Yetim Abdal - İmdad Avşarın yeni hekayəsi

Tarix:17-05-2019, 19:37 Baxış Sayı:167

Yetim Abdal - İmdad Avşarın yeni hekayəsi
Güneydən əsən ilıq külək, qış boyu evlərin torpaq damlarından kürünən və küçələrdə təpə-təpə yüksələn qar topalarının üzərindən ətəyini sürüyüb keçirdi. Baharın nəfəsi qar yığınlarını, buz kütlələrini xırda-xırda əridir, kiçildir və üzüaşağı süzülən sular gölməçələr yaradırdı.

Qırx yamaqlı dərviş xirqəsinə dönmüş paltosuna bürünərək qibləyə tərəf divarın dibində çöməlib oturan Haqverdi əlindəki uzun çubuqla gölməçələr arasında sədd çəkən saman çöplərini bir-bir aralayır, sucaqları birləşdirərək dərəyə sarı axıdırdı. Sonra o, geriyə çəkilib kürəyini divara dayadı və kepkasının dimdiyini yuxarı qaldıraraq qarşı dağlara baxdı. Kəndlərdən, qəsəbələrdən gələn cığırlar dağın döşündə qıvrıla-qıvrıla uzanan geniş yola birləşir və dağın gədiyindən aşaraq qeyb olurdu.

"Ömür də əriyən bir qar qalağı, bəlkə də, dağın yamacında qıvrılaraq yüksələn və geriyə dönüncə anidən qeyb olan bir yoldur" - düşündü Haqverdi. Sular da, yollar da bir mənzilə çatınca bitir. Sonra özü-özündən soruşdu: "Ömür də elə deyilmi, atamoğlu?" İçindən başqa bir səda gəldi: "Elədir, dadaş, elə... Sular kimi çağlayıb axan illər, yollar kimi çıxılmazlığa dirənən ömürlər var. Bizimki it diriliyi, köpək ömrüdür! Hər toy-düyündə qırx azar, hər məhəllədən bir ətək daş yeyərək qazandığımız pullar yeni toy mövsümü gələnəcən tükənir. Toy aşıyla tazı yallanmaz ki... Toy mövsümü bitincə unsuz-dənsiz evin alabaşı kimi yarıac-yarıtox dolanıb dururuq bu divar diblərində... Kim bilir, yo hansı dağın başında, hansı keçiddə sona çatacaq..."

Haqverdi ömrünün sular kimi çağlayıb axan dəmlərini düşündü. O dəmlər ki, biçin vaxtı başlayır, xırmanları sovuran yellər kimi əsib keçir, qış qapını alınca əriyib bitirdi. O dəmləri andıqca qarşı yamaclar da qeybə çəkilirdi gözlərinin önündən...

Haqverdi, yellərin önündə bir saman çöpüydü artıq. Bu toydan o toya, bir obadan başqa bir obaya sovrulur, mindiyi xəyal atından heç enmək istəmirdi. Yuxu buluduna qarışıb, göyə bülənd olan Haqverdi nağaraların guppuldadığı, zurnaların zilə çıxdığı sərin payız axşamında bir toyun abdalı olub masaya yayxandı. Hündür söyüdün altında qurulan masada dodaqları ilə ərik ağacından olan zurnasının piləyini isladaraq nağaranın ritminə qoşuldu. Gah fəryadı göyə yüksələn bozqırlara, gah ürək sızladan halay havalarına yol açdı. Masanın üstündə barmaq qoymağa yer yox idi, bircə ilan ödü, quş südü çatmırdı.

Badələrdən bədəninə, damarlarına süzülən "atəş" sanki alnının yazısını da pozurdu. O, yoxsulluğun daşını atıb, kef-damaq içində dövran sürməyə başlamışdı. Bir havanı bitirib, başqasına keçəndə başından şabaş tökülürdü. Xəfif yellərin havaya sovurduğu pullar ayaqlarının dibindən uzaqlaşmağa başlayanda, nağarası ilə ona ahəng tutan oğluna sarı dönür, çaldığı zurnanın ahəngini heç pozmadan cəzvə qapılmış dərviş kimi göz-qaş edirdi. Nağara çalan oğlu da işarəni göydə tutur, ritmi heç pozmadan yerini dəyişir, minlikləri atasının önünə kürüyürdü...

Gözlərinin önündə göy rəngli minliklər uçuşduqca zurnası, pərdələrdə gəzişən barmaqları, dolub boşalan ovurdları sanki yadından çıxırdı. Gözlərinin önündə div bir şüşə, damağında dəyişik bir dad, burnunda sirli bir qoxu vardı. Önündə isə halaya durmuş adamlar...

Haqverdinin ruhu da yaz qarı kimi ərimiş yamaclardan çöllərə axan sellərə, sulara qarışmışdı. İndi uca dağlar kimi başını dumana soxmuş və zurnasını pilədikcə, boz buludlar arasından bir halay havasını dilləndirirdi. Halay havasının musiqisini çaldıqdan sonra bir anlıq zurnanı boğub susdurur, halay çəkənlər nəğmə oxuyurdular. Onlar halay havasının sevgi dolu yanıqlı türküsünü oxuyarkən, Haqverdi də zurnanın piləyindən yenicə ayrılmış dodaqlarını badənin sirli sərinliyinə qovuşdururdu...

Qəfil eşidilən səs onu yel atından yerə çırpdı, dolaşdığı xəyal ölkəsindən bir anda geri döndü və arxasına baxdı Haqverdi. Arvadı Gülxanım ətəyindəki çörək qırıntılarını və axşamdan qalma aşın artıqlarını yanında iki cücəsi ilə cikkildəyib qapının önündə girlənən anac toyuğun qabağına səpirdi. Kərkəs kimi boynunda bircə tükü də olmayan bu anac toyuğa uzun-uzun baxdı Haqverdi və deyinməyə başladı: "Az qalır gözümə girsin boynuyoluq yaramaz. Bu qış evdəki bulğurun yarısını da bu içəri ötürdü. Buna bax! Kiçik çillədə iki cücə də çıxardıb hələ".

Gülxanımın xəyalları isə bambaşqaydı. O, süfrənin artığı və qonşu xoruzun yardımı ilə gələn il bu bağçanı cücələrlə dolduracağını düşünürdü...

Haqverdi ömürdən sayılan ilin ən quraq yerindəydi, uca söyüdün altındakı masadan və biraz öncə damağına dəyən daddan bir mövsüm uzaq idi. Səhər günəşi buludların arxasında gizlənincə Haqverdi də divarın dibindən qalxıb, evə sarı üz tutdu.

***

Nahara doğru sınıq-salxaq bir maşın palçıqlı dar küçələrdən suları yara-yara keçib Haqverdigilin qapısında dayandı. Maşından enən gənc bir anda gəlişinin səbəbini bildirdi.

- Haqverdi əmi, - dedi - atamın çoxlu salamı var. Bizim oğlan bir qız qaçırdıb. Qız tərəfi işi xeyli yoxuşa dirəsə də, axırda yumşaldı. Tez bir zurna-qaval dəstəsi düzəlt, dəmkeşlərini də götür, kəndə gedirik.

Həyatı təzələndi Haqverdinin. Birdən-birə qışı yaza döndü, budaqlar sanki yarpaqladı, taxıllar dənəsindən ayrılıb, yel ilə sovrulmağa başladı... Qız qaçırmış oğlana uzun-uzadı xeyir-dua verdikdən sonra dedi:

- Qurban olum çovğuna, özü qismətimi gətirdi qapıya! Qurddan quşa da pay düşər! Belinə dolanan kəmərin olum, oğlan! Bu qarda, boranda qız qaçırtmaq hardan ağlına gəldi? Toy-düyün abdalın şahlıq dəmidir! Bizə bir gecəlik şahlıq taxtı bağışlayan Yaradana şükürlər olsun...

***

Bəy evində süfrələr bəzənmiş, Haqverdinin şahlıq taxtı dediyi kürsülər düzülmüşdü. Haqverdinin gətirdiyi aşıq, sazının qulaqlarını irəli-geri buraraq aləti köklədi, tellərə bir-iki mizrab vurub məclisi salamladı. Ahəngi göydə tutan kamançaçı bu səsə səs verdi. Saz ilə kamança eyni pərdələrdə ortaq bir kədəri tərənnüm etməyə başlamışdılar ki, çöldə gurultu qopdu. O gurultu evdəkiləri də bir-birinə vurdu. Saz ilə kamança susdu, zurna hələ dillənməmişdi. Oğlan evi ilə qız evinin "atəşkəs"i qısa sürmüş, ara qarışmışdı. Masa devrilmədən öncə üstündəkilərə sevgiylə baxan Haqverdi süfrə baş-ayaq olunca bir rakı şüşəsini şəfqətlə qucaqlayıb, yamaqlı paltosunun iç cibinə dürtdü. "Rədd olub getmək lazımdı". Toya gələnlərdən birinə yalvarıb-yaxardı, yoldaşlarını maşına basıb, özü də qabaq oturacaqda yerini bərkitdi. Əlini sol döşündən heç ayırmırdı.

Bir halay havası çalmadan toy gecəsinin şahlıq taxtından enib, bir qul olaraq evinə dönmüşdü... O həngamədən özünün və yoldaşlarının sağ-salamat qurtardığına sevinirdi.

Gecəyarı idi. Gülxanım və uşaqlar yatmışdılar. Cibindəki rakı şüşəsini çıxardıb təbəssümlə ona baxdı və ocağın önünə qoydu. O həngamədə masadan bir soyutma toyuq da çırpışdıra bilsəydi, indi öz evində kefə baxardı ha... "İt damında yal tapılmaz", - deyə mırıldandı, çünki evdə "ceyran südü"nə yavanlıq edəcək bir şey yoxdu...

Birdən Gülxanımın bayaqkı qışqırığı yadına düşdü. Önünə, şüşənin içindəki rakıya baxdı və o an fikrindən hindəki anac toyuq keçdi... Xəyalında, nağar bağlamış dişləri anac toyuğun budunu gəmirirdi... Gülxanımın obaşdan qoparacağı qiyamətə hazırdı. Şüşəyə həvəslə bir daha göz atdı, bekar vaxtlarında daşa sürtərək itilədiyi bıçağını cibindən çıxartdı. Uzun həsrətdən sonra ələ keçirdiyi bu şüşəni anac toyuğun buduyla qovuşdurmaq istəyirdi. Ocaqdakı odunlar hələ közərməkdə idi. Ocağın üstündəki qazandan buxar qalxırdı. Közlərin üstünə iki odun atsan, qazandakı su qaynamağa başlayacaqdı. Bayaqdan xəyal atını sürən Haqverdi indi şeytan yabısına minmişdi. Dördnala sürdüyü "at"ın yüyənini həyətdəki hinin önündə çəkdi, cəftəni basıb araladı. Anac toyuq hinin ən uzaq küncünə sığınmış, balalarını da qanadlarının altına almışdı. Haqverdi başını qapıdan içəriyə soxub, qolunu hinin dibinə sarı uzadaraq əl hərəkətləri ilə toyuğu aramağa başladı. Üzünə yumşaq şeylər bulaşsa da, nəhayət, toyuğun boynundan yapışdı və sonra bədənini geriyə çəkərək başını hindən çıxartdı. Xirtdəyindən bərk-bərk yapışdığı toyuq səs çıxartmasa da, qanadlarını çırpırdı. Toyuqla birlikdə iki balası da fəryadla cik-cik edərək özlərini bayıra atdılar. Haqverdi əli ilə üzünə bulaşan şeyi sildi və az öncə yerə düşən kepkasını götürüb başına qoydu. Toyuq əlində, cücələr isə ayağının dibindəydi.

Anasının öldüyü günü xatırladı Haqverdi. Anasını bir taxta tabuta qoymuşdular, sonra atası və qohum-əqrəba o tabutu çiyinlərinə alaraq məzara doğru yeriməyə başlamışdılar. "Anamı aparmayın! Anamı buraxın!" - deyib ağladığı o anlar və səfalət içində keçən uşaqlığı yadına düşmüşdü. Toyuğun boğazından yapışan barmaqları keyiməyə başladı, içindən yüngül bir sızıltı keçdi. Udqundu...

Əlində qanad çalmaqdan yorulmuş bir toyuq, qarşısında sanki yalvararaq analarını xilas etməyə çalışan iki cücə... Haqverdinin anasız ötüşən günlərinin acısı indi əlindəki bıçaq kimi sinəsini başdan-başa yarıb keçməyə başladı. Artıq taqəti kəsilən və təslim olan toyuğa baxdı. Bir qurban kimi çarəsizdi. Başını aşağı əydi, gözləri ayın işığında parlayan zavallı cücələr analarının səsini duymadıqlarından məzlum-məzlum durub baxırdılar. Bu anda ocağın başında qoyub gəldiyi şüşəni düşündü Haqverdi. Bir gecəliyinə də olsa, könlündəki arzuları coşduran, içindəki qəmi, kədəri götürüb buludlara aparan o sirli şüşəni... Haqverdi yenidən qəm dəryasına batdı. Yol ayrıcında idi. Dar bir keçiddə, uçurumun qırağında... Hinin önündə çöməldi, əlindəki toyuğun qanadları havada sallanırdı. O an cücələr də analarına yaxın gəldilər. Uşaqlıq çağlarına döndü yenidən... Başını aşağı əyib cücələrlə göz-gözə gəldi. Onların qulağına pıçıldayırmış kimi dedi: - Günahımdan keçin! Mən də yetim böyümüşəm!../525.az/

Əjdər Olun tərcüməsindəБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ