Dünya poeziyasından seçmələr - Adil Mirseyidin tərcüməsində

Tarix:17-07-2019, 15:13 Baxış Sayı:136

Dünya poeziyasından seçmələr - Adil Mirseyidin tərcüməsində
Manera.az Adil Mirseyidin tərcüməsində dünya poeziyasından seçmələri təqdim edir:


Elio Flippo Akkrokka

Bizim aramızda xatirələrin
şəffaf divarı ucalır
ötən günlərin səsi
şüşəyə çırpılıb sınıb tökülür.

Ayrılığın arxasınca
söylədiyimiz sözlərin
son sədası donmayıb hələ.
Qışqırsam
səsim sənə çatmayacaq
aramızda divar var,
sən mənim səsimi eşitmirsən
eşitmirsən guya.


***
Mən birdən hiss edib duydum
səndən bir şeylər var
ayın solğun üzündə...
gözlədim ki, nəfəsin
nəfəsimə toxunar.
Mən sənin üzündə
qəfil qeyb olan solğun ay gördüm.
Bəlkə sən aysan sevgilim...


Alfredo Culiani:

Bazar günü yağışdan sonra

Bu əhvalat bir sakit bazar günü
yağışdan sonra baş verib
asfalt əks edirdi izlərimizi
uzun bir "əlvida” akrobat kimi
meydandan dağlara atdı özünü
və bir onda qeyb oldu
üz-üzə durmuş fənərlər yandı
qara qala divarları ucaldı
bizim gücsüzlüyümüz arasında


Roberto Roversi:

Qoca Çelsonun portreti

Qoca Çelsonun üzü
qədim məzarlıqlardan tapılmış qab kimidi.
Deyirlər Çelso namərddi,
deyirlər Çelso xəsis və sərtdi,
amma dünən
arı sancmış balaca oğlum
ağrıdan qışqıran zaman
onun necə kövrəldiyini,
gözlərinin yaşardığını gördüm mən.
Səhər tezdən bülbülləri qışqıraraq qorxudur –
"Oğru var, oğru,
köpək oğlu bağçanı talayırdı?”
Səhər havasında onun harayı
qamçı kimi sərt səs çıxarır.
Gecələr bomboz ay işığında hasardan aşdığını
bağçada kölgə kimi dolaşdığını
görmüşəm, görmüşəm mən
düşünürəm qocanı bağışlamaq lazımdı,
qoca Çelso elə qoca Çelsodu –
o nə dostdu nə düşmən.
Yay axşamlarında Çelso
çəmənlikdə oturub sakitcə göyə baxır.
Çelso ağlamır amma
gözlərindən yaş axır.
Mən bədbəxt adam – deyir –
və qəribə bir kədərlə titrəyir onun səsi.
" Qocalıb əldən düşmüşəm,
qış canavar ayaqları altında
əziləndə öləcəm.
Qışda ölmək istəmirəm tək başıma
soyuqda üşüyən bir quzu kimi”
Çelsonun yaddaşında dəniz haqqında
çoxlu hekayəsi var –
Çelsonun xəyalında uzaq adalara üzür bir gəmi.
İri pirat gözləri kədərli qara.
"Məni sevən bir adam qalmayıb bu dünyada” –
yay günü isinmir Çelsonun qanı –
elə bil ki eşidir yaxınlaşan tufanı.


Cuzeppe Unqaretti:

Tənhalıq

Mənim fəryadlarım
şimşək tək çaxır
yaralayır kilsə zənginə bənzər
göy qübbəsini

və uçulub dağılır
dəhşət içində

Mənzərə

Axşam sakitliyində
üzür tənha bir gəmi.

Üzür mavi sularda
mənim xəyalım kimi.

Uzaqlarda evlərin
işıqları görünür.

Və dənizin üstündə
mavi duman sürünür.

Dalğaların şırıltısı
sadiq qalır özünə.

Haradasa qeyb olur
və geri dönür yenə.

Yuxusuz gecə

Həlak olmuş
əsgər yoldaşım
ağzı açıq uzanıb aya baxırdı
sanki ayla danışırdı
o gecə mənimçün
ağırdı, çox ağırdı
o gecə güllə yağışı yağırdı
mən səngərdə
sevgi məktubu yazırdım

heç kim anlamaz necə
yapışmışdım mən həyatdan o gecə

Sakitlik

Mən bir şəhər tanıyıram
hər gün günəşlə dolu
hər kəs bəxtiyar
Bir axşam mən o şəhərdə olmuşam
Ürəyimdə cırcırama cırıltısı

Mən bir ağ gəminin göyərtəsindən gördüm
dumanlı işıqların qoynunda
necə qeyb oldu mənim şəhərim

İşıq – kölgə

Qaranlıq çökdü
bu balkonla qəbiristanlıq arasında
məzar daşları görünməz oldu.

İntihar eləmiş ərəb yoldaşım
mənə baş çəkməyə gəlib.

Gecə səhərə dönür
səhər açılınca qəbirlər qayıdır öz yerinə
tünd yaşlı fonda
qaranlıq parçaları ilişib qalıb
yeni günün açıq yaşlı donunda.

Rahatlıq

Üzüm yetişib artıq sərxoşam umudlardan,
Sıra dağlar aralanır yağışlı buludlardan.

Yayın tozlu aynasında ləkələr,
Yayın tozlu aynasında kölgələr.

Şəffaf işıq süzülür barmaqlar arasından,
Xatirələr və günahlar arasından.

Qaranquşlar uçub gedir bu səhər,
Qaranquşlarla birgə uçub getsin dərd, kədər...


Aldo Palaççeski:

Naməlum adam

– Bu axşam onu gördünmü?
– Gördüm.
– Dünən axşamda görmüşdün?
– Hər axşam o burdan keçir.
– O dönüb səni gördümü?
– O ətrafına baxmır.
o qürubun üfüqdə buraxdığı
işıq zolağını seyr edir,
sonra harasa gedir.
– Təkmi?
– Tək.
– Bəs o necə geyinir?
– O qara geyinir həmişə, qara.
– Hara gedir bəs hara?
– Bəs harda yaşayır o?
Hansı uçuq xarabada?
Hansı sarayda?

Noyabr

Gənclər və ixtiyarlar
bir yerdə toplaşıblar
Roma şəhərinin xarabaları arasında.
Kağız xışıltısı var
şəhərin üzərində –
pulatanlar göylərdən
qızıla çəkilmiş yarpaqlar tökür.
gənclər ixtiyarlara
gənclərin ürəyincə olan şeylərdən danışırlar
ixtiyarlar özlərini elə aparırlar ki,
sanki gəncləri heç eşitmirlər.../artkaspi.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ