Xalqımızın sərvəti - Abidələrimiz |MANERA.AZ
Şəfiqə Dadaşova
Keçmişdən gələcəyə körpü rolunu oynayan və ulu babalarımızın bizə yadigar qoyduğu hər bir abidə xalqımızın qədim mədəniyyətinin göstəricisidir. “Biz tarixi keçmişimizə nəzər salarkən ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla - yaradılan hər şeylə fəxr edir və bunları yaradanları daim xatırlayırıq”, - deyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə xalqımızın tarixinin öyrənilməsi, tarixi və mədəni irsinin qorunub saxlanılması sahəsində mühüm işlər görülmüşdür.
Azərbaycan bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərir ki, bu yerlərdə yaşamış qədim insanlar tarix boyu şərəfli yol keçərək çoxsaylı abidələr yaradıblar. İndi bu abidələr dünya və Şərq memarlığının nadir incilərindəndir. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində son illərdə dövlətimizin başçısının təşəbbüsü və Heydər Əliyev Fondu tərəfindən irimiqyaslı işlər dünyanın ən qədim məskənlərindən olan Qədim Qala qəsəbəsindəki tarix etnoqrafiya ərazisində arxeoloji etnoqrafiya muzey kompleksinin yaradılması, Qobustan Dövlət Tarix Bədii Qoruğu ərazisində bədii unikal muzey kompleksinin istifadəyə verilməsi, “Atəşgah” Tarix Memarlıq Qoruğunda təmir və bərpa işlərinin aparılması, “Qız Qalası”nın konversasiyası ilə yanaşı, burada muzey ekspozisiyasının müasir səviyyədə qurulması, həmçinin Şirvanşahlar Muzey Kompleksində açılan yeni muzey ekspozisiyası və keçmişin qorunub saxlanması ilə yanaşı ölkəmizin turizm mərkəzinə çevrilməsinə də xidmət edir.
Dövlət tərəfindən ölkəmizdə tarixi abidələrin mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində də böyük işlər görülür. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində “İçərişəhər” Memarlıq Kompleksi, Qobustan Dövlət Tarix Bədii Qoruğu UNESCO-nun Dünya Bədii İrsi siyahısına daxil edilib. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.
Təəssüf ki, bu gün Ermənistanın işğalı nəticəsində məhv olmuş abidələrimiz də az deyil. BMT-yə üzv olan bütün dövlətlər tərəfindən ölkəmizin rəsmən tanınan ərazisinin 20 faizini işğal etmiş Ermənistan hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına məhv ediblər. Hərbi təcavüz nəticəsində ilk insan məskənlərindən olan məşhur “Azıx” və “Tağlar” mağaraları, “Qaraköpəy”, “Üzərliktəpə” kurqanları hazırda hərbi məqsədlərlə istifadə edilərək, qəsdən məhv edilib. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz isə sıradan çıxarılıb.
İşğal zonalarında maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi indi də davam edir. İşğalçılar burada genişmiqyaslı qeyri- peşəkar arxeoloji qazıntı işləri aparır, abidələri dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Qeyd etmək lazımdır ki, Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyasına, Arxeoloji irsin müdafiəsi haqqında 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.