manera.az
manera.az

Tovuz Cəbhəsindən Məktublar

Tovuz Cəbhəsindən Məktublar

...Müharibə ölümdü, ayrılıqdı, anaların göz yaşıdı, naləsidi, harayıdı...
Müharibədə torpaq qanla birgə qaynayır; torpağa tökülən hər damla şəhid qanı ilə yazılır Vətən tarixi. Bu mənada yazıçı-jurnalist Vaqif İsaqoğlunun qələmə aldığı Tovuzun 1988-1994-cü illər müharibə tarixini həyəcansız oxumaq mümkün deyil. Kitabı vərəq-vərəq çevirib oxuduqca istər-istəməz özünü Tovuz cəbhəsində hiss edirsən, "qrad"ların canavar kimi ulartısını, topların dağları lərzəyə gətirən gurultusunu, kəklik kimi qaqqıldayan pulemyotun səsini eşidirsən, güllələrin yağış kimi səpələnməsinə şahidlik edirsən.

Qarabağda müharibə ocağı alovlananda Vaqif İsaqoğlu qələmini silaha çevirdi, hərbi jurnalist kimi müxtəlif döyüş cəbhələrində oldu, gördüklərini, şahidi olduqlarını faktların "dililə" qələmə aldı. Onun həm də bir ayağı Tovuzda idi; Tovuzun Ermənistanla 69 kilometr sərhəddi boyunca yerləşən kəndlərinə baş çəkir, barıt qoxulu səngərlərdə səngərləşərək döyüş cəbhəsindən gələcək nəsillərə məktublar yazırdı. Bu məktublar Əlibəyli, Yekəallar, Ağdam, Koxa Nəbi, Muncuqlu, Qaralar... və Tovuzun digər sərhədyanı kəndlərindən yazılırdı.
1988-1994-cü illərdə Vaqif İsaqoğlunun səsi-sorağı cəbhənin ən qaynar nöqtələrindən gəlirdi. O, Müdafiə Nazirliyinin hərbi jurnalisti kimi müharibə tarixini necə var, eləcə də qələmə alıb xalqa çatdırırdı. Kitab otuz məktubdan ibarətdir. Ön cəbhədən yazılan bu məktublar vasitəsilə müəllif 1988-1994-cü illərin Tovuz cəbhəsini ustalıqla təsvir etmiş, müharibənin ağrılarını, igid oğulların qəhrəmanlığını, arxa cəbhə ilə ön cəbhənin sıx birliyini... tutarlı faktlarla, sənədlərlə açıb göstərə bilmiş, böyük bir kollektivin görə biləcəyi işi təkbaşına yerinə yetirmişdir.
Vaqif İsaqoğlu Tovuzun müharibə tarixini yazmaqla, həm də tovuzlu tarixçilərin görməli olduğu işi öz öhdəsinə götürməli olmuşdur. "Tovuzdan məktublar" - gərgin əməyin, yuxusuz gecələrin, həm də Tovuz yurduna olan sonsuz məhəbbətin, tükənməz sevginin məhsuludur. Tovuzun müharibə tarixinə son dərəcə həssas yanaşan, bir faktı belə nəzərdən qaçırmaq istəməyən, "düzü-düz", "əyrini-əyri" yazmağa müvəffəq olan Vaqif İsaqoğlu bu kitabında yurdun igid, mərd oğullarından, səxavətini silaha çevirən tovuzlulardan söhbət açmış, eləcə də tovuzlu generallardan - general-leytenant Mirzə Hacı bəy Novruzovdan (1832-1911) general-mayor Teymur bəy Novruzovdan (1880-1961) və general-mayor Mikayıl Bayramovdan (1951) məhəbbətlə söhbət açmış, onlara böyük hörmət və ehtiramla yanaşmış, necə deyərlər, Tovuzun igid oğullarına sözlə möhtəşəm bir abidə ucalda bilmişdir.
"Tovuzdan məktublar" - sənədli-publisistik kitabdır. Bu kitabda Tovuzun hərb tarixi qələmə alınıb və bu kitabla da Vaqif İsaqoğlu öz qələmilə Vətənə, millətə ləyaqətlə xidmət etdiyini, yurdsevər, vətənpərvər bir ziyalı olaraq qələmilə erməni işğalçılarına qarşı döyüşdüyünü göstərdi. O, həm də "Tovuzdan məktublar" kitabıyla göstərdi ki, tarixə laqeyd, biganə yanaşmaq olmaz; Vətən tarixini qanla yazan igid oğulları unutmaq, onların vətənpərvərliyini, qəhrəmanlığını... qələmə almamaq vətənə xəyanət kimi bağışlanmaz cinayətdir. Tovuzu alınmaz qalaya çevirən Məmmədalı Tağıyevdən, Nizami Cəfərovdan, Etibar Əmiraslanovdan, polkovnik Murad Əliyevdən, kapitan Ələddin Əliyevdən, Zöhrab Məmmədovdan və onlarla, yüzlərlə igid oğullardan yazmağın özü də şərəf işidi və bu şərəfli işi yerinə yetirən Vaqif İsaqoğlu da, kitabın işıq üzü görməsində köməyini əsirgəməyən iqtisad elmləri doktoru Munasib Qurbanov da, tibb elmləri üzrə fəlsəfə doktoru Fərman Həsənov da hörmət və ehtirama layiqdir.
Müharibədən yazmaq nə qədər ağrılı və məsuliyyətli olsa da, Vaqif İsaqoğlu bu ağrını ürəyində gəzdirə-gəzdirə, bu məsuliyyəti dərk edə-edə tovuzluların da, tovuzlu olmayanların da marağına səbəb ola biləcək bir kitab yazıb və bugünkü və gələcək nəsillərə ünvanlayıb. Vaqifin yazdığı cəbhə məktubları öz ünvanına yetişəcək; "Tovuzdan məktublar"ı oxuyan hər bir soydaşımızın gözləri önündən 1988-1994-cü illər kino lenti kimi gəlib keçəcək, Tovuzun müharibə tarixinin öyünüləsi, fəxr ediləsi səhifələrilə tanış olduqca bu tarixi əbədiləşdirən müəllifi də xatırlayacaq, Tovuzu alınmaz qalaya çevirən, yurdun bir qarış torpağının da yağmalanmasına yol verməyən oğullarla fəxr edəcək, öyünəcək, Tovuzun çətin günlərində, müharibə illərində kimin kim olduğunu biləcəklər...
Bəli, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan mayor, yazıçı-publisist Vaqif İsaqoğlunun "Tovuzdan məktublar" kitabı Azərbaycan hərb tarixinin bir hissəsidir. Bu tarixi olduğu kimi qəbul edib öyrənməliyik. Bu tarix daha çox gələcək nəsillərə lazımdır. İqtisad elmləri doktoru Munasib Qurbanov "Tariximizin hər səhifəsi bizim üçün əzizdir" sərlövhəli ön sözündə yazır: "Torpaq həm vətəndir, həm də şərəf və namusdur. Tovuzlular da bütün azərbaycanlılar kimi torpaq uğrunda, şərəf və namus uğrunda döyüşməyi də, ölməyi də bacardılar. 2 nəfər tovuzlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Öz müqəddəs qanları ilə adlarını tarixin səhifələrinə yazan tovuzluların sayı 425 nəfərdir, 520 nəfərə yaxın isə tovuzlu müharibə əlili var. Onlar silaha sarıldılar ki, Vətənə düşmən ayağı dəyməsin; onlar sinələrini düşmən gülləsinə sipər etdilər ki, xalqın şərəf və namusu tapdalanmasın. Qoy gələcək nəsillər elimizin igid və mərd oğullarını, həm də Tovuza dayaq olan tovuzluları tanısınlar...".
"Tovuzdan məktublar" kitabı tarixi əhəmiyyəti baxımından olduqca qiymətli bir tədqiqat əsəridir. Tovuzu müdafiə edən döyüşçülərlə görüşüb tanış olan, alınmaz qalaya çevrilən sərhəd kəndlərinin problemlərini, qayğılarını qələmə alan Vaqif İsaqoğlu Tovuzun 1988-1994-cü illər müharibə tarixini qələmə alıb oxuculara çatdırmaqla öz yaradıcılığında ən böyük uğurlardan birinə imza ataraq həmin o çətin və təhlükəli ayları, illəri güzgü kimi əks etdirməyə müvəffəq ola bilmişdir.
Bəli, oxucuların diqqətinə təqdim olunan bu kitab Tovuzun müharibə tarixini əks etdirir. Kitabda Tovuzun qəhrəmancasına müdafiəsi, döyüşçülərin şücaətləri, hər qarış torpaq uğrunda igidliklə vuruşması... ilk dəfə olaraq geniş tədqiqat obyektinə çevrilmişdir. Tovuzun müharibə tarixinin araşdırılması heç şübhəsiz ki, Azərbaycanın hərb tarixinin öyrənilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.
Tovuzun müharibə tarixi barədə təsəvvür yaradan bu kitab, heç şübhəsiz ki, həm tovuzlular, həm Tovuzda yaşayacaq gələcək nəsillər, həm də Azərbaycanın qəhrəmanlıq və müharibə tarixini öyrənən oxucular tərəfindən maraqla qarşılanacaqdır.

Əbülfət Mədətoğlu
Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031