməd İlqar: Təcnis və yaşam əxlaqı
Rüstəm Kamal,
filologiya elmləri doktoru, professor


Ənənə sadəcə hazır poetik formaların, məlum janr qəliblərinin, ədəbi örnəklərin nəsildən-nəslə ötürülməsi deyil, mahiyyətin, prinsiplərin gələcək nəsilə çatdırılmasıdır.

Düşünürəm ki, milli sərbəst şeirimiz də (rus, Avropa sərbəst şeirinin pozuq tərcüməsini-imitasiyasını demirəm) qoşmanın,
gəraylının “köynəyindən keçməlidir”.

Yetər, şərqi dedik şərin adına,
And olsun bu Göyün, Yerin adına,
Hər nə ki, yazmışıq şeirin adına,
Köküdü, zatıdı, əslidi qoşma!


Məmməd İlqarın sözü sübut edir, milli heca-qafiyə ənənənin gücü-enerjisi hələ tükənməyib, hələ deməyə sözü var.

Qoşma (“qoşma” deyəndə heca şeirimizi nəzərdə tuturam) yalnız etnik-ədəbi kimliyimizin göstəricisi deyil, həm dəpoetik təfəkkürümüzün obrazıdır. O, bu obrazı məhəbbətlə yaşadır. Dədələrimizin qoşma emosiyası ondadır. Ömrünün bəraəti üçün elə bu kifayətdir. Məmməd İlqar qoşmanın Kərəmidir.
Məmməd İlqar: Təcnis və yaşam əxlaqı
Məmməddə İlqarda təqvim - zaman konkretliyi, salnamə dəqiqliyi yoxdur. Ömrün miqyası ölçüsü ontoloji detallarla (”Anamın saçının qara vaxtları”), yaxud mərasim-mövsüm zamanı içində təsəvvür olunur.

Şairin zaman qavrayışı tərəkəmə - elat insanının zaman qavrayışıdır(“İsmayıl biçiləndə doğulub”, yaxud ”Əhməd əsgərlikdən gələndə tut yetişmişdi”. О, müharibənin başlamasını belə xatırlayır:”Oba biçindəydi o yay səhəri”;

Məmməd İlqarda nəqarat-havacat sözdən öncədir. Sözün məna ağırlığı səsin üstünə düşür. Bu, havacatın, qımqımının, ilkinliyi, şifahi nitqin üstünlüyü, əzəli olduğu, ovsun-dua qatının saxlandığı yerlərdə mümkündür.

Başımız ərşə dəysin,
Dağ olun aatamanam.
Həmişə gözü-könlü
Tox olun atamanam.


Şifahi sözün daşıyıcısı olan, havanı yazıya köçürən Məmməd İlqarın təcnisə - dil ustalığı və xüsusi sənətkarlıq tələb edən bir janra səbri, sədaqəti hörmətə layiqdir. Təcnis təbiəti az öyrənilmiş bir janrdır. Təcnisin söylənməsi insanı şərdən - yamandan qoruyur (Təəssüf ki, təcnis kimi bir çox magik janrlar yaddaşımızdan silinib gedir...) Təcnis Məmməd İlqarın poetik nitqinin mifoloji - magik xarakterini göstərir.

Məmməd İlqarda sözün jest-mimika mahiyyətini duymaq və onu təqdim etmək həssaslığı çox güclüdür. Sözün qeyri-verbal ifadəsi arxaik düşüncənin, dilin ritual funksiyasını itmədiyini bildrir. O, çağdaş Azərbaycan şeirində əski poetik nitqin sonuncu daşıyıcılarından biridir.

…Mənim sözüm haqq yolunda şəhiddi
Ad çəkmirəm, az yerində burcu gəl.

yaxud:

…Baş yorduq ki, başımızı düzəldən,
Demədik ki, dirsək göstər, dırçı gəl!


M.İlqar təcnislərində də jestləri görümlü edir, jestləri qafiyə-cinas müstəvisinə çıxardır:

Dil tökdün Məmmədə - ay belə... Filan
Göydə Günəş belə, Ay belə, Filan...
Məni tən yanıltdın ay belə Filan
Sənə neyləmişdim ay belə, belə!!!


Məmməddə ilk baxışdan istənilən sözün-adın qafiyə, cinas potensialını, alliterasiya, assosiativ məna imkanlarını tanıması da danılmazdır. Fikrimizin təsdiqi üçün bir- iki misal gətirək: “Ağamalı qardaşım, Ağlamalı qardaşım”, “Acaloğlan, acal gəlir də gəlsin...”, yaxud Murad Köhnəqalaya xitabən yazdığı şeirdə :

Qədim qalannardı köhnə qalalar,
Təzə nə qalacaq bizdən, ay Murad?


Məmməd İlqarın şeirlərində bəyəndiyim bir cəhət- təzadlardan saxta fəlsəfəçilik üçün istifadə etməməsidir. Onda təzad şeirin təbii struktur elementi, “fəlsəfə daşı” kimi çıxış edir:

Köhnə dostduTəzə kədər...
Ömür nədi?
Qəza-qədər..


yaxud:

...Hamı məndən ağıllı-
Gəzirəm dəli kimi.


Məmməd İlqarın məkan duyğusu fərqlidir, yəni onun məkan obrazı varlıq-yoxluq arasındadır. Bilmirəm, bu, təhtəlşüurun diqtəsidir, yoxsa yaşam fəlsəfəsindən gələn qənaətdir? Onda məkan obyektləri ölüm (tanatos) işarəlidir. İncə dərəsi yalnız şairin doğulduğu yer deyil, həm də son mənzilin adıdır:

Qucağında qəbir yerim gözləyir,
Qəbirləri qucağında bir eldi.

Onun məkan instinkti istiqamət (yön, sarı, tərəf) meyillidir. Baxışlarının yönü yurda, dağlara, Tanrıya tərəfdir.

Yönü vətən sarı, qərib bir qoca
Bayatı çağırır: eləmi dağlar?


və ya

Hər anım sənə sarıdı
Bir yanım sənə sarıdı
Ta yönüm sənə sarıdı
Ta vaxtım sola hərlənir


Sözün omonimli qafiyəyə meyl etməsi həm peşəkar təcrübədən, həm də içindəki genetik səs stixiyasından gəlir. Bu həm də Azərbaycan şerinin (qoşmanın, gəraylının, bayatının...) hünəridir.

Məmməd İlqarda qafiyə özbaşınalığı yoxdur. Çağdaş şerimizdə bir neçə belə şair var ki, ənənəvi qafiyədə öz azadlığını rahatlıqla hiss edir. Şeir məkanında qafiyə pərakəndəliyinə və ifratçılığına rast gəlməzsən.

Sizdən ayrılalı kiməm, gör nəyəm....
Bir parça ürəkdə min ölüm oldu
Ağlama, ay bulud, mən də kövrəyəm,
Mən ölüm ağlama, “mənölüm” oldu.

Şairin yaşam tərzi nə qədər monoloq tipli olsa da, həmişə dialoqa ehtiyac duyur. Onun ünsiyyət çevrəsi bir qoşmanın, bir gəraylının çata biləcəк qədərdir, аşığa, saza yetə biləcək qədərdir.

Məmməd İlqar təbiətən qapalı adam təsiri bağışlasa da, sözü özünə yönəlməyib, yəni elmi dildə desək, avtokommunikativ deyil. Fərqi yoxdur: ölüdür, diridir, qadındır, kişidir, kəndddir, dağdır, Tanrıdır-hamısı onun müraciət obyektidir, onun həmsöhbətidir, dilbiləni, söz anlayanıdır.

Məmməd İlqar suallar şairidir. O, sadə suallarında baxt-yığvalla bağlı bilgin olur.

Şeirlərin içində, beytlərin sonunda səslənən, verilən suallar yalnız ovqatın adı deyil, həm də dünya ilə ünsiyyət qurmaq üsuludur.

Kədərin yağlısı, yavanı varmı,
Sevginin qocası, cavanı varmı,
Bir dünya sual var - cavabı varmı,
Yaradan böyükdür, yaşadan böyük.


Məhz cavablar yox, suallar şairi arif və müdrik edir. Məmməd İlqarın özünə və dünyaya verəcəyi suallar çoxdur...

Mənbə: Sözü işığa danışdım (məqalələr, esselər, resenziyalar, etüdlər) .
Bakı: MBM, 2012.-S.141-145.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31