manera.az
manera.az

Müsabiqədə II yer tutan hekayə - Frans Kafka_ "Hibrit" | MANERA.AZ

Müsabiqədə II yer tutan hekayə - Frans Kafka_ "Hibrit" | MANERA.AZ
Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı tərcümə” nominasiyası üzrə münsiflərin səs çoxluğunu qazanaraq II yerin qalibi elan edilən Taleh Eminoğlunun tərcüməsində Frans Kafkanın "Hibrit" hekayəsini təqdim edirik:
______________________
Qəribə bir heyvanım var – yarı pişik, yarı quzu. Digər şeylərlə birlikdə atamdan miras qalıb. Onda hələ lap balaca idi, gözümün qabağında böyüdü. Əvvəllər pişikdən daha çox quzuya oxşayırdı indi isə hər ikisinin xüsusiyyətlərini daşıyır. Başı və pəncələri pişiyi, vücud ölçüsü isə quzunu xatırladır. Gözlərindəki vəhşi parıltı, yumşaq və parlaq dərisi, hoppanmağa və sürünməyə hər zaman hazır olması, eynilə pişik və quzuda olduğu kimidir. Pəncərə kənarına çıxıb günəş şüalarından isinərək xoşhallananda mırıldamağa, pəncələri çəmənliyə dəyən kimi isə qaçmağa başlıyır və bu zaman onu dayandırmaq olmur. Pişik görəndə dabanlarını yağlasa da, quzuya rast gələndə dərhal hücum edir.

Dan yeri sökülməyə başlayanda navalçaların üstünə çıxıb gəzməyi xoşlayır. Tam pişik kimi miyoldamasa da, siçanlardan iyrənir. Toyuq hininin yanında pusquya yatıb saatlarla gözlədiyini görmüşəm, amma indiyə qədər əlinə düşən fürsəti qiymətləndirdiyinə şahid olmamışam.

Onu şirin südlə bəsləyirəm, elə xoşuna gəlir ki. Südü iti dişlərinin arasından böyük qurtumlarla içir. Uşaqlar onunla oynamağı çox sevir. Bazar günləri günortadan sonra uşaqlar gəlir. Mən heyvanı qucağıma alıram və onlar bizi dövrələyir.

Naqolay suallar verirlər: bu heyvan hardan çıxdı , niyə başqasının deyil məhz mənimdir, əvvəllər ona oxşar başqa heyvan olubmu, öləndən sonra nə olacaq, tək darıxırmı, niyə balası yoxdu və buna bənzər bir çox sual.

Cavab vermək üçün özümü çətinliyə salmıram. Qucağımdakı heyvanı göstərməklə kifayətlənirəm. Bəzi uşaqlar özləriylə pişik gətirir, hətta bir dəfə özüylə iki keçi gətirən də olmuşdu. Amma yenə də istədikləri davaya şahid olmadılar. Heyvanlar bir-birlərini süzərək, mövcud olmalarının tanrının iradəsinə bağlı olduğunu anlayıb sakit dayandılar.

Heyvan qucağımda olanda heç nədən qorxmur, ətrafa baxmağa belə ehtiyac duymur. Özünü qollarımda heç yerdə olmadığı qədər rahat hiss edir və bunu göstərmək üçün mənə qısılır. Məncə, bu, ona sahibləndiyimiz üçün ailəmizə olan bağlılığıdır. Bu bağlılığın fövqəladə bir şey sayılmasının lazım olduğu fikrində deyiləm: dünyada bir çox sehrli əlaqənin tapılmasına baxmayaraq heç bir qan əlaqəsi olmayan heyvanın yanımızda tapdığı sevginin müqəddəs olduğuna inanmasından doğan bir instinktir.

Bəzən məni iyləyir, ayaqlarımın arasından keçməyə çalışır, hərəkətləri məni çox güldürür. Quzu və pişiklik etməyi azmış kimi, üstəlik özünü it kimi də aparır.

Bir dəfə bütün işlərim tərs getməyə başlamış və elə vəziyyətdə hər kəsin yaxasından yapışan kədər mənimdə yaxamdan yapışmışdı. Qəm içində qucağımda heyvan yırğalanan kresloda oturmuşdum. Birdən nə görsəm yaxşıdı? Heyvanın uzun bığlarından yaş axır. Görəsən hansımızın göz yaşlarıdı? Bu quzu ruhlu pişiyin insan kimi hisləri var? Atamdan mənə elə də çox şey qalmıyıb, amma bu miras hamısına dəyər.

Bir-birilə əlaqəsi olmayan iki ayrı qorxu var heyvanın içində: həm pişik, həm də quzu kimi qorxur. Bu səbəbdən öz dünyası ona dar gəlir. Bəzən yanımdakı kresloya sıçrayır, ön pəncələrini çiyinlərimə dayayıb ağzını qulağıma yaxınlaşdırır. Sanki indicə nəsə deyəcək. Sonra qabağa əyilib söylədiklərini başa düşüb düşmədiyimi yoxlayırmış kimi üzümə baxır.

Könlünü xoş etmək üçün anlayırmış kimi başımı tərpədirəm. Çox sevinir, yerə tullanır və hoppana-hoppana otaqda gəzməyə başlayır.

Bəlkə də azadlıq ona qəssab bıçağı qədər yaxındır. Amma atamdan yadigar qaldığı üçün bu azadlığı ona verə bilmirəm. Məni bu işi görmək üçün təhrik etməyə çalışsa da onun son nəfəsini gözləməkdən başqa çarəm yoxdu.

Tərcümə etdi: Taleh Eminoğlu,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930