Dadaizm ədəbi cərəyanı... - Manifestlər

Tarix:27-06-2017, 12:29 Baxış Sayı:963

Dadaizm ədəbi cərəyanı... - Manifestlər
Asif Hacılı



DADAİZM ƏDƏBİ CƏRƏYANI


Keçən əsrin əvvəllərində ədəbi mühiti səciyyələndirən cərəyanlardan biri dadaizmdir. Birinci Dünya müharibəsi dövründə formalaşmış dadaizm futurizm və ekspressionizmə xas radikallığı ifrat həddə çatdıraraq kəskin formada burjua mühitinə və meşşan əxlaqına qarşı çıxırdı. Müharibənin qabartdığı ictimai ziddiyyətləri, sentimental vətənpərvərlik ideallarının burjua maraqları qarşısında iflasını, ziyalı təbəqəsinin imperiyalar çarpışmasındakı acizliyini ifadə edən dadaizm ədəbiyyata inqilabi anarxizm gətirdi.

Gerçəkliyi absurd və xaos kimi duyan dadaistlər ədəbiyyatda məzmunun əhəmiyyətini inkar edir, dil normalarını və poetik formanın ənənəvi meyarlarını sarsıdırdılar. Mütləq dada və siyasi dada adlı iki qrupa bölünən dadaistlərin birinci qrupu statik poeziya və mütləq sənəti təbliğ edir, ikinci qrup isə burjua cəmiyyətində əmtəə dəyərində olan sənətə qarşı çıxırdı. Absurd mühitdə bədii əsərin daxili aləmi də məntiqsizləşir, mənasız səs uyuşmaları, təsadüfi səs təkrarları klassik poeziyanı əvəz edirdi. Bu baxımdan L.Araqonun «İntihar» şeiri sözün və mənanın istisna olunduğu dadaist poeziyanı səciyyələndirir: Abcdef // ghijrl // mnopgr // stuvw // xyz.

Əsərlərindəki absurdluğu müasir həyatın mənasızlığı ilə əsaslandıran dadaistlər yaşadıqları bu xaotik dünyada qəribəliyi və heyrətləndirməni, hazır əşyalardan istifadəni, təsadüfə əsaslanan kollajı əsas poetik vasitələr sayırdılar. Sənətin, sözün, poeziyanın tarixi hadisələrlə, fəlsəfi, mənəvi, dini, sosial, assosiasiyalarla bağlılığından qurtulmağa çalışaraq, bədiiliyi əşya kimi istifadə olunacaq səs kompleksi hesab edirdilər. Assosiativ mənadan və metaforiklikdən uzaqlaşan dadaistlər bədii sözü öz daxili həyatı və qanunları olan qapalı aləm kimi qavrayır, sənətin funksional aspektini, emosional təsiri önə çəkirdilər.

Ədəbi manifestlərində öz sənət meyarlarını bəyan edən dadaistlər şeirdə və nəsrdə müəyyən yaradıcılıq üsullarından istifadə edirdilər – meşşan burjualara psixoloji təsir edərək heyrətləndirməli, bu məqsədlə onlara şairanə tərzdə bədii ibarələr və sentimental tonla deyil, adi insana xas qaba və sadə tərzdə müraciət etməli; mətndəki fikir və cümlələr inkarı inkar meyarı ilə qurulmalı, bir fikir eyni zamanda həm təsdiq və həm də inkar olunmalı; məntiqi əlaqəsi və bağlılığı olmayan ifadə, fakt və hadisələr gözlənilməz şəkildə birləşməli; saxta burjua əxlaqına və ədəbinə qarşı ifrat erotizmdən istifadə; şeirdə qrafik formalara və sərbəst vəznə, ekspressiv ritmə müraciət; “intellekt” və məntiqə qarşı absurd və alogizmin qoyulması və sairə. Qeyd edək ki, dadanın digər səciyyəvi cəhəti kabare ruhunu yaşatması və ifadə etməsi, eləcə də, kommunizm ideyalarına və proletar inqilabiliyinə meyl və həm də bunların inkarı idi.

Çox az zamanda, 1916-1924-cü illərdə mövcud olmuş dadaizm öz tarixi-ədəbi dəyəri ilə bərabər, XX əsr ədəbiyyatında izlənən «readymade» – əşyalardan istifadə üsulunun, qrafik şeir formalarının, «kollaj» texnikasının, alogizm və absurdun, eyni zamanda bəzi dadaistlərin sonradan qoşulduğu sürrealizmin zəmini olması ilə də əhəmiyyətlidir. Dadaizmin aparıcı nümayəndələrinin təqdim etdiyimiz manifestlərinin bu baxımdan maraqlı olacağını düşünürük.



Xuqo Ball
Dadaistlərin Sürixdə ilk gecəsinə manifest


Dada – incəsənətdə yeni istiqamətdir. Bu artıq onunla təsdiqlənir ki, indiyədək onun haqqında heç kim heç nə bilmirdi, sabahsa bütün Sürix bundan danışacaq. «Dada» sözü lüğətdən götürülüb. Hər şey çox sadədir. Fransızca at fiquru, şakər, sevimli məşğuliyyət deməkdir. Almanca: adye, əlvida, lütfən, boynumdan düş, sağlıqla qal, görüşənədək deməkdir. Rumınca: hə, düzdür, siz haqlısınız, bu belədir, əlbəttə, həqiqətən, belə olsun və sairə.
Beynəlmiləl sözdür. Yalnız söz. Söz hərəkət kimidir. Hə şey çox sadədir. Bundan incəsənətdə istiqamət yaratmaq – bir çox çətinlikləri önləmək deməkdir. Dada – psixologiyadır, dada – ədəbiyyatdır, dada – burjuaziyadır və siz, sözün köməyi ilə yaradan, ancaq heç vaxt sözün özünü yaratmayan möhtərəm şairlər, – siz də dadasınız. Dada – dünya müharibəsi və sonsuzluqdur. Dada inqilabdır və başlanğıcın yoxluğudur. Və siz, dostlar, və siz, zavallı şairlər, əziz yevangelistlər, – siz də dadasınız. Dada – Tsaradır, dada – Hülzenbekdir. Dada m', Dada mxm', dada, Dada – Xyu, Dada – Tsa.
Əbədi səadətə necə qovuşmalı? Dada söyləməklə.
Necə məşhurlaşmalı? Dada söyləməklə.
Kübar jest və zərif maneralarla.
Çıldırınca, şüursuzluğa qədər.
İlanvarilikdən, sürüşkənlikdən, ətalətdən, hədyandan, parlaq və gözəgəlimlidən, nümunəvi və ədəblidən, xoş və bədniyyətdən necə qurtulmalı? Dada söyləməklə. Dada – dünyanın ruhudur. Dada – mövsümün tapıntısıdır. Dada – dünyanın ən yaxşı çiçək sabunudur. Dada cənab Rubinerdir, dada – cənab Korrodidir, dada – Anastazius Lilienştayndır.
Almanca mənası budur: ən çox İsveçrənin qonaqpərvərliyini qiymətləndirmək; estetik baxımdan isə hər şey keyfiyyətdən, etalon kimi nəyi qəbul etməkdən asılıdır. Mən elə şeirlər oxuyuram ki, nə az, nə çox, qarşılarına dildən imtinanı məqsəd qoyublar.
Dada İohan Fuksqanq Höte (İohan Volfqanq adıyla bağlı söz oyunu: almanca volf – canavar, fuks – tülkü, qanq – yeriş deməkdir. – Tərc.). Dada Stendal. Dada Budda.
Dalay lama, Dada m'dada, Dada m'dada Dada m x m' dada.
Hər şey əlaqələrdən asılıdır, əvvəl onları yüngülcə pozmaqdan.
Mən başqalarının icad etdiyi sözləri istəmirəm. Sözlərin hamısını başqaları icad edib.
Mən öz ağılsız hərəkətlərimi etmək, öz ritmimə uyuşmaq istəyirəm, buna uyğun sait və samitlərin olmasını istəyirəm. İddiam yeddi arşınlıqdırsa, bunun üçün mənə yeddi arşınlıq da sözlər lazımdır, cənab Şulsenin sözləri isə iki santimetr yarımdan böyük deyil.
Anlaşıqlı nitqin yaranmasının şahidi ola bilərsən. Mən saitləri qıvrılmağa məcbur edirəm, sadəcə səslər çıxarıram, pişiyin miyoldaması kimi. Sözlər doğulur, sözlərin çiyinləri, ayaqları, əlləri, ovucları. Ay, oy, u...
Çox söz söyləmək vacib deyil. Şeir – sözsüz və dilsiz keçinmək imkanı üçün girəvədir. Maklerlərin toxunduqda əskinasları pozan çirkli əlləri kimi yapışqan, bu lənətə gəlmiş dilsiz keçinmək. Mən sözə, o yoxa çıxan və ya başlayan məqamda sahib olmaq istəyirəm.
Hər işin öz sözu var: burada isə sözün özü işə çevrilib. Niyə biz onu axtarıb tapmayaq? Nədən ağac yağışdan sonra plüplüş və ya plüplübaş adlana bilməz? Və niyə o, ümumən necəsə adlanmalıdır? Və ümumiyyətlə, bizim dilimiz hər şeyə burnunu soxmalıdır? Söz, söz, söz – bizim sferadan, boğanaq havadan kənar, bu gülməli impotensiyadan, bu heyrətamiz xudbinlikdən, sizin böhtanlardan, sizin məhdudluğunuzdan kənar. Bütün ağrılar onda cəmləşib, söz, cənablar, söz – birinci dərəcəli ictimai problem.


Rixard Hülzenbek
1918-ci ilin dadaist manifesti


R.Hülzenbek tərəfindən Tristan Tsara, Frans Yunq, Georq Qross, Marsel Yanko, Gerxard Prays, Raul Hausman, Valter Merinq, O'Lyuti, Frederik Qlauzer, Xuqo Ball, Pyerra Alberta Biro, Mario d'Aresso, Çino Kantarelli, Parampolini, R.van Reez, madam van Reez, Hans Arp, Q.Toyber, Andre Morozini, Fransua Mombello-Paskvati adından yazılmışdır.
İncəsənət öz gerçəkliyində və istiqamətində yaşadığı dövrdən asılıdır, sənət adamları – bu dövrün törəmələridir. Dövrün minlərlə problemini məzmununda əks edən, son həftənin sarsıntılarının izini daşıyan, son günün zərbələrindən özünə gəlməkdə olan sənət ən yüksək sənət olacaq. Hər saat öz üzülmüş varlığını həyat kataraktasının xaosundan xilas edən, dövrün intellektinə mübtəla olmuş, əlləri və ürəklərindən qan axan sənətkarlar ən yaxşı və görünməmiş sənətkarlar olacaq. Bizim ən aktual vəzifələrimizin sözçüsü olan belə bir sənətə ümidlərimizi ekspressionizm doğrultdumu?
Yox! Yox! Yox!
Varlığımızı həyat həqiqətinin alovu ilə yandıracaq sənətə ümidlərimizi ekspressionizm doğrultdumu?
Yox! Yox! Yox!
Ekspressionistlər qavramaq bəhanəsi ilə ədəbiyyat və rəngkarlıqda bir istiqamətdə birləşdilər. Bu istiqamət artıq bu gün ədəbi və bədii-tarixi tanınma ehtirası ilə yanır, vətəndaşlar tərəfindən fəxri etimad üçün namizədliyini irəli sürür.
Ruhun təbliği bəhanəsi ilə naturalizmə qarşı mübarizədə onlar məzmunsuz, rahat, ətalətli həyatdan qaynaqlanan patetik-abstrakt jestlərə qayıtdılar. Səhnələr hər növ krallar, şairlər, faustvari naturalarla doludur. Uşaqcasına, psixoloji cəhətdən sadəlövh manerası ilə guya ekspressionizmi tənqidi şəkildə tamamlayacaq meliorist nəzəriyyə fəaliyyətsiz beyinlərdə dolaşır. Mətbuata nifrət, reklama nifrət, sensasiyaya nifrət elə adamlardan xəbər verir ki, onlar istənilən küçə alverçisi tərəfindən aldadıla bilmələrini məziyyət kimi təqdim edirlər. Bütün əvvəlki dövrlərdən yaxşı ya pis, mürtəce və ya inqilabi olmayan dövrə sentimental müqavimət, attik yamblardan kağız güllə düzəltmək istəyərkən dualara və fimiamlara göz dikən süst müxalifətçilik – bunlar heç vaxt gənc ola bilməyən gəncliyin xüsusiyyətidir. Qürbətdən tapılmış ekspressionizm Almaniyada, adətə uyğun olaraq, tox idilliyaya və babat təqaüd gözləntisinə çevrildi. Fəal insanların istəyi ilə bunun heç bir əlaqəsi yoxdur. Bu manifestə imza atanlar mübariz
DADA!!!
devizi ətrafında öz yeni ideallarını gerçəkləşdirəcək sənətin təbliği üçün birləşiblər. DADAİZM nədir?
«Dada» sözü ətraf gerçəkliyə ən primitiv münasibətin simvoludur. Dadaizmlə yeni reallıq meydana çıxır. Həyat mənəvi aləmin xışıltıları, rəngləri və ritmlərinin çulğaşması kimi qəbul olunur. Bu, bütün sərt reallığı, gündəlik çılğın səs-küyü və sayıqlaması ilə birlikdə dadaizm tərəfindən tərəddüdsüz hədəfə götürülür. Burada dadaizmlə digər cərəyanlar, ilk növbədə bir çox ağıldan kəmlərin impressionist səmtinin yeni ifası hesab olunan futurizm arasında sərt sərhəd keçir. Dadaizm ilk cərəyandır ki, həyatla arasında estetik qarşıdurma yoxdur, ancaq o, zəif əzələlər üçün örtük olan etika, mədəniyyət və daxili aləm anlayışlarını parça-parça edir.
BRUİT şeir (fransızca: bruit – səs, səsli şeir – tərc.) tramvayı olduğu kimi təsvir edir, Şulse adlı rantyenin əsnəməsi və əyləclərin cırıltısı ilə birlikdə tramvayın mahiyyətini verir.
SİMULTAN şeir dünyada hər şeyin qarışıq səsləşməsinin mənasını öyrədir: cənab Şulse oxuyan vaxt Balkan qatarı Niş yaxınlığında körpüdən keçir, qəssab Nutkenin zirzəmisində donuz xortuldayır.
STATİK şeir hər sözdən fərdiyyət yaradır. MEŞƏ kimi dörd hərfdən qollu-budaqlı ağacları, meşəbəyiləri və qabanları, bəlkə, pansionatı, hətta belvederi və pəncərədən gözəl mənzərəsi ilə meşə yaranır. Dadaizm bütün sənət növləri üçün görünməmiş imkanlar və ifadə formaları açır. O, kubizmi estrada rəqsinə çevirdi. Futuristlərin küylü musiqisini bütün Avropa ölkələrində təbliğ etdi. «Dada» sözü həm də dinlər, sərhədlər, peşələrlə bağlı olmayan bu hərəkatın beynəlmiləlliyinə dəlalət edir. Dada – dövrün beynəlmiləl ifadəsidir, bədii cərəyanların böyük frondasıdır, bütün bu təşəbbüslərin, sülh naminə konqreslərin, tərəvəz bazarlarındakı dartışmaların, Esplanadadakı şam yeməklərinin… bədii inikasıdır. Dada rəngkarlıqda yeni materialdan istifadəni arzulayır. Dada – Berlində yaradılmış, heç bir öhdəlik götürülmədən daxil ola biləcəyin klubdur. Burada hamı sədrdir və bədii problemlər haqqında danışdıqda hamı öz sözünü deyə bilər. Dada – bəzi ədiblərin şöhrətpərəst niyyətlərini gerçəkləşdirməsi üçün bəhanə deyil. Dada – hər bir danışıqda aşkarlanan təfəkkür tərzidir. Buna görə də, demək olar ki, bu – dadaistdir, o – deyil. Dada klubunun dünyanın hər yerində üzvləri var – Qonoluluda da, Yeni Orleanda da, Mezeritsdə də. Dadaist olmaq başqa şəraitdə daha çox tacir olmaq, partiyaçı olmaq deməkdir, nəinki sənətkar (və yalnız təsadüfən sənətkar olmaq). Dadaist olmaq – əşyaların sənə hakim olmasına yol vermək, duzlaşmanın əleyhdarı olmaq deməkdir. Bir an stulda oturmaq – həyatını təhlükədə qoymaq deməkdir (usta Venqo artıq revolveri cibindən çıxarıb).
...İnkarla ülviləşmək istəyən həyata «hə» deyirik. «Hə» demək, «yox» deməkdir: mövcudluğun heyrətamiz sehrbazı əsil dadaistin əsəblərini qanadlandırır – o, belə uzanır, belə şütüyür, belə velosiped sürür – Yarıpantaqrüel, Yarıfransisk, durmadan şaqqanaq çəkib gülür. O, estetik-etik qaydaların əleyhinədir! Dünyanı dəyişmək istəyən ədəbi səfehlərin nəzəriyyələrinə qarşıdır! Ədəbiyyat və rəngkarlıqda dadaizm uğrunda, dünyada dadaist hadisələr uğrunda. Bu manifestin əleyhinə çıxmaq – dadaist olmaq deməkdir!


Hausman, Hülzenbek, Qolişeff
Dadaizm nədir və Almaniyada hansı məqsədləri güdür?


Dadaizm tələb edir:
Radikal kommunizm əsasında bütün dünyada yaradıcı və düşünən insanların beynəlxalq inqilabi birliyini.
Hər bir fəaliyyətin mexanikləşdirilməsi yolu ilə proqressiv işsizliyin tətbiqini. Yalnız işsizliyi tətbiq etməklə hər kəshəqiqətin nə ilduğunu anlamaq imkanı qazanacaq və şəfqətə alışacaq.
Mülkiyyətin təcili ekspropriasiyasını (sosialistləşdirilməsini) və hamı üçün kommunist iaşəsinin tətbiqini, həmçinin azad insanı yaradacaq elektriklə işıqlandırılan şəhər və parkların salınmasını.
Mərkəzi şura istəyir:
a) Potsdam meydanında (Berlin) bütün yaradıcı və düşünən insanlar üçün gündəlik iaşənin tətbiqini;
b) bütün din xadimləri və müəllimlərin dadaist ehkamların icrası barədə öhdəliyini;
v) intellektual fəhlə adlananlarla təmsil olunmuş (Himler, Adler) gizli burjuaçı cərəyanlarla amansız mübarizə, ekspressionizmlə və «Şturm»la təmsil olunmuş postklassik qurumla mübarizə;
q) təcili Dövlət Sənət Sarayının tikilməsini və yeni sənətdə bütün sahiblik anlayışlarının (ekspressionizm) ləğvini; bütün insanları azad edən fövqəlfərd dadaizm hərəkatında sahiblik anlayışı mütləq şəkildə istisna olunur;
d) simultan şeirin kommunist dövlət duası kimi hamı üçün tətbiqini;
e) kilsələrin bruit və simultan şeirlərin deklamasiyası üçün verilməsini;
j) 50 000-dən artıq əhalisi olan bütün şəhərlərdə həyatın yenidən qurulması üçün dadaist missiyaların yaradılmasını;
z) proletariatın maariflənməsi üçün 150 arenada təcili nəhəng dadaist təbliğatın başlanmasını;
i) Dünya İnqilabının Mərkəzi dadaist şurası tərəfindən bütün qanun və qaydalara nəzarət;
k) cins məsələləri üzrə mərkəzi dadaist idarəsini yaradaraq təcili bütün seksual münasibətlərin beynəlmiləl dadaist mənasında nizamlanmasını.

Dadaist İnqilabi Mərkəzi Şura.
Alman bölməsi: Hausman,
Hülzenbek, Qolişeff.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ