“Elektron təhsil” müsabiqəsinin qalibləri
Dekabrın 26-da Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə müsabiqənin nəticələri barədə məlumat verilib. Bildirilib ki, müsabiqədə əsasən ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramov müsabiqənin əhəmiyyətindən danışıb.
Müsabiqə üç istiqamət və altı nominasiya üzrə təşkil olunub.
Müsabiqənin birinci mərhələsinə təqdim edilən 703 işdən 644-ü ikinci mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant kimi üçüncü mərhələyə keçib. Üçüncü mərhələyə keçən işlər münsiflər tərəfindən online qiymətləndirilib, 26 qalib və 35 fərqlənən müəyyənləşdirilib.
Sonra qaliblərə diplom və mükafatlar təqdim edilib.