manera.az
manera.az

Realist nəsrdən imtina edək? - KƏNAN HACI yazır... | MANERA.AZ

Realist nəsrdən imtina edək? - KƏNAN HACI yazır... | MANERA.AZ

Son dövrlər ədəbiyyatımızda ilkin mətnlərə qayıdış, yaradıcı ekskursiya cəhdi müşahidə olunur, dini və mifoloji süjetlər əsasında yeni və maraqlı proza nümunələri yaranır. Əlbəttə, analoji süjetlərin yeni dövrə uğurlu tətbiqi üçün yazıçı peşəkar və texnar olmalıdır. Bu, o qədər də asan məsələ deyil. Mahiyyət və ideyadan məhrum mətnlərin mifoloji təfəkkürdən qaynaqlanmasına baxmayaraq mifologiya o mətnləri müdafiə edə bilmir. Çünki ideya ədəbi mətnin onurğa sütunudur.

Yazıçı kimi imzasını artıq çoxdan təsdiq etmiş Mirmehdi Ağaoğlunun bu üslubda yazdığı son hekayələri ədəbiyyatımızın uğuru hesab edirəm. Bu haqda bir dəfə yazmışam, ona görə geniş təfərrüata varmıram. Məni başqa bir məqam narahat edir. Nədənsə realist nəsr ənənəsi üzərində yazılan ədəbi mətnlərə bir növ, yalın əsərlər hesab edilərək qeyri-ciddi ədəbiyyat yarlığı vurulur. Sözsüz, ədəbi inkişaf qanunauyğunluqlarına əsasən, yeni nəsil köhnə təhkiyə tərzindən imtina edir, ədəbiyyata yeni düşüncə tərzi gətirməyə cəhd edir. Bu proses ədəbi inkişafın növbəti mərhələsi olaraq labüd və qaçılmazdır. Amma realist nəsrdən birmənalı şəkildə imtina etmək də gülünc görünür. Onda gərək iki nəhəng yazıçıdan da imtina edək? Mirzə Cəlil və Əbdürrəhim bəy Haqverdiyevdən! Onlardan sonrakı ədəbi epoxaya nəzər salaq. Bizim realist nəsrimizin Sabir Əhmədli, İsi Məlikzadə kimi parlaq nümayəndələri olub. Mən hələ ondan əvvəlki və ondan sonrakı dövrdə yazıb-yaratmış yazıçıların adlarını sadalamıram. Realist ədəbiyyata xor baxmağı kökündən yanlış hesab edirəm.

***

Bu günlərdə Səxavət Talıblının “Adəmin övladları” romanını oxudum. Sən demə, Səxavət bəy şairliyindən və memarlığından əlavə həm də yaxşı yazıçı imiş. Bu, onun ilk nəsr əsəri deyil, əvvəl də bir romanı çıxıb. Bəzən elə mətnlər oxuyuruq ki, orda həyat materialı çox kasaddır və ya yazıçı səriştəsizliyi ucbatından bu həyat materialı yararsız hala salınır, ədəbi mətnə çevrilə bilmir. “Adəmin övladları”nın müəllifi zəngin həyat materialına malikdir və xoşbəxtlikdən o, bu həyat materialını əsərin əsas ideyasına çevirməyi bacarıb. Əsərin coğrafiyası çox genişdir, hadisələr Rusiyada, Qarabağda və Əfqanıstanda cərəyan edir. Romanda həm Əfqanıstan müharibəsi, həm də Qarabağ savaşı öz əksini tapıb. Sovet qoşunlarının Əfqanıstana girməsi bizim ədəbiyyatımızda işlənməmiş bir mövzudur. Bu haqda ən gözəl əsəri mərhum Zakir Sadatlı yazdı. “Əfqanıstan uçurumu”.

Səxavət Talıblının qəhrəmanı Səməd Əfqanıstan döyüşlərində bir neçə dəfə yaralanır və tale elə gətirir ki, Qarabağ müharibəsində də döyüşməli olur, burada Əfqanıstandan gəlmiş əfqanlarla rastlaşır. İnanılmaz hadisələr baş verir. Əsərdəki hadisələr, konfliktlər və surətlər ustalıqla ümumiləşdirilib. Adəm obrazı əsərdə simvolik məna daşıyır. O, həm Səmədin babasıdır, həm də bəşərin nəslinin ilk törəyicisidir.Biz hamımız Adəmin övladlarıyıq, belə olan halda yer üzündə bu qədər müharibələr nə üçündür? Yazıçı əsərdə bu suala cavab tapmağa çalışır. İlk baxışda təsvir edilən müharibə səhnələri inanılmazdır, amma yazıçı bu səhnələri o qədər dəqiqliklə təsvir edir ki, oxucu könüllü olaraq aldanır. Səməd dəfələrlə ölümün bir addımlığından geri dönür. Əfqanıstanda talibançıların əlinə keçir və onu sağ buraxırlar. İnanılası deyil, eləmi? Amma əsəri oxuyanda görəcəksiniz ki, bu, həqiqətdir.

Əsərin namazla başlayıb namazla bitməsi də maraqlı ədəbi priyomdur. Əsər əslində iki rükətdən ibarətdir, sona yaxın kilsə zəngləri də səslənir. Səmədi Volqoqraddan vətənə kilsə zəngləri ötürür. Bu detal da rəmzi xarakter daşıyır. Səxavət Talıblının romanı ideya və məzmun baxımından realist nəsrin ən yaxşı nümunələrindən biridir.

Kənan Hacı
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930