Prof. Asif Hacılı. Neoqonqorizm ədəbi cərəyanı

Tarix:17-07-2017, 10:22 Baxış Sayı:180

Prof. Asif Hacılı. Neoqonqorizm ədəbi cərəyanı

Manera.az bu həftə üçün prof.Asif Hacılının “Neoqonqorizm ədəbi cərəyanı” yazısını və onun tərcüməsində Federiko Qarsia Lorkanın “Təxəyyül və ilham haqqında” məqaləsini təqdim edir.

XX əsrin 20-ci illərində ispan və ispandilli ədəbiyyatının maraqlı bir cərəyanı da neoqonqorizmdir. XVII əsr şairi Qonqoranın (1561-1627) adı ilə bağlı olan bu cərəyanın nümayəndələri özlərini 27-ci il nəsli (Qonqoranın ölümünün 300 illiyindən) adlandırıb. Məşhur ispan şairi, dramaturqu, musiqiçisi və rəssamı Federiko Qarsia Lorka (1898-1936) da müəyyən müddət bu cərəyana aid olub. İspan filosofu Xose Orteqa-y-Qasset estretikasından təsirlənmiş neoqonqorizmin əsasını bədii yaradıcılıqda təxəyyül və metaforikliyin, xülya və gerçəyin təzadı, sənətkarın fərdiliyi və azadlığı ideyası təşkil edib. Neoqonqoristlər xüsusən 1927-ci ildə, Qonqoranın vəfatının 300 illiyi ilə bağlı bir sıra şeir, esse, ədəbi yazılarla çıxış ediblər.

Yaradıcılığının müəyyən dövrünü neoqonqorizm poetikasına əsaslanan F.Q.Lorka ispan ədəbiyyatında mifolojiliyi, folklor ənənəsini, milli poetik teatr mədəniyyətini və faciə janrını yenidən dirçəltməsi və həyata qaytarması ilə də tanınır. Təqdim olunan material ümumavropa avanqard hərəkatının bir hissəsi olan neoqonqorizmin xüsusiyyətini, eləcə də məşhur ədib Lorkanın heç də birmənalı olmayan, bu cərəyanın ziddiyyətlərini və süqutunu əks etdirən estetik düşüncələrini ifadə edir.




Federiko Qarsia Lorka
Təxəyyül və ilham haqqında


Mövzunun bütün mürəkkəbliyini gözəl anlayaraq, mən bitkinliyə iddia etmirəm; yalnız cizgiləmək istəyirəm – təsvirə deyil, fikrə yönəltmək.
Şairin missiyası birdir: hərfi mənada ruhlandırmaq (canlandırmaq mənasında – tərc.) – ruh vermək. Ancaq məndən soruşmayın, həqiqi və yalan nədir, çünki “poetik həqiqət” – mənası danışandan asılı olan ibarədir. Dantedə gözqamaşdırıcı olan Mallarmedə eybəcər ola bilər. Və əlbəttə, heç kimə sirr deyil ki, poeziya sevdirir. Heç vaxt bəhanə etməyin: “bu qaranlıqdır” – çünki poeziya sadə və işıqlıdır. Lakin bu o deməkdir ki, biz bütün qüvvəmizlə, içimizdə yaxşı nə varsa onunla poeziyaya can atmalıyıq ki, o bizə əl versin. Biz ondan tam üzülüşməyi bacarmalıyıq və belədə o özü lüt-üryan bizim ağuşumuza düşəcək.
Poeziya bir şeyə heç bir halda dözmür – biganəliyə. Biganəlik – iblis səltənətidir, ancaq məhz biganəlik hər tində təşəxxüslə və təlxək libasında zəvzəklik edir.
Mənim üçün təxəyyül – kəşf qabiliyyətinin sinonimidir. Xəyal etmək – açmaq, kəşf etməkdir, öz işığının bir zərrəsini müxtəlif imkanların, formaların və ölçülərin dolaşdığı canlı zülmətə salmaqdır. Təxəyyül insanın hərəkət etdiyi gizli gerçəyin fraqmentlərini əlaqələndirir və onlara həyati aşkarlıq verir.
Təxəyyülün əsl övladı – intuisiyanın ani partlayışından doğan, uzun gözləntinin həyəcanı ilə parlayan metaforadır.
Lakin gerçəklik təxəyyülü məhdudlaşdırır – mövcud olmayanı təsəvvür etmək mümkün deyil; təxəyyülə əşyalar, görüntülər, saylar, planetlər və onlar arasında zəruri məntiqi əlaqə lazımdır. O girdaba varıb real anlayışları inkar edə bilməz. Təxəyyülün üfüqləri var; o, sığışdıra bildiyi hər şeyi ehtivaya və konkretləşdirməyə can atır.
Poetik təxəyyül dövr edir və nəsnələri dəyişmir, onları xüsusi, məhz özünün mənasıyla mənalandırır və gözlənilməyən əlaqələr aşkarlayır, lakin həmişə, həmişə, həmişə o aşkar və labüd olaraq gerçəyin hadisələri ilə bağlanır. O, insan məntiqi çərçivəsində, qopa bilmədiyi məntiq çərçivəsində qalır. Bu təxəyyül dünyanın dörd tərəfini düşünüb, nəsnələrin səbəb-nəticə əlaqəsini açıb. Lakin o, azad və heç nəylə qandallanmayan ilhamın doğduğu məntiqsizlik və dərrakəsizliyin alovlu istisinə heç vaxt əlini sala bilməyib. Təxəyyül – poeziyanın ilk pilləsi və əsasıdır. Onun köməyilə şair stixiyalara və sirlərə qarşı qüllə ucaldır. O, əlçatmazdır, o hökm edir və ən təmiz şüalar ondan yayılır. “Təxəyyül şairi”nə (onu belə adlandıraq) güclü poetik yaşantıya nail olmaq çox çətindir. Burada şeir texnikası da kömək etməz.
Dərin mənəvi hissdən, demək olar, həmişə aralı olan sırf romantik həyəcan oyatmaq olar. Lakin poetik, təmiz, təhtəlşüur, qarşısıalınmaz həyəcan oyatmaq, qeyd-şərtsiz, elə indi yaranmış qanunları olan poeziyaya çatmaq, əlbəttə, olmaz.
Təxəyyül kasaddır, poetik təxəyyül – xüsusən. Görünən gerçəklik öz çalarları ilə daha zəngindir, ölçüyəgəlməz dərəcədə poetikdir, nəinki təxəyyülün bəhrələri...
İnsan fantaziyası divləri uydurub, nəhəng mağaraların və ya tilsimə düşmüş şəhərlərin varlığını onların ayağına bağlamaq üçün. Həyat göstərib ki, bu nəhəng mağaralar su damcısıyla yaradılıb. Saf su damcısı, səbrli və əbədi. Bu halda, bir çox digər hallarda olduğu kimi, gerçəklik udur. Su damcısının instinkti divin zərbindən nə qədər gözəldir!
Gerçək həqiqət poetikliyi ilə uydurmadan üstündür və ya, başqa sözlə, uydurma özü-öz kasadlığını aşkarlayır. Təxəyyül divlərin əliylə yaradıldığı güman ediləni divlərin ayağına bağlayaraq, məntiqə uyğun hərəkət edib. Ancaq poeziyanın və məntiqin fövqündə olan elmi reallıq ölməz suyun şəffaf damcısıyla öz gerçək həqiqətini təsdiqləyib. Axı ölçüyəgəlməz qədər gözəldir ki, mağaralar – divlərin yalnız izaholunmazı izah zərurətindən doğan şıltaqlığı deyil, suyun əbədi qanunlarla təyin olunan sirli fantaziyasıdır.
Şair daim öz təxəyyül məkanında dolaşır, bununla məhdudlaşır. Artıq anlayır ki, onun fantaziyası – kamilləşmə qabiliyyətidir, təxəyyülün məşqi onu zənginləşdirə bilər, işıq ötürücülərini və ötürdüyü dalğaları gücləndirər. Lakin şair əvvəlki tək öz daxili aləmiylə təkbətəkdir, öz qüssəli “istəyirəm və bacarmıram”ıyla.
O nəhəng çayların şırıltısını eşidir, sifətinə haradasa titrəşən qamış saflığı toxunur. O, yarpaqlar altında qarışqaların anlaşılmaz danışığını anlamaq istəyir. Ağır budaqların sakitliyində ağac şirəsinin musiqisinə dalmaq istəyir. Yatan qızcığazın qəlbində vuran morze əlifbasını qavramaq istəyir. Bizim hamımız istəyirik. Ancaq şair bunları bacarmır. Çünki poetik həqiqətin ifadəsinə cəhd edərkən, o öz insani duyğularına əsaslanmağa, gördüyü və eşitdiyindən çıxış etməyə, heç vaxt həmin ifadəlilik dərəcəsinə çatmayacaq plastik analogiyalara əl atmağa məcburdur. Yalnız tək təxəyyül heç vaxt poetik dəyişiklərə vara bilməz.
Şair bu asılılıqdan qurtuluş axtarmırsa, öz qızılı kasadlığında güzəran sürə bilər. Dünyanın bütün ritorik və poetik məktəbləri, yapon kanonlarından başlayaraq, istənilən zövq və iqlimə uyğunlaşıb, qürub, ay, zanbaq, güzgü və melanxolik buludların zəngin rekvizitini təqdim edib.
Lakin uydurma sınırlardan çıxmaq istəyən, yalnız mühitdən törəmiş obrazlarla yaşamaq istəyən şair xəyala dalmağa və arzulamağa son qoyur. O, artıq arzulamır – o, sevir. “Təxəyyül”dən törəyən mənəvi məhsuldan inanca keçir. Artıq hər şey belədir, – çünki belədir, səbəbsiz və nəticəsiz. Nə sınır var, nə hüdud – tək bir nəşəli azadlıq. Poetik təxəyyül insani məntiqə tabedirsə, poetik ilham poetik məntiqə tabedir. Yetişmiş bütün texnika əbəsdir, bütün estetik dayaqlar dağılır. Təxəyyül kəşf olduğu kimi, ilham da – vergidir, açılmamış vergidir.
Mənim poeziyaya bugünkü baxışım belədir. Bugünkü – ona görə ki, o, bu gün doğrudur. Sabah nə fikirləşəcəyimi bilmirəm. Məzara qədər əsl şair olacağımdan, – mən heç vaxt istənilən qaydalara müqavimətdən və əvvəl-axır bədəndən yaşıl və ya kəhrəba şırnaqla axacaq canlı qan gözləntilərindən usanmayacağam. Nə istərsən olsun, təkcə eyni pəncərədən eyni bir mənzərəyə hərəkətsiz baxış olmasın.
Şairin bəsirəti – qarşıdurmadır. Əlbəttə mən kimisə inandırmağa ümid etmirəm. Yəqin ki, belə mövqe poeziyaya layiq olmazdı. Poeziyaya tərəfdaşlar deyil, aşiqlər lazımdır. O, yola tikanlar və şüşə qırıqları döşəyir, sevgi naminə onu axtaranların əllərindən qan axması üçün.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ