Prof. Asif Hacılı: sirdən çıxıb sirrə qayıdanlar

Tarix:18-09-2017, 11:00 Baxış Sayı:453

Prof. Asif Hacılı: sirdən çıxıb sirrə qayıdanlar
Manera.az bu həftə prof.Asif Hacılının
"Sirdən çıxıb sirrə qayıdanlar: ədəbiyyatda gerçəkçilik və realizm" yazısını
və onun tərcüməsində Con Qolsuorsinin “Romançının inamı” məqaləsini təqdim edir.


Məşhur ingilis yazıçısı Con Qolsuorsinin (1867-1933) “Romançının inamı” məqaləsi (1928) yeni dövrdə – Avropa mədəniyyətində dadaizm, futurizm, kubizm, postimpressionizm, psixoanaliz və sairənin yayıldığı mərhələdə klassik realizmin mövqeyi barədə orijinal düşüncələrə görə maraqlıdır. Bu kimi cərəyanları qəbul etməyən Qolsuorsi öz polemik məqalə və oçerklərində ədəbiyyatın mənəvi-estetik təsir gücünü, humanizm və ədaləti önə çəkir, sənətkarın ictimai mövqeyini, istismar, istibdad, saxtakarlıq və yalana qarşı mübarizənin əhəmiyyətini təsbitləyir. Yazıçının ədəbi yaradıcılıqda gerçəkçilik və təxəyyül, əxlaq və mənəviyyat, müəllif və oxucu, müəllif və personaj, azadlıq və zərurət, realizm və romantizm kimi anlayışların məzmunu və tənasübü haqqında mülahizələri bu gün də dəyərlidir. Məşhur realist yazıçı realizmi naturalist təsvirçilik hesab etmir və sənətkarın vəzifəsini haqlı olaraq cəmiyyətdəki mərəzləri sağaltmaqda yox, qabardaraq təkamülə yol açmaqda görür. Yazıçı oxucu anlayışına da toxunur və müəllif-oxucu dialoqunu fəal proses kimi şərh edir. Məqalədə müəllif və qəhrəman, müəllif və mühit, əsər və zaman kimi dialoji münasibətlər haqqında da bəhs edilir. Eyni zamanda öz dövrünü qabaqlayan sənətkarın həyata yeni və fərdi baxışının oxucu tərəfindən dərki məsələsi də çözələnir. Qolsuorsinin ədəbi düşüncələrindəki əhəmiyyətli bir məqam da realizmdə romantik çaların, gerçəkçilik və xəyalın, məntiq və metafizikanın mövcudluğu fikri, sirdən çıxıb sirrə qayıdan romançının qavrayışının həyat və ölüm, gündüz və gecə, qabarma və çəkilmə, əvvəli və axırı olmayan dünya kimi metafizik anlayışları əhatə etməsi barədə qənaətdir. Beləliklə, Con Qosuorsinin təqdim etdiyimiz məqaləsi realizmin tipoloji mahiyyətini və XX yüzildəki taleyini anlamaq baxımından dəyərlidir.

Con Qolsuorsi
Romançının inamı


Hissə bütövdən olduğu kimi, həqiqət də insandan ayrılmazdır: bunsuz insan sadəcə mövcud ola bilməz. Sənətkarın qarşısında duran vəzifə gizli həqiqəti aşkarlayan, onun hissləri ilə nəzərəçarpan qədər aşılanmış həyat səhnələrini təsvirdən ibarətdir; zatən iki oxşar təsvir olmadığı kimi, onlara eyni baxış da yoxdur. Qoyya, Domye, Velaskes və Metyu Merisin əsərləri bu ustadların möhürünü daşıdığı kimi, bədii ədəbiyyat nümunələri də yalnız onların yaradıcılarına xas keyfiyyətlərə malik olmalıdır. Söhbət nə yüngül karikaturistin əl atdığı fənd və metodlardan, nə də vetçinasız sendviç olmadığı kimi, romanın da mütləq müəllif əhvalı və fəlsəfəsini daşımalı olmasından gedir.

Roman – əslində xüsusi baxış və duyum üsuludur. Elə bu da, məsələn, Mopassanı müəllimi Floberə nisbətən daha sirayətedici və heyranedici, Dikkensi Corc Eliota nisbətən daha canlı və aktual edir.
Başqası hesab edir ki, sənətkarın yeganə funksiyası təbiət hadisələrinin qeyri-şəxsi, bitərəf izahıdır. Ancaq sənət məqsədləri üçün sənətkarın baxışından kənar təbiət həqiqəti yoxdur. Müşahidəçi və onun gördüyü bir-birilə çulğaşaraq istənilən şedevrin fakturasını yaradır. Müşahidəçi və onun gördüyünün belə zərif tənasübü uzun və mürəkkəb düşüncələrin nəticəsidir. Bu proses müasir həyatla dəstəklənməyib, bunsuz isə biz xırda təəssüratın xaotik axınından, bir növ şanlı jurnalizmdən başqa bir şeyə nail ola bilmərik.

İstənilən dəyərli romançının temperamenti sadə tənliyə oxşamır. Onun xislətinin emosional və analitik tərəfləri daim bir-birilə çarpışır, özü də gah biri, gah o biri üstün gəlir, yalnız hərdən qovuşurlar. Qabarmanın necə çəkilməsindən oxucu nəticəni duyur. Romançı onun əsərindən bir sətir belə oxumamış, əsərini birnəfəsə oxumaq sınağına çəkiləcək oxucunu həmişə göz önünə almalıdır. Yəqin ki, nəticə tam şəkildə yalnız yazıçının ölümündən sonra dəyərləndirilə bilər; lakin müəllifin həyatı boyu az ehtimal edilən uğuru olarsa, oxucunun həyata baxışındakı, əgər varsa, yeniliyi görmək onun üçün çox maraqlı olacaq. İnsan güzəştinin həddi olduğu üçün o, əgər xroniki narkoman deyilsə, bəlkə də heç vaxt öz hökmünün dəqiq ölçüsünü bilməyəcək.

...Onun sinirinə təsir edən mütləq keçəcək, xüsusən, onun mövzusu cəmiyyət adlanan yuvaya aiddirsə…

…Nəzarət və azadlıq kimi tutuşmaz anlayışların öz-özlüyündə əla ideya olmaları həyatın ən dərin istehzalarındandır. Sosialist və Tori, Liberal və Anarxist kağızda yaxşı görünür; ancaq hamımızın içindəki əsl insanilik onları parça-parça edib kağız səbətinə atır. İnsan cəmiyyətinin bədbəxtlik və qanunsuzluqları, deyəsən, imtiyazlarımızdan, partiya mənsubluğumuzdan və ya siyasi baxışlarımızdan asılı olmayaraq bizə xas nöqsanlarda cəmləşib və onların sosializm, bolşevizm, faşizm və s.-lə məhv olacağını düşünmək, c-b Stounun «Qardaşlıq»da hesab etdiyi kimi, İncilin gerçəkləşməsini görməyə bərbərdir! Zülmət bağdan gecəyə yönələn bu zəif peyğəmbəranə səs insan cəmiyyətinin nəzarətli kamilləşməsi haqda arzudan çox, dumanlı imkana bənzəyir. Ən yaxşı halda biz bərabərsizlik qabarmalarının sönməsini gözləyə bilərik, arxasınca isə yeni axınlar gələcək…

İstənilən halda romançı, əgər sənətkardırsa, nə siyasətçi, nə də məktəb müəllimidir; o, bunlardan hansısa birinin yerinə iddia edə və birbaşa funksiyalarını icra edə bilməz. Sosial və etik dəyərlərin yaradılmasına onun cüzi töhfəsi xarakterlərin və mühitin təsvirindən ibarətdir. Və belə təsvir fərqli formalarda ola bilər – qəhrəmanın üzünə birbaşa və ya yuxarıdan baxan, nöqsanlardan qurtularaq insanların necə ola bilmələrini göstərən neqativ, realist və kvazisatirik təsvir və ya Qəhrəmana aşağıdan yuxarı baxan və insanların məziyyət və həzzinin aksentləşdiriləcəyi təqdirdə onların necə ola biləcəklərini göstərən romantik forma. Romançı, öz oxucusu kimi, fitrətən bu metodların biri, bəzən hər ikisi üçün təyin olunub.

Praktik şövqü olanlar üçün birinci metod daha təbii və təsirli görünəcək. Bədii ədəbiyyatın böyük qəhrəmanlarının çox hissəsi – Don Kixot, Sanço Pansa, Hamlet, Lir, Falstaf, Tom Cons, Faust, d'Artanyan, Sem Ueller, Betsi Trotvud, Mikouber, Bekki Şarp, mayor Pendennis, Əziz Dost, İrina, Bazarov, Nataşa, Stepan Arkadyeviç, Anna Karenina – bu manerada düşünülüb və təsvir olunublar. Zövqlü oxucu təcrübəli romançının – əgər insanlığın bu növündən danışmaq olarsa – onun başına corab hörməsini istəmir. Ziyalı əyani nümunə almaqdansa nəticəyə özü gəlməyə üstünlük verir, çünki həyatda olduğu kimi, romanda da qəhrəmanlıq zövqü korşaldır... Bədii nəsrdə kamillik və qəhrəmanlıq tələbi, əlbəttə, bu istəyin mənasını anlamayanlara aiddir. Bu, təcrübəsizliyin müəyyən əlaməti və ümumən naqis estetik zövq bəlirtisidir.

Romançı, əgər işi Cəmiyyətlədirsə və bir qədər tənqidçidirsə, istər-istəməz satirik olacaq. Həqiqəti gördüyü və duyduğu kimi danışarkən, onu populyar ehkamlara bağlamayacaq; və Cəmiyyəti təsvir edərkən qaranlıq bucaqlara baxmaya və xarakterin zəif cəhətlərini işıqlandırmaya bilməz. Onun üçün cəmiyyətin hər bir təbəqəsi – mütəxəssis və plutokratlar, zadəganlar, intellektuallar, kübarlar – öz zəifliyi, öz naqisliyi ilə aşkarlanır; nöqsanlar məziyyətlərin davamı olur...
Bəs romançı hansı məqsədə can atır? Həyatın bir parçasını həyatın tamlığı ilə qarşılıqda cəsarət və obyektivliklə təsvir edərək, o bu parçanı sağaltmır, sadəcə ümumi baxış üçün qabarıqlaşdırır və bununla da təkamülə yardımçı olur. Digər tərəfdən, əgər onun mövzusu daha sadədirsə və, o, deyək ki, ehtirası təsvir edirsə, missis Qrandi və d-r Uottla qol-qola gəzişərək həqiqəti deyə bilməz. Seks haqqında ciddi yazmaq, məhəbbətin fiziki tərəfini təhkiyənin özəyinə çevirmək – estetik planda səhvdir, təsvirdə ağını çıxarmaqdır, çünki təsvir oxucudan bu istiqamətdə azacıq stimul tələb edir, seksual impuls isə o qədər güclüdür ki, istənilən güclü fiziki təsvir mənzərəni perspektivdən məhrum edir. Sadəlövh və ya əksinə, qətiyyətli qatı romançı elə fikirləşir ki, yalnız seksi diqqətlə təhlil etməklə, o insanların buna münasibətini islah edə, dəyişə bilər; ancaq insan yerin təkinə digər tərəfdən çıxmaq niyyətilə də girə bilər. Məhəbbətin fiziki tərəfinə görə bizim hamımız həddən çox ərzaniyik, hətta daha az hali olanlar belə bu haqda intuitiv olaraq o qədər çox bilirlər ki, onlara elmi risalələrdə yazılanlardan çox şey danışmaq – Nyukasla kömür daşımağa bənzəyir. Ehtiras atmosferi və psixologiyası – başqa predmetdir, adi oxucunun dolaşdığı və hisslərinin yaşandığı yolsuz labirintdir…
Deyirlər ki, sənətkarın əxlaqla işi yoxdur, ancaq əslində daha dərindən baxsaq, əxlaqa ondan çox aidiyyatı olan tapılmaz. Biz elə həyat səhnələri axtarırıq ki, gerçəklikdə olsun, sənətkara isə həyat parçalarının insanlığın üzvi əxlaqi inkişafı ilə tənasübü lazımdır. Moralistlər, vaizlər, hakimlər, biznesmenlər – hamısı təbiəti və ya məşğuliyyəti etibarilə status quo (nəsnələrin mövcud vəziyyəti – lat.) müdafiəçiləridir; radikallar və reformistlər – «qızıl dövr»ün peşəkar tərəfdarlarıdır. Ancaq tarix göstərir ki, bütün nəsnələrdən ən çox status guo dəyişikliyə məruzdur,
«qızıl dövr» isə çətin gələ və sənətkar, yalnız parti pris (qərəzli rəy – frans.) meyarını rəhbər tutaraq, tərəqqi olmasa da, heç olmasa inkişaf yolunu işıqlandırır.
…Dünya insan həyatının yaxşılaşmasına doğru mümkün meyllə sürəkli irəliləyiş vərdişinə malikdir və romançı bəşərin digər nümayəndələri kimi özü üçün yavaş temp seçir və zamanın gedişatını dəyişmək və ya sürətləndirmək ümidilə özünü aldada bilməz. Onun bəzən kifayət qədər real, ancaq zəif təsiri əqli tərəqqiyə, onun özünün müsbət və ya mənfi ehtirasıyla mənən yoluxmuş fenomenlərinə müncər edilir. Onun edə bildiyi yeganə şey – həqiqəti gördüyü kimi təqdim etmək və bununla oxucularını cəlb edəcək, onlarda baxışın dəstəkləndiyi, təxəyyülün canlandığı və anlaşmanın baş verdiyi nəsə bir intellektual və əxlaqi fermenti oyatmaqdır. Və o daim xatırlamalıdır ki, nə səhvlərdən, nə də tənqiddən sığortalanıb.

Sənət haqqında tam əminliklə demək olar ki, tənqidçi həmişə sənətkarın seçdiyi mövzu və vasitələrin qəbuluna hazır olmalıdır və qəbul edib əsəri burada olana, olmalı və olmayana görə tənqid etməlidir. Lakin bu düzgün məsləhəti tənqidçilər heç də həmişə qəbul etmirlər, hətta onun ədalətliliyini bilənlər də. Biz romançılar öz yolumuzla gedərək, bir çox əks qüsurlarda günahlandırılacağıq – temperament və strukturun olmamağında və əgər biz həssasıqsa bir daha yazmayacağıq… Yaxşısı budur ki, biz öz yaradıcı ilhamımıza bel bağlayaq və ona uyğunlaşaq, çünki əslində biz predmetləri deyil, onlar bizi seçir. Həyat inadla özünü bəyan edir və layiqli ifadə olunaraq, bununla rahatlıq tapmayınca bizi rahat buraxmır. Lakin öz yolumuzla gedərkən qoy biganəlik ruhumuzu şəfalı məlhəmiylə örtməsin.

Dünyanın gözəlliyi romançını ümidsizliyə salır. Bütün təbiət onun üçün bir çiçəkdə təcəssüm olunanda ürək sıxıntısı çəkir… Həqiqət və gözəllik onun üçün çətin axtarışdır, lakin bundan diqqətəlayiq nə var? Bu axtarışa dalmaq romançını mükafatlandırır – öz “mən”ini unutmaq və rolunu gözəl oynadığını duymaq. Hər bir işin, o cümlədən romançının əsərinin dərinliyində müəyyən fəlsəfə var. Və əgər romançı müəyyən anda maskasını sifətindən ata bilərsə, etiraf edəcək: ilk səbəbin insani gerçəkliyi onun üçün əlçatmazdır. Onu yalnız olduğu kimi qəbul etmək qalır. Biz Sirdən çıxmışıq və Sirrə qayıdırıq. Həyat və Ölüm, gündüz və gecə, qabarma və çəkilmə, əvvəli və axırı olmayan dünya – onun qavraya biləcəkləri bunlardır. Lakin o belə kiçik qeyri-müəyyənlikdə məyusluğa səbəb görmür. İçində həyat instinkti olanlar üçün həyat özü-özlüyündə kifayət qədər yaxşıdır, əgər heç nəyə aparıb çıxarmasa da. Və biz insanlar özümüzü yalnız onda günahlandıra bilərik ki, canlılar içində tək bir biz elə yaşayırıq ki, özlüyündə həyata sevgimizi itiririk… Oynadığımız rollara gəldikdə isə, comərdlik və xeyirxahlıq elementar məziyyət kimi görünür, çünki başqalarında real olan hər şeyi ehtiva edir, yalnız bunlar insanın həyatını mənalandırır və əsl səadət bəxş edir.



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ