manera.az
manera.az

İlya Erenburq: "Şahidlər susanda əfsanələr yaranır" -TƏRCÜMƏ _MANERA

İlya Erenburq: "Şahidlər susanda əfsanələr yaranır" -TƏRCÜMƏ _MANERA
MANERA.AZ professor Asif Hacıyevin tərcüməsində görkəmli rus yazıçısı İlya Erenburqun “İnsanlar, illər, həyat. Xatirələr” kitabından bir hissəni təqdim edir:

Erenburqun "İnsanlar, illər, həyat. Xatirələr” kitabından təqdim etdiyimiz təfriqələr böyük bir ədəbi mərhələnin, əsasən, Gümüş dövrün ədəbiyyatında daim qarışıqlıq salmış bir insanın axtarışlarını və eyni zamanda keçən əsrin əvvəllərindən formalaşmağa başlayan bir çox ədəbi cərəyanların ictimai-mədəni qaynaqlarını, görkəmli sənətkarların portret cizgilərini, ədəbi təbəddülatınpərdəarxası aləmini əks etdirir...

A.Hacıyev


Mən həyatda qarşılaşdığım bəzi insanlar, iştirakçısı və ya şahidi olduğum bəzi hadisələr haqqında çoxdan yazmaq istəyirdim; ancaq dəfələrlə işi kənara qoyurdum: ya şərait imkan vermirdi, ya da tərəddüd - insanın, səhnənin illərlə solğunlaşmış obrazını yarada bilərəmmi, yaddaşa arxalanmaq olarmı. İndi isə mən axır ki bu kitabı başladım - artıq sonraya saxlamaq olmaz...

...Şahidlər susanda əfsanələr yaranır. Biz bəzən «bastiliyalara həmlə» deyirik, halbuki Bastiliyaya heç kim həmlə etməyib - 1789-cu ilin 14 iyulunda Fransa inqilabının bir epizodu baş verib; parislilər asanca məhbəsə daxil oldular, burada isə çox az məhbus aşkarlandı. Lakin məhz Bastiliyanm alınması Respublikanın milli bayramına çevrildi.

Yazıçıların sonrakı nəsillərə çatmış obrazları şərtidir, bəzən də gerçəkliyə tam ziddir. Yaxın vaxtlara qədər Stendal oxuculara eqoist görünürdü, yəni öz şəxsi hisslərinə mübtəla olmuş insan kimi. Əslində isə o ünsiyyətcil idi və eqoizmə nifrət edirdi. Belə qəbul olunub ki, Turgenev Fransanı sevirdi, axı orada çox vaxt keçirmiş, Floberlə dostluq etmişdi; əslində isə o fransızları anlamır və sevmirdi. Bəziləri Zolyanı hər cür ləzzəti dadmış adam sayır, - «Nana»nın müəllifi kimi; başqaları, Dreyfusun müdafiəsində rolunu xatırlayaraq, onda ictimai xadim, ehtiraslı tribun görür; həqiqətdə isə bu, az-az rast gəlinən ailəcanlı şəxs son dərəcə ədəbli, həyatının axır illərini saymasaq, Fransam sarsıdan vətəndaş fırtınalarından uzaq bir adam idi...

...Mən keçmiş haqqında rabitəli danışmaq istəmirəm - gerçəkliklə təxəyyülü qarışdırmaqdan acığım gəlir; eyni zamanda mən çoxlu roman yazmışam, bunlarda şəxsi xatirələr müxtəlif uydurmalar üçün material olub. Mən xatirələrlə keçmiş haqqında fikirlərimi qarışdıraraq ayrı-ayrı insanlar, müxtəlif illər haqqında danışacağam. Yəqin ki, bu, dövr haqqında deyil, özüm haqqında kitabdır. Əlbəttə, mən tanıdığım bir çox adamlar - siyasi xadimlər, yazıçılar, rəssamlar, xəyalpərəstlər, avantüristlər haqqında danışacağam; bəzilərinin adı hamıya tanışdır; lakin mən biganə salnaməçi deyiləm və bunlar yalnız portret cəhdləri olacaq. Elə hadisələri də, irili-xırdalı, tarixi ardıcıllıqla deyil, mənim kiçik taleyimlə, bugünkü fikirlərimlə əlaqədar təsvir etməyə çalışacağam...

...Mən Parisdə Migel Unamunonu xatırlayıram - o, Primo de Rivera dövrünün mühacirlərindən idi; «Rotonda» kafesində oturur və kağızdan əjdahalar və öküzlər kəsirdi; sonra onun masası arxasına insanlar əyləşir və Unamuno onlara deyirdi ki, Fransada Qüssəli Cəngavər Obrazı (o özü Don Kixota oxşayırdı) yoxdur, olmayıb və heç vaxt olmayacaq. Londonda dumandan və riyakarlıqdan boğulan Emst Tolleri xatırlayıram; o, didərginliyə dözmədi və intihar etdi. Jan Rişar Blok müharibə illərini Moskvada keçirdi; böyük iradəli bu insan xiffətini gizlətməyə çalışırdı, ancaq Fransadan danışanda onun qüssəli gözləri daha da kədərli olurdu; «Nasional» mehmanxanasının otağının divarında çoxdan çəkilmiş fransız siqaretlərinin büküldüyü mavi kağız asılmışdı.

Pablo Neruda Praqa mehmanxanasının otağında, iri və hərəkətsiz, qədim astek tanrısı kimi otururdu; ancaq Sakit okean sahillərinin balıqqulaqlarından danışan kimi sifəti canlanırdı; o, Çili diktatorlarından birinin oyunlarından hiddətlə danışırdı - hiddət və eyni zamanda nəvazişlə: hər halda diktator çilili idi. 1946-cı ildə,

Parisda olarkən, mən ağır xəstə, üç qat qalmış A.M.Remizova baş çəkmək qərarına gəldim. O, tənha idi, xiffət və səfalətdə yaşayırdı. O, niyə mühacirətə düşdü? Çətin ki, özü də bunu izah edəydi. Deyirdi ki, yuxuda Rusiyanı, köhnə dostları, tələbəlik dövrünün Peterburqunu görür. Otaqda isə rus rəsmləri, rus heyvancıqları və əlbəttə ki, rus şeytancıqları asılmışdı...

...Paris mənim xoşuma gəlirdi, ancaq mən kimin yanına gedəcəyimi bilmirdim. Sərgiyə getdim və dəhşətə gəldim. Rəssamlıq haqqında heç bir təsəvvürüm yox idi; Moskvadakı otağımda divardan «Nə böyük məkan» və «Ölülər adası» açıqcaları asılmışdı. Fikirləşirdim ki, rəsm mü¬rəkkəb süjetli olmalıdır, burada isə rəssamlar ev, ağac, daha pisi - almalar təsvir edirdilər.

«Fransız komediyası» teatrında məhşur aktyor Mune-Syulli çar Edipi oynayırdı. Mən yalnız Bədii Teatrı qəbul edirdim; hesab edirdim ki, səhnədə hər şey həyatdakı kimi olmalıdır. Mune- Syulli yerində donub qalır, sonra irəli bir neçə addım atır, yenə dayanır və yaralı aslan kimi nərə çəkirdi: «O, bizim həyat necə zülmətdir!..». Bir neçə il sonra mən anladım ki, o böyük aktyor imiş, ancaq həmin vaxt mən sənətin nə olduğunu bilmirdim və dözməyib bərkdən güldüm. Mən qalerkada əsil teatrallar arasında oturmuşdum və özümə gəlməmiş böyürlərim əzilmiş halda küçəyə atıldım...

* * *
...Mən indi 1949-cu ili xatırladım. O vaxt bəziləri məni «kosmopolit» adlandırırdı. Həqiqətən, bundan yaxşı hədəf tapmaq olmazdı: hər şeydən əvvəl mən uzun müddət Parisdə yaşamışdım - həm zərurətdən, həm də könüllü. O vaxtlar bir çoxları «pasportsuz avaralar»dan danışmağı xoşlayırdı, qeydiyyat haqqında arayış az qala həlledici idi. Bəs axı vətən hissi məhz qürbətdə güclənir; həm də çox şeyi daha yaxşı görürsən. Heyne «Qış nağılı»nı Parisdə yaratmışdı; Turgenev də orada «Atalar və oğullar»! yazıb; Qoqol «Ölü canlar» üzərində Romada işləyib; Tütçev Münxendə Rusiyadan yazıb, Romen Rollan İsveçrədə Fransa haqqında, İbsen Almaniyada Norveçdən, Strindberq Parisdə İsveçdən; «Artamonovların işi» İtaliyada yazılıb; və sairə...

* * *

... İlk dəfə Verlenin cildi əlimə düşdü; onun nəğməkar istedadı, kədərli və qəribə taleyi məni həyəcanlandırdı. Sen-Mişel bulvarında kafedə ofisiant mənə ehtiramla nimdaş divan göstərdi: «Burda həmişə cənab Verlen əyləşib...» Mən «zavallı Lelian» haqqında yazmışdım (Verleni qocalıqda belə adlandırırdılar):

За своим абсентом, молча, темной ночью
Он досиживал до утренней звезды,
И торчали в беспорядке клочья
Перепутанной и грязной бороды...

(Qaranlıq gecədə, sakitcə, absenti
(yovşan cecəsi) ilə
Dan ulduzuna qədər əyləşərdi
Və qarışıq, kirli saqqalının lopaları
pırtlaşardı...)

Yenə də yad şer alınırdı, mən onlarda öz səsimi eşitməzdim.

* * *

Şair Fransis Jammın kitabını oxudum: o kənd həyatından, ağaclardan, kiçik Pireney ulaqlarından, insan bədəninin hərarətindən yazardı. Onun katolikliyi asketizm və xudbinlikdən uzaq idi: o, deyək ki, cənnətə ulaqlarla birlikdə düşmək istəyirdi. Onun şeirlərini çevirdim və onu təqlidə başladım: panteizm mənə çıxış yolu kimi göründü. Mən şəhərdə böyümüşdüm, ancaq yeniyetməlikdən küçələrin labirintində sıxılırdım, yalnız təbiətlə üz-üzə özümü azad hiss edirdim. Jammın fəlsəfəsi qısa müddətə məni cəlb etdi - o həm göyərçin və həm də qırğıya haqq qazandırırdı. (Mən quşlardan danışıram, cəmiyyətdəki təbəqələrdən yox). Məni çoxdan belə bir məsələ düşündürürdü: şər haradan gəlir? Dualizm məndə ikrah doğururdu; mən əvvəlki kimi burjuaziyanı qəbul etmirdim, ancaq mən artıq bilirdim ki, bütün məsələlər istehsal vasitələrinin ictimailəşməsi ilə həll oluna bilməz. Mən ağacların və ulaqların tanrısından yapışdım. Fransis Jamm onunla görüşə icazə verdi; o Ortezdə yaşayırdı. İspan sərhədi yaxınlığında. Səliqəli saqqalı və mehriban səsi var idi; məni ata kimi qəbul etdi, rusca şeir oxumağımı xahiş elədi, ev şərabına qonaq etdi və Parisdə yaradıcılığa yeni başlayan istedadlı yazıçı Fransua Moriakla görüşməyimi məsləhət bildi. Mən nəsihət gözləyirdim, Jamm isə özünü mehriban, sayqılı göstərdi. O mənim xoşuma gəldi, ancaq anladım ki, o, Assizli Fransisk və Zosima ata deyil, yalnız şair və xeyirxah insandır; oradan ürəksiz qayıtdım.

Mən Jamma «Uşaq üçün» şeirlər məcmuəsi həsr etdim; Ortezdə keçirdiyim günü xatırlayırdım:

Зимнее солнце сквозь окна светит,
На полу играют ваши дети.
У камина старая собака, греясь,
спит и громко дышит.
В камине трещат еловые шишки.

Вы говорите, а я слушаю и думаю - Откуда в вас столько покоя,
Думаю о том, что меня ждет дорога угрюмая, Вокзал и пропахший дымом поезд...

(Qış günəşi pəncərədən düşür,
Döşəmədə uşaqlarınız oynayır.
Soba yanında qoca it qızınaraq yatır və bərk nəfəs alır.
Sobada şam qozaları çırtıldayır.

Siz danışırsız, mən dinləyir və fikirləşirəm –
Bu qədər rahatlıq sizdə haradan,
Düşünürəm ki, məni boz yol gözləyir
Vağzal və tüstü hopmuş qatar...)

Beləcə həyat müəllimini deyil, kənddəki əziz dayını xatırlayırlar....
***

Uşaqlaşmam tezliklə məni bezdirdi. Mən Giyom Apollineri təqlidə başladım. (Əlbəttə mən kimisə təqlid edəndə, bunu görmürdüm, həmişə elə gəlirdi ki, keçən il həqiqətən kimisə yamsılamışam, indi isə öz səsimi tapmışam). Arabir mənim şerilərimi «Hamı üçün yeni jurnal», «Rus sərvəti», «Hamı üçün həyat», «Rus fikri» dərc edirdi. Mən V.Q.Korolenkodan qısa, ancaq səmimi məktub almışdım. Mənim bütün arxivim itmişdi. Korolenkonun məktublar kitabında A.Q.Qomfeldə məktubunu tapdım; Vladimir Qalaktionoviç 1913-cü ilin baharında mənim iki şeirim haqqında yazırdı: «Məncə, ilk sətirlər çox yaxşı və dövrə uyğundur:

Значит, снова мечты о России
Лишь напрасно приснившийся сон.
Значит, снова - дороги чужие...
И по ним я идти обречен»

(Deməli, yenə Rusiya haqqında xəyallar
Əbəs gördüyümüz yuxudur.
Deməli, yenə yad yollar....
Və bu yollarla getməyə məhkumam.)

***
...Mən Senanın sahillərini dolaşır, köhnə kitablar olan qutuları eşələyirdim. Bukinistlər mənə dəri və ya perqament üzlü cildlərdən daha qədim görünürdü. Orada mən hərdən bukinistə oxşar yaşlı adamla rastlaşırdım; o, kitabı, bağban armudu götürdüyü kimi əlinə alırdı - şövqlə və eyni zamanda işgüzar; bu, Anatol Frans idi (sonradan mən heç vaxt onu görmədim; 1924-cü ildə onun dəfnində oldum - bu köhnə epikürçü və kommunistin tabutunu senatorlar və fəhlələr, akademiklər və yeniyetmələr müşayiət edirdi. 1946-cı ildə Anatol Fransın nəvəsi mənə babasının Tur yaxınlığında, Lya-Başellerdəki evini göstərirdi - mən gördüm ki, bu epikürçü kitabpərəst, estet deyilmiş, o canlı insan imiş: ev kolleksiyalarla yox, həyatın illəri, səyahətlər, ehtiraslar, görüşlərin nişanələri ilə dolu idi. Rəfdə yəqin ki, Anatol Fransın mənim yanımda Sena sahillərində aldığı kitablardan da vardı).

***
Bir dəfə necəsə köhnə psaltır və pastorallar arasında əlimə Baratmskinin «Eda»sı düşdü. Titul vərəqində «Prosper Merimeyə, bizim böyük Puşkinin tərcüməçisinə. Yevgeniy Baratmski» ilə həll oluna bilməz. Mən ağacların və ulaqların tanrısından yapışdım. Fransis Jamm onunla görüşə icazə verdi; o Ortezdə yaşayırdı. İspan sərhədi yaxınlığında. Səliqəli saqqalı və mehriban səsi var idi; məni ata kimi qəbul etdi, rusca şeir oxumağımı xahiş elədi, ev şərabına qonaq etdi və Parisdə yaradıcılığa yeni başlayan istedadlı yazıçı Fransua Moriakla görüşməyimi məsləhət bildi. Mən nəsihət gözləyirdim, Jamm isə özünü mehriban, sayqılı göstərdi. O mənim xoşuma gəldi, ancaq anladım ki, o, Assizli Fransisk və Zosima ata deyil, yalnız şair və xeyirxah insandır; oradan ürəksiz qayıtdım.
Mən Jamma «Uşaq üçün» şeirlər məcmuəsi həsr etdim; Ortezdə keçirdiyim günü xatırlayırdım:

Зимнее солнце сквозь окна светит,
На полу играют ваши дети.
У камина старая собака, греясь,
спит и громко дышит.
В камине трещат еловые шишки.
Вы говорите, а я слушаю и думаю - Откуда в вас столько покоя,
Думаю о том, что меня ждет дорога угрюмая, Вокзал и пропахший дымом поезд...

(Qış günəşi pəncərədən düşür,
Döşəmədə uşaqlarınız oynayır.
Soba yanında qoca it qızınaraq yatır və bərk nəfəs alır.
Sobada şam qozaları çırtıldayır.
Siz dcmışırsız, mən dinləyir və fikirləşirəm –
Bu qədər rahatlıq sizdə haradan,
Düşünürəm ki, məni boz yol gözləyir
Vağzal və tüstü hopmuş qatar...)

Beləcə həyat müəllimini deyil, kənddəki əziz dayını xatırlayırlar....
***
Uşaqlaşmam tezliklə məni bezdirdi. Mən Giyom Apollineri təqlidə başladım. (Əlbəttə mən kimisə təqlid edəndə, bunu görmürdüm, həmişə elə gəlirdi ki, keçən il həqiqətən kimisə yamsılamışam, indi isə öz səsimi tapmışam). Arabir mənim şerilərimi «Hamı üçün yeni jurnal», «Rus sərvəti», «Hamı üçün həyat», «Rus fikri» dərc edirdi. Mən V.Q.Korolenkodan qısa, ancaq səmimi məktub almışdım. Mənim bütün arxivim itmişdi. Korolenkonun məktublar kitabında A.Q.Qomfeldə məktubunu tapdım; Vladimir Qalaktionoviç 1913-cü ilin baharında mənim iki şeirim haqqında yazırdı: «Məncə, ilk sətirlər çox yaxşı və dövrə uyğundur:

Значит, снова мечты о России
Лишь напрасно приснившийся сон.
Значит, снова - дороги чужие...
И по ним я идти обречен»

(Deməli, yenə Rusiya haqqında xəyallar
Əbəs gördüyümüz yuxudur.
Deməli, yenə yad yollar....
Və bu yollarla getməyə məhkumam.)

***

...Mən Senanın sahillərini dolaşır, köhnə kitablar olan qutuları eşələyirdim. Bukinistlər mənə dəri və ya perqament üzlü cildlərdən daha qədim görünürdü. Orada mən hərdən bukinistə oxşar yaşlı adamla rastlaşırdım; o, kitabı, bağban armudu götürdüyü kimi əlinə alırdı - şövqlə və eyni zamanda işgüzar; bu, Anatol Frans idi (sonradan mən heç vaxt onu görmədim; 1924-cü ildə onun dəfnində oldum - bu köhnə epikürçü və kommunistin tabutunu senatorlar və fəhlələr, akademiklər və yeniyetmələr müşayiət edirdi. 1946-cı ildə Anatol Fransın nəvəsi mənə babasının Tur yaxınlığında, Lya-Başellerdəki evini göstərirdi - mən gördüm ki, bü epikürçü kitabpərəst, estet deyilmiş, o canlı insan imiş: ev kolleksiyalarla yox, həyatın illəri, səyahətlər, ehtiraslar, görüşlərin nişanələri ilə dolu idi. Rəfdə yəqin ki, Anatol Fransın mənim yanımda Sena sahillərində aldığı kitablardan da vardı).
***
Bir dəfə necəsə köhnə psaltır və pastorallar arasında əlimə Baratmskinin «Eda»sı düşdü. Titul vərəqində «Prosper Merimeyə, bizim böyük Puşkinin tərcüməçisinə. Yevgeniy Baratmski»yazılmışdı. Mən kitab üçün altı su ödədim və elə oradaca oxumağa başladım. Sena ağır-ağır yırğalanır, barjada ətli-canlı pişik yatırdı. Qarşıda ölüxana var idi, səhər alatorandan ora hallı parislilər gəlirdi - intihar etmişlərin meyitlərinə baxmağa. Notr-Dam kilsəsi göyümtül dumanda daş bağçaya oxşayırdı. Baratmski yazırdı:

Пришлец исполнен смутной думы:
Не мира ль давнего лежат
Пред ним развалины угрюмы?

(Qərib qarışıq fikirlərlə dolu: qarşısındakı
qədim dünyanın boz xarabalıqları deyilmi?)

Xarabalıqlar, yeri gəlmişkən, bəzən çox uzunömürlüdür: Afina Akropolu iyirmi beş əsr ciddi cəhdlə onu dağıdan insanların məskənlərini tək mənən yox, həm də maddi cəhətdən ötüb keçib.

***
Parisdə keçmiş indiylə qovuşur. Bu, qəribə şəhərdir - o, planla tikilməyib, meşə kimi artıb. Uçuq evin ədəbsiz yazılar, sevgi etirafları, seçkiqabağı söyüşlərlə dolu, zavallıların daldalandığı divarlarının yoldan keçənlərin riqqətli baxışlarına, dövlətin himayəsinə tam haqqı çatır.

Dünənki və sabahkı günün harada olduğunu anlamaq mənim üçün çətin idi: Parisin öz təqvimi vardı. Sosial inqilabdan danışarkən Jores antik miflərə istinad edir, Mune-Syulle Edip rolunda olduğu kimi çığurır və əl-ayaq edirdi. Kilsələrdə mən tez-tez tələbələri görürdüm - həkimləri, fizikləri - onlar alınlarını müqəddəs su ilə isladır və zəng çalmanda birgə diz çökürdülər.

Şair Şarl Pegi Janna d’Ark haqqında yazır və katolik hesab olunurdu. Onun şeriləri xoşuma gəlirdi: yüz dəfə eyni şeyi təkrarlayır və hər dəfə əvvəlkindən kənara çıxırdı... Bir dəfə «Kaye de lya kenzen» redaksiyasında onunla söhbət edirdik. Fikirləşdim ki, din, Berqson, messianlıq haqqında danışacaq, ancaq Rusiyadan söz saldı: «Mən sizin yazıçıları bir qədər tanıyıram. Bəlkə də, pul hökmranlığını ilk dəfə ruslar yıxacaq...»

Mən Fransua Viyonun şeirlərini oxudum; XV əsrdə yaşayıb, oğru və quldur olub:

От жажды умираю над ручьем.
Смеюсь сквозь слезы и тружусь играя.
Куда бы ни пошел, везде мой дом,
Чужбина мне - страна моя родная.
Я знаю все, я ничего не знаю

(Çeşmə başında susuzluqdan ölürəm,
Gözüyaşlı gülürəm, oynayaraq çalışıram.
Hara getsəm, hər yerdə evim var
Qürbət - doğma yurdumdur,
Mən hər şeyi bilirəm, mən heç nə bilmirəm.)

Bundan əvvəl isə yeni poeziyanın banilərindən sayılan Mallarmenin şeirlərini çevirmişdim. Anladım ki, Fransua Viyon mənə «Favnın nahardan sonrakı istirahəti» müəllifindən daha yaxındır. «Qırmızı və qara»nı dönə-dönə oxuyurdum; çətin təsəvvür etmək olurdu ki, bu romanın səksən yaşı var. Ətrafımda hamı deyirdi ki, müasirliyi açan yazıçı Andre diddir; onun «Dar qapı» romanını əldə etdim. Mənə elə gəldi ki, bu kitab XVIII əsrdə yazılıb, müəllifin sağ olması haqda fikirləşəndə gülümsədim - onu «Vye kolombye» teatrında görmüşdüm.
***
Hər şey gözlənilməz görünür və hər şey mümkün olurdu. Mən Klişi meydanı ilə gedir, şeir qoşurdum, qəfil meydan adamlarla doldu. Adamlar çığırır, polis səddini keçməyə və ispan səfirliyinə yaxınlaşmağa çalışırdılar: anarxist Ferreronun edamına etiraz edirdilər. Atəş açıldı, həmin an barrikadalar quruldu; omnibusları aşırdılar, fənərləri yıxdılar. Yanan qaz fontanları aləmi bürüdü. Mən dəqiq bilmirdim, Ferrero kim olub və onu niyə edam ediblər; ancaq hamıyla birgə qışqırırdım. Elə gəlirdi ki, bu, inqilabdır. Bir neçə saat sonra Klişi meydanında adamlar sakitcə kofe və ya pivə içirdi...

Parisi o vaxt «dünyanın paytaxtı» adlandırırdılar və həqiqətən, burada yüzlərlə müxtəlif ölkənin nümayəndələri yaşayırdı. Makedoniyalılar səs-küylü mitinqlər keçirirdi. Çinli tələbələr respublika elan olunmasını bayram edirdilər. Polyak və portuqal, fin və ərəb, yəhudi və çex qəzetləri çıxırdı. Parislilər Stravinskinin «Müqəddəs bahar»ını, italyan futuristi Marinettini, d’Annunsionun misteriyasını səhnələşdirmiş İda Rubinşteyni alqışlayırdılar. «Dünyanın paytaxtı» eyni zamanda dərin əyalət idi. Paris məhəllələrə bölünürdü; hər birinin öz dükanları, kiçik teatrları, rəqsləri olan baş küçəsi var idi. Hamı bir-birini tanıyırdı, küçələrdə qeybət qırır, bulkaçıdan, mexanik Janın arvadının ona buynuz qoymasından danışırdılar...

***

...Kafeyə tanışlarla görüşmək, siyasətdən danışmaq, qeybət etmək üçün gedirdilər. Müxtəlif peşə sahiblərinin öz kafeləri var idi: vəkillərin, mal-qara alverçilərinin, rəssamların, jokeylərin, aktyorların, senatorların, sutenyorların, yazıçıların, xəzçilərin...

Joresin tərəfdarlarının getdiyi kafeyə Gedin tərəfdarları getməzdi. Şahmatçıların yığışdığı kafelər var idi - burada Lasker və Kapablankanın tarixi partiyaları oynanılırdı...

Mən «Klozem de lilya» kafesinə gedərdim - rusca «Yasəmənli xutor» deməkdir; burada heç bir yasəmən yox idi; ancaq bir stəkan kofe sifariş verib, kağız xahiş etmək və beş-altı saat yazmaq olardı ( kağız pulsuz idi). Çərşənbə axşamları «Klozem de lilya»ya fransız yazıçıları, əsasən şairlər toplaşardı...

* * *
Sənət məni getdikcə daha çox özünə çəkirdi. Şeirlər yalnız bifşteksləri deyil, «Darıxdırıcı əhvalatın qəhrəmanmın və onunla bahəm Çexovun xiffətində olduğu «ümumi ideya»nı da əvəz edirdi. Yox, xiffət qalırdı: mən sənətdə rahatlıq yox, ehtiraslı hisslər axtarırdım. Mən rəssamlarla dostlaşdım, sərgilərə getməyə başladım. Hər ay şairlər və rəssamlar müxtəlif bədii manifestlər bəyanlayır, hər şeyi və hamını alt-üst edir, ancaq hər şey elə yerində qalırdı...

...Paris mənə çox şeyi öyrətdi, mənim dünyamı genişləndirdi. Çox vaxt bu şəhər şənliklə bağlanır; fikrimcə, Paris kədərlə gülümsəməyi bacarır - onun evləri, şairləri, qızlarının gözləri belədir; kədərdə sevincli, sevincdə kədərli olmaq xisləti onu gah qanadlandırır, gah da qanadlarını qırır...

...Paris məni öyrədir, zənginləşdirir, ayağa qaldırır və yıxırdı. Bu, qaydasında olan bir şey idi: insan nəsə qazananda eyni zamanda nəyisə itirir - irəli gedir və dünən sənin həyatını təşkil edən sevinc və kədərlə əbədi vidalaşırsan...

***
Balmontla mənimki gətirmədi. Mən şeir yazmağa başlayarkən, onun kitabları mənim üçün tapıntı idi;«Bu dünyaya gəlmişəm ki, günəşi görəm»i yazmış adamı görməyi arzulayırdım. Konstantin Dmitriyeviçlə mən iki il sonra tanış oldum; onun şeirlərində çox şey artıq mənə gülməli gəlirdi - mən Bloku ilahiləşdirir, Annen- skini, Soloqubu, Qumilyovu, Mandelştamı oxuyurdum. Balmont günəşi vaxtında görmüşdü, mənsə Balmontla görüşə gecikmişdim.

Konstantin Dmitriyeviçlə 1911-ci ildə tanış olmuşdum; onun qırx dörd yaşı vardı. Bilirdim ki, Parisdə yaşayır və təbii ki, ilk kitabımı ona göndərdim. Balmont hisslər adamı idi, həyatı təsadüflərlə dolu idi. O, məsələn, iki dəfə emiqrant olmuşdu; adi yarlıkları işlətsək, birinci dəfə - qırmızı, ikinci dəfə - ağ emiqrant...

...Konstantin Dmitriyeviç Passi küçəsində (sonradan bu rayonda ağ emiqrasiya məskunlaşdı) yaşayırdı. Tez-tez qonaqları olardı - rus parislilər, Rusiyadan gələnlər, fransızlar. Məni evinə dəvət elədi. Həmin axşam mən yeganə qonaq idim. Konstantin Dmitriyeviçin arvadı ucaboy, gözəl qadın, məni səmimi qarşıladı və utanmağım getdi, unutdum ki, qarşımdakı məşhur şairdir. Mən heç yerə qonaq getməzdim, yalnız kafedə və rəssamların soyuq, çirkli emalatxanalarında olardım, burda isə isti, işıqlı rus evinə düşmüşdüm: məni çaya qonaq etdilər; Konstantin Dmitriyeviçin kiçik qızı Ninika dəcəllik edirdi. Hər şey əla və adi idi. Hər şey, ev sahibinin görkəmindən başqa Balmont qeyri-adi idi.

Parisi təəccübləndirmək çətin idi, lakin dəfələrələ şahidi olmuşdum ki, Balmont Sen-Jermer. bulvarı ilə gedəndə hamı dönüb ona baxırdı...

...Cavanlığında Balmont intihara cəhd etmişdi - pəncərədən özünü atmışdı; ayağım zədələmiş və ömrü boyu yüngülcə axsayırdı; sürətlə yeriyirdi, adama elə gəlirdi ki, yeriməyə yox, uçmağa alışmış quş gedir...

...O nəzakətlə şeir oxumağımı təklif etdi, «yaxşı... yaxşı» deyirdi - yəqin gənc müəllifi həvəsləndirmək istəyirdi. Sonra ayağa qalxaraq öz əsərlərini oxumağa başladı. Şeirlər mənim elə də xoşuma gəlmədi - onun poetik qürub çağı başlamışdı, - ancaq mən onun ilhamlı və məğrur səsinə heyran oldum: o, şaman kimi oxuyurdu, sözlərinin şər qüvvələr də olmasa, kasıb köçərilərə hakim olduğunu bilən şaman kimi. Bir çox dildə danışırdı, ancaq aksentlə, rus yox, Balmont aksenti ilə...

Hərdənbir məni evinə dəvət edirdi; burada moskvalı mesenatlar, fransız tərcüməçiləri, pərəstişkar xanımlarla rastlaşırdım.
***
...Parisə Odessadan gənc şair Mark Talov gəlmişdi, deyirdi ki, qürbətə düşüb, vətəni qoyub gəlib, orada nişanlısı var; kasıbçılıq içində idi; şeirlərini oxuyurdu:

Здесь я постиг всю горечь одиночества,
Здесь муки начинают ныть.
Нет у меня ни имени, ни отчества,
Ни родины, ни счастья, ни семьи.

(Burada tənhalıq acısını daddım,
Burada əzablar sızlar.
Nə adım var, nə soyum,
nə yurdum, nə səadətim, nə ailəm)

O təkrarlayaraq deyəndə ki, nişanlısı onun qayıtmasını gözləyir, biz gülürdük. (Odessaya on il sonra qayıtdı və nişanlısı həqiqətən onu gözləyirmiş). Talov çox istəyirdi ki, şeirlərini Balmonta oxusun; onu özümlə apardım, utan¬dığından stul əvəzinə isti dəmir sobaya oturdu. Hamı güldü, Balmontsa eşitmədiyi şeirləri tərifləməyə başladı...
***
...Balmont gah susur, yaygın halda ətrafa baxır, gah canlanır, Misir, Meksika, İspaniya haqqında danışırdı. Onun haqqında danışdığı bütün ölkələr fantastik görünürdü; deyəsən, o, bütün dünyanı gəzmişdi, ancaq yalnız bir ölkəni görmüşdü, xəritədə olmayan ölkəni, mən onu Balmontiya adlandırardım...

Çexov onun haqqında yazırdı: «O yalnız içkili olduqda yaxşı və ifadəli danışırdı». Mən Konstantin Dmitriyeviçlə tez-tez kafedə rastlaşırdım. Bir-iki qədəh konyakdan sonra o həqiqətən gözəl həmsöhbətə çevrilirdi; mən ya Oksfordun vasvası pansion sahibələrini, ya Yavadan ovsunçunu, ya magiyaya aludə olmuş Valeri Yakovleviç Bryusovu görürdüm. Balmont daima hansısa qara rəngdən danışılan qədim gürcü ovsununu təkrarlayırdı. Onu sakitləşdirmək olmurdu. Həyat yoldaşına qışqırırdı: «Mən gecəyə getmək istəyirəm! Yelena, mane olma!» Onun görkəmində böyüklük və miskinlik, məğrurluq və uşaqlıq var idi.

Onu Verlenlə müqayisə edirlər: alkoqol, musiqi, uşaqlıq. Ancaq Balmont, «zavallı Lelian»dan fərqli olaraq, dərin savadlı adam idi; xeyli kitab oxumuşdu. Müxtəlif dövrlərin, ölkələrin poeziyasını tərcümə etmişdi: Şelli və Kalderon, Rustaveli və Uitmen, Leopardi və Slovaski, Bleyk və Heyne, Edqar Po və Uayld. Misirin qədim nəğmələri və Pol Forun şeirləri Balmontun tərcümələrində eyni cür səslənirdi. Özünün məhəbbət şeirlərində şeiri ithaf etdiyi qadınlara deyil, öz hisslərinə heyran olduğu kimi, başqa şairləri tərcümə edərkən öz səsinin tembrinə valeh olurdu...

***

...1917-1918-ci illərdə onunla Moskvada bir-neçə dəfə rastlaşdıq. Özünə sadiq idi. İnqilab öz inadkarlığı ilə onu acıqlandırırdı: istəyirdi ki, tarix şəxsi həyatına müdaxilə etməsin. Dəfələrlə ehtirasla sevmiş, bu haqda şeirlərində yazmışdı. Fikirləşirdi ki, dövrlə də belə rahat vidalaşmaq olar: «Bu yay Rusiyaya sevgim bitdi». Bir dəfə onun üçün Puqaçovun edamı haqqında şeirimi oxudum. Konstantin Dmitriyeviç əvvəl narazılıqla üz-gözünü turşutdu, sonra mənim qeyd dəftərimdə yazdı:

Я слышал варварскую речь,
Молитву-крик и песню в лике стона.
Но не хочу тебя предостеречь.
Ты хочешь срыва? Мощь сладка уклона.
Будь варваром. Когда царит пожар,
Лишь варвар юн и смел.
Не прав лишь тот, кто стар.

(Barbar nitqini eşitdim, dua-qışqırıq və iniltili mahnı,
ancaq xəbərdar etmək istəmirəm,
Sən sınmaq istəyirsən?
Enişin qüdrəti dadlıdır.
Barbar ol Yanğın olduqda,
Tək barbar gənc və cəsurdur.
Yalnız qoca olan haqlı deyil)

Aşağıda tarix göstərilmişdi: 28 dekabr 1917- ci il. Üç il sonra Parisə getmiş və qərara gəlmişdi ki, yalnız özü haqlıdır. Onun inqilaba nifrinlə dolu siyasi şeirləri də «Qisasçı nəğmələri» tək acizanə idi. Yenə də emiqrant oldu, ancaq bu dəfə bir-neçə illik yox, ömürlük; kasıblıq, sərxoşluq...

***

1934-cü ildə onu Monpamas bulvarında gördüm. Tək gedirdi, qocalmışdı, nimdaş paltoda idi, uzun saçları ağarmışdı. Məni tanıyıb salamlaşdı. «Bəs mənə demişdilər ki, siz Rusiyadasınız...» Cavab verdim ki, Moskvadan yaxınlarda qayıtmışam. Canlanaraq soruşdu: «Deyin, məni orda xatırlayırlarmı, oxuyurlarını?» Ona yazığım gəldi və aldatdım: «Əlbəttə, xatırlayırlar». Gülümsədi və başını dik tutaraq getdi, devrilmiş zavallı kral...

***

Böyük Sovet Ensiklopediyasında «dekadent şairə» cəmi iyirmi sətir həsr olunub - Benediktova həsr olunan qədər. Ancaq onun hansısa məziyyətləri göstərilib, Balmontun isə heç bir. Gənc sovet oxucuları çox çətin bilərlər ki, belə bir şair olub. XX əsrin əvvəllərində isə Balmontun şeirlərinə, ən azı şöhrətinə bələd olmayan tələbə tapmaq olmazdı...

Simvolistlər üçün o, müəllim, ustad idi: Blok və Andrey Belıy məktəb illərində onu oxumaqdan doymayıblar.

Bryusov Balmontun yüksəliş və enişlərini ümumiləşdirərək belə yazırdı: «Balmont lirikanın insan qəlbinin sirlərini necə dərindən aça bilməsini göstərdi».
Balmontu simvolistlərdən uzaq yazıçılar, məsələn, Bunin də dəyərləndirirdi.

Çexov qədər Balmontun təmkinsiz, bəzən əla, bəzən yüngül poeziyasına yad adam ola bilməzdi. Lakin Anton Pavloviç «dekadent şair»ə yazırdı: «Bilirsinizmi, mən sizin istedadınızı sevirəm. Sizin hər bir kitabınız mənə xeyli ləzzət verir və həyəcanlandırır. Yəqin ki, bu, mənim mühafizəkarlığımla bağlıdır».
Qorki Balmont haqqında heyranlıqla danışır, jurnal redaktorlarına onu dərc etməyi məsləhət görürdü.

A.V.Lunaçarskinin Balmontun şeirlərini necə heyranlıqla oxuduğunu xatırlayıram.

***

...Balmont haqqında yüzlərlə tədqiqat işi yazılıb. Hər il onun kitabları yenidən dərc edilib: onun mühazirələrinə bilet tapmaq olmurdu. Teatr və ya küçədə görünən kimi pərəstişkar xanımların əhatəsinə düşürdü. Doğrudanmı bunlar psixoz, özünü aldatma idi və Qorki, yaxud Bryusov tərəfindən Balmontun istedadınm etirafı, ensiklopediyadakı məqalə müəllifinin dediyi kimi, onunla bağlı idi ki, Rusiya oxucuları onun «gerçəklikdən gizlənmə cəhdi» və «barbarlığa heyranlığını bölüşürdü?

***

Mən Benediktovu yalnız ona görə xatırlamadım ki, o məşhurlaşıb və tezliklə də unudulub. Belə demək olar ki, Balmont öz uğursu- əsərlərində hay-küyçülüyü, zövqsüzlüyü ilə Benediktovu xatırladır.

...Bəli, Balmontun yüzlərlə pis şeiri var; o həddən çox yazır və bütün yazdıqlarını çap etdirirdi. Ancaq onun otuz kitablmdan bir yaxşısını tərtib etmək olar...

... Balmont rus poeziyasında çox şeyi dəyişdi: «Mən aramlı rus nitqinin gözəlliyini...» və ya «Rus təbiətində yorğun zəriflik var...» kimi şeirlərini oxumaq kifayətdir. Tale ona qarşı çox ədalətsiz olub: ona valeh olur, sonra isə valeh etdiyi üçün ondan qisas alırdılar.

Özünü qiyamçı, müasirliyin ifadəçisi kimi təsdiq edən Balmont yalnız eqosentrik yox, həm də qeyri-adi anaxronizm idi. O, ədəbiyyata XX əsrlə daxil oldu. Artıq küçələrdə maşınlar şütüyür, zavod korpusları ucalır, nəhəng sosial savaşlar gedirdi, Balmontsa əynindəki müasir pencəyi ilə gülməli görünən XIV əsr-trubaduru olaraq qalırdı...

***

... Futuristlər ədəbi gecəyə gələrək Balmontun üstünə düşəndə, Konstantin Dmitriyeviç başını arxaya verib köhnə bir şeirini oxudu:

Тише, тише совлекайте с древних идолов одежды,
Слишком долго вы молились, не забудьте прошлый свет...

(Asta, asta qədim bütlərin libasını çıxarın,
Siz həddən çox dua etmisiz, keçmiş işığı unutmayın...)

Dəhşətli tufan yaxınlaşırdı, gecikmiş trubadur isə küləyin ilk həmləsinə üz tutaraq sadəlövhcəsinə zefir olmasını xahiş edirdi. O nə qədər kitab oxumuşdu, ancaq yenə də anlamamışdı ki, qədim bütləri yalnız tezcə soyundurmurlar, onları ra¬hatca yandırırlar. Elə bu, onun uzun saçları və velaskessayağı idalqo pozasından daha böyük anaxronizm idi...

Uzun və kimsəsiz qürub başlayırdı - süqut, tənhalıq, ehtiyac, ruhi xəstəlik. O, 1942-ci ildə öldü...

***

...Cavanlıqda mənə iki dəfə İtaliyada olmaq nəsib olmuşdu. Pulum az idi; mən karvansaralarda, şübhəli pritonlarda gecələyirdim; aşxanalarda makaron yeyirdim - qabı iki soldiyə idi və bir-neçə saatlıq aldadıcı toxluq yaradırdı; qatara pulum çatmayanda səfərə piyada çıxırdım; İtaliyadakı ayları ən xoşbəxt günlərim kimi xatırlayıram. Orada anladım ki, sənət həvəs, bəzək, təqvimin bayram günləri deyil, onunla sevdiyin adam kimi bir otaqda yaşamaq olar. Hər bir gənc ilk dəfə sevərkən elə bilir ki, məchul bir dünya kəşf edir. İtaliyada mənimki belə olmuşdu: qədimdən yadelli yazıçılar bu ölkəyə düşəndə yeni cür xoşbəxt olublar, sənətin yaxınlığını yeni şəkildə hiss ediblər - Stendaldan Bloka, Hötedən müasirimiz V.P.Nekrasova qədər (Düzdür Heminquey insan dərdinin dərinliyini məhz İtaliyada anladı, ancaq bu, müharibə dövrü idi, müharibə isə hər yerdə müharibədir).

***

Mənimçün İtaliya həm cənnət, həm də məktəb idi. 1909-cu ildə mən Van Qoq, Qogen, Matissin rasimlərinə inamsızlıqla, demək olar ki, qorxu ilə baxırdım, buzov qatara baxan kimi. Beş il sonra isə mən rəssamlarla dostlaşdım - Pikasso, Leje, Modilyani, Rivera ilə; onların əsərləri mənə ümid və tərəddüdlər düyünündən baş açmağa kömək etdi. Müasir sənətin açarını keçmişdə tapdım. Bloku Puşkinsiz anlamaq mümkün olmadığı kimi, Modilyanini də İntibah rəngkarlığından ayrı qavramaq olmaz: Puşkini uşaqlıqdan bilirdim, rəssamlığın əlifbasını isə mənə heç kim öyrətməmişdi; sadəcə eşitmişdim ki, Rafael dünyanın ən böyük rəssamıdır və onun «Gözləmirdilər» əsəri inqilabi mübarizə ilə bağlıdır.

İlk dəfə Luvrda olanda mən vəhşi idim; nəyin bahasına olursa-olsun Cokondanm sirli gülüşünü görmək istəyirdim, görəndən sonra isə onun nə ifadə etdiyini tapmağa başladım; sonra Miloslu Veneranı xatırladım - ona baxmaq lazım idi, axı hamı onu gözəllik idealı hesab edir, onun qarşısında Heyne və Qleb Uspenski riqqətə gələrək ağlayıblar... Luvr böyük şəhərdə böyük muzey idi; mən orada gəzişdim, köks ötürdüm və çıxıb getdim. Yuxulu Brüqqenin kiçik muzeyləri mənim üçün ibtidai məktəb oldu; əsl sənətə isə İtaliyada aşina oldum...

***

...XVIII əsrdə sənətin maarifçi xiridarları qotikanı eybəcər barbarlıq sayıb. Puşkin Fransua Viyonun poeziyasından həqarətlə danışıb. Stendal Cottonu Rafaelə doğru pillə saysa da, onun rəsmlərini köməksiz və eybəcər hesab edib.

O vaxtdan bəri dəyərlər dəyişib: XVIII əsr - XIX əsrin əvvəllərinin ən iti zəka sahiblərinin sezmədikləri bizə yaxındır. Lakin bəlkə onların səhvlərini təkrarlamamalıyıq və bizə yad olan sənət əsərlərinə həqarətlə yanaşmamalıyıq? Mən bir insanın mülahizələrinin dəyişməsindən danışacam ki, bizim dəyərlərin nə qədər nisbi olduğunu xatırlada bilim.

***
1911-ci ildə məni kvatroçento sənətkarları və ilk növbədə Bottiçelli valeh etmişdi. İlahi, mən «Veneranın doğuluşu» və «Bahar» qarşısında neçə saatlarla dayanmışdım! Rafaelin treskaları mənə darıxdırıcı görünürdü; Cotto ikonaları xatırladırdı. Bottiçellinin qadınları venesiyalıların rəsmlərindəki kimi kobud, kök, çəhrayı deyildi; Memlinq və ya Van-Eykdəki kimi vücudsuz və ifrat ruhsal deyildi. Venera dünyaya utancaq, bir az kədərlə baxırdı, elə təxminən bu cür də mən Veneraya. Mən «İtaliyanın obrazları» kitabı ilə maraqlandım. Muratov elə bil ki, mənim qəlbimə girmişdi: yazırdı ki, «Veneranın doğuluşu» dün-yanın ən böyük rəsmidir. İndi anlamaq istəyirəm, Bottiçelli məni nəylə ələ almışdı. Yəqin ki, həyat şövqü və kədərin birləşməsi, inamsızlıq əşrinin başlanması, qarışıqlığı ahəngə salma qabiliyyəti ilə...

***

... İki il sonra Florensiyaya döndükdə mən ilk növbədə Bottiçellinin şəkilləri ilə görüşə getdim və özümü itirdim: əlbəttə, onlar çox gözəl idi. Ancaq mənim aldığım həzz artıq yad idi; onlar daha mənim ruhi vəziyyətimə uyğun deyildi. Mən artıq qarışıqlığı, xaosu poetikləşdirmək istəmirdim, dəniz məni yırğalayırdı və tərpənməz sahilə baxmaq istəyirdim. Mən inam dolu insanlar haqqında hörmətlə fikirləşməyə başladım - Vale Neymark haqqında, Fransis Jamm haqqında.

Beatoya vuruldum: onun rəsmləri hərəkət idi, yalnız madonnanı təsvir etmir, öz rəsmləri qarşısında dua oxuyurdu. Cotto, Syen ustaları məni cəlb etdi...
Gözlərim qarşısında ilk Florensiya sənətkarlarının ciddi, fikrə qərq olmuş freskaları dururdu. Yenə də anlamağa çalışırdım ki, Rafaelin şöhrəti nədədir, Tintoretto nə ilə cazibədardır, ancaq bunlar cavabsız suallar idi...
***
Mən bir gəncin, qırx yaşlı adamın və indiki, qocalıq çağımın çox mübahisəli mülahizələrini nəql etdim. Bunlar əlbəttə ki, özlüyündə maraq kəsb eləmir, bir də ki, mən sənətşünas deyiləm. Mənə elə gəlir ki, dəyərləndirmə yox, onların bir insan ömründə dəyişməsi maraqlıdır. Şair Balmont sadəlövhcəsinə xahiş edirdi ki, dünənki kumirləri ifşaya tələsməyək. Əsl sənətkarların mərhəmətə ehtiyacı yoxdur; ancaq sağlam düşüncə deyir ki, bir qədər tədbirli olmalıyıq: ifşa olunmuş bütlər yenidən ilahiləşə bilər. Elmdəki kəşflər əvvəlki nəzəriyyələri inkar edir: indi astronomiyanı Ptolomey və Pifaqor əsasında öyrənmək olmaz; qədim yunanların heykəlləri isə bizə kamil görünür. Hazırda Bottiçelli mənim ürəyimcə deyil; cavanlıqda onu bəyənməyimin əhəmiyyəti yoxdur, əsas budur ki, onu yəqin bizim nəvələrimiz də olmasa, nəticələrimiz sevəcəklər Mənə Bolon məktəbi haqqında xoş söz demək çətindir - onlarla öz hesabım var, lakin bu, əlbət ki, onların təqsiri deyil: Bolon rəngkarlığı indiyə qədər bir çoxlarının anlaşılmazlıqdan və ya adətkərdəlikdən realizm adlandırdığı həmin şərti, eklektik sənətin qanunlarını üç yüz il müddətinə müəyyənləşdirib (Bryusov 1922-ci ildə yazırdı: «Realizm fəlsəfi termin kimi yox, sənət mənasında sənətkar qarşısında gerçəkliyi düzgün əks etdirmək vəzifəsini qoyur. Ancaq hansı sənətkar, harada, nə vaxt, hansı ölkədə, hansı dövrdə qarşısına başqa vəzifə qoyub? Bütün fərq yalnız «gerçəklik» dedikdə nəyin başa düşülməsindən ibarət olub...»)...

***

Keçmişin sənəti yalnız bizim gözlərimizi açmır, o özü gözlərimizin hərarətindən açılır. Yeni nəsillərin məhəbbəti - iprənmiş kətanları təmizləyən, onların ilkin parıltısını bizə qaytaran əsl bərpaçı budur...

...Əlavə edim ki, 1959-cu ilin payızında İtaliyada olarkən etrusk sarkofaqları, daş tabutlardan dikələn çılğın kişilər və qadınlar mənə çox güclü təsir etdi. Mən Roma yaxınlığındakı kiçik Tarkinye muzeyinin həyətində xeyli onlara baxdım. İndi bu kitabı yazarkən mən keçmişimi, artıq çoxları həyatda olmayan dostlarımı canlandırmağa çalışıram. Və qarşımda mənim doğuluşumdan iyirmi beş əsr əvvəl yaşamış kişiləri, qadınları görürəm. Elə bil ki, onları öz müasirim kimi tanıyır və anlayıram...

***

«Klozeri de lilya»da oturub fransız şairlərinin şeirlərini çevirirdim - antologiya tərtib etmək istəyirdim. Voloşin məni Aleksandr Merseroya təqdim etdi. O, elə də cəlbedici şair deyildi, ancaq çox diqqətcil insan idi: öz kitablarını gətirir və məni daha məşhur yoldaşları ilə tanış edirdi.

İri rus sənayeçisi N.P.Ryabuşinski 1906-cı ildə rus və fransız dillərində «Qızıl yun» adlı bədii jurnal buraxmaq qərarına gəlmişdi. Üslubçu tələb olunurdu. Ryabuşinski xərcdən çəkinməyərək əsl fransız şairi sifariş etmişdi. Sifarişi yerinə yetirməkdə çətinlik yarandı: şairlər uzun müddətə Parisi tərk etmək istəmirdilər.

Parisin əyaləti olan Kreteydə keçmiş abbatliq binasında bir neçə şair məskunlaşmışdı; onlar şeir yazır, özlərinə yemək hazırlayır və əsərlərini əl dəzgahında çap edirdilər.

«Abbatliq» ədəbi qrupu belə yaranmışdı; sonradan onun bir çox nümayəndələri məşhurlaşdı: Dyuamel, Jül Romen, Vildrak. Bu şairləri dar fərdiyyətçilikdən uzaqlaşmaq, hamıya xas fikir və hisslərdən ilhamlanmaq cəhdi birləşdirirdi. «Abbatlıq»da alababat şairlər də var idi. Mersero da onlardan idi və məhz o, «Qızıl yun»da işə həvəsləndi...

Tərcümə edən: Asif Hacıyev
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031