manera.az
manera.az

Azərbaycanda yaşayan xalqlar - Layihə

26-08-2019, 15:12

Azərbaycanda yaşayan xalqlar - Layihə
Manera.az “Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq” layihəsində yəhudilər haqqında məlumatı təqdim edir:


Azərbaycanda yaşayan müxtəlif xalqlar arasında özünəməxsus maddi və mənəvi mədəniyyətini, dinini, dilini, etnik kimliyini qoruyub saxlayan yəhudilər də vardır. Ölkəmizdə yəhudilər üçqrupla təmsil olunmuşlar. Bunlar dağ yəhudiləri, aşkenazlar və gürcü yəhudiləridir. Həmçinin respublikamızda bu yəhudi dini icmaları fəaliyyət göstərir: Bakı şəhəri Dağ yəhudiləri dini icması, Avropa yəhudiləri Bakı dini icması, Gürcüstan yəhudiləri Bakı dini icması, Sumqayıt yəhudiləri dini icması, Quba rayonu Qırmızı qəsəbə Dağ yəhudiləri dini icması, Azərbaycan yəhudiləri dini icması, Gəncə şəhəri yəhudi dini icması, Oğuz şəhər yəhudi dini icmasıdır.

Azərbaycandakı yəhudilərin əsas hissəsini dağ yəhudiləri təşkil edir. Onlar özlərini "cuhur" adlandırırlar. Dağ yəhidiləri Hind-Avropa dil ailəsinin iran dilləri qrupuna aid olan tat-yəhudi, və yaxud "cuhuri" dilində danışırlar. Bu dil Azərbaycanda yaşayan tatların dili ilə eynilik təşkil edir. Dağ yəhudiləri arasında ikidillik (Azərbaycan-cuhur) geniş yayılıb.

Bir çox tədqiqatçıların fikrincə, dağ yəhudiləri Azərbaycan ərazisində Sasani hökmdarı Xosrov I Ənuşirəvan (531-579) dövründə məskunlaşmışlar. Dağ yəhudilərinin danışdıqları tat dili də həmin dövrdən miras qalıb.

Hazırda dağ yəhudiləri əsasən Bakıda Oğuzda və Qubanın Qırmızı qəsəbəsində yaşayırlar. Qırmızı Qəsəbə dağ yəhudilərinin yığcam yaşadıqları yeganə yaşayış yeridir.

Dağ yəhudilər icmasının Bakı şəhərində yeni sinaqoqu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə tikilib və 2011-ci ilin mart ayından fəaliyyətə başlayıb.
Azərbaycanda yaşayan xalqlar - Layihə
Dağ yəhudilərinin həyatının sosial təşkilinin xüsusiyyətlərindən biri «kaqal» adlanan icmadır. Bu icma müəyyən dərəcədə özünüidarə etmə formasıdır. Kaqalda icmanın həyatına dair bir çox həm dini, həm də dünyaviməsələlər müzakirə olunaraq öz həllini tapır. Müasir dövrdə kaqalın əksər funksiyaları itirilsə də, bu sosial təşkilatın ayrı-ayrı elementləri dağ yəhudilərinin kompakt yaşadıqları yerlərdə hələ də fəaliyyətdədir. Kaqalın qorunub saxlanılması dağ yəhudilərinin etnomədəni və sosial ənənələrinin nəsillər arasında ötürülməsinə şərait yaradır.

Dağ yəhudilərinin bir çox ənənəvi geyim elementlərinin, xörəklərinin adları Azərbaycan dili vasitəsilə izah olunur. Bu sözlər arasında təndir, kürsü, mağal, arxalıq, buqozaltı, xəngəl, dolma, düşbərə, gürzə və başqalarını qeyd etmək olar. Həmçinin Dağ yəhudilərinin ənənəvi geyimləri və bəzəkləri ümumi Qafqaz səciyyəsi daşıyır.

Azərbaycanda yaşayan dağ yəhudilərinin məişəti onların əcdadlarından miras qalmış adət-ənənələri ətraf xalqalarn adət-ənənələrindən bəhrələnib. Dağ yəhudilərinin ən vacib ənənələrindən biri qonaqpərvərlik hesab olunur. Ən qədim zamanlardan dağ yəhudiləri mehribanlıqla, səmimiyyətlə həm öz dindaşlarını, həm də başqa xalqların nümayəndələrini qəbul edərdilər. Qonağa hörmət müqəddəs vəzifə hesab olunurdu.

Qırmızı Qəsəbədə, ümumiyyətlə, dağ yəhudiləri arasında xalçaçılıq sənəti geniş yayılmışdır. Bu sənət hər bir dağ yəhudi ailəsi üçün səciyyəvidir. Təsadüfi deyil ki, ən yaxşı xalçalar ev şəraitində yundan toxunan xalçalar idi. Qırmızı Qəsəbə qadınlarının toxuduqları xalçalar bir çox ornamentlərinə, texniki üslubuna görə Quba xalçaçılıq məktəbinə məxsus Azərbaycan xalçalarına bənzəyir.

Dağ yəhudilərinin qeyri-maddi mədəni irsinin özünəməxsus elementlərindən biri də ənənəvi toy mərasimidir. Bu mərasim orijinal mədəni fenomen olaraq, əsrlər boyu dəyişməz qalır və əsasən bu gün də icra edilir. Ənənəvi toy mərasimi mütləq ravvinin iştirakını tələb edir. Toy şənliyi şənbə günündən əvvəl olmalıdır, çünki şənbə günü dindar yəhudilər heç bir işlə məşğul ola bilməzlər. Nigah mərasimi sinaqoqun həyətində xüsusi bəzəkli talvarın altında keçirilməlidir.

Dağ yəhudilərinin zəngin mənəvi mədəniyyəti var. Çoxsaylı bayramları xüsusi qeyd etmək lazımdır. Məsələn, Roş-Ha-Şana, həmçinin Yom-Kipur, Pesax, Sukkot, Şavuot və digər bayramlar onların arasında geniş qeyd olunur. Roş-Ha-Şana sentyabr ayında keçirilir və 2 gün davam edir. Roş-Ha-Şana bayramından 10 gün sonra Yom-Kipur bayramı başlayır. Pesax bayramı 8 gün davam edir. Bu bayramdan yeddi həftə sonra Şavuot bayramı başlayır

XIX əsrin sonları – XX əsrin əvvəllərindən Azərbaycanda aşkenazlar məskunlaşmağa başlayır. Onları Avropa yəhudiləri də adlandırırlar. Aşkenazlar yəhudilərin subetnik qrupu olaraq Mərkəzi Avropada formalaşıb. Aşkenaz termini orta əsrlərdə Almaniyanın semit dillərində Askenaz adlandırılması ilə əlaqəlidir. Məhz bu səbəbdən tarixən aşkenazların danışdığı dil qədim alman dili əsasında formalaşıb.

Avropa yəhudiləri, əsasən, Rusiya imperiyasının qərbi quberniyalarından Azərbaycana köçürdülər. Bu köçmənin səbəbi Bakıda hasil olan neft istehsalının şəhəri əsas sənayə mərkəzlərindən birinə çevriməsi idi. Onlar arasında mühəndislər, vəkillər, pedaqoqlar, jurnalistlər, həkimlər və digər peşələrin sahibləri vardı. Hazırda ölkəmizdə təxminən dörd min Avropa yəhudisi yaşayır.

Gürcüyəhudilərinə gəlincə, onların ölkəmizdə məskunlaşmaları XIX əsrin əvvəllərinə təsadüf edir. Bu yəhudi subetnik qrupun nümayəndələri özlərini "kartli ebraeli" adlandırırlar. Onlar əsasən Tbilisidən, Qoridən, Batumidən gələn sənətkarlar idi. Məlumatlara əsasən, onların İçərişəhərdə dükanları, ayaqqabı və dabbaq emalatxanaları var idi. Hazırda Bakıda təxminən 300-ə yaxın gürcü yəhudi yaşayır.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən Avropa və Gürcü yəhudilərinin dini icmalarının üzvləri eyni sinaqoqda toplaşaraq dini ayinlərini icra edirlər. Həmin sinaqoq Nəsimi rayonu, D.Əliyeva küçəsi, 171 ünvanında yerləşir.

Sonda onu da vurğulayaq ki, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri, o cümlədən yəhudilər bir ailənin üzvləri kimi sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşamış və bu gün də yaşayırlar./525.az/

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30