Çağdaş Belarus poeziyası - Kamran Nəzirlinin tərcüməsində

Tarix:30-07-2019, 09:33 Baxış Sayı:120

Çağdaş Belarus poeziyası - Kamran Nəzirlinin tərcüməsində
Manera.az Kamran Nəzirlinin tərcüməsində Belarusun iki tanınmış şairini - Lyudmila Kebiç və Dmitriy Rodionçikin şeirlərini oxuculara təqdim edir:

Lyudmila Kebiç

Kebiç (Voytuleviç) Lyudmila Antonovna Qrodnoda yaşayır, müəllim ailəsində doğulub. Belarus Yazıçılar İttifaqının Qrodno vilayəti üzrə sədridir. O, həm də Rusiya-Belarus İttifaq Dövləti Yazıçılar Birliyinin üzvüdür. Yanka Kupala adına Qrodno Dövlət Universitetinin filologiya fakültəsini bitirib. "Françisko Skorina" medalına layiq görülüb. Onun şeirləri rus, Ukrayna və polyak dillərinə tərcümə edilib, müxtəlif almanax və kitablarda nəşr olunub. Sözlərinə bəstələnmiş çoxlu mahnı var, beynəlxalq festival və müsabiqələrdə dəfələrlə mükafatlar alıb. "Ağ çayın sahilində", "Göyün açarı", "Tənhalıq üçün Cənnət", "Yasəmən rəngli ev", "Taleyin üstünlükləri", "Qrodno-krallar şəhəri", "Alesya barmaqlarını necə sayır", "Valyuşka üçün oyuncaqlar" və s. şeir və nəsr kitablarının müəllifidir. Lyudmila Kebiç həm də tərcüməçidir, polyak yazıçısı Aleksandr Navroçkinin "Mələyin kölgəsi" povest və hekayələr kitabını polyak dilindən Belarus dilinə tərcümə edib.


Çağdaş Belarus poeziyası - Kamran Nəzirlinin tərcüməsindəSöz

Dünyanı basıb boz sözlər,
meydan sulayır onlar!
Hardasız, harda, şairlər?
Hanı Liranız, hanı nəğməniz?
Qırmızı-qırmızı,
Ya da elə
qızıl kimi sözünüzlə
Qara qorxuların ağzını yumun!

Qara, boz sözlər -
çirkabdan, günahdan
törəyib-tökülüblər,
azıb-azdırıblar...
Hardasız, ay peyğəmbərlər?
Sizə noolub, müqəddəs pirlər?
Yaz nəfəsli sözləriniz
qoy zəhmli haray kimi
Qəlbi parçalasın
qumbara qəlpələri kimi.
Əbədi mürgüdən oyansın ürəklər,
ruhlar.
Qoy sısqa sinələrin altında
gizlənməsinlər,
Vurun onları, insanlar,
eşidirsinizmi, insanlar?
Köməyə çağırın isti sözləri,
Şəfa şərbətindən bir damcı tökün,
İçirdin qullara, yoxsul kəslərə,
isti sözlərlə sağala bilsinlər!
İsti sözlər, qızıl sözlər!
Yenə nəğməli həyat güləcək
ömrümüzə sözlə,
O gün uzaq deyil,
inanıram mən, gözlə!
Yenə dünya oyanacaq
Müqəddəs sözlə sağalacaq!

Kəndə qaçıram

Şəhərdə görünmür, görünmür Vətən!
Qaçıram kəndə ki, ilham alım mən.
Yaşıl çəmənlərə qonan şeh kimi
Bağrıma basıram səmimiyyəti.

Şəhərdə yazdığım şeirlərim var,
Güldana qoyulan buket kimidi -
sakitcə solurlar. Kənddə misralar
su kimi təmizdi, safdı, mavidi.

Necə də genişdi, sonsuzdu səma!
İdrak da, ürək də yetməyir ona!
Nəhəng meşələr də belini büküb
Uzanıb çöllərdə günəş altında.

Əlvan biçənəklər həyat yaşayır,
Ətirdi, işıqdı, büsatdı, toydu.
Hündür "ulduzlar"ın üstünə qonan
Nadinc böcəklər də səsli-küylüdü.

Meşədə gəzməyi sevirəm mən də,
Göbələk axtarır, ya da yarğanda
oturub baxıram gözəlliklərə.
Əlvan yarpaqların dənizində də
Boğulur gözlərim. Ayaqlarımı
İpisti qumlar da hey sığallayır.

Kəndin saf havası! Həzz alıram mən!
Burda qanadlanıb uçuram quştək!
Şəhərdə görünmür, görünmür Vətən,
Ora yorulmaqçün gedəsən gərək!

Mənim virtual sevimlim

Mənim virtual sevimlim,
Hələ sən
mənimçün heç kimsən.
Necə oldusa,
bir gün sən
mənə payızın söz buketini göndərdin -
çay sularıyla.

Lakin o sözlər
boğulmadı çayda,
itmədi suda.
O sözlər
kədərimi qaytardılar mənə
Gecə yırtıb göy üzünün pərdəsini.

Bəlkə də qüdrətli Allah
bizə öz portalında
bir şans verdi.
Bəlkə elə sənin sözünlə
Mənim qorxulu işimi
o biri dünyaya aparmaqdan çəkindirdi?
Sevgiyə, həyata,
Uğura, səadətə
zəmanətli bilet yoxdu,
Mən sənin qızıl buketli sözlərini
Dünyəvi ehtiraslara dəyişmərəm.
Və mənim içimdə
Gecə duaları
yeni bir güclə səslənəndə,
ucub gələcəm yanına -
bizim ulduzlara,
mənim hələ ki virtual sevimlim!

Yollardan biri

Bütün yollarımdan mütləq birisi,
Çəkib məni evimizə aparır.
Mənim atam oturmağı sevərdi
qapımızda. Soyuq kandar darıxır.

Bütün yollarımdan mütləq birisi
Çəkib hər gün öz evimə aparır.
Əlvan donlu anamın da gözləri
Yol çəkərdi moruqluğun yanında.

Həyat yollarımdan mütləq birisi
Çəkib dartır ocağıma, yurduma.
O evdə səbəbsiz, sorğu-sualsız
Nəğmə oxuyardım qardaşlarıma.

Bütün yollarımdan mütləq birisi
Məni öz evimə dartıb aparır.
Ölüm-itim bilməz idik orada
Qəlbən varlı idik, bəxtəvər idik
Şəkillərin, şeirlərin arasında.

Çörəyimiz kökəmizdən dadlıydı,
Hər günümüz bayram idi, ay aman!
Buna görə yollarımdan birisi
Evimizə çəkir məni hər zaman.


Dmitriy RodionÇik

Dmitriy Nikolayeviç Radionçik Qrodnoda doğulub, Yanka Kupala adına Qrodno Dövlət Universitetini bitirib, ixtisasca filoloq-ədəbiyyatşünasdır. "Texnikanın zəfəri", "Odsuz tüstü", "Sahilsiz çay" şeirlər kitablarının müəllifidir. Dmitriy Belarus Yazıçılar İttifaqının üzvüdür. Onun şeirləri və məqalələri "Neman", "Belaya veja" və s. ədəbi jurnallarda, habelə Varşavada çıxan "Bügünkü poeziya" ədəbi jurnalında çap olunur. Əsərləri polyak və rus dillərində beynəlxalq antologiyalarda yer alıb.


Çağdaş Belarus poeziyası - Kamran Nəzirlinin tərcüməsindəDözüm

Mən öz yoxluğuma səcdə edirəm!
Boz kütlə içində öz yoxluğuma,
Səcdələr edirəm, hayıl-mayılam!
Haqqı dimdikləyən, haqqı gəmirən
Qara quzğunların yanında yoxam,
Mən öz yoxluğumu alqışlayıram!

Burda mən yoxam, orda da yoxam-
Gözlənti yerlərim tamam tutulub.
Lafçılıq bayrağı qalxan yerlərdə
Mənim dodaqlarım möhkəm tikilib,
Mən öz qulluğumu alqışlayıram!

Mənim dodaqlarım - istehkamlarım,
Haqqa toxunmağa icazə verin.
Bəlkə susduğuyçün minor notlarım
Kimsəsiz qalıbdı öz sahillərim.
Öz susqunluğumu alqışlayıram!

Bəs sonra nolacaq, çox maraqlıdır,
Görəsən, bu "sonra" olacaq həmdəm?
Mətnin çölündəyəm, çöl də haqlıdır,
Amma yalan, lovğa qulu deyiləm.

Taleyim səbrimi əzizlər, bəslər,
Mənim də taledən budur xahişim.
Dözümü nəşəylə ələ verərlər,
Yaşasın dözümüm, yaşasın səbrim!

Mən yenə güzgüdə əksimi görürəm

Yenə güzgülərdə əksimi görürəm mən,
Yenə kandardan məni dan yeri salamlayır.
Qanadlanıb uçuram şehli çəmən üstündən
Sevgidən kor oluram, Allah da gülümsəyir.

Göylər qucaq açıbdı, ulduzlar qoşalaşıb,
Dolanbac yollar
heç vaxt belə hamarlanmayıb.
Sübhün sərin yelindən ruhu qorumaq olmur,
Gecənin bürküsündən qaçmaq,
qorunmaq olmur...

Müqəddəs günbəzlərə
yatan kölgə düşəntək,
Yay səması saf suya mavi sığal çəkəntək,
Möcüzə yüksəklərdən üzüqoylu düşərək
Sənin güzgülərində əksimi görürəm mən...

Adsız şeir

Sərsəri həyatın dibinə düşdüm
Tək-tənha qalmışdım, inan qəfildən
Sənə çatmaq üçün uçdum. Və gördüm -
Göylərin qapısı ağzındayam mən.../"Ədəbiyyat qəzeti"/

Tərcümə: Kamran Nəzirli
Çağdaş Belarus poeziyası - Kamran Nəzirlinin tərcüməsindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ