ASİF HACILI: ULTRA ƏDƏBİ CƏRƏYANI

Tarix:18-06-2017, 10:16 Baxış Sayı:739


ASİF HACILI: ULTRA ƏDƏBİ CƏRƏYANI
Birinci dünya müharibəsindən sonra İspaniyada formalaşmış ultraizm (latınca ultra – “fövqəl” sözündən) pozitiv təfəkkürün təsiri ilə ənənəvi poetikanın, normativ leksika və ifadə vasitələrinin, hətta punktuasiyanın ləğvinə çağıran ədəbi cərəyanlardan idi. Futurizmə yaxın olan bu avanqardçı cərəyan klassik ənənədən mahiyyətcə fərqli, əsərin məzmununa rəğmən formasının, xüsusən qrafik formaların üstünlüyünə əsaslanan bədii sistemin tətbiqinə cəhd edən ədibləri birləşdirirdi.

Ultraistlər 1919-cu ildən başlayaraq mütərəqqi meyl hesab etdikləri ümumavropa avanqard cərəyanlarını ispan ədəbiyyatına müncər etməyə başlayırlar. Ədəbi-bədii əsərin mahiyyətinə formalist münasibətdən əlavə, onların ədəbi-tarixi prosesə münasibəti də fərqli idi. Ultraistlər ədəbi yaradıcılıqda yeniliyi, novatorluğu konkret dövrün məhsulu, ümumən dialektik tarixi proses deyil, daimi hal, ədəbiyyatın yeniliyə əbədi cəhdi, yeni ideya və formalara daimi açıqlıq, yeniləşmək ehtirası, ”əbədi ədəbi gənclik” hesab edirdilər.

Ultraistlər, deyildiyi kimi, digər modernist ədəbi cərəyanlarla sıx bağlı olub. Onların ədəbi meyarlarına 1916-cı ildə Parisdə kreasyonizm (ispanca crear - “yaratmaq” sözündən) cərəyanını yaratmış, 1918-ci ildə İspaniyaya köçmüş Çili şairi Visente Uidobronun (1893-1948) böyük təsiri olub. Uidobronun ədəbiyyatın dünyanın inikası və dərki deyil, özlüyündə yaradılış, qapalı daxili mühiti olan müstəqil aləm olması barədə fikirləri ultraizm üçün mühüm prinsipə çevrilmişdir: ədəbiyyat, poeziya ixtiraya bərabərdir, yaradıcılq, beləliklə, ixtiraçılıqdır və sənət oyundur. Buradan da metafora və bədii texnika kultlaşır, ikili, üçlü, çoxqatlı obrazlılıq meydana çıxır.
Ultraizmin digər bir qaynağı Roman Qomes de la Sernanın (1898-1963) yaradıcılığı və estetik konsepsiyasıdır. Buradan ultraistlər qreqoriya janrını – fərqli və uzaq gerçəklərin qovuşmasından törəyən və metaforaya çevrilən frazadan ibarət xüsusi poetik formanı əxz etmişlər. Roman de la Serna qreqoriyanın bir anı tutaraq ehtiva etdiyini və bununla əbədi qanunları ifadə edən aforizmdən fərqləndiyini təsbitləmişdir.
Ultraist jurnallar olan “Ultra”, ”Servantes”, “Kosmopolis”, ”Yunanıstan”da daim “ramonizmlər” adıyla çap olunan ultraist mətnlər həm də “ramonizm” adlandırılan üslubu ilə diqqəti cəlb etmişdir.
Bütövlükdə, ultraçılıq keçən əsrin əvvəllərində Avropa ədəbiyyatında geniş yayılmış antisosial, radikal modernist cərəyanlarla bir sırada dayanır. “Mən”çilk adlandırdıqları fərdiyyətçilik, ictimai mənadan və ənənəvi dəyərlərdən uzaqlaşma, ənənəni inkar, sənətdə inqilabi yeniliklərə meyl və formalizm bu cərəyanların əsas xüsusiyyəti idi. Ultraçıların ədəbi inqilabiliyi ədəbi prosesdəki digər bir ifrat qütbün – naturalistləşən realist meyllərə qarşı idi. Bu əkslik isə əslində ədəbi prosesi tarazlayır, ədəbiyyatın sosial məzmunu və formal quruluşu, fərdiyyətçilik və ictimailik, ənənə və novatorluq arasında tənasübün tapılmasına yol açırdı.
Məhz buna görə də digər birtərəfli ədəbi cərəyanlar kimi ultraizm də əslində ictimai həyatın keçid dövrünü əks etdirən ədəbi meyl olaraq çox az bir dövrü əhatə etmişdir. Lakin buna baxmayaraq XX əsrin əvvəllərinin qarışıq, rəngarəng, qaynar ədəbi prosesinin maraqlı cərəyanlarından olan ultraistlərin metaforik üslubu və obrazlılığı sonrakı ədəbi nəsillərə təsir etmiş, ədəbi yaradıcılığın formal tərəfinə, bədiiyyatına, hissi emosionallığına və təkrarolunmazlığına olan marağı artırmışdır. Buna görə də 1922-ci ildə “Ultra” jurnalının bağlanması ilə bir cərəyan kimi sona çatmış ultraizmi XX əsrdə və eləcə də müasir dövrdə izlənən müəyyən fərdiyyətçi və yenilikçi ədəbi-estetik meyllərlə mahiyyətcə səsləşən aktual ədəbi hadisə hesab edə bilərik. Bu baxımdan ultraizmin gənc nümayəndələri tərəfindən imzalanmış kollektiv manifestin (1919) və bu cərəyanın görkəmli nümayəndəsi olan Gilyermo de Torrenin (1900-1972) ilk dəfə 1921-ci ildə dərc olunmuş manifestinin Avropa ədəbiyyatında “saf sənət”, poetiklik və şəxsiyyətlilik anlayışlarının təkamülündə rol oynamış orijinal estetik-bədii məktəbin və ümumən ədəbi yaradıcılıq metodologiyasının dərki baxımından əhəmiyyətli olacağını düşünürük.



Ultra
(Gənc yazıçıların manifesti)

Biz, aşağıda imza atanlar, cavanıq. Biz öz yaradıcılıq yolumuza başlayırıq, özümüzə və gələcəyin bizə məxsus olduğuna inanırıq. Buna görə də söz sənətinin son nailiyyətini – iyirminci əsr ədəbiyyatı deyiləni əvəzləyəcək yeni sənətə cəhdimizi bəyan etməyi lazım bilirik. Tələb edirik ki, mətbuat bizi görsün.
Yeni əsrin böyük nümayəndələrinin etdiyinə ehtiramla yanaşaraq, biz onlardan – yeni sənətin ilkinlərindən irəli gedəcəyimizi güman edirik. Biz bəyan edirik ki, ultraizm lazımdır və bütün gənc ispan yazıçılarını əməkdaşlığa çağırırıq. Ədəbiyyatımız yeniləşməlidir, o özünü aşmalıdır, – bizim elmi və siyasi fikrimiz kimi. Ədəbiyyatdan – ultraədəbiyyata.
«Ultra» sözü bizim şüarımız olacaq, bizim inanc simvolumuz isə bütün meylləri, təki onlar yeniliyə can atsın, ehtiva edəcək. Bu meyllər sonradan da formalaşa və müəyyənləşə bilər, onlar lap ayrıla da bilər. Bizim üçün indi əsas bir şeydir: yeniləşməyə çağırmaq və elə «Ultra» adlanacaq və yalnız yenini dərc edəcək jurnalın təsis olunduğunu bəyan etmək.
Gənc yazıçılar, azadlığa çıxaq və qətiyyətlə bəyan edək – biz sələflərimizi keçmək istəyirik!
Xavyer Boveda
Sesar A.Komet
Gilyermo de Torre
Fernando İqlesias
Pedro İqlesias Kabalyero
Pedro Qarfias
X.Rivas Panedas
X.de Aroka
1919



Gilyermo de Torre
Ultramanifestlər


Ultraçılıq estetikası


1. Mən özüm
Sən özün
O özü

Belə, cəm halını qırağa qoyub, Mənçilik duası oxuyacağıq.
Təklər
Uyuşmayanlar
Təkrarolunmazlar.
Ən əsası – inadla öz «Mən»indən yapışmaq, bunun tayı-bərabəri yoxdur və olmayacaq.
Təşəxxüsdürmü deyəcəksiniz? Ya nitsşeçilikdir?
Yox.
Özünə səcdə? Antroposentrizm ?
Bəlkə də.
Və gənc və yaradıcı mənçiliyin yolunu işıqlandıracaq və canlandıracaq qürura qəti inam.

2. Mən
özüm özümə səbəb
özüm özümə tənqidçi
özüm özümə hüdud

Ultraizmin törədəcəyi şanlı əməllər qarşısında təsdiqləyirəm – novator və qiyamçının mənəvi məziyyətlərindən birinci olmuş və olacaq MƏNÇİLİYİN fövqəlliyini və əvəzolunmazlığını.
Bununla mən parçalanmış, lakin qohum meylləri birləşdirmək istəyən və buna görə də şəxsiyyəti istisna edən kollektiv yaradıcılıq tərəfdarları olan bəzi avanqard carçılarının – deyək ki, Alber Qlezin «Dui cubisme et des moyens de le comprendre»dəki («Kubizm haqqında və onu necə anlamalı» - frans.) sapıntılarını və səhvlərini düzəldirəm.
Yox! Hamıya yönəlik və müasirliyin bütün həlqələrini ehtiva edən çoxşəxsiyyətli sənət yaradacağıq! Ancaq hər bir yaradıcı «Mən»in payını saxlayaraq və ucaldaraq! Qüdrətli şəxsiyyət kultunun enerjisini yalnız artıracaq olan təkrarsız, qiyamçı istedadların işıqlı gücünə niyə etinasız qalaq?..
Biz bir-birimizə oxşayırıq, temperamentlərimiz bağlıdır, lakin bu birlik içindən fitrətən azad fikrin təkrarsız cizgilərini ayıran hədd sezilmədən keçir.
Mənçilik! «Eqo»nun bərabərçiliyin amorf bayağılığı üzərində təntənəsi. Mənəvi seçilmişliyin qüdrətli ritmində yaşayan «Eqo».

3. Mənçilik – mənəvi avanqardın şanlı səngərini tutmağa çalışan bütün qohum cərəyanların ali sintezi.
Buna görə özünü dərk edən, həyat dolu şəxsiyyət dünyada ən çox bir şeyi istəyir: özgürlüyü.
Bizə daha çox Məninin sirrini əzabla açmağa çalışan qəhrəman yaxındır…
Məncə, özümlülük – gözəlliyin yeni üfüqlərini aşkar işıqla aydınlaşdırmaq deyil. O – bizim içimizdədir, bizim oyaq idrakımız aydınlaşanda onu qeyri-ixtiyari və qeyri-şüuri aşkarlayırıq. Onu sürəkli düşüncələr hazırlayır, sanki şüurumuzda daxili sekresiya vəziləri öz sirli işini görür. Və özgürlük kənara çıxaraq, yeni strukturlar yaradır, görünməmiş məqsədlərə yönəlir, əlçatmaz məkanların zülmətindən tapdanmamış, keçilməmiş yollar salır.

4. Bəs növator sənətkarın və ya yazıçının özünüifadəsinin dəyərini, təkrarsızlığını və fitriliyini necə müəyyənləşdirəsən və cizgiləyəsən? Onun özünəməxsusluq cəvahiri onda olan, lakin həm də tək onda olmayan əlamət və istedaddan necə fərqləndiriləcək?
Bax belə, dostlarım! Ətrafa boylanın, küt kütlədən yan keçin, qulağınızı biganə ürəklərə və daş alınlara dirəyin. Siz yaratdıqlarımıza qarşı kar anlaqsızlıq deyingənliyi və qərəzli nifrət eşidəcəksiniz. Ancaq kimsə əlini qaldıracaq, barmağını uzadacaq və hansısa bir ifadəyə dirəyərək, bizi qınayacaq.
Onda inciklikdən keçin, qəribə duyğuyla sevinin və hayqırın: bax budur, sizin və yalnız sizin «mən»! Avamın qəzəb və bayağılıqla hərəkət edən barmağı mənim ifadəmi sərt cəzalandırır və bununla məhz məni seçdirən həmin xüsusiyyəti, həmin görünməmiş əlaməti aşkarlayır və sıravi oxucunun şüurunda əks olunaraq, onun səssiz qəzəbini oyadır. «Ce que le public te reproche, cultive - le, c'est toi» («Oxucunun səni qınayacağı şeyi yetişdir, zatən bu, sənsən» – frans.) – Jan Kokto «Xoruz və Arlekin»də, avanqardçının ana kitabında müdrik məsləhət verir…

5. Özgürlüyün ifrata varanda duyduğun tənhalıq və qeyri-azadlıq hissi əzablıdır. Lakin eyni zamanda nə gözəldir ki, sən ətraf bayağılıqdan ucasan, ona yad və anlaşılmazsan! Yalnız öz ucalığına inam, yalnız seçilmişlik, yalnız öz «mən»inə dalmaq alicənab və ağır tənhalığımızda bizə dayaq olacaq…

6. Gəlin, qardaşlarım və şairlər, mənçiliyin yeganə inancına tapınaq! Öz məxsusiliyimizi və imkanlarımızı son həddə çatdıraq, onları ətrafda hökm sürən bozluq üzərində pərvazlandıraq, bayağılığı aşıb keçək.
Mənçiliyi – avanqardın bütün yollarının yönəldiyi zirvəni elan edək. Səslərimizi bir-birinə qataq! Qoy bizim dürlü hayqırtımız səmaların bakirə örtüyünü yarsın.
Bidətə çağırış.
İnkar – şübhənin başlanğıcıdır.
Şübhə idrakın qiyamını doğurur.
Sirr qasırğasından Yeni İnsan dikəlir və yad çevrəylə şücaətlə çarpışır, – yadlıqdan uzaqlaşaraq və ona qarşı qiyam edərək. Üsyankar qorxunun son titrəyişi ildırım kimi sözlə çaxaraq dünyaya amansız, bidət şeirlər bəxş edir. Biz, ultraçılar, sol sahilə çıxmışıq. Sınır arxadadır. Biz dağıdıcı coşğunluqla doluyuq, hər şeyi dəyişmək, təmizləmək, şəfəq kimi işıqlı şövqlə yenidən qurmaq istəyirik. Biz, – gələcəyin avanqardı, – yeni dünyanın, yeni üfüqlərin yarandığını duyuruq. Ancaq sübhqabağı ləng saat hələ yubanır. Bizi qovur və ələ salırlar, biz isə özümüzü asanlıqla düşməndən ayıraraq, ona dağıdıcı inkarla cavab veririk.
O biri sahildə sal qaya – kortəhər, ağıldankəm publika ölüm yuxusuna dalıb. Bu söyüşü düz başa düşün – dumanlı publika anlayışına, bu aşağı əyarlı kütləyə aşkar etinasızlıq olaraq mən öz gücsüzlüyünü utanmadan gizlədən, Akademiya adlı qarıyla zina edən və mazoxist qızgınlıqla özünü ehtiraslı havadarlarının işgəncəsinə verən hakim saxta sənətin qart alverçilərini, fırıldaq sutenyorları aid edirəm. Həqiqətən, gizli eyiblərin bayağı qulluqçularının girləndiyi həqarət yuvası ikrah doğurur. Onların kitabları, rəsmləri və şeirləri insanları tamam çaşdırır, – oxucu və tamaşaçı getdikcə daha pis görür və bizim hər şeyi dəyişən müdaxiləmizə səylə müqavimət göstərir. Ancaq biz onları qəhqəhəylə, qulaqlarını qopararaq, gülüş qəlpələri ilə səfehliklərini əzərək pərt edəcəyik.
Bəli, hər şeyi söyləməyin vaxtıdır: biz, köhnə moizələrə nifrət edənlər, həyata yenilik gətirənlər, dadaist pamfletlərin parlaq müəllifi Ribmon – Dessen kimi hətta «sənət haqqında deyilməyənləri» də bağırmağa hazırıq. Biz hamının ehtiramla yanaşdığı kəmağıllığın xəstəliyini və durğunluğunu sarsıdırıq. Həqiqəti üzə deyirik…
…Biz sənəti saxta əlçatmazlığından, rəsmi statusundan…məhrum edərək yerə endiririk. Bundan başqa, biz küt və əzilmiş insanların bütöv nəsillərini sanki xidməti siyahı kimi bir araya gətirən həmin sex hissindən azadıq. Gülməli bayağılığa rəğmən biz ədəbiyyata həyatdan və texnikadan döğan yeni motivlər gətiririk. Yeni duyum onları aşkarlamağa kömək edib və biz onları səthi reallığın hüdudlarından çıxararaq yeni formaya salırıq…
Sazişçi ətaləti qırağa ataraq biz ona qarşı «Ultra»nın qüdrətli və cavan devizini qoyuruq, dadaistlər öz rien` ini ofisioz sənətin boşboğazlıgına qarşı qoyduğu kimi. Əlbəttə, bu, kompromislər girdabında girələnən halsız qocaları özündən çıxarır.
Kampaniya gücünü artırır, hər şeyi dağıtmaya can atır və bunu gur səslə elan edir. Retroqradlar bizim bütün hədləri aşmış şövqümüzü kiçiltmək və alçaltmaq üçün nahaq qorunurlar. Biz bu meyitlərə baxıb gülümsünür və yolumuzu gedirik.
Bu aralanmanı tam təsdiqləmək üçün bütün qiyamçı hərəkətlərimizi və acılı gülüşlərimizi birləşdirməyi təklif edirəm və bütün yoldaşlarımı bidətə çağırıram. Havanı söyüşlü sözlə təmizləyək, onu çox iylədiblər!
Saxta azadlıqsevərlərin hələ də girələndiyi ədəbsiz farslar bəsdir! Açıq bildirək ki, biz – vəhşilərik, biz heç kimdən asılı deyilik və yalnız şövq, səmimilik və özgürlüyü qoruyuruq! Havanı bidət söyüşlə yaraq:
Qaniçən publikanın əsir etdiyi sənətə lənət!
Cəfəng «ali dəyərlərə»…........ və s., və i.
Bütün bu və digər söyüşləri siz – təsiredici bidət müəllimləri – nizamlı, ahəngli xorla yağdırmalısınız.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ