manera.az
manera.az

"Hamı mənə “dəli” deyirdi" - Vaqif Bayatlı

7-02-2018, 14:12

"Hamı mənə “dəli” deyirdi" - Vaqif Bayatlı

Manera.az tanınmış şair Vaqif Bayatlını "İsmin halları" layihəsində təqdim edir:

ADLIQ

Mən, əslində, əbədi gəncəm.

Mən bu yaşda da yaşlanmamışam, özümü heç vaxt yaşlı hiss etməmişəm.

Mən özümü həmişə dünyanın ən gənc qocası, ən uşaq insanı, ən uşaq qocası, ən uşaq gənci hesab eləmişəm.

Mən o qədər dava salmışam ki...

Mən ədəbiyyat nəzəriyyəsini, tarixini yaxşı bilmirəm.

Mən iki povest yazmışam, sonra cırıb tullamışam.

Mən həmişə sevirəm.

Mən özümü bütün insanlar xoşbəxt olanda tam xoşbəxt hiss edəcəm.

Mən üç-dörd dəfə universiteti atmışam.

Mən ev alanda 38 yaşım vardı.

Mən yay gələndə Bayılda, “8-ci kilometr” tərəfdə, şəhərdən kənarda bir çala-zad tapıb, uzanıb yatırdım.

Mən ilk dəfə radiodan 200 manatdan çox qonarar almışdım; o pulu götürəndə özümü təhqir olunmuş saydım. Elə bilirdim, istedadımı satıb almışam bu pulları.

Mən yazdıqlarımı İlahiylə bir yerdə yazıram.

Mən, təxminən, o insana bənzəyirəm ki, elə bil avtomat güllələrindən deşik-deşik olub.

Mən hamını gözəl görmək istəyirəm, həmişə də elə görürəm.

Mən həm rəssamam, həm əxlaqçıyam, həm şairəm, həm filosofam. Mən bütün sənətlərin sərhədlərini silməklə məşğulam.

YİYƏLİK

Mənim ruhi gəncliyimin bütün istiqamətləri yönəlmişdi Azərbaycanın istiqlalı uğrunda mübarizəyə - onun ruhunun azad olmağına.

İçki dünyanın ən gözəl nemətlərindən biridi; gərək onu mənim kimi hörmətdən salıb, yerə atmayasan.

Mənim ilk şeirim 30 yaşımda çap olunub. Mənim ilk kitabım çap olunanda 30-u çoxdan adlamışdım.

Özbəkistanda bir jurnal dünya ədəbiyyatından seçmələr vermişdi, orda Şekspiri, Füzulini, Rilkeni, bir də mənim şeirlərimi vermişdilər...

Mənim bineyi-qədimdən ən çox oxuyub, bəyəndiyim iki yazar var: Dostoyevski və Füzuli.

Həm xoşbəxtlikdən, həm də bədbəxtlikdən mənim ədəbi təhsilim yoxdu.

Mənim dünya missiyam ancaq insanları bir-birinə sevdirməkdir.

Mənim kitabımın adı “Yupyumru bir eşq ilə”di. Elə bir şey yoxdu mənim gözümə yumru görünməsin.

Mənim şeirlərim dünyadakı bütün şairlərin şeirlərindən fərqlənir.

Həmişə deyirəm, şeirimizi bir orduya çevirsək, dünyanın ən güclü ordularından biri olar; mənim bu fikirlərim İngiltərədə də, Amerikada da, hətta Rusiyada da çap olunub.

YÖNLÜK

Hamı mənə “dəli” deyirdi.

Amma anam inanırdı mənə.

Yusif Səmədoğlu mənə deyirdi ki, bunlar gözəl şeirlərdi, amma çap olunandan sonra ləzzəti itəcək, indiki ləzzəti verə bilməyəcək, ona görə onları tez-tez oxuyuram.

O vaxtlar “poetik insan tipi” nədi, mənə aydın deyildi. Sonralar bu məndə qanadlı insan tipinə çevrildi.

Yerə uzanıb gülə-gülə, sevgiylə ulduzlara baxırdım; fikirləşirdim ki, yəqin, kimsə də orda uzanıb mənə baxır.

TƏSİRLİK

Hərdən dünyada da sevginin azaldığını hiss edirəm, bu da məni çox ağrıdır. Təsəvvürünə gətir ki, məni heç yerdə çap eləmirdilər, heç yerdə yaxına buraxmırdılar.

Məni hər kəs türkçü kimi tanıyırdı, həm də istiqlalçı kimi.

Kitab çıxandan sonra məni tez-tez çap etməyə başladılar.

Baxmayaraq ki, atam müdrik adam idi, ama bir-iki dəfə məni psixiatra aparıb göstərmişdi.

Dəfələrlə məni həbs etmək istəyiblər, amma KQB-də da millətçi, vicdanlı adamlar vardı, xilas edən tapılırdı. Azərbaycanda bütün polislər artıq tanıyırdı məni.

Məni ancaq uşaqların, o uşaq gəncin, o uşaq qocanın maraqlandırdığı nə varsa, maraqlandırıb.

Hərdən məni pisləri də pis kimi görməməyimə görə tənqid edirlər.

Məni də İlahi bir sistem yaradır.

YERLİK

Qocaldıqca məndə qeyri-adi şeylər artır; uçmaq, sevmək, bütün insanları bir-birinə sevdirmək ehtirası, dünyanı düzəltmək...

İndi bu, məndə bir az rahatlaşıb, yəni Şimali Azərbaycan tam da olmasa, azaddır.

Məndə həmişə İlahi sevgi olub.

Məndə sənətdi, əxlaqdı, fəlsəfədi, dünya haqqında düşüncələrdi – bunların sərhədi yoxdu.

ÇIXIŞLIQ

Şeirdən zəhləm gedirdi; hətta məndən soruşurdular adın Vaqifdi, bəs niyə şeir yazmırsan...

Məndən gileylənib atama da başa salırdılar ki, dəlidi, bunu dəlixanaya qoymaq lazımdı.

Məndən pul qazanan çıxmayıb; pul qazanmağa həmişə pis baxmışam.

Düşünürəm ki, hardasa məndən də gözəl duyanlar var, amma yazılı şəkildə mən oxumamışam ki, kimsə məndən yaxşı duysun.

Yağış yağanda mən də yağıram, ildırım çaxanda mən də çaxıram, ətrafımdakı insanlar dilxor olanda mən də dilxor oluram; yəni hər şey məndən gəlib keçir.

Tənhalıq:

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı
görəmməyən varmı, hanı?!
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?

Min illərçün də Allahdan
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də, həm də
kölə istədim niyə?!

Layihə rəhbəri: Əsəd Qaraqaplan
kult.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30