manera.az
manera.az

Televiziya mənə xoşbəxtliyi daddıran məkandır- Nüşabə Əliyeva TeleManda/ MANERA.AZ

13-03-2017, 19:44

Televiziya mənə xoşbəxtliyi daddıran məkandır- Nüşabə Əliyeva TeleManda/ MANERA.AZ


Manera.az yeni “TeleMan” layihəsini təqdim edir. Bu layihədə televiziyada vəzifəsi olan, televiziya işinin içindəki insanlarla televiziya və maraqlı olan bir çox məsələlər barədə danışırıq. Həmsöhbətimiz teleaparıcı Nüşabə Əliyevadır.

Televiziya mənə xoşbəxtliyi daddıran məkandır- Nüşabə Əliyeva TeleManda/ MANERA.AZ


"O qədər bu işin içindəyik ki, adi bir məntiqi vurğu səhvi də məni özümdən çıxara bilir".

- Televiziya sənin üçün nəyi ifadə edir?

- Sözə Konfutsinin məşhur bir deyimi ilə başlamaq istəyirəm. Deyir, "əgər sevdiyiniz işlə məşğul olsanız, ömür boyu işləmiş sayılmazsınız".
Televiziya mənim sevdiyim işimdi. Televiziya mənə xəyalların gerçəkləşməsinin insana yaşatdığı xoşbəxtliyi daddıran məkandır. Özünü rahatlıqla ifadə edən insanam, bu xüsusiyyət televiziya ilə birləşdikdən sonra Nüşabəni yenidən kəşf etdim. Bəlkə də, şablon ifadə olacaq, bəli, hər kəs belə deyir: "İş yerim ikinci evimdir", bu deyim tam da mənə aiddir desəm, yanılmaram. Gününün çox hissəsini işdə keçirən və işini zövqlə yerinə yetirən insanlara yad olmaz məncə bu fikir.

- Televiziyaya maraq uşaqlıqda formalaşmışdı?

- Bu suala "bəli" cavabını versəm, böyük yalan olar. Uşaqlıqdan arzum iqtisadçi olmaq, bank sektorunda vəzifədə çalışmaq idi. Həmişə arzulayırdım ki, hamının hörmət bəslədiyi, sevdiyi bir iş xanımı olum. Ümumiyyətlə, xaraktercə ciddi işləri, insanlara nələrisə anlatmağı sevən biriyəm. Bəlkə də, ona görə televiziya, daha dəqiq desəm xəbər aparıcılığı məni özünə maqnit kimi çəkdi. Öz istəyimlə Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olundum. 3-cü kursdan artıq maraqlar dəyişdi, təsadüfən sosial şəbəkədə gördüyüm jurnalistika kursu reklamı içimdəki yatan arzuya həyat verdi. Düzdür, kurslarda iştirak etdim, ardını gətirmədim. Özəl bir şirkətlə yolum kəsişdi, çalışmağa başladım. Amma bu nəticə deyildi. "Hər şeyin doğru bir zamanı var" deyimi öz təsdiqini mənim həyatımda 2014-cü ildə tapdı.

- Xəbər aparıcısı obrazı istədiyin obrazdır?

- Bilirsiz ki, maraqlar insan yaşa dolduqca dəyişir. İndi bəli, xəbər aparıcısı obrazı istədiyim obrazdır. Amma bu o demək deyil ki, hə, müəyyən qədər istəyimə nail oldum, yerimdə saymalıyam. Xeyr, təbii ki, ardı gələcək. İş sahəsində özünə güvənən, nə istədiyini bilən və həmçinin istədiklərini əldə edən biriyəm.

- Səncə, gənc yaşda televiziyada uğur qazanmağın xüsusi yolları varmı?

- Tək televiziya ilə kifayətlənməyəcəm, bu suala bir az geniş məcrada cavab verəcəm. Düşünürəm ki, istənilən bir işdə uğur qazanmağın ən böyük yolu çox istəmək və özünə güvənməkdir. Əsasən də, hər hansı bir işdə ilk addımları atanda gərək özünə tam inanasan, şübhə və "bəlkə"lər insanı uçuruma aparır, hər yerdə. Ən gözəl motivasiya: "Niyə görə də bacarmayım axı" ? Televiziyaya gəldikdə isə, əgər söhbət sırf mənim sahəm - aparıcılıqdan gedirsə, təbii ki, müəyyən kriteriyalar var. Düzdür, mən bu sahədə çox gəncəm hələ, amma bir şeyi qeyd edim, bu hamıya bəllidir ki, televiziya aparıcısnın - tamaşaçı ilə ünsiyyətdə olan birinin nitqində qüsur olmamalıdır, fikrini rahat-səlis ifadə etməyi bacarmalıdır. Ardı isə düşünürəm ki, təcrübə ilə gəlir.

- Televiziyada çalışmaq sənə nə qazandırdı?

- Sevdiyin işi görmənin xoşbəxtliyini. Bu suala cavabım elə bu bir cümlədir.

- Region televiziyasında işə başlamısan. İlk dəfə efirə çıxmağın necə baş verdi?

- Bəli, bu sahədə ilk addımlarımı Region TV ilə (indiki ARB TV) atmışam. Gözəl insanlardan ibarət bir kollektivdə başladım bu yola. İlk efirim isə, ARB-nin Tovuzda yerləşən xəbər mərkəzi - ARB24 kanalında oldu. Bölgəyə ezamiyyətə yollananda əslində belə bir fikrim yox idi, 2 həftəlik təlim adıyla getmişdim, iş təklifi gəldiyi üçün qalmağa qərar verdim və efir barədə fikirlərimi bildirdim. Çünki özümə çox güvənirdim, bilirdim ki, bacaracam. Əvvəlcə bir müddət kanalda müxbir kimi çalışdım, sonra isə efir məşqlərimiz başladı. 2016-cı ilin 1 fevralında isə ilk efirim oldu, idman xəbərlərinin aparıcısı olaraq çıxdım tamaşaçıların hüzuruna. Və, macəra başladı.

- Özünü daha başqa hansı sahələrdə sınamaq istərdin?

- Əslində təbiətcə deyib-gülən, pozitiv insan olsam da, nədənsə iş seçimim hər zaman ciddi bir şeylər olub. Məsələn, mən televiziyada şou-proqram aparmaram. Düzdür, adam gərək başından böyük danışmasın, amma bu məsələdə konkret fikirdəyəm. Gələcək bizə nə göstərər deyə bilmərəm, bir neçə il sonra bəlkə diplomumun verdiyi üstünlüklərdən istifadə edərəm.

- Kitab oxuyursanmı? Daha çox hansı kitabları mütaliə edirsən?

- Çox təəssüf olsun, son 1 ildir ki, sırf mütaliə məqsədilə kitab oxumamışam. Oxuduqlarım konkret informasiyaya hesablanmış nəşrlər olub. Amma 1 il öncəsinə qədər, müxtəlif janrda olan kitablar oxuyurdum. Ən sevdiyim və demək olar ki, bir çox kitabını oxuduğum yazıçı isə Elif Şafakdır. Tövsiyə edə biləcəyim kitabları, "Siyah Süt", "İskender", "Aşk" və "Kağıt Helva"dır. Bunlardan ən bəyəndiyimsə, nəşr olunduqdan qısa zaman sonra səs-küyə səbəb olan "Aşk" olub.

- Musiqi dinləyərkən nələrə önəm verirsən?

- Mənə yaşatdığı hislərə. Musiqi mənim üçün elə bir şeydir ki, izah edə bilmirəm onu. Əslində gün ərzində mənim qədər musiqi dinləyən bəlkə də olmaz. Həyatım onunla bağlıdı, evdə, yolda, işdə. Bir işi görəndə belə, hətta çəkilişdən gəldikdən sonra onu yazanda da sevdiyim musiqiyə ehtiyac duyuram. Musiqi fikirlərimi toplamağda ən böyük köməkçimdi.

- Azad qadın səncə nəyi ehtiva edir?

- Azad qadın deməzdim, azadlığı qadınına kişisinə bölməyin tərəfdarı deyiləm. Mənimçün azad o insandır ki, istəmədiyi nələrisə etməyə məcbur deyil. Bu əsl Azadlıqdır! Gerisi isə şəxsi seçimlərdir.

- Həmkarlarında nələrə diqqət edirsən? Görünüşə ya intellektə?

- Hər ikisinə də. Amma əsasən, intellektinə baxıram. O qədər bu işin içindəyik ki, adi bir məntiqi vurğu səhvi də məni özümdən çıxara bilir. Bəzən otururam, xəbərləri izləyirəm, baxırsan ki, illərin aparıcısıdır, düzdür bəlkə də, mühakimə etmək mənə düşməz, amma 20 dəqiqəlik efirdə 20 dəfə səhv edir. Söhbət çaşmaqdan getmir, məni ən yaxşı elə xəbərin içində olanlar anlayacaq. Bəlkə də, sıravi tamaşaçı bunu hiss etmir, amma bir cümlədə neçə vurğu səhvi, neçə məntiqi vurğu səhvi olar?! Bu tip şeylərə həddən artıq həssas yanaşanam. Hətta anam mənlə xəbərlərə baxmır, bilir ki, "bu belə oldu, bu səhvdi, bunu düz oxumur" tipli sözlərlə bezdirəcəm . (Gülür) Mən məsələn hər efirdən sonra özümü mütləq izləyirəm. Bəzən düşünürlər ki, özünü nə qədər sevir bu insan. Lakin bu belə deyil. Bunu sırf səhvlərimi görüb təkrarlamayım deyə edirəm. Niyə axı səhvimi kimsə mənə desin sonra düzəldim? Düzdür, bunda ayıb bir şey yoxdur, insanıq, səhv də edə bilərik. Amma olmazmı ki, elə onu birinci özüm görüm?!

- Özün televiziyada nələri izləyirsən?

- Əsasən xəbərləri, daha sonra tolk-şouları, bir də ara sıra xanımların vaz keçilməzləri olan serialları.(Gülür)

Tural İsmayılov
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30