manera.az
manera.az

Cehiz – Anton Çexovun hekayəsi

Cehiz – Anton Çexovun hekayəsi
Böyük, balaca, daşdan, taxtadan, təzə, köhnə, bir sözlə bu yaşıma kimi saysız evlər gördüm. Hafizəmdə təkcə bir ev dərin iz saldı.

Üç pəncərəsi olan bu bir mərtəbəli balaca ev uzaqdan bəstəboy, çalmalı qarıya bənzəyirdi. Əhənglə ağardılmış ağ divarları, kərpic damı vardı. Üfürsən bacası uçardı. Bu balaca ev sahibinin ulu babalarından qalma tut, akasiya, qovaq ağaclarının arasında, yaşıllığın içində itib-batırdı. Hədsiz yaşıllığın olmasına baxmayaraq, ev əsl şəhər evinə oxşayırdı. Evin böyük həyəti vardı. Başqa geniş həyətlərlə birləşən bu həyət atı minilməyən, maşının sürülməyən, adamların çox seyrək göründüyü Moskva küçələrindən idi.

Burda sakinlər gün işığını sevməzdilər. Pərdələr yarı örtülü idi. Pəncərələr heç vaxt açılmazdı. Ömürləri tut, akasiya ağacları, qanqal kolları arasında keçən bu insanlar təbiət gözəlliklərinə laqeyd idilər. Təbiət gözəlliklərini duya bilmək istedadını tanrı yalnız bağ-bağat sevənlərə bəxş etmiş, digər insanlar bu gözəllikdən bixəbər idilər. Onlar sahib olduqlarının dəyərini bilməz, qorumaz, sevgidən məhrum idilər.

Balaca evin bağçası elə bil cənnət idi. Quşlar cəh-cəh vururdu. Yayda evlər havasız, qışda hamam kimi isti, tüstü qoxurdu. Bir sözlə, adamın ürəyi sıxılırdı. Bu evə lap çoxdan – polkovnik Çikamasovun salamını arvadı ilə qızına çatdırmaq üçün getmişdim. İlk ziyarət unudulmaz olmuşdu. Üz-gözündən qorxu, heyrət yağan bəstəboy solğun bənizli təxmini 40 yaşında bir qadının sizi evin girəcəyində qarşıladığını təsəvvür edin. Əlimdə nə balta, nə dəyənək, nə tapança vardı. Gənc və tanımadığı biri olduğum üçün qadın qorxurdu.

Çəkinərək, zəif səslə: "Kimlə görüşmək şərəfinə layiq olmuşam, cənab!” deməsindən qarşımdakının xanım Çikamasova olduğu o dəqiqə başa düşülürdü. Ziyarətimin səbəbini dedikdə qorxu və heyrət yox oldu, sevinc səsləri eşidildi. Gözlər xumarlandı. Qəhqəhə səsləri evin girişindən qonaq otağına, sonra mətbəxə, ordanda küçəyə yayıldı. Beş dəqiqə sonra qonaq otağında yumşaq divanda əyləşəndə küçəyə qədər gedib çıxan "aha-ha-ha” səsləri eşidildi. Pəncərədə ətirşahlar, tül pərdələrin üstündə tox milçəklər...

Divarda şüşəsinin bir tərəfi qırıq çərçivədən keşiş, arxasında rəngi sapsarı saralmış qaraçı görkəmində nənə, babaların şəkilləri asılmışdı. Stolun üstündə üskük, bir yumaq sap, yarıya qədər toxunmuş corab, yerdə parçalar, ipəkdən hazırlanmış qadın köynəyi vardı. Qonşu otaqda gəlişimdən özünü itirmiş bir qoca qarı parça qırıntılarını yığırdı. Çikamasova: "Bağışlayın, otaq tör-töküntüdü” – dedi.

Mənimlə danışa-danışa pərt olmuş kimi parça qırıntılarını yerdən yığırdı. Otağın qapısı dəqiqə başı yarı açılır, yarı bağlanırdı. Çikamasova qapıya tərəf səsləndi: "Nə lazımdır?”

Qadın səsi soruşdu: "O est mon ctavette, lequel mon pere m avait envoye de Koursk”

"Ah, est e Marie que” (Ah, elə deyilmi, Mariya) İndi münasib olarmı? "Noves avons done chez nous un homme tres peu connu par nous” -

Lukeryadan soruş. Məmnunluqdan yanaqları allanmış Çikamasovanın gözlərindən: "baxın, görün biz fransızca nə gözəl danışırıq” sözləri oxunurdu.

Çox keçmədi ki, qapı açıldı. Əynində pambıqdan uzun paltar, uca boylu, 19 yaşında zərif bir qız içəri daxil oldu. Qızın belindəki qızılı naxışlı kəmərə sədəf rəngdə yelpəng taxılmışdı. Qız içəri keçib əyləşən kimi başladı qızarmağa. Əvvəlcə uzun çopur burnu, sonra birçəyinə qədər üzü qızardı.

Çikamasova melodik səslə dedi:

– Bu da mənim qızım – Maneçka.

Qıza özümü təqdim etdim. Söhbət zamanı evdə çoxlu parça qırıntılarının olmasına təəccübləndiyimi söylədim. Ana-bala başlarını aşağı saldılar.

Xanım Çikamasova:

- Voznesenye qəsəbəsində yarmarka keçirilir. Hər il ordan çoxlu parça alırıq. Növbəti il keçiriləcək yarmarkaya qədər hamısını tikirik. Yoldaşım Pyotr Simyonoviçin gəliri az olduğu üçün dərziyə gedə bilmirik. Bəd xərclik edə bilmərik. Tikiş işlərini özümüz görürük.

- Bu qədər paltarı kim geyinir? Evdə iki nəfərsiniz.

- Bunlar geyinmək üçün deyil. Geyinmək nədi? Bunlar cehizdi.

Gənc qız pazı kimi qıpqırmızı oldu.

- Sən nə danışırsınız, ana? Qonağımız sözlərini ciddi qəbul edəcək. Yox, mən heç vaxt ərə getməyəcəm. Heç vaxt.

"Ərə getmək” sözlərini deyəndə qızın gözlərinin parıldadığının şahidi oldum.

Stola çay, biskvit, mürəbbə, kərə yağı gətirildi. Süfrəyə qırmızı moruq və qaymaq verildi. Axşam saat 7-də şam yeməyinə 6 növ taam hazırlanmışdı.
Yemək vaxtı qonşu otaqdan əsnəmək səsi eşitdim. Təəccüblə qapıya baxdım. Bu kişi əsnəməyi idi. Təəccübləndiyimi görən Çikamasova:

– Pyotr Semyonoviçin qardaşıdı. Qaynım Yeqor Semyonoviçdi. Bir ildir ki, bizdə qalır.

Gərək, bağışlayasınız, yanınıza gələ bilməyəcək. Utancaqdı. Monastra qapanmaq istəyir. İşdə xətrinə dəyiblər. Kefsizdir.

Axşam yeməyindən sonra xanım Çikamasova Yeqor Semyonoviçin kilsəyə bağışlamaq üçün öz əlləri ilə hazırladığı keşiş şalını göstərdi. Maneçka da utancaqlığın daşını bir anlıq ataraq atası üçün toxuduğu pul torbasını gətirdi. Özümü əl işinə heyran olmuş kimi apardım. Qız qıpqırmızı oldu. Əyilib anasının qulağına nəsə pıçıldadı. Qadın qürur hissi ilə məni saxlanc otağına dəvət etdi.

Otaqda beş böyük sandıq, çoxlu sayda kiçik sandıq və qutular gördüm. Xanım Çikamasova pıçıltı ilə:

– Bu da cehizlər. Hamısını öz əlimizlə hazırlamışıq.

Sandıqlara baxdıqca üstümə qaramat gəlirdi. Ev sahiblərindən yola düşmək üçün icazə istədim. Növbəti dəfə onları ziyarət edəcəyimə söz verdim. Verdiyim sözü düz 7 il sonra məhkəmə işi ilə bağlı mütəxəssis kimi göndəriləndə yerinə yetirə bildim.

Evə girən kimi həmin tanış "ahları” eşitdim. Məni tanımışdılar. Tanımalıydılar da. Mənim o evə ilk gəlişim böyük hadisə olmuşdu. Bu cür əhəmiyyətli hadisələr unudulmur.

Kökəlmiş, saçları ağarmış xanım Çikamasova yerdə sürünərək göy parçanı ölçüb-biçirdi. Qız divanda əyləşib tikmə ilə məşğul idi. Parça qırıntıları, ətrafda naftalin qoxusu vardı. Divardan həmin çərçivəsi qırıq portret asılmışdı. Otaqda bəzi yeniliklər gözə dəyirdi.

Keşiş portretinin yanında Pyotr Semyonoviçin şəkli asılmışdı. Ev adamları yas saxlayanlar kimi qara geyinmişdilər. Pyotr Semyonoviç general adını aldıqdan bir həftə sonra rəhmətə getmişdi. Generalın dul arvadı keçmişi xatırlayıb ağlamağa başladı:

– Ah, dərdimiz böyükdü. Qızımla mən yetim, yiyəsiz qaldıq. Yeqor Semyonoviçi içki düşkünü olduğu üçün kilsəyə qəbul etmədilər. İndi dərddən daha çox içir. Zadəganlar Cəmiyyətinin sədrinin yanına gedib onun əyyaşlığından bəhs edəcəm. Təsəvvür edirsiniz, o, Maneçkanın cehizlərini yolçulara paylayıb. Axırda Maneçka cehizsiz qalacaq. İki sandıq təmiz boşaldılıb.

Maneçka dərdli-dərdli:

- Siz nə danışırsınız, ana? Qonağımız sözlərinizi ciddi qəbul edəcək. Yox, mən heç vaxt ərə getməyəcəm. Heç vaxt.

- Maneçka ümid dolu baxışlarla tavana baxdı. O, heç özü bayaq dediyi sözlərə inanmırdı.

Bu vaxt evin girəcəyində keçəl bir adam siçan kimi ciyildəyib yoxa çıxdı.

Yəqin, Yeqor Semyonoviçdi - deyə fikirləşdim. Ana və balaya bir daha diqqətlə baxdım. İkisi də qocalmışdı. Ananın saçları gümüşü rəngə çalırdı. Qız saralıb solmuşdu. Onların ikisini yan-yana görənlər ana ilə qızın arasında cəmi beş yaş fərq olduğunu düşünərdi. Ana sanki, bayaq dediklərini unutmuşdu. Eyni sözləri təkrar danışırdı.

- Zadəganlar Cəmiyyətinə gedib hər şeyi danışacam. Yeqor Semyonoviç günahlarını yumaq üçün bizdən xəbərsiz tikdiklərimizi yoxsullara paylayır.

Maneçkam cehizsiz qalacaq.

Maneçka utandığından qızardı. Bir söz deyə bilmədi.

Ana:

- Hamısını təzədən tikmək lazımdır. Ancaq biz o qədər varlı deyilik. Axı, biz yetimik.

Maneçka:

- Yetimik, dedi.

Qismətimdə həmin evi bir də görmək varmış. Keçən il yolum ora bir də düşdü. Xanım Çikamasova təpədən dırnağa qara geyimdə, divanda oturub nəsə tikirdi. Əynində qəhvə rəngli sürtük (dizə qədər uzunluğu olan kişi üst geyimi), ayaqlarında çəkmə əvəzinə qaloş olan yaşlı adam onun yanında əyləşmişdi. Kişi məni görən kimi yerindən dik atılıb otaqdan çıxdı.

Xanım Çikamasova:

- J e suis chaemee de vous revoir monsieur! (Sizi yenidən görməyimə çox şad oldum): dedi. Çox keçmədi ki, soruşdum:

- Nə tikirsiniz elə?

- Köynək. Hazır olan kimi keşişə aparacam. Burda qalsa Yeqor Semyonoviç oğurlayacaq.

Qızının masanın üstündəki şəklinə baxıb ah çəkərək:

- Biz yetimik.

Qız hara getmişdi? Yaslı anaya bu sualı verə bilmədim. Axıra qədər gözlədim. Maneçka qarşılamadığı kimi yola da salmadı məni. Nə danışa bildik, nə
də o ürkək addımları eşidə bildim. Hər şey aydın idi. Elə bil ürəyimdən daş asılmışdı./artkaspi.az/

Tərcümə: Seyid Aynur Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930