"Dədə Qorqud"u latış dilinə çevirən şair vəfat etdi
![]()
Martın 24-də latviyalı şair və tərcüməçi Uldis Berzinş vəfat edib.
Manera.az xəbər verir ki, bu barədə musiqişünas Zümrüd Dadaşzadə öz feysbuk profilində yazıb.
Z.Dadaşzadə vurğulayıb ki, mərhum ədib "Qurani-Kərim"i, "Kitabi-Dədə Qorqud"u, müasir Azərbaycan poeziyasını latış dilinə çevirib: "Beləliklə, Azərbaycan bayrağında əksini tapmış bütün ideyaları - islam, türkçülük və müasirlik - ifadə edib.
Qeyd edək ki, U.Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968-1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub.
Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilirdi.
O, "İncil"in tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, "Quran"ın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib. 2002-ci ildən Latviya Universitetinin müasir dillər fakültəsində türk dilini tədris edib.
U.Berzinş "İncil" kitabları olan İovanın kitabı, Psaltiri, Solomonun pritçalar kitabını, Ekklesisastın kitabını latış dilinə tərcümə edib. 2009-cu ildə "Quran"ın 15 ildir ki, üzərində işlədiyi tərcüməsini tamamlayıb və kitab 2011-ci ildə nəşr olunub.
Ədibin şeirləri alman, isveç, eston, litva, çex, ingilis, island, bolqar, Azərbaycan və ukrayna dillərinə tərcümə olunub.