Əzizə Cəfərzadənin araşdırdığı oğuzlu şair - İmran Verdiyev yazır..
MANERA.AZ Əməkdar müəllim İmran Verdiyevin "Abdulla Padarlı - "Kəbəm Padardı mənim"" yazısını təqdim edir:
Abdulla Padarlı kimi tanıdığımız şair Oğuz (keçmiş Vartaşen) rayonunun Padar kəndində Çayqıraq məhəlləsində anadan olmuşdur. Təəssüf ki, onun həyatı haqqında mənbələrdə ətraflı bilgi yoxdur.
Padar kəndindəki baş daşı yazısından onun təvəllüd tarixi məlum olmasa da, 1905-ci ildə vafat etdiyi aydın olur. Ərəbcə yazılmış həmin kitabədə oxuyuruq: «Məlumdur ki, əgər dünyada bir adam qalsa belə, o dövr edəcəkdir. Dünyada peyğəmbərlər də bir-birini əvəz edərək gəlib gediblər. Dünyada ölüm olmasına baxmayaraq, biz dünyada çox qalacağıq. Şeyx Hacı Abdulla ibn Dursun əl-Padari yerini təzələyərək, fani dünyadan baqi dünyaya köçdü və 22 səfər 1323 ildə (28.04.1905) vəfat etdi». (Kitabəni AMEA Etnoqrafiya İnsitutunun professoru, tarix elmləri doktoru Məşədixanım Nemət oxuyub tərcümə etmişdir.) Şeyx Dursun ibn Əhməd Padarınin nəslindəndir.
Rus şərqşünası, akademik B.Domunun qənaətinə görə, Şeyx Dursun Padar məşhur övliya olmuşdur. B.Domun öz arayışında yazır ki, «Şeyx Dursunun nəsli Şirvan əhlindəndir. Xançobanı mahalından, Padar tayfasındandır. Şeyx Dursun ibn Əhməd Padar şərəfli bir adam olub. Kalaxana kəndinin qərbində vaqe olan məşhur yeddi günbəzlər bu Şeyx Dursunun övladlarındandır.» Onun özünün Ağsu rayonundakı günbəzi isə bu gün də müqəddəs ziyarətgahlardandır. Gümbəzdəki iki sətirlik yazını professor Məşədixanım Nemət belə oxuyub: “Bu xoş rayihəli müqəddəs (ziyarətgah) və işıqlı məqbərə övliyaların görkəmlisi Şeyx Dursun ibn Əhməd Padarındır. Onun vəfatı haram zilhiccə ayı, səkkiz yüz birinci ildə (VIII-IX 1399) baş vermişdir”
Şair ilk təhsilini atası Məhəmməd Dursun oğlundan aldıqdan sonra, Ağdaş mədrəsəsinə daxil olmuşdur. Daha sonra elmi biliklərini artırmaq üçün Dəməşq şəhərinə üz tutmuş, burada mədrəsəni bitirdikdən sonra Həcc ziyarətinə getmişdir. Ərəbistana səfəri vaxtı İranı, Türkiyəni və digər ölkələri də səyahət etmişdir. O, Dəməşqdə tarix, fəlsəfə, məntiq, tibb, poetika və nücum elmlərinə yiyələnmişdir. Hacı Abdulla Padarlı doğma ana dilindən başqa ərəb, fars, türk və avar dillərini də bilmişdir.
Professor Ə.Cəfərzadənin araşdırmalarına görə şair Abdulla alagöz, sarışın, uca boylu qıvraq adam olmuşdur. Gözəl nitq qabiliyyəti varmış, adi söhbətlərini də çox zaman qafiyəli nəsirlə edərmiş. O, Şeyx olaraq irşad fəaliyyəti göstərmiş və tələbələr yetişdirmişdir.
Təbiəti çox sevirmiş. Təmiz əxlaqlı, gülərüz, səxavətli, pak, vətənsevər insan olmuş, başqalarını da belə görmək istəmişdir.
İqdisadi cəhətdən ağır həyat keçirmiş, baramaçılıqla məşğul olmuşdur. Abdulla Padarlının Pəri adlı bir qızı olmuş, sonrakı nəsli də bu qızın vasitəsi ilə davam etmişdir.
Azərbaycanın bir çox bölgələrində Padar adını daşıyan kəndlər və məhəllələr vardır. (Yazılı mənbələrə görə Azərbaycanda 16 Padar kəndi olub. Onların çoxu Aran yerində olub) Bu səbəblə A.Padarlının hansı Padar kəndindən olması barədə zaman-zaman fərqli fikirlər söylənilmiş, mübahisələr meydana çıxmışdır. Məsələn, Fariz Xəlillinin “Ağsuda tərəkəmə obaları: axtaçılar, padarlar, kəngərlilər və qaraqoyunlular”, Ş.Lətifoğlu adlı başqa bir müəllifin “Ağdaşım mənim – yaddaşım mənim” adlı kitablarında şairin Ağdaşın Padar kəndindən olması göstərilir. Onun burada ailəsinin, hətta oğlunun (Məhəmməd) olması, Soyuqbulaq yaxınlığında dəfn edilməsi də qeyd edilir.
Şairin Ağdaşın Padar kəndində ikinci ailəsinin olduğunu qəbul etmək mümkün olsa da, orada dəfn edilməsi fikrini əsassız sayırıq. Yuxarıda da qeyd etdiyimiz kimi A.Padarlının qəbri faktiki olaraq Oğuz (Vartaşen) rayonunun Padar kəndindədir. Qəbirüstü kitabədə də hər şey aydın göstərilib. Kitabələrdən birinin sadəcə epitaf olduğu güman edilir.
Ümumiyyətlə, A.Padarlının həyat və yaradıcılığının yeni elmi araşdırmalara, tədqiqatlara böyük ehtiyacı var.
Şairin “Nəsihətnamə” adlı əlyazması AMEA Əlyazmalar İnsititunda bu günədək saxlanmaqdadır.
Abdulla Padarlının gözəl sənət nümunəsi olan şeirlərindən bəziləri şair, ədəbiyyatşünas, orta əsr əlyazmalarının kolleksiyaçısı S.Mümtazın «El şairləri» (1927-1928) kitabında çap olunmuşdur. Professor Ə.Cəfərzadə isə onun seçilmiş şeirlərini 1979-cu ildə ayrıca kitabça şəklində Bakıda nəşr etdirmişdir. Ə.Cəfərzadənin A.Padarlı barədəki tədqiqatları akademik F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabına daxil edilmişdir. 2005-ci ildə çap olunmuş “Azərbaycan aşıq şerindən seçmələr” kitabında da şairin bəzi əsərləri yer almışdır.
A.Padarlı öz dövrünün tanınmış söz ustalarından olmuşdur. O, XIX əsrdə aşıq şeirinin yazılı ədəbiyyatda inkişafına təsir göstərən şairlərimizdəndir.
Dostu Məlikballı Qurban şeirlərinin birində onun haqqında yazırdı:
Padarda törəyib tazə əfəndi,
Yoxdu onun kimi bir alicənab,
Puşidə niqab,
Göftgusu nab...
Araşdırmaçıların qənaətinə görə A.Padarlı zəngin söz ehtiyatına malik hazırcavab bir şəxs olub. Bunu onun müasiri Ş.Səmədlə deyişməsində də aydın görmək mümkündür:
Şıx Səməd:
Nə heyvandır əsil-nəsil yetirməz?
Nə ağacdır bəhər-meyvə gətirməz?
Hansı adam yaxşılığı itirməz,
Hansı yerin ocaqları yeddidi?
Abdulla Padarlı:
O qatırdı-əsil-nəsil yetirməz,
O söyüddür-bəhər-meyvə gətirməz,
Əsil adam yaxşılığı itirməz,
O Kəşmirdi, ocaqları yeddidir...
A.Padarlı geniş ədəbi əlaqələrə malik olub. Müasirlərindən Qasım bəy Zakir, Q.Şəkili, M. Qurban, Ş.Səməd, M.Şaban, həmyerliləri olan M.K.Vardani, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən, A.Əhməd, M.Abbas, Ə.Salami və digərləri ilə sıx əlaqə saxlamışdır. Şairin məşhur İ.B.Qutqaşınlı ilə də ədəbi əlaqələrinin olduğu etimal edilir. O, M.K.Vardaninin öz evində təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvü olmuşdur. Bundan başqa şairin Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o cümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdiyi də istisna olunmur.
Şairin əsərlərinin çoxu xalq şeiri şəklində olan bayatı, gəraylı və qoşmalardan (təcnislərdən) ibarətdir. Türk araşdırmaçı Mujgan Cunbur onun bu şeir şəkillərində daha başarılı olduğunu qeyd edir. A.Padarlının bayatı, gəraylı və qoşmalarının dili təbii və səlis, səmimi və lakonik, emosional-ekspressivlik kimi xüsusiyətlərə malikdir.
Şairin əldə olan qəzəl və müxəmməsləri, yazdığı nəzirə, “Həcvi - məlih” adlı əsərində S.Şirazi, Ə.Firdovsi, N.Gəncəvi, Ə.X.Dəhləvi, Ə.Nəvai, M.Füzuli və digər klassiklərin adlarını hörmətlə çəkməsi və yaradıcılıqlarını yüksək qiymətləndirməsi, Q.B.Zakirin məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə nəzirə yazması, hətta sonrakı bəndlərdə Zakirin dediklərinə əks fikirlər söyləməkdən belə çəkinməməsi göstərir ki, o, xalq şeri tərzində başarılı olduğu kimi, divan ədəbiyyatına da vaqif olmuşdur.
Şair şeirlərində insanı öz adına layiq olmağa çağırır. Onun əsərləri insanın öz ləyaqətini düzgün qiymətləndirilməsinə, onun özünü, kimliyini dərk etməsinə, həyatın mənasının nədən ibarət olduğunu anlamasına kömək edir. Əxlaqi-mənəvi keyfiyyətlərə yüksək qiymət verən A.Padarlı insanlara özlərinə qiymət qoymağı və öz yerlərini bilməyi, düşünüb danışmağı, ətrafındakı insanları yaxşı tanımağı, haqsızlıqlara dözməməyi məsləhət görür.
O, “Mən” rədifli qoşmasında bu barədə deyir:
Adam gərək öz-özünə düşünə,
Kimnən gəzim, necə gəzim, harda mən.
Tay-tuşlarım uyğun olsun özümə,
Danışanda utanmayım orda mən.
Oturanda gərək bilim yerimi,
Niyə durum görən kimi birini?
Nə danışım, nə də verim sirrimi,
Cəhl düşsün, məğlub olum zorda mən?!
Danışanda sərhəd çəkim sözümə,
Qiymət qoyum çünki özüm-özümə.
Qoşa barmaq uzanmasın gözümə,
Balıq kimi çabalamayım torda mən.
Abdullayam, haqq-hesabı qanmışam,
Haqsızlığa alışmışam, yanmışam,
Çoxlarını candan əziz sanmışam,
Çox az gördüm yaxın gələn darda mən!
A.Padarlının əsərlərində həssas oxucuları düşündürəcək mötivlər çoxdur. Bunların içərisində içtimai mötivlər üstünlük təşkil edir. Şairin əsərlərinin içərisində dövranın və cəmiyyətin eyiblərini, mənəviyyatsızlıqlara və zülmə etirazı, xalqın arzu və istəklərini əks etdirən əsərlər xüsusi əhəmiyyət kəsb edir. Şair “Görmədim” qoşmasında öz dövründən şikayətini belə dilə gətirir:
Neçə müddət könül intizar idi.
Fikrim, zikrim xəyalımda yar idi,
Dedilər ki, yaxşı dövran var idi,
Mən çox gəzdim o dövranı görmədim.
Qəzəllərinin birində “Canım üzülüb ta belə dövranın əlindən” söyləyən şair “Bəyənməz” qoşmasında zahiri gözəlliyə üstünlük verən, bəzək-düzək hesabına “gözəlləşib” özünü Züleyxa hesab edənləri, “xəlayiqi quduz kimi dalayan” bəyləri, “torbası dolu olan” və “camaatı incidən” tacirləri və hampaları, “dövran mənimdir” deyənləri kəskin şəkildə tənqid edir:
Ay ağalar, bir zəmanə gəlibdir,
Həmtay olan heç həmtayı bəyənməz.
Qara qızlar sürmə çəkib gözünə,
Gözəllikdə Züleyxayı bəyənməz.
Müqəddəm bəylərə verirdi qəlyan,
Xəlayiqi quduz kimi dalayan,
Ayaq üstə sini dibi yalayan,
Qohum-qardaş, əmi-dayı bəyənməz.
Namərdlərin dolu olur, torbası,
Deyir: «Mənəm tacirlərin zorbası»,
Ya bunların artıq düşüb arpası,
Düldül kimi badpayı bəyənməz.
Kor bəyənməz mütləq gözü görəni,
Kar da qulaqları darı dələni,
Hampalar inçidir çörək verəni,
İgit qudurub, qaysavayı bəyənməz.
Yəqin gündüz gəzə bilməz yarasan,
Gecələr də deyər: «Mənimdir dövran»,
Çip-çip edər alacəhrə, bitdiyan.
Oxumaqda torağayı bəyənməz.
Şairin “Görmədim” və “Bəyənməz” qoşmalarında Aşıq Abbas Tufarqanlı,M.P.Vaqif və A.Ələsgərin təsiri aydın duyulmaqdadır.
Ədibin “Getdi mənim” adlı gəraylısında isə cəmiyyətdəki təbəqələşmə, sevgi azadlığının olmaması, qadın hüquqsuzluğu, mənəvi keyfiyyətlərin böhrana uğraması tənqid olunur.
Özünün var idi meyli,
Məcnun idim, o da Leyli,
Gözündən tökübən seyli,
Yar əlimdən getdi mənim.
Heç kimdə olmaz belə dərd,
Həmişə mən deyərəm fərd,
Atası çıxdı çox namərd,
Yar əlimdən getdi mənim.
Aldandılar mala, pula,
Leylimi verdilər dula,
Bu gecə saldılar yola,
Yar əlimdən getdi mənim.
Abdullahın yoxdu varı,
Əldən gedib nazlı yarı,
Kömək edin, sizi tarı,
Yar əlimdən getdi mənim.
Şairin “Gül” rədifli əsərində, “Həcvi - məlih” adlı həcvində və dıgər əsərlərində də içtimai mötivləri aydın görmək mümkündür.
A.Padarlının əsərlərinin xeyli qismi məhəbbət mövzusundadır. Bu mövzuda və xalq şeiri şəkillərində (xüsusən qoşmalarda) olan əsərlərdə Aşıq Ələsgər gözəlləmələrinin təsiri duyulur.
Şairin məhəbbət mövzusunda olan əsərlərini şərti olaraq iki qismə bölmək olar: gözəllərin təsviri və saf məhəbbətin tərənnümü.
A.Padarlının birinci qismə aid olan şeirlərində təqdim olunan gözəllər onun şəxsən gördüyü və tanıdığı qadınlardır; bu şeirlərdə gözəlin aydın və konkret təsviri ilə bərabər, şairin özünün gözələ olan münasibəti də ifadə edilir.
Onun “Qayıtdı”, “Olsun”, “Bu nişandadır” qoşmalarında, klassik şeir şəkillərində olan “Güldü gül”,”Ey qaşı kəman” və s. əsərlərində gözəllər o qədər canlı və füsünkar şəkildə təsvir olunur ki, həmin lirik qəhrəmanlar sanki oxucu ilə təmasdadır və onun gözü önündə canlanırlar. Bunu “Bu nişandadır” qoşmasında aydın görmək mümkündür:
Ey ağalar, həsrətini çəkərəm,
Bu mələkmənzərin nə zamandadır.
Onun gözəllikdə yoxdu həmtayı,
Nə Rumu Əcəmdə, nə İrandadır.
Ənbər muyun həm pərişan edəndə,
Rəna yeriyibən, sərxoş gedəndə,
Ağıl başda qalmaz, həm ruh bədəndə,
Sevdası sərimdə, eşqi candadır.
Günəşdir uruyu, mahi-müşəkkəl,
Bu əsridə gözəlliyi bibədəl,
Gərdəni sürahi, zülfü müsəlsəl,
Abdullahın yarı bu nişandadır.
Şairin məhəbbətin tərənnümünə həsr olunmuş əsərlərinin irik qəhrəmanları aşiq və məşuq; əsas mövzusu - problematikası isə aşiq-məşuq münasibətləridir. Hicran dərdi, vüsal həsrəti, ümid və kədər, nalə və əfqan, kəskin daxili təlatümlər, həyəcan və iztirablar bu əsərlərin ana xəttini, əsas leytmotivini təşkil edir. Şair məhəbbət mövzusunda olan şeirlərini müəyyən bir hadisə ilə əlaqələndirir.
Aşiq real, səmimi duyğu və düşüncələri ilə rəğbət oyadır. Bu şeirlərdə aşiq tərənnüm olunan məhəbbət duyğularının əsas daşıyıcısıdır. O, son dərəcə saf, təmiz qəlbli bir gəncdir. Zəngin mənəvi aləmi vardır. Lirik monoloqlarında özünü "xəstə", "biçarə", "yaralı" adlandıran bu gənc öz sevdiyinə qovuşmaq üçün hər çətinliyə dözür. Ayrılığı ölümdən ağır hesab edir:
Sərrafam, istərəm gərək dür mənə,
Lütf eylə bürqəni, gərəkdir mənə.
Yar səndən ayrılsam, gərəkdir mənə
Bir molla, bir tabut, bir də qara, bax!
(“Bax” təcnisi)
Aşiqin könlü "bir gülə əsir olmuş", hər an bu gülün həvəsi, ona yetişmək arzusu ilə qovrulub nalə çəkir. Onun naləsinin səsini qəzəllərində və çığalı müxəmməsində, “Oldun”, “Olsun”, “Görmədim” qoşmalarında, “Gəldi mənim” gəraylısında, “A sayələndi” və “Bax” təcnislərində daha aydın “eşitmək” mümkündür. “Oldun” qoşmasında aşiq monoloqunda öz iztirablarını belə dilə gətirir:
Başma döndüyüm xubların şahı,
Bir de görüm, indi kimə yar oldun?
Kim öyrətdi səni, kimlər ayırdı.
Hansı eşqə düşüb biilqar oldun?
Mən çəkdim yolunda cövrü-cəfanı,
Sən sürdün qeyrilə zövqü-səfanı,
Yenə üzdün məndən əhdü-vəfanı,
Kimlərin sözüylə məndən zar oldun?...
Qəm çəkməkdən canım üzüldü, billah,
Dilbəri görsəniz deyərsiz: Allah,
Neyləmişdi sənə fəqir Abdullah,
Əğyarə gül olub, ona xar oldun?!
“Qayıtdı” qoşmasında isə vüsal həsrəti ilə yaşayan aşiqin “yaralı canı” belə təsvir olunur:
Mən görmüşəm gözəllərin çoxunu,
Belə olmaz amma boyu, buxunu,
Müjganından çəkdi xədəng oxunu,
Yaralı canıma çaldı, qayıtdı.
Gözlər ikən, gözlərimə yetişdi,
Mürdə cismim eşq oduna tutuşdu.
Şahrahdan qıya baxıb ötüşdü,
Yollarında gözüm qaldı, qayıtdı.
Dilimizdə elə sözlər var ki, onların kədərli notlarla səslənməsi insan qəlbində bir nisgil yaradır. Bu mənada, Padarlı Abdullanın “qayıtdı”, “getdi”, “döndü” və s. sözləri yerində işlətməsi və klassiklərə məxsus xüsusi məharətlə qəm-qubarı tərənnüm etməsi həm aşıq şeirindən doğan üslubdur, həm də klassiklərdən gələn peşəkarlıqdır. Beləliklə, şair klassik ədəbiyyatımızdan gələn nikbinlik ənənələrini davam etdirməyə səy etmişdir.
Əsərlərdəki məşuqə real insandır. O, işvə-nazı ilə aşiqi haldan çıxaran gözəl bir qızdır. Öz aşiqinə cövrü-cəfa verməkdən usanmır. Lakin məşuqənin əğyara uyması, öz aşiqinə xəyanət etməsi bağışlanmazdır. Şairə görə, gözəl yalnız öz istəklisinə, aşiqinə diqqət yetirməli, xalq deyimində olduğu kimi, "gözüdağınıq" olmamalı, ancaq öz yarını sevməlidir. Şair xarici gözəlliklə daxili gözəlliyin-ağlın, kamalın vəhdətdə olmasını qabartmaqla hər bir gözəldə belə bir xüsusiyyətin olmasını istəyir.
A.Padarlının şeirlərində dini-təsəvvüfi motivlər açıq-aydın hiss edilir. Daha əvvəllər klassik ədəbiyyatda görünən Allah sevgisi və eşqi, “Yaradan ilə yarananın birləşməsi”, yaradana çığınmaq ideyası onun yaradıcılığında sanki yenidən təzahür edir. Bunu şairin Şıx Səmədlə deyişməsində də aydın duymaq olur:
Şıx Səməd:
Gəl ağlama, Abdulla, bir də hərgiz,
Allahın əmrinə olginən düm-düz,
Axır ki, mətləbə yetəcəyik biz,
Sən də fikir çəkmə heç yandan, qardaş!
Abdulla Padarlı:
Çevirib üzünü sən ol dərgaha,
Gəl düşmə o qədər fəryada, aha,
Sidqini bağla bir qadir Allaha,
Yan tutma sidqini Xudadan, qardaş!
A.Padarlının bədii irsinin az bir qismini də onun bayatıları (müəllifli bayatılar) təşkil edir. Bu bayatılar şairin poetik hünəri olub, öz-özünə hesabatı da sayıla bilər. Onun Vətənə, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatıları vardır:
Köynəyim dardı mənim,
İşim ahu-zardı mənim,
Abdullah yalan deməz:
Kəbəm Padardı mənim.
Kür üstundə kənd olu,
Dörd tərəfi bənd olu,
Yarın acı sözləri
Abdullaha qənd olu.
Abdullah, apar indi,
Düşmanlar tapar indi,
Sən öldün, mən ölmədim,
Qiyamət qopar indi.
Bu dağları qarısın,
El-obaya yarısın,
Abdullah, yaxşı dostu,
Nə ölsün, nə qarısın.
A.Padarlının əsərlərinin kiçik bir hissəsi də müasirlərinin əsərlərinə yazdığı nəzirə, onlarla deyişmələridir. Yuxarıda da qeyd etdiyimiz kimi A.Padarlı şair Q.B.Zakirin məşhur “Gözləyən kimsə, gözüm, həqqi deməz ay sana” misrası ilə başlayan müsəddəs-müstəzadının hər bir bəndinə ayrı-ayrı nəzirə yazmışdır.
Onun həmçinin müasirlərindən Q.Şəkili, Ş.Səməd və digərləri ilə deyişmələri də vardır. Hətta şairin həmyerlisi qarabaldırlı Aşıq Əhmədə ayrıca şeir həsr etdiyi də məlumdur.
Abdulla Padarlının yazdığı nəzirə, müasirləri ilə deyişmələri və yazışmaları onun klassik şeir şəkillərinə dərindən bələd olduğunu, geniş dünyagörüşünə, dərin elmi və dini biliklərə, nitq qabiliyyətinə malik, dövrünün tanınmış və hörmətli yazarlarından olduğunu bir daha sübut edir.
İmram Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi
Oğuz rayonu Yaqublu kəndi