manera.az
manera.az

"Bizi birləşdirən əqidə və məslək olub" - Şirməmməd Hüseynov

28-06-2019, 12:32

"Bizi birləşdirən əqidə və məslək olub" - Şirməmməd Hüseynov
MANERA.AZ Bakı Dövlət Universitetinin professoru, "Şərəf" ordenli Şirməmməd Hüseynovun Xalq şairi Bəxtiyar Vahabzadə ilə bağlı xatirələrini təqdim edir:

"Mənim rejimə qarşı yazdığım bir sıra əsərlərin, o cümlədən "Bağışlayın, səhv olub", "Mərziyə", "Ləyaqət", "Dan yeri" və s.-in yazılmasının səbəbkarı Şirməmməd müəllim olub. Daha doğrusu, mövzunu o seçib".

Bəxtiyar Vahabzadə, "İstiqlal" kitabı, 1999-cu il


- Bəxtiyar müəllimlə tanışlığınız nə vaxta təsadüf edir?

- Mən Bəxtiyarla 1945-ci ildə tanış olmuşam, Bakıya oxumağa gələndə. Hər ikimiz Şəkidən olsaq da orada tanışlığımız olmayıb. Universitetə Bəxtiyar məndən 3 il qabaq daxil olmuşdu. Jurnalistika ixtisası da filologiya fakültəsinin nəzdində idi. O zaman fakültədə "Ədəbiyyat" dərnəyi var idi. Bir dəfə dərnək üzvləri getdik Yazıçılar İttifaqına. Hərə yazdığı bir şeiri oxudu, elə Bəxtiyar da. Səməd Vurğun onu saxladı, dedi, o şeiri bir də oxu. Oxudu. Dedi, ay arıq bala (çox arıq idi) yaxşı yazmısan. Bəxtiyarı o zamandan tanıdım.

- Hər ikiniz şəkili idiniz, amma Bakıda tanış olmusunuz?

Böyütmək üçün seçin- Bəli. Onun doğma anası ilə mənim anam bir yerdə Şəkidəki 3 nömrəli ipək fabrikində işləyiblər. Amma tanışlığımız olmayıb. Bəxtiyar Vahabzadənin tərcümeyi-halını hələ dəqiq yazan çox azdır. Bir zaman Bəxtiyara böhtan kampaniyası başladılmışdı. 1952-ci ildə bir şeir yazmışdı, şeirin məzmunu belə idi ki, oxucu gedir kitabxanaya deyir ki, sizdə Şirvanzadənin namusu var? Aleksandr Şirvanzadənin "Namus" əsəri nəzərdə tutulur. Ermənilər götürüb yazırlar ki, Bəxtiyar Vahabzadə erməni yazıçısı Aleksandr Şirvanzadəni namussuz hesab edir. Namus sözünü dırnaq içində yazmadığı üçün ona hücum çəkdilər. "Kirpi" jurnalı onun karikaturasını verdi... Hətta 5-6 il bundan əvvəl də bizim bəzi qəzetlər onunla bağlı böhtan kampaniyasını iyrənc formada davam etdirirdilər. O zaman mən mətbuatda çıxış etdim və ona qarşı olan hücumlara tutarlı cavablar verdim. Bəxtiyarı yaxından tanıyan adam kimi, onunla bağlı yazılan bəzi qaranlıq məqamlara da aydınlıq gətirdim.
"Bizi birləşdirən əqidə və məslək olub" - Şirməmməd Hüseynov
- Bəxtiyar müəllim özü yazır ki, onun bir çox əsərlərinə Siz ideya vermisiniz...

- 1993-cü ildə "Əkinçi" qəzetinin "Körpü çaydan uzaq düşüb" məqaləsinə əsaslanaraq "Körpü çaydan yenə uzaq düşüb" adlı bir yazı yazdım. Bəxtiyar mənə zəng elədi ki, o nədir yazmısan, şərh elə. Mən də ona izah etdim. Gecə saat 4-ün yarısında ev telefonuna zəng gəldi. Açdım telefonu, dedi ki, al gəldi. Bu sözlərə şeir yazmışdı. Səhər gördüm "Kommunist" qəzetində də dərc olunub. "Dostum Şirməmməd Hüseynova "Körpü çaydan uzaq düşüb". Bəzən mən ideya verirdim, amma sənəti o yaradırdı. Bəxtiyarın hər poeması bir fakta əsaslanır. Məsələn, elə götürək "Ləyaqət" poemasını. "Komsomolskaya pravda" qəzetində böyük bir səhifə "Saşa" adlı yazı verilmişdi. Mən də oxudum, demək, 13 yaşında bir oğlan uşağı mağazaya gedir, kəsmik alır, pulu qoyur, amma mağazadakılar elə bilir ki, ödəməyib. Uşağı tuturlar ki, oğrusan, kəsmiyi oğurlamısan. Uşağın anası da xəstəxanada imiş. Uşaq oğru olmadığına onları inandıra bilmir, gedir axşam özünü asır ki, mən bu adı daşıya bilmirəm. Mən də bunu Bəxtiyara oxudum. O da poemanı yazdı.

Mən oxuduqlarımı ona şərh edəndə, həmişə qarşısında kağız-qələm olurdu, qeydlər aparırdı. O zaman bir qəzetdə "Bağışlayın, səhv olub" adlı yazını onun üçün oxudum. Gördüm həmin yazıya bir poema yazıb. Verdiyim bütün mövzulara yazılan əsərlərin ilk oxucusu mən idim. Deyirdi "fitvanı vermisən, gəl götür". Bəxtiyar həmişə deyirdi ki, Şirməmməd, mənə dayaq nöqtəsi ver, gör neynəyirəm.

- Söhbətinizdən çıxardığım nəticə o oldu ki, sizin əqidəniz eynidir. Bəs fərqli olan nə idi?

- Mənimlə heç kimin işi yox idi. Hələ bir dəfə də olsun məni DTK çağırmamışdı. İmkan verməmişəm ki, bir adam mənə nəsə eləsin. Amma Bəxtiyarı laxlatmaq, tərpətmək istəyənlər çox idi. O nüfuz adamı idi, onu millət tanıyırdı. Müstəqilliyin ilk illərində xalq onu əlləri üstündə "Azadlıq" meydanında tribunaya çıxarmışdı. İstedadı həmişə qorumaq lazımdır. Elə şəxslər var ki, onlar tarixdə qalır. Şirməmməd Hüseynovlar gəlib gedəcək, Bəxtiyar Vahabzadələr isə əbədi olaraq tarixdə qalacaq.

- Bəxtiyar Vahabzadə şair, müəllim və alim kimi - onun bu sahələrdə fəaliyyətini necə qiymətləndirirsiniz?

- Burda düzəliş lazımdır. Bəxtiyar müəllimdir, şairdir, sonra alimdir. Çünki özü də yazırdı "Qoyar dizinin altına, alim Bəxtiyarı şair Bəxtiyar". Bəxtiyar müəllimlikdən başqa heç bir yerdə işləməyib. 1947-ci ildən müəllim idi. Özü işdən çıxana qədər heç kim ona deməmişdi ki, çıx.

- Amma onun universitetdən uzaqlaşdırılması barədə məlumatlar da var idi...

- Bəxtiyar bir gün də olsun universitetdən uzaqlaşdırılmayıb. Mən filologiya fakültəsinin partiya komitəsinin katibi olanda, 70-ci illərin əvvəlində iki professor açıq imza ilə Mərkəzi Komitəyə 9 bənddən ibarət məktub göndərmişdi ki, onu universitetdən uzaqlaşdırmaq lazımdır. Mərkəzi Komitədən də məktubu tədbir görülməsi üçün universitetə göndərmişdilər. Mən də həmin o məktubda göstərilən bəndləri sənədlərlə təkzib edən dəlilləri toplayıb verdim Bəxtiyara. Çalışırdılar ki, onu auditoriyadan uzaqlaşdırsınlar. Amma biz buna imkan vermədik. Bəxtiyar bir gün də olsun universitetdən çıxarılmayıb.
"Bizi birləşdirən əqidə və məslək olub" - Şirməmməd Hüseynov
- Bəxtiyar Vahabzadənin sevimli yazıçısı kim idi?

- Bəxtiyar Səməd Vurğunun aşiqi idi. Namizədlik və doktorluq dissertasiyasının hər ikisinin də mövzusu Səməddir. Hətta 1952-ci ildə Mircəfər Bağırov Səməd Vurğunu "İnsan" poemasına görə cəzalandırmaq istəyirdi. Bəxtiyar da Səməd Vurğun haqqında dissertasiya yazırdı. "Kirpi" jurnalı da vermişdi ki, Bəxtiyar məddahlıqla məşğuldur. Ona da hücum vardı. 1953-cü ildə Stalin ölməsəydi Bağırov Səməd Vurğunun axırına çıxacaqdı.

- Özü ən çox hansı əsərini sevirdi?

- Adamın çox uşağı ola bilər. Amma mən görməmişəm ki, desinlər bu uşağımı çox istəyirəm.

- Amma Bəxtiyar Vahabzadə oğlu Azərdən daha ağızdolusu danışırdı...

- Yox, yox. Əgər övladın, ya da sənin işlədiyin yerdə kimsə dediklərini qəbul edirsə, onu çox istəyəcəksən. Kimsə sən deyənə qulp qoyursa acığın tutur.

- O nə vaxt ailə qurmuşdu?

- 1952-ci ildə.

- Necə ailə başçısı idi?

- O nəinki ailə ilə, on pillə uzaq olan qohum-qardaşlarla da məşğul idi. Məsələn, gedib Şəkidə otururduq. Görürdük ki, biri gəldi: "Bəxtiyar müəllim, mənə çörəkpulu ver". Bu da pulları paylayırdı. Dedim, gözlə, onların nəfəsini kəsəcəyəm. Şoferə dedim ki, 20 dənə çörək al, qoy stola, üstünü ört. Kim gəlirdi çörəkpulu üçün, bir çörək verib yola salırdıq. Onunla zarafat edirdim ki, deputat pulundan ora qoy, sənə səsverənlərə ver. Deyirdi, onların nümayəndəsi sənsən?

- Bir az da 90-cı illərdə xalqın önündə gedən Bəxtiyar Vahabzadədən danışaq. O zaman Milli Məclisdə ümummilli liderimiz Heydər Əliyevə böhtan atanlara Bəxtiyar Vahabzadənin məşhur bir cavab çıxışı olmuşdu. Xatırlayırsınızmı?

- Bəli, yaxşı xatırlayıram. Bəxtiyar demişdi ki, vaxtilə Heydər Əliyevə çay aparmaq üçün növbə gözləyənlər, indi onun əleyhinə çıxış etmək üçün növbə gözləyirlər. Bəxtiyar siyasətçi deyildi, şair idi. Amma mənəvi dəyərlərə çox yüksək qiymət verən adam idi.

- Ancaq Heydər Əliyev də Bəxtiyar Vahabzadəyə həmişə diqqətlə yanaşıb. Hətta şair özü də "Gülüstan" poeması və digər əsərlərinə görə təqib olunanda, sovet rejiminin qanlı pəncəsindən qurtulmağında Heydər Əliyevin əvəzsiz rolunu dəfələrlə qeyd edib...

-Yaxşı xatırlayıram, 1975-ci ildə Şəkidə idik. Bəxtiyarın 50 illik yubileyi idi. Mərkəzi Komitədən Heydər Əliyevin köməkçisi zəng etdi ki, Bəxtiyar müəllim, Heydər Əliyev sizinlə danışmaq istəyir. Heydər Əliyev Bəxtiyarın yubileyini təbrik etdi. Dedi ki, səni "Şərəf nişanı" ordeninə təqdim etmişəm, veriblər. Təbrik edirəm.

- Onun türk dünyasında da böyük hörməti var idi...

- Əlbəttə. Təsəvvür edin ki, Çingiz Aytmatov, Oljas Süleymenov Bəxtiyarı əsrin şairi, türk dünyasının böyük şairi adlandırırdı. Axı Bəxtiyar da təpədən dırnağa qədər türk idi.

- Sizin ona bu qədər köməkliyiniz dəyib, dəfələrlə onu dardan qurtarmısınız. Onun necə, sizə köməkliyi olubmu?

- Mən ki, Bəxtiyarla durub-otururdum, onun ətrafı geniş idi. O zaman yaxşı xatırlayıram, Sadıq Murtuzayev Şəki Rayon Partiya Komitəsinin birinci katibi idi. Bəxtiyara ev tikmək üçün yer verəndə, mənə də verdi. Mənim ətrafımı genişləndirən Bəxtiyar idi. Biz Bəxtiyarla məslək dostu idik, yemək yox.

- Necə dost idi?

- Dahi adamlar hər şeydə istedadlı olur. Məsələn, bizim heç bir zaman boş söhbətimiz olmayıb. Məni görən kimi dünyada nə var, nə yoxla maraqlanırdı. Moskvada hansı qəzet çıxırdısa və bizim tariximizi, mədəniyyətimizi təhqir edən yalançı pəhləvanların hamısına Bəxtiyarla birlikdə cavab yazırdıq. Böyük istedadlarda maqnit var, eyni əqidəni bölüşdükləri adamları özlərinə cəlb edirlər. Mən Bəxtiyarın şəxsiyyətindən daha çox əqidəsinin aşiqiyəm. İndi də bəzi məsələlərdə mövqelərimiz düz gəlmir. Hərəmiz bir cəbhədəyik. Amma bizi birləşdirən bu torpağa, bu vətənə, onun istiqlalına olan məhəbbətdir.

- İncidiyiniz zamanlar olub?

- Əqidəyə sadiq adamdan incimək olmaz. Həm də Bəxtiyar heç kimin sözünə baxmırdı məndən başqa.

- Onunla hardasa səfərdə olmusunuz?

- Ağdam və Şəkidə olmuşuq. Ölkə xaricində yox.

- Onun bir müsahibəsini oxumuşdum. Deyirdi ki, "Füyuzat" jurnalı yenidən dərc olunanda ağlayıb...

- Yox, qızım, ağlamayıb. Burda ağlamalı nə var ki? Amma Bəxtiyarın ağlamaq xasiyyəti var idi. Onu 4-5 dəfə ağlayan görmüşəm. Şairlər hiss, alimlər zəka adamıdır. Ağlamaq hisslə bağlıdır.

- Bəxtiyar müəllimin son günlərini necə xatırlayırsınız?

- Xəstəlik həyatla mübarizədir. Şairlərdə maraqlı aludəçilik olur. Məsələn, siqareti tərgitmədi. Deyirdi ki, şair gərək siqaret çəkə ki, şeir yazsın. Siqareti atmadı, ciyəri xərçəng oldu. Normal iş və istirahət rejiminə əməl etmirdi. Gecə saat 12-dən səhər saat 6-ya qədər işləyirdi. Gərək o yazanda, yanında heç kim olmayaydı. Həyat yoldaşı Dilarə xanım yeməkləri bişirib qoyurdu soyuducuya. Gecə həm işləyirdi, həm də yeyirdi.

- Onun ölüm xəbərini kimdən eşitdiniz?

- Son günlərində onlara həftədə üç dəfə gedirdim. Dururdu, gəzirdi, amma hiss olunurdu ki, bədəni çox zəifləyib, əsir. Təzyiqi çox yüksək idi. Sonuncu gün Dilarə xanım mənə zəng etdi ki, Şirməmməd müəllim, Bəxtiyar getdi, gəl.

Söhbətimiz elə burdaca yekunlaşır, Şirməmməd müəllim gətirdiyi kitabları, qəzet materiallarını mənə təqdim edir. Sonda Bəxtiyar Vahabzadənin onun barəsində dediyi sözləri oxuyuram:

- Şirməmmədi yaxından tanıyanlar çox yaxşı bilir ki, onu ömrü boyu tutduğu yoldan və tapındığı əqidədən qoparmaq, heç olmasa bir balaca laxlatmaq belə mümkün deyil.

Rüfanə GÜNƏŞ,
"Azərbaycan müəllimi"

14 Mart 2015 - №10Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30