manera.az
manera.az

Hər iki üzü yalan dünya... - NOVELLA

Hər iki üzü yalan dünya... - NOVELLA
İbrahim. Biz İbi deyirik ona. Qızıl oğlandı. Di gəl, bəxtinə yava arvad düşüb. Yenə zəng vurub ki, gəl, çayxanadayam, beynim çatlayır hirsimdən.

Deyiləsi dərd deyil e... Göyçək gəlindi Vüsalə, amma yaman qısqancdı. Hə, nə az, nə çox – bütün qadınlar kimi qısqanc! Amma İbiyə də yox da!.. Ha yana çevirirsən, yenə görürsən ki, səbəb, qadın savadsızlığıdı. Arvad ki ərinin hamama atdığı alt paltarını sümsük tula kimi iylədisə, belə arvadı at getsin! Kişi saçını da darayar, üst-başına düzən də verər, hələ üzünə odekolon da vurar. Burda nə var ki? Amma İbi hər hamama girəndə Vüsalənin içi içini yedi, çölü də çölünü ki, bəs deməzsənmi, əri iş yorğunluğunu çıxarmır, qüsl alırmış...

Eh, qadınlar, qadınlar... Axırda bir gün dilə gətirdi içinin qurdunu və ərinin gözündən tamam düşdü. Adam da İbi kimi oğlana bu dərdi çəkdirərmi heç?.. Özün İbrahimə aşiq ol, özünü sevdirib ailə qur, axırda da gün-güzaranını zəhər-zəqquma döndər, bunu Allah götürərmi? Qurban olum Allaha, yetimliklə böyümüş İbiyə bu zülm yaraşmır axı...

İbinin qəlbi uşaqlıqdan yaralıdı. Atası cavan köçmüşdü dünyadan. Anası isə dörd yaşlı oğlunu atıb təzədən imkanlı birinə ərə getmişdi. İbi qohum-əqrəba həyətində böyüyüb. Həddibuluğa çatanda bir qıza aşiq oldu, o da İbini bəyənməyib başqasına qoşuldu qaçdı. Bax o vaxtdan İbidə anasına və qadınlara bir nifrət yarandı. Bir dəfə toyda möhkəm keflənmişdi. Kimsə “Ana” muğamı sifariş vermişdi. Müğənni təzəcə şövqə gəlmişdi ki, özünü dürtdü mağara, mikrofonu zavallının əlindən qapıb bağırdı ki, bir az da anaların qəhbəliyindən oxu! El içində rüsvay olmuşdu onda, mağardan zorla sürüyüb çıxartmışdıq. O gün başına ağıl qoymaq istəmişdim, – Sən anana bir də atanın gözüylə bax, onda gözündən düşməsə, mənə nə deyirsən de!.. – bu sözü yaman xətrimə dəymişdi, amma bir gün sonra üzrxahlıq edib könlümü almışdı, hər şeyi kefliliyin üstünə yıxmışdı...

Allah göydən baxır, onu Vüsalə adam elədi. Sübut elədi ki, qadınların hamısı vəfasız olmur. Üç il sevgili oldular, bir-birini hərtərəfli tanıyandan sonra ailə qurdular. Di gəl, Vüsalənin gijiyi üç ildən sonra tutdu. Həm də qucağında iki uşaq... İbi hər dəfə arvada tabe olduqca arvadı ondan daha artıq mütilik tələb etdi. Xirtdəyəcən bezmişdi yazıq, yanıqlı-yanıqlı deyirdi, – İlləri saymağa nə var ki, oğulsan illəri yaşadığın əzablarla say... – Vüsalə ondakı həyat şirəni çoxdan sorub əmmişdi. Aralarında şeytan öz imarətini quranda İbinin hər kəslə münasibətində bir etinasızlıq, keylik yarandı.

Bircə mənə ürək qızdırırdı. Ailə sirrini məndən gizlətmirdi, hər addımından xəbərdar idim. Başına ağıl qoyası deyildim, çünki daxili aləminə, ruhuna və vicdanına qarşı tələbkarlıqda məndən dünyagörüşlüydü. Hətta bir az qurcalayanda filosofluğu, şairliyi də vardı. Ölürdü Ramizin bu misrasından ötrü: "Bilsək dünyaya gəlməzdik, analar aldatdı bizi"... Qəribə çəkicilik vardı onda. Adam var ki, dərdiylə qaraçuxa kimi sürünür küçələrdə.

Beləsindən hamı qaçır. Çünki daima şikayətçidir, narazıdır və dərdini bulaşdırmağa, yükünü tökməyə adam axtarır. Eləsi də var ki, dərdlidir, amma dərdini dağıtmağa sirdaş axtarır. Bu cür adam başadüşüləndir, itələyici deyil, ərk etdiyi üçün səmimidir. İbi ikincilərdəndir. Hərdən hiddəti kəllə-çarxa çıxanda məni axtarmağından, dərdini bölüşməyindən sıxılmıram. Amma bəzən məni mütəəssir etmək üçün az qala halına ağı deyib ağlamaq istəyəndə günlərlə özümə gələ bilmirəm.

Yenə kibriti firlada-fırlada mizin küncünə döyürdü. Məni görcək durdu. Öpüşdük, – "Dünya duracaq yer deyil, ey can, səfər eylə" – bir az zarafat qatmaq istədim ortaya.
– Yox, bu həna o hənadan deyil... – üzünə qara buludlar oturmuşdu.
– Yenə nəsə olub?
– Razılaşdıq ki, boşanaq...
– Onsuz da münasibətləriniz boşanmağa gətirirdi. Sevginiz nə vaxtsa olub, amma tükənib daha. İt leşi kimi qucağınızda daşımağın nə mənası? Bəs uşaqları neyləyəcəksiniz? – çoxdan ürəyimdə bunun belə olacağı ilə razılaşmışdım.
– Uşaqlar onunla qalacaq... Mən sənə başqa şey demək istəyirəm...
– Eşidirəm... – bir anda fərqli rəng aldı üzü.
– Mən başqasına aşiqəm...
– Nə tez!? Kimdir, tanıyıram?
– Hə. Səbinəyə...
– Hansı Səbinə?
– “Təndir”də işləyən Səbinə.
– O kafedə ofisiant işləyən qız?!
– Hə...
– Sən dəlisən!? O ki, nənən yaşdadır! – “anan yaşda” desəydim, anasını yağlayacaqdı.
– Eşq yaşa baxmır... – yox, İbi həmən İbi deyildi.
– İstəyirəm biləsən ki, Vüsaləylə indiyədək bütün söz-söhbətin səbəbi Səbinəylə olan münasibətimizdir.
– Anlamadım! Vüsalə bundan xəbərdardır? Bəs indiyədək dediyin o qısqanclıqlar?..
– Hamısını məni bu yoldan çəkindirmək üçün edirdi...
– Məni adam kimi bir başa sal görüm! Demək, sən ofisiantla çoxdandır birlikdəsən, bunu Vüsalə bilir və səni bu sevdadan çəkindirmək üçün başına ağıl qoyur, sənsə halal arvadının “qısqanclığını” dağ edib onu gözdən salırmışsan?!.. – dizim titrəyirdi hirsimdən.
– Təxminən elə bir şey...
– Nə “təxminən”, ə! Sən bilirsən nə edibsən!? Özündən yalan uydurub məni də bu yalana inandırmısan?..
– Özümlə bacarmıram, daha Vüsalə yatağımı üşüdür...
– Sənin yatağın batsın! Nə zəhərli ilanmışsan sən! Mən də tanıyanlara deyirəm ki, dünyada İbi kimi düz, zavallı adam yoxdur... – ürəyim partlamamış qaçmaq istəyirdim çayxanadan.
– Dur, səndən başqa kimsəm yoxdur. Sən də məni atıb getsən...
– Kəs səsini, zibil!.. – yumruğum havadan asılı qaldı. Hamı bizə baxırdı. – Tfu sənin kişiliyinə, adamlığına, şərəfsiz! – çayxanadan vəbadan qorxub qaçan adam kimi çıxdım...

05 dekabr 2019-cu il

Rəşid BƏRGÜŞADLI
Hər iki üzü yalan dünya... - NOVELLAБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031