manera.az
manera.az

İlyas Tapdığın uşaq şeirləri - layihə | MANERA.AZ

25-06-2015, 12:04

İlyas Tapdığın uşaq şeirləri - layihə | MANERA.AZ
“Deməyin uşaq yazarı yoxdur!” layihəsi sizə Ilyas Tapdığı təqdim edir:

İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdir.

Hazırda Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışır (1989-cu ildən). "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur.

Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972), Macarıstanda(1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak etmişdir (1994).

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindəndir.Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə,gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi,həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır,orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı,hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli,qoçaq,sayıqdır. Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur.Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.

ÜZÜM

Düzüm- düzüm
Ağ üzüm,
Günəşin damlasısan,
Sən də ana torpağın
Qənd-şəkər balasısan!
Baxımsız qoymaq olmaz,
Üzümdən doymaq olmaz.

BALACA TURAL

Beşcə yaşı var
Hələ Turalın,
Amma nə qədər
Çətin sualın
Cavablarını
Bilir əzbərdən.
Qəribə sözlər
Uydurur hərdən.
Bala pişiyə
Bir kəlmə “miyoş”
Ad verib Tural.
Evə bir kirpi
“Tikanlı qonaq”
Gətirib Tural.
Deyir yaxşı bax,
Nənə bu kirpi
Yumru yumaqdır.
Turala bundan
Anası corab
Toxuyacaqdır...
Şəkillər yığır,
Öyrənir çoxlu
Heyvan adları;
Ən çox bəyənir
Köhlən atları;
Deyir: özümə
Bir at alacam!
Böyüyüb mən də
Çapar olacam!..

BADAM


Bahadur babam
Əkibdir badam.
Deyir bu ağac
Hər bağda bitməz.
Münbit olmayan
Torpaqda bitməz!
Bağa çağırar
Bənna atamı.
Qorxur ki, külək
Sındırar cavan,
Pöhrə badamı.
Yeldöyər səmtə
Çəkir daş hasar;
Qumla basdırar
Onu gilavar.

HAMI ŞEİR SÖYLƏYİR

Aysel kitab oxuyur,
Kitabdan doymur Aysel,
Kitabları əlindən
Heç yerə qoymur Aysel.


Aysel bilən şeirləri
Ana da əzbərləyir.
Aysel bir sözü çaşsa,
O sözü ana deyir.

Onun oyuncaqları
Şeirlərlə əylənir.
Aysel oxuyan şeiri
Evdə hamı öyrənir.

Hələ təkcə budurmu?
Həyətdəki uşaqlar,
Ayselgilə həmişə
Gələn əziz qonaqlar,

Aysel bilən şeirləri
Onlar da əzbər deyir.
Bir də görürsən hamı
Xorla şeir söyləyir.

Yazılıb doğma dildə,
Bu şeirlər şirindir.
Bəlkə bununçün belə
Aysel olub şirindil...

Tumarlayıb saçını,
Tərifləyib biz onu,
Soruşuruq Ayseldən
Gələcək arzusunu,

Fərəhlənir:
Böyüyüb
Müəllim olacam mən.
Sizə də öyrədirəm
Dərslərimi indidən!

Dəvələr
Nənənin evində gəbə var.
Gəbənin üstündə
dəvə var,
Dəvənin belində
təpə var,
Təpənin üstündə
nəvə var.
Dəvənin yunundan toxunur gəbələr,
Dəvənin üstündə dayanır təpələr,
Təpələr üstündə oynayır nəvələr.

Armud

Dağın yamacı...
Yamacda bitib
Armud ağacı.
Bıtraq kimidir
Ağacda armud,
Düşsə gillənər
Yamacda armud.
Ayı armudu
Görüb sevindi,
Mayallaq vurdu:
Armud mənimdi!
Armud mənimdi!!
Budaqlarını çəkib əyərəm,
Çıxıb başına,
Bir-bir yeyərəm!
Qarğa armudu
Görüb sevindi:
Qar-r-alıb budur,
Armud mənimdi!
Q-armud mənimdi!!
Xətrim istəsə Dimdikləyərəm,
Qonub budağa
Bir-bir yeyərəm.

Layihə rəhbəri: Əfsanə Laçın

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031