Prof. Asif Hacılı: “Yeni tənqid” hərəkatı

Tarix:24-07-2017, 10:05 Baxış Sayı:450

Prof. Asif Hacılı:  “Yeni tənqid” hərəkatı
Manera.az bu həftə üçün prof.Asif Hacılının “Yeni tənqid” hərəkatı” yazısını və onun tərcüməsində Tomas Sternz Eliotun “Ənənə və fərdi istedad” məqaləsini təqdim edir.


İngilis-amerikan şairi, dramaturqu, ədəbiyyatşünası Nobel mükafatı laureatı (1948) Tomas Sternz Eliotun (1888 – 1965) əsasını qoyduğu “yeni tənqid” bədii əsəri tarixi-ədəbi prosesin tərkib hissəsi və eyni zamanda zamandan və sosial ənənədən kənar avtonom mədəni-tarixi hadisə, daxili bədii aləmə malik müstəqil mətn kimi təfsir etməklə XX əsr ədəbiyyatşünaslığında elmi diqqətin sırf ədəbi anlayışlara yönəlməsinə təkan vermişdir.

Ədəbi yaradıcılığın tarixi dövrdən və cəmiyyətdən, hətta müəllif şəxsiyyətindən birbaşa asılı olmadığını düşünən Eliot sənət əsərinin məhz ədəbi kontekstdə yarandığını və nəinki indinin və keçmişin, həm də gələcəyin dərkinə təsir etdiyini və bununla da sırf bədii varislik və bədii sistem kimi məfhumlarla birbaşa bağlılığını təsdiqləmişdir. Eliotun “yeni tənqid”i ədəbi yaradıcılığın gerçək tarixlə bağlılığını qəbul etsə də, ədəbi prosesin daxili məntiqini, bədii sistemin qapalı tamlığını, bədii təkamülün müəyyən avtonomluğunu önə çəkir. Yazıçı gerçək tarixi mühit və öz daxili aləmi ilə bərabər, bu virtual ədəbi-mədəni aləmi də inikas edir, ədəbi paradiqmada yazıb yaradır və qavranılır. Buna görə də, ədəbi yaradıcılıqda fitri istedadla bərabər, ədəbi savad və bilik, ədəb-mədəni ənənəyə bələdlik sənətkarlığın mühüm göstəricilərindən biri kimi təqdim edilir. Yaradıcılıq əbədi dəyərləri və mənaları ifadə edən fövqəlfərd proses kimi təfsir olunur. Bu cəhət Eliot konsepsiyasına digər bir çalar gətirir – fərdilikdən uzaqlaşma ədəbi-bədii yaradıcılıqda məntiqiliyin, elmiliyin, savad və biliyin önə çıxarılmasına səbəb olur. Bədiiliyin mahiyyətinə zidd olan, istedada rəğmən biliyi mütləqləşdirən bu tezisin ziddiyyətindən qurtulmaq üçün Eliot biliyi ədəbi mənbələrlə, deyək ki, tarixi savadı tarix haqqında əsərlərlə məhdudlaşdırmağa çalışır. Lakin bu kimi birtərəfli məqamları ilə bərabər, ”Müqəddəs meşə” (1920), ”Seçilmiş esselər” (1932), “Poeziya və şairlər haqqında” (1957), “Poeziyanın xeyri və tənqidin xeyri” (1933), ”Tənqidçini tənqid” (1965) kimi məqalə topluları çap olunmuş T.S.Eliotun elmi-nəzəri mülahizələri ədəbiyyatın bütün dövrlərdə izlənən əbədi mahiyyətini, yaradıcılığın təsadüfi, fərdi və ötəri amillərdən asılı olmadığını, yazıçı və şair üçün istedad qədər də erudisiya və ədəbi savadın, əbədi dəyərlərin və mənaların vacibliyini anlamaq baxımından əhəmiyyətlidir. “Yeni tənqid” eyni zamanda keçən əsrdə ədəbiyyatşünaslıqda və ədəbi prosesdə izlənən fərqli meyllərin dərkində də əhəmiyyətli hadisədir. Bu baxımdan, Tomas Sternz Eliotun 1919-cu ildə imajinist “Eqoist” jurnalında dərc olunmuş “Ənənə və fərdi istedad” məqaləsi bir çox meyar və prinsipləri bu gün də aktual olan və əslində bu məktəbin elmi manifesti səciyyəsi daşıyan konseptual məqalə kimi diqqətəlayiqdir.



Tomas Sternz Eliot
Ənənə və fərdi istedad

İngilis tənqidində biz ənənə haqqında az danışırıq, onun itirilməsini təəssüflə qeyd edərək, bu sözü hərdənbir işlətsək də, “müəyyən ənənəyə” və ya “hansısa ənənəyə” istinad edə bilmirik. Ən yaxşı halda bu poeziya “ənənəvidir” və ya “həddən çox ənənəvidir” deyərək müvafiq sifətdən istifadə edirik. Mətbuatda bu söz az işlənir, işləndikdə də istisnasız olaraq tənqidi mənada. Əgər rəğbət çaları daşıyırsa, bu söz yalnız arxeoloji işlərə şamil edilir, arxeologiyaya istinad etmədən “ənənə” sözü ingilislərin qulağına yad gəlir. Və əlbəttə, sağ və ya həyatdan getmiş yazıçıları layiqincə qiymətləndirmək istəyiriksə, çətin ki bu sözü işlədək. Hər bir millət, hər bir irq yalnız yaradıcılığa deyil, həm də tənqidi təfəkkürə malikdir, o, tənqid sahəsində nöqsan və qüsurlara daha dözümlüdür, nəinki yaradıcılıq sferasında. Biz fransız dilində çıxmış xeyli miqdarda tənqidi işdən fransızların tənqidi metod və ya yanaşmalarına bələdik (və ya bələd olduğumuzu düşünürük). Və biz yalnız bir nəticəyə gəlirik ki (nə qədər bəsirətsiz adamlarıq), fransızlar bizdən “daha tənqididirlər”, bəzən də qürrələnirik ki, fransızlar sanki bizdən daha az müstəqim düşüncəlidirlər. Ola bilsin, elə belədir ki var. Lakin xatırlamalıyıq ki, tənqid hava-su kimi lazımdır və biz də özümüzə qarşı tənqidi olmalıyıq, kitabı oxuyarkən fikirləşdiyimizi və düşündüyümüzü bildirməyi fransızlardan pis bacarmamalıyıq. Bu zaman aşağıdakı fakt ortaya çıxır: şairi tərifləyərkən onun yaradıcılığının başqalarına ən az bənzəyən tərəflərini qabartmaq. Belə bənzərsiz tərəfləri axtararkən biz guya sənətkarı fərqləndirən və mahiyyətini təşkil edən fərdiliyi tapırıq. Biz məmnuniyyətlə şairin öz digər əsərlərindən, xüsusən birbaşa sələflərindən fərqi üzərində dayanaraq, onun yaradıcılığında bizə sevinc və həzz verəni tapıb seçməyə çalışırıq. Lakin şairə hazır münasibətlə yanaşmasaq, çox vaxt aşkarlayırıq ki, onun əsərlərinin nəinki ən yaxşı, hətta ən orijinal hissələri də keçmiş şairlərin, xələflərin adını əbədiləşdirməkdən ibarətdir. Və mən yalnız həssas şagirdlik dövrünü deyil, kifayət qədər yetkin yaşı nəzərdə tuturam.

Əgər ənənə yalnız bir nəslin təcrübəsinin digərinə ötürülməsindən, onun uğurunu kor və ürkək təqliddən ibarət olsa idi, tam əminliklə demək olardı ki, belə “ənənə”ni inkişaf etdirməyə dəyməz. Biz belə cərəyanların suyun quma çəkilməsi kimi itdiyini görmüşük. Yenilik təkrardan yaxşıdır. Ənənənin əhəmiyyəti və anlayışı daha genişdir. O, irsən keçmir və əgər siz ona qovuşmaq istəyirsinizsə xeyli zəhmət çəkməlisiniz. Bu ilk növbədə, əslində lap elə iyirmi beş yaşdan sonra şair olmaq istəyən hər kəsə zəruri olan tarix hissini nəzərdə tutur. Tarix hissi ötüb getmişlərin yalnız keçmişə deyil, həm də indiyə nəzərən dərki ilə bağlanır. Bu hiss insanı yalnız öz nəsli nöqteyi-nəzərindən deyil, Homerdən başlayaraq və milli ədəbiyyatları ehtiva edərək, bütün Avropa ədəbiyyatının sanki eyni vaxtda mövcudluğunu və bir zaman məhvərində birləşdiyini duyaraq yazmağa məcbur edir. Eyni zamanda, zamandankənar və həm də ötəri olan bu tarix hissi yazıçını ənənəvi edir. Bununla yanaşı, bu, yazıçını və müasirliyi kəskin şəkildə qavramağa vadar edir.

Öz sənət növünü təmsil edən heç bir şair, heç bir sənətkar özünün fərdi mahiyyətini tam ifadə etmir. Onun mahiyyəti, onun dəyəri keçmişin şairlərinə və sənətkarlarına münasibətindən ibarətdir. Onu təklikdə özlüyündə qiymətləndirmək olmaz, onu təzad və müqayisə üçün sələfləri ilə tutuşduraraq bu tənasübdə qiymətləndirmək olar.

Mən bunu yalnız tarixi kritisizmin deyil, estetikliyin prinsipi hesab edirəm. Bu tənasübün zəruriliyi ondan doğur ki, asılılıq birtərəfli deyil – hər bir yeni sənət əsərinin yaranması özündən əvvəlki əsərlərə təsir edir. Mövcud sənət abidələri bir-birinə nəzərən müəyyən ideal tənasübdədir və bu tənasüb yeni (həqiqətən yeni) əsərin yaranması ilə dəyişir. Yeniləşmiş tənasübün əvvəlki tək mövcud olması üçün o tam olaraq bir az da olsa dəyişməlidir. Və beləliklə, hər bir əsərin bütövə münasibətdə əhəmiyyəti və dəyəri dəyişir. Köhnə və yeninin varisliyi də elə budur. Avropa və ingilis ədəbiyyatının mövcudluq forması kimi mütənasiblik ideyasını qəbul edən şəxs indinin keçmişlə müəyyənləşdiyi qədər də keçmişin də indinin təsiri ilə dəyişməsini absurd qənaət hesab etməməlidir. Bunu dərk edən şair öz yolundakı çətinlikləri və öz məsuliyyətini anlayacaq...

Şairin keçmişə münasibətinin daha aydın təsvirinə keçək: sənətkar keçmişi nə vahid və bölünməz kimi qavramalı, nə də etalon kimi yalnız bir-iki sevimli şairi və ya ayrıca mərhələni götürməlidir. İlk yol qəbuledilməzdir, ikinci şagirdlik dövründə vacibdir, üçüncü xoş və arzu olunan əlavə kimi mümkündür. Şair əsas istiqaməti yaxşı bilməlidir, ancaq bu o demək deyil ki, əsas istiqamətə ancaq ən məşhur şairlər aiddir. O belə bir aydın faktı yaxşı bilməlidir ki, incəsənət özü özlüyündə heç vaxt kamilləşmir, yalnız onun istifadə etdiyi material dəyişir.

Şair dərk etməlidir ki, Avropa düşüncəsi, zaman keçdikcə onun üçün öz fərdi düşüncəsindən daha dəyərli olan milli düşüncə tərzi en route (yolüstü - frans.) nə Şekspiri, nə Homeri, nə Madlen qaya rəsmlərini inkar etməyərək, bütün keçmiş təcrübəni ehtiva edir və daim dəyişir, inkişaf edir. Bu inkişaf (ola bilsin – kamilləşmə, sözsüz – mürəkkəbləşmə) şairin nöqteyi-nəzərindən tərəqqi deyil. Bəlkə də bu, tərəqqi deyil və ya psixoloqun rəyincə bizim təsəvvür etdiyimiz dərəcədə tərəqqi deyil; ola bilsin, son nəticədə bu tərəqqi yalnız iqtisadiyyatda və texnikadakı nailiyyətlərə əsaslanıb. İndi və keçmiş arasında fərq ondan ibarətdir ki, indinin dərki keçmişin, hətta keçmişin özünün qabil olduğundan da daha yaxşı və yüksək dərəcədə qavranılmasıdır.

Kimsə deyib: ”Ölmüş şairlər bizdən uzaqdır, çünki biz onlardan çox bilirik”. Dəqiq deyilib. Və biz onları da tanıyırıq. Mən öz poetik “metier”imə (peşə - frans.) xas proqramımın bu hissəsinə aid həmişəki etirazları canlı təsəvvür edirəm. Etiraz bundan ibarətdir: mənim doktrinam görünməmiş erudisiya (pedantizm) tələb edir. Bu bəyanatı istənilən panteona xas şairlərin taleyinə müraciətlə inkar etmək olar. Hətta təsdiqləyəcəklər ki, ifrat biliklilik (savadlılıq – tərc.) poetik qavrayışı korşaldır və pozur...

Biz təkid edirik ki, şair bütün yaradıcılığı boyu özündə keçmişin dərkini formalaşdırmalı və ya inkişaf etdirməlidir.
Bu, daimi özünüinkar tələb edir, çünki bu andan başlayaraq o özünü nəsə daha vacibə həsr edir. Şairin kamilliyə yolu gündəlik özünü qurban vermə, öz fərdiliyini itirmə tələb edir.

...Bu depersonallaşma prosesini və onun ənənənin mahiyyətinə münasibətini müəyyənləşdirmək qalır. Demək olar ki, məhz depersonallaşmada incəsənət elm halına yaxınlaşa bilər...

Obyektiv tənqid və həssas qavrayış şairə yox, poeziyaya xidmət edir. Əgər biz qəzet tənqidçilərinin düzənsiz səsinə və publikanın onların ardınca sürünən pıç-pıçına qulaq assaq, bir çox şair adı eşidərik; ancaq əgər bizi rəsmi məlumat yox, əsil poeziya maraqlandırırsa, layiqli şeiri nadir halda taparıq. Sonuncu məqaləmdə mən hər bir şeirin digər müəlliflərin şeirləri ilə əlaqəsinin vacibliyini qeyd etməyə çalışmış və poeziyanın tarix boyu yaradılmış bütün şeirlərin canlı vəhdəti olması konsepsiyasını irəli sürmüşdüm.

Poeziyanın bu şəxssiz nəzəriyyəsinin digər bir aspekti şeir və onun müəllifinin qarşılıqlı münasibətidir. Və işarə etmişdim (analogiya göstərərək) ki, yetkin şairlə yeni başlayanın intellekti arasında fərq heç də mütləq “şəxsiyyətlərin” qiymətləndirilməsindən, birinin şəxsiyyətinin daha parlaq olmasından və onun “daha çox söyləyə” bilməsindən ibarət deyil. Bu fərq yəqin ki, birincinin intellektinin daha kamil ifadə vasitəsinə malik olmasında, ayrıca və müxtəlif hisslərin bununla yeni kombinasiyalar yarada bilməsindədir...

Yaşantılar iki növə bölünür: emosiyalara və hisslərə. Sənət əsərinin onunla təmasdan estetik həzz alan insana təsiri sənətlə bağlı olmayan bütün digər təəssüratlardan öz səciyyəsinə görə fərqlənir. Bu təsiri ayrıca və ya bir-neçə əlaqəli emosiya göstərə bilər. Yazıçıya xas və xüsusi sözlər, frazalar, obrazlarla ifadə olunan hisslər də son nəticənin alınmasına kömək edir. Əsil poeziya ümumən heç bir emosiyadan birbaşa istifadə etmədən, yalnız hissləri verməklə də yaradıla bilər...
Əgər siz əsl poeziyanın bir-neçə tipik nümunəsini müqayisə etsəniz, görərsiniz ki, nə qədər müxtəlif mütənasiblik tipləri var və “ülvilik” kimi yarı etik meyar onların mahiyyətini ifadə etmir. Çünki burada “möhtəşəmlik”, emosiyanın gücü və bu kimilər deyil, yaradıcılıq prosesinin gərginliyi, belə demək mümkünsə – nəticədə bu sintezin baş verdiyi təzyiq əhəmiyyətlidir. Paolo və Françeskinin təsvirində müəyyən emosiyadan istifadə olunur, ancaq poeziyanın təsiri analoji həyat təcrübəsindən doğan təəssüratdan tamamilə fərqli bir şeydir. Digər tərəfdən, bu epizod Ulisin heç bir emosiyadan asılı olmayan səyahətindən artıq dramatikliyə malik deyil. Emosiyaların təbəddülatı, dəyişməsi prosesi çox rəngarəngdir: Aqamemnonun qətli və ya Otellonun aqoniyası öz bədii təsirinə görə real həyatdakı uyğun hadisələrdən doğan təəssürata Dantedəki səhnələrdən daha yaxındır. ”Aqamemnon”da bədii emosiya tamaşaçının emosiyasına yaxınlaşır, ”Otello”da – qəhrəmanın özünün. Ancaq incəsənət və real hadisə arasında fərq mütləqdir.

Aqamemnonun qətli səhnəsində bütün elementlərin mütənasibliyi, yəqin ki, Ulisin səyahətinin təsvirindəki kimi mürəkkəbdir. Hər iki halda ünsürlərin sintezi baş verib. Kitsin odasında bülbülə elə də aidiyyatı olmayan bir sıra hisslər var, ancaq, yəqin ki, müəyyən qədər bu sözün gözəl səslənməsinə, müəyyən qədər də quş kimi şöhrətinə görə bülbül bu hisslərin yaranmasına yardım edib.

Mənim inkarına çalışdığım baxışın, ola bilsin ki, ruhun substansional vəhdəti barədə metafizik nəzəriyyə ilə əlaqəsi var. Mənim fikrim belədir – şair öz “mən”inin ifadəçisi deyil, təəssürat və təcrübənin xüsusi və gözlənilməz şəkildə birləşdiyi şəxsiyyət deyil, o bir növ mediumdur, yalnız medium. Şair üçün bir insan kimi əhəmiyyətli olan təəssürat və təcrübə onun poeziyasında olmaya bilər, poeziyasında əhəmiyyətli olanlarsa şəxsiyyət kimi onun üçün tamamilə əhəmiyyətsiz rol oynayar...

Şair öz şəxsi emosiyaları – istinasız olaraq şəxsi həyat hadisələrindən doğan emosiyaları ilə maraqlı və şöhrətli deyil. Poeziyada emosiyalar çox mürəkkəb, həyatda dərin və parlaq yaşantılara qabil insanların hisslərinə oxşamayan bir şeydir. Faktiki olaraq, poeziyaya aid qəribə bir yanlışlıq – yeni insani emosiyaların ifadəsinin axtarılmasından ibarətdir, bu yenilik axtarışları səhvdir, çünki o yoxdur. Şairin vəzifəsi yeni emosiyaların aşkarlanmasında deyil. Adilərindən istifadə edərək, onlara poetik forma verərək, bizə məlum emosiyalarda olmayan hissləri ifadədən ibarətdir. Özünün heç vaxt duymadığı emosiyalar məlum emosiyalarla birlikdə ona kömək edir. Beləliklə, qəbul etməliyik ki, ”rahatlığın oyatdığı emosiya” formulu qeyri-dəqiqdir. Çünki bu, emosiya deyil, xatirə deyil və dəqiq olsaq, rahatlıq deyil. Bu, gərginlik və bunun nəticəsində zəngin təcrübə sayəsində yaranan yenilikdir. Fəal və yaradıcı şəxsiyyət üçün bu, ümumən təcrübə sayılmayacaq; bu gərginlik şairin iradəsilə və şüurlu alınmır. Şair öz keçmiş təəssüratını “yada salır”, bunlar rahatlıq (qeyri-şüuru proses olması mənasında “rahatlıq”) atmosferində son nəticədə birləşirlər. Ancaq bu, əlbəttə, hamısı deyil. Poeziya təcrübəsində çox şey şüurlu və məqsədli olmalıdır. Gerçəklikdə, pis şair adətən şüurlu olmalı halda qeyri-şüuri davranır və əksinə. Hər iki səhv onu “şəxsiləşdirmək” meylinə malikdir. Poeziya – müxtəlif emosiyalar axını və öz “mən”inin ifadəsi deyil, bunlardan qaçmaqdır. Ancaq şübhəsiz ki, yalnız kimdə varsa, onlar bilir ki, poeziyada bunlardan qaçmaq istəyi nədir (“İdrak, şübhəsiz, daha çox ilahi təbiətə malikdir və ehtiraslara daha az mübtəladır” – Aristotel. ”Ruh haqqında”,k.І,f.4.).

Bu esse metafizika və mistisizm sınırında dayanmağı və poeziya ilə maraqlananların və onun üçün məsuliyyət duyanların istifadə edə biləcəyi nəticələrlə məhdudlaşmağı nəzərdə tutur. Diqqəti şairdən poeziyaya keçirmək rəğbətə layiq məqsəddir: çünki bu, poeziyanı, həm yaxşı, həm pis, daha ədalətli qiymətləndirməyə kömək edəcək. Çoxlarına şeirdə səmimi emosiyaların ifadəsi xoş gəlir, texniki kamilliyi layiqincə qiymətləndirə bilənlər daha azdır. Lakin əhəmiyyətli hisslərin ifadəsi ilə rastlaşdıqda, çox az adam bilir ki, bu hisslər şeirdə öz həyatını yaşayır və onların şairin keçmişinə dəxli yoxdur. İncəsənətdə hiss qeyri-şəxsidir. Və şair özünü tamamilə gələcək əsərə həsr etməsə, bu qeyri-şəxsiliyə nail olmayacaq. Və yəqin ki, o, yalnız indi ilə deyil, keçmişlə də yaşamasa, yalnız ölmüşü yox, artıq doğulmuşu da qavramasa, öz vəzifəsini anlamayacaq.




Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ