manera.az
manera.az

Poetik mətnin yeni energetikası - Elnarə Akimova yazır

Poetik mətnin yeni energetikası - Elnarə Akimova yazır
Manera.az tənqidçi Elnarə Akimovanın "Sevgi heykəli" önündə şair duaları" yazısını təqdim edir:

(Faiq Hüseynbəylinin «Sevgi heykəli» kitabı haqqında)

"Poeziya nədir" sualına verilən min möhtəşəm cavabın içindən rahib Bremontun səsləndirdiyi bir fikir, nədənsə, mənə daha uyar təsir bağışlayır:
"Şeir duadır!"

Faiq Hüseynbəylinin şeirlərini hər oxuyanda bu fikri xatırlayıram: Şeir duadır!

Bəlkə ona görə ki, 90-cı illərdən sonra poeziyamızın aqressiya, əsəb notlarına bürünmüş, çöküş ritmində meydana çıxmış şeirlərinin önünə özünün həzin, sevgi ilə dopdolu olan ruh halı ilə çıxır. Getdikcə ciddi problemə çevrilən əxlaqlı düşüncə və yaşam böhranını, dünyanın pozulmuş, altı üstünə çevrilmiş nizamını məhəbbət təlimi ilə xilas etmək missiyasını sərgiləyir özündə.
Poetik mətnin yeni energetikası - Elnarə Akimova yazır
Gənc şairin bu yaxınlarda "Ulduz" jurnalının layihəsi əsasında çap olunan "Sevgi heykəli" kitabı ilə tanışlıq zamanı diqqətimi cəlb edən konseptuallıq, ehtiva elədiyi bir çox estetik-fəlsəfi, ilahi-bəşəri sistemlər vəhdəti bu missiyanın ciddi şüurlu-nəzəri əsaslara söykəndiyini bəlli etdi.

Bir parça buz kimi əriyir ömür,
Günəş hardan bilər buzun dərdini?
Od olub eşq ilə yanmaq gözəldir,
Sonda kül çəkəcək közün dərdini.

Kiminsə canına sadağa düşür,
Baxtına sədd düşür, qadağa düşür...
Ayağım özümdən qabağa düşür,
Həsrətlə daşıyır izin dərdini.


Geniş diapazonlu, romantik metaforaları ilə seçilən Faiqin şeirlərində iki mühüm cəhət var ki, onun şair kimi özəlliyini meydana qoyur. Linqvistik yöndən o, neçə min il yaşı olan türkcədən məharətlə istifadə edir. Estetik yöndən isə bəzən hər cür metaforizmdən özünü arındırıb metafizik sınırlara, həqiqi Sözə çıxır. Bu şeirlərdə metaforizmi daxili inersiyanın gücündən doğan energetik işıq seli əvəzləyir və bu sakral, ruhani işıqda metaforalar belə gözəgörünməz olur.

Bəlkə buna görə Faiqin şeirlərində pessimizmdən maksimum uzaqlaşıb oynaq ritmə, optimizmə köklənmək hissi öndədir. Bu artıq psixoloji amillə, klassik şeirdə olduğu kimi, şairin içindəki Tanrı, sevgi və həqiqət axtarışının uğurla bitəcəyinə inam hissi ilə bağlıdır.

Faiq şair kimi fırçasını rəng palitrasının işıqlı, açıq boyalarına batırır, şeirlərinin semantik stixiyası təhtəlşüur aləmdən xəbər verir. Belə bir misrası var: "gülüşünə heyranam, əzaba gülən adam". Məncə, onun poetikasını qədim hind mətnləri, dini-mənəvi təcrübəsi ilə müqayisə etmək daha doğru olardı.

Hicrana qəhqəhə çəkək,
Gülüb gedək uzaqlara.
Ömrü dədə malı kimi
Bölüb gedək uzaqlara.

Faş eləyək həqiqəti,
Sevgi adlı təriqəti.
Kim yazıbsa bu qisməti,
Silib gedək uzaqlara.

Açılmaz sirr uzaqlıqdı,
Ən gözəl yer uzaqlıqdı.
Ölüm də bir uzaqlıqdı,
Ölüb gedək uzaqlara!


Faiq Hüseynbəylinin şeirlərində Orta əsrlərin özünəməxsus ifadə tərzi, emosional siqləti, dil stixiyası var və Faiq bu mükəmməl birgəliyi, oğuz-azəri stixiyasını nəinki bütün ruhu ilə hiss edir, həm də genetik-psixoloji olaraq mətnə ötürməyə nail olur.

Onun şeirlərində əvvəldən axıra, sanki bir obraz var və Faiq bir şair kimi bu obrazın kontur və miqyasını meydana qoyur. Füzuli təbirincə desək, "Aşiqü sadiq mənəm, / Məcnunun ancaq adı var". Bu mənada, Faiqin şeirləri həm də bütöv bir fəlsəfi sistemin içindədir. Amma bütün yönləri ilə bizə tanış və yaxın olan bu sistemi Faiq özünün yaratdığı məna çalarlığında yeniləyə bilir.

İrfan düşüncəmizin estetik potensialından yaradıcı şəkildə yararlanmaqla bərabər, qədim şeirin məna və obrazlarının hərəkət trayektoriyasını, onun vəzn, musiqi, rədif, qafiyə səhmanını müasir interpretasiyada, bir növ, "tozunu alaraq" yeni dövr poeziyamızın müstəvisinə gətirməyə nail olur. Bu müstəvidə artıq klassik şeirin dil-üslub imkanları, qramer, leksika, tələffüz və ifadə tərzi fərqli estetik məkan yaradır, fərqli süjet iyerarxiyası qururlar.

Sənə gələn haqq yoludu, əfəndim,
Kölə canım xan da olsa, gələrəm.
Çağır məni, səssizlikdən ürpəndim,
Can üstündə can da olsa, gələrəm.

Dilə gətir içimdəki rübabı,
Bu quluna rəva görmə əzabı.
İki nədir, dünyaların hesabı
Beş də olsa, on da olsa, gələrəm.

Donub sənsiz ömrüm-günüm, hər anım,
Həsrət dadır, qəm qoxuyur dörd yanım.
Çağır məni hüzuruna, sultanım,
İki əlim qan da olsa, gələrəm.

Diqqət edək, qədim oğuz şeirinin ritm və ölçüsü üstündə söz imkanlarını meydana çıxarmaqla Faiq, əslində, poetik mətnin yeni energetikasını yaratmış olur. Şair bəzən sürrealist dildən, təhtəlşüur axından da istifadə edir, mətnlərində intertekstuallıq güclü şəkil alır, şeirlərinin semantik yükü ağırlaşır. Poetik stixiyası qoşma, gəraylı kimi janrların stixiyasından zəmin alsa da, həmin janrların arxitekturası modern düşüncə ilə yenidən qurulur.

Mizrabını sinəm üstə oynadan
Bir eşq ilən durulmağım mübarək!
Sim üstündə ocaq çatıb ruhuma
Pərdə-pərdə kül olmağım mübarək!

Bir ilahi eşqə varıb ürəkdən
Gözəlliyi görk elədim mələkdən.
Sevə-sevə öc almışam fələkdən,
Çiliklənib qırılmağım mübarək!

Qəm şələsi ağır gəlir sağrıma,
Bir İlahi səs yetişər ağrıma.
Bu sevgini, eşqi basıb bağrıma
Dönə-dönə sarılmağım mübarək!

Budur sözün məhəbbəti, nidası,
Yaman olur işvə-nazı, ədası.
Min illərin yolçusuyam, qadası
Gəlib səndə yorulmağım mübarək!

A.Blok yazır ki, "Hər bir yazarın üslubu onun ruhu ilə sıx bağlıdır. Təcrübəli insan üsluba baxaraq yazarın ruhunu görə bilər". Əslində, kommunikativ və estetik imkanlar baxımından mürəkkəb struktura malik üslubu ayırd etmək o qədər də asan iş deyil. Bu çoxqatlılığın içindən fərdiliyin ayırd edilməsi ancaq mətn həllində reallaşır, dil normalarından tutmuş onun ekspressiv vasitələrindən istifadəyə qədər təkrarsız münasibətdən keçir.

Bu mənada, Faiq şeirlərinin bütün struktur qatlarında - ritm, süjet xətti, dil və başqa komponentlərin təzahüründə keyfiyyətcə yeni bütövlüyə, poetik tamlığa nail olur. Amma bu tamlığın, konseptuallığın əsas vahidi söz, cümlə deyil, daha dərin səs, daxili obraz və strukturudur. Və Faiq Hüseynbəyli şeirinin poetik yükü də həmin obrazın, səsin, eləcə də ondakı epitetlərin yüksək sıxlığı hesabına formalaşır.

Hamam hamam içində,
Təzə zaman, təzə tas.
Sənə nağıl söyləyim,
Ömrüm-günüm, qulaq as.

Biri varmış, biri yox,
Dəvələr dəllək imiş.
Allah da yer üzündə
Tənha imiş, tək imiş...

İlhama gəldi bir gün,
Murada çatdı Allah.
Torpaqdan, sudan, oddan
Adam yaratdı Allah.

Nəfəs verdi insana,
"Havalı olsun", - dedi.
Həsrət verdi insana,
"Halalı olsun", - dedi.

Sevgi verdi insana,
Gözlərində yaş olsun.
Nifrət verdi insana,
Sevən könlü daş olsun.
Yaratdı! Saldı Tanrı
İnsanı bu qəmlərə.
Sonra da rəhm eylədi
Bəndeyi-adəmlərə.


Mən hər zaman kitabların adlarına həssas olmuşam. "Sevgi heykəli" kitabının da yalnız akseoloji məqamına deyil, həm də daşıdığı simvolikaya yönəlsək diqqət hədəfində eşq dünyaduyumunun işlənmiş bədii mozaikasını görmək çətin olmur.

Faiqin şeirlərində sevgini həyat kimi yaşamaq var, eşq burada ən ali dəyərdir. Poeziyamızda estetik nizamsızlığın hökm sürdüyü mövcud reallıqda bu şeirlər normativ, requlyativ funksiyası ilə də diqqət çəkir. Həm zəngin təxəyyül və inanc məntiqinə istinad etməsi, həm də bayağı psevdofəlsəfi ritorikanın poetik element səciyyəsi aldığı indiki zamanda bədiiliyi qoruma çabası ilə. Bu mənada, "Sevgi heykəli" kitabı gerçəkliyin təbiiliyi və mistik-sufi ekstazı ilə ayrıca mənəvi-psixoloji hadisədir.

Sevgiyə həsr olunan şeirlərdə belə hikkənin, mazoxist davranışın at oynatdığı bu dövrdə bu mətnlərin ruhani abstraksiyası insanı özünə çəkir. Faiq sözü sadə şəkildə, bəzəyib düzəmədən emosiyalarının təcəssüm şəklinə çevirir. Şeirlərində modelləşdirdiyi gerçək içində özünü gizlətmir. Əksər şeirlərindən adının keçməsi də bununla bağlıdır. Onun şeirləri öz yaşantılarından çəkdiyi avtoportretlərdir.

Şeirlərdə misra-misra özüməm,
Beş-on nəfər duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.


Faiqin şeirlərindəki bu yenilik yalnız məzmun qatında deyil, həm də formal planda gerçəkləşir. Hecanın ən gözəl nümunələrini yaratmaqla illərdir aparıcı mövqedə dayanan sərbəstə meydan oxuyan Faiq Hüseynbəyli bu mətnlərlə həm də zamana qarşı olmağın örnəyini verir.

Çeslav Miloşun fikrini bir balaca dəyişib desək, "metafizik hisslər" "təmiz formanın gərginliklərində" ifadə olunur, amma bu, formanın məqsəd üzərində qeyri-şərtsiz üstünlük qazanması demək deyil. Faiqin mətnlərində məqsəd həm də poeziyamızda hakim olmuş metafizik qiyamın özünü belə tanrısal duaları ilə tərksilah etməkdir:

Sənin hüzuruna Faiq adında,
Bu boyda-biçimdə yük gətirmişəm.
Bağışla, İlahi, sevmişəm səni,
Bağışla, arada şəkk gətirmişəm.

Gəlmişdim dünyaya söz yaratmağa,
Qəmə gülümsəyib, dərdə batmağa.
Kömək et, az qalıb sənə çatmağa,
Tut mənim əlimdən, çək... gətirmişəm...


Faiq Hüseynbəylinin şeirləri "Sevgi heykəli" önündə şair dualarıdır. "Heyrət, ey büt"- ifadə olunan məna və hikmət budur! Bu duanın özülündə və rəmzində isə İlahiyə, insana, eləcə də dünyəviliyə xas olan bütün dəyərlər birləşir, eyni bədii hökmün iradəsi naminə mənəvi sərvət statusu daşıyırlar./edebiyyatqazeti.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
242526272829