Caviddən sonra Müşfiq... Murad Köhnəqala yazır

Tarix:19-07-2019, 20:02 Baxış Sayı:159

Caviddən sonra Müşfiq... Murad Köhnəqala yazır
NKVD qulluqçuları 1937-ci il, iyun ayının 4-də gecəyarı görkəmli dramaturq Hüseyn Cavidin evinə soxularaq, onu həbs edirlər. Qarşıdakı dustaq həyatı üçün özünə bəzi şeyləri götürən dramaturq yan otaqda yatan övladlarının üzünə son dəfə baxmaq naminə gecə cəlladlarından icazə alır. Beləcə, qollarına repressiyanın qəfil qandalı vurulan Cavid iki il sərasər Bakı türmələrində cəza çəkdikdən sonra, 1939-cu ildə Sibirə sürgün edilir.
Bu iki il müddətində Cavidin ailəsi hər an Moskvadan bəraət gözləyir, özlərini dramaturqun səhvən həbs olunmasına inandırmağa çalışırdılar. Səhər oyananda atasının yoxa çıxdığını görən 14 yaşlı Turan Cavid düz 45 ildən sonra Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə İrkutsk vilayətindən ölməz dramaturqun nəşi gətirilərkən hava limanında bu kədərli qayıdışı qarşılamışdı.

Sonralar həmin illərin xatirəsini qələmə alan Cavidin həyat yoldaşı Mişginaz xanım Müşfiqi xatırlayarkən təxminən belə yazır: “Cavid həbs edildikdən sonra onun ətrafında dolanan adamların hamısı qorxuya düşmüşdü. Dostlarının heç biri uzun müddət bizim evə gəlmədi. Bu aralarda Müşfiqin də həbs edilməsi haqda tez-tez şaiyələr dolaşırdı. 1937-ci ilin soyuq payız ayı idi, Kommunist küçəsi ilə üzü aşağı düşüb mağazadan çörək almağa gedirdim. Müşfiqi Parapet bağının girəcəyindəki pinəçi budkasının ağzında təsadüfən gördüm. Şair ayaqqabısının bir tayını pinəçiyə yamatdırmağa verdiyinə görə, yalın ayağını o biri ayağının üstünə qoyub, Hadidən astaca şeir söyləyirdi. Onu beləcə azadlıqda sağ-salamat gördüyümə çox sevindim. Yaxınlaşıb hal-əhval tutdum. Cavidin gecəynən həbs olunmasından, Dilbər xanımın təlaşlarından danışdıq. Ayrılanda dalğın halda dedi, nə bilim, elə mən də hər gecə qapımın döyülməsini gözləyirəm”.

Müşfiqi bir ildən sonra, 1938-ci ildə apardılar. Bakıda at oynadan erməni komissarları bircə siyahı ilə onlarla seçmə Azərbaycan aydınını türmələrə salır, sürgünə yollaya bilirdilər. Ermənilərin Mərkəzi Komitədə oturan rusun qulağına pıçıldadığı adın sahibi dərhal güllələnə bilirdi...

* **
Biz orta məktəbdə oxuyanda, bir qayda olaraq, ədəbiyyat kitablarımızda əsərini keçdiyimiz müəlliflərin həyatı haqda da geniş məlumat yazılırdı. Dərsliklərdə Mikayıl Müşfiqin də şeirlərini keçir, sevə-sevə əzbərləyirdik. Ancaq şairin niyə belə gənckən həyatdan getdiyi haqda heç bir məlumat yazılmırdı. “Şair Mikayıl Müşfiq 30 yaşında vəfat etmişdir”, vəssalam!..

* * *
1975-ci il idi, doqquzuncu sinifdə oxuyurdum. Bir gün ədəbiyyat dərsini bizə, məktəbimizə praktika ezamiyyəti almış Azərbaycan Pedoqoji Universitetinin (o vaxtkı APİ-nin) sonuncu kurs tələbəsi, kəndçimiz Mehman müəllim keçəsi oldu. Bütün dərs boyu Mikayıl Müşfiqin həyat yolundan, repressiyanın nə demək olduğundan, iyirmi dəqiqəyə güllələnmə kəsilən məhkəməsindən, həyat yoldaşı Dilbər xanımın iztirablarından danışdı. Gənc müəllimimiz danışdıqca kövrəlir, cib dəsmalı ilə gözünü silirdi. Biz kitabların yalan yazdığına heyrətlənərək, müəllimə qoşulub, kövrəlirdik. Hər birimiz çaşqınlıq içərisində şok hisslər yaşadıq. Dərsin sonunda Mehman müəllim Dilbər xanımın “Müşfiqli günlərim” adlı xatirə kitabını bizə verib növbə ilə oxumamızı tövsiyə elədi.

* * *

Müşfiqlə Dilbər Axundzadə 1931-ci ildə evlənməyə qərar verirlər. Onlar 1931-ci ildən 1937-ci ilədək hər gecə yüngül bir səsə, naməlum taqqıltıya diksinib oyanaraq, qorxu içərisində yaşayırlar. Müşfiq qanlı repressiyadan yayınmaq üçün sosializm quruluşunu vəsf edən şeirlər yazır, rus şairlərindən tərcümələrini çap elətdirir. Ancaq ermənilər gözünü bu gözəl şairimizdən yığmır, qanını içməyincə ondan əl çəkmirlər. Nəhayət, 20 dəqiqəlik məhkəmə ona güllələnmə kəsir.

Deyilənə görə, Müşfiqi güllələnmir, şairə güllələnmədən də ağır cəza verirlər. Onu gəmi ilə Nargin adalarına atıb, geri qayıdırlar. Şairin heç yerdə qəbrinin olmaması da bu versiyanı möhkəmləndirir.

Böyük Zirə adası kimi tanınan bu cəhənnən adasının adını I Pyotr Fin körfəzindəki Nayssar adasına bənzədərək, Nargin adlandırır. 1915-ci ildə ada əsir düşərgəsi elan edilir. Çar Rusiyasından tutmuş, II Dünya müharibəsinə qədər Nargin adası rusların əlində cəza məkanı, əsir düşərgəsi, ölüm adası olmuşdu. Qafqaz müharibələrində ruslar tərəfindən əsir götürülmüş on minlərlə türk əsgəri bu adada saxlanılaraq, acından və susuzluqdan ölmüşdü. Qayalıqlardan və daim göyə sovrulan qumluqdan ibarət olan adanın bu gün hər tərəfində insan sümükləri ağarmaqdadır. Burada ağac bitməz, günəş şüası adamın beynini deşər.

Şairimizin sevdiyi xanımla xoşbəxt yaşamasını, yaraşıqlı olmasını, romantik təbini ermənilər həzm edə, bağışlaya bilməmişdi. Kabuslar onun gözəl adını rusların qulağına pıçıldamış, yenicə çağlayan şairin həyatını cəhənnəmə döndərmişlər…


Murad Köhnəqala //Azvision.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ