manera.az
manera.az

Taleyin təzadları - İraq yazıçısının hekayəsi

17-09-2019, 11:20

Taleyin təzadları - İraq yazıçısının hekayəsi
Adətən, meyxanalarda ötəri dostluq müna­sibətlərinin yaranması içki həvəskarlarına çox yaxşı bəllidir. Bunun da başlıca səbəbi içilən me­yin təsiri ilə cuşa gələn insanın öz duyğula­rını kiminləsə bölüşməyə kəskin ehtiyac duymasıdır.

O istəyir ki, bu söhbət vasitəsi­lə ya qəm-qüssəsi dağılsın, ya da yeni insanla yaxın ünsiyyət qursun. Bu, insan həyatının çətinlik və müşküllərlə dolu olmasına, onun tənhalığa və gün-gün­dən daha artıq özünə qapanmasına baxmayaraq, hələ də insan olaraq qaldığını göstərir.

Belə mey gecələrindən birində çəkilib bir guşədə oturan, lakin bu günə qədər görmə­diyim, tanımadığım bir kişi ilə həmsöhbət oldum. Deyəsən, hər ikimiz bizi məngənə kimi sıxan ağır sükutdan və əzabverici tənhalıqdan xilas olmaq istəyir­dik. O sanki öz hekayətini həyatın dolanbaclarından və arada bizə ərməğan etdiyi çətinliklərdən çıxış yolu tapmaq niyyətilə mənə nəql edirdi:

– Tale elə gətirdi ki, günlərin birində adi evin sadə bir otağında kirayənişin kimi yaşamağa başladım. Bu ev nə çox bö­yük, nə çox kiçik, nə çox idbar, nə də çox dəbdəbəli idi. Mənim otağım evin damına aparan pilləkənin yanındakı üstüaçıq mey­dança tərəfdə idi. Otağım nə zirzə­midə, nə də üst qatda idi, amma çox nadir bir strateji məkanda yerləşirdi. Bura evin damına aparan yolun üstündə yerləşən müşahidə məntəqəsini, iki böyük otağa nəzarət edən bürcü xatırladırdı.

Bu otaqlarda mənim şəxsi qənaətimə gö­rə, həyat tərzi baxımından iki tam fərqli ailə yaşayırdı. Onlardan biri dünyaya on dörd və iki yaş arasında olan yeddi oğlan və qız gətirmişdi. Bu uşaqların atası taxta mate­rialları satan mağazada ayda iyirmi dinar maaşla gecə gözət­çisi işləyirdi. Onun gecələri gözətçi məntəqəsində, gündüzləri isə arvadının gecələr yat­dığı böyük çarpayıda keçirdi.

Çoxuşaqlı olmaq bu ailənin bəlasına çevril­mişdi. Onların nə gecə rahat yatmaq üçün yerləri, nə də gündüzlər adam kimi yaşamaq üçün imkanları vardı. Bir sözlə, nə gecələri gecə idi, nə də gün­düzləri gündüz. Uzun üst köynəklərinin, pencəklərinin və digər pal-paltarlarının tez-tez çirklənməsi ucbatından, elə bir gün olmazdı ki, bu evdə paltaryuma mərasimi təşkil olunmasın. Yemək qazanları aramsız istifadə olunduğundan, ucuz yeməkxanaların qab-qacaqları kimi əzik-üzük olmuşdu. Bu sınıq-salxaq qa­zanlar hər gün sübh tezdən doldurulsa da, axşama qədər tam boşalırdı. Uşaqların kiçik və məsum gözləri həmişə boş boşqablarda qalırdı. Onların anası möhkəm cüssəli, qədd-qamətli və həyatın sınaq­larından çıxmış bir qadın idi. Uşaqların arasında hər hansı bir qalmaqal baş verəndə dərhal ağır yum­ruqlarını və acı dilini işə salardı.

İkinci ailəyə gəlincə, onların, ömrünün yeddinci baharını yaşayan bir qızları vardı. Bu qızcığaz olduqca səliqəli geyinərdi, həm də çox ərköyün idi. O, dövlət məktəbində oxuyurdu. Hər gün onu böyük və yaraşıq­lı bir avtomobil həyətdən alıb məktə­bə aparar, dərs bitdikdən sonra evə gətirərdi. Məktəbdə və dərsdən sonra yemək üçün onun çantasına müx­təlif şirniyyatlar və meyvələr qoyulardı.

Bu qız o biri ailənin uşaqları ilə ünsiyyətdə ol­mağı şəninə sığışdırmaz, özünü onlardan üs­tün tutardı. Düşünürdü ki, belə də olmalıdır. Çünki o, hər mənada onlardan fərqlənirdi. Onun atası təmiz və səliqəli geyinən bir məmur idi. Gecələr evində yatır, gündüz­lər isə hamı kimi işə gedirdi. Anası təmkinli və mədəni bir qadın idi, heç vaxt hay-küy salmazdı.

Bu iki ailənin başçıları dost və mehriban olma­salar da, bir-birilərinə kin də bəsləmirdilər. Üz-üzə gələndə ötəri salamlaşardılar. Xüsusi günlərdə də əl vermədən, sadəcə, əllərini sinələrinin üstünə qoymaqla yüngülcə bayramlaşardılar. Hər ikisi heç vaxt dostluğa çevrilməyə­cək bir qonşuluq münasibətinin zəruriliyini anlayır və bu həddi aşmırdı. Onlar boy-buxun və üz cizgiləri baxımından da fərqlənir­dilər. Gözətçi ucaboylu, arıq, cavan, məmur isə ortaboylu, yeriyəndə azca axsayan, başının ortası dazlaşmış bir kişi idi. Gözətçinin əksinə, xəz parçaya bənzəyən qalın, zil qara saçları vardı.

Mən bu iki ailə ilə altı aya qədər qonşu ol­dum. Yeknəsəq və cansıxıcı həyat öz axarı ilə davam edirdi. Hər gün qışqırtı, bağırtı səslə­ri, qaynadılan paltarların qoxusu, ağzına qədər dolu zibil çəlləkləri... Gö­zətçinin arvadı gecəyarıya qədər çalışan, bir an belə oturub dincəlməyən bir qadın idi. O, əlləşib-vuruşduğu zaman məmurun arva­dı çarpayı və kreslo örtüklərini rəngli ilmə­lərlə bəzəyirdi. O sanki öz emalatxanasında çalışan mötəbər bir sənətkar idi.

Mənim hər iki ailə ilə xoş və mehriban mü­nasibətlərim var idi. Ailə başçılarının ikisi də mənimlə nəzakətlə davranırdı. Biri olma­yanda o biri ilə uzun-uzadı söhbət edir­dim. Sanki beləcə onların hər birinə qon­şusundan daha məhrəm olduğumu sezdirmək istəyirdim. Nəhayət, xoş məramlı hiylə ilə onların bəzi ailə sirlərinə vaqif olmaq mənə müyəssər oldu. “Araşdırmalarım” sayəsində öyrəndim ki, gecə gözətçisinin arvadı bütün varlığı ilə dünyaya uşaq gətirməyə nifrət edir və buna görə hamiləliyə qarşı həblər qəbul edir. Üstəlik, onu da öyrə­nə bildim ki, məmurun arvadı daim ağır həyəcan içində yaşayır. Bunun da səbəbi yeganə balasını han­sısa bir bəla ucbatından itirə biləcəyi qor­xusu idi. Ona görə də o, gecə-gündüz çalışır ki, dünyaya bir övlad da gətirsin.

Mən bir dəfə bu qa­dının keçirdiyi dərin sarsıntıların şahidi oldum. Onun qızını məktəbə aparıb-gətirən maşın, təxminən, yarım saat gecikmişdi. Qadın qapının ağzında daş kimi dayanıb, sakit və ağır tövrünü pozaraq ağlaya-ağlaya bəxtindən şikayətlənirdi:

– Tale niyə mənimlə belə qəddar rəftar edir! Birdən yeganə övladımı itirsəm...

Mən onu ovudaraq könlünü almağa cəhd et­dim. Tez telefonla məktəbin müdiriyyəti ilə əlaqə saxladım. Dedilər ki, maşın haradasa bir saat bundan əvvəl məktəbin həyətindən çıxıb, yəqin, indilərdə gəlib çatar...

Lakin maşın gəlib çıxmırdı ki, çıxmırdı. Qa­dının da həyəcanı getdikcə artırdı. Mən ona bacardığım qədər təskinlik verməyə, onu sa­kitləşdirməyə çalışırdım:

– Ola bilsin, avtomobilin hansısa hissəsi gözlənilmədən xarab olub və bu da təbii bir şeydir. Bu qədər təlaşa, həyə­cana gərək yoxdur.

Bir azdan qadının məmur əri də gəlib çıxdı və o da kişilərə xas soyuqqanlılıqla arvadını sakitləşdirməyə çalışdı. Məmur həmin narahatlıq anlarında arvadını məzəm­mət edirmiş kimi dedi:

– O həmişə qızını itirmək xofu ilə yaşayır. Axı mən nə edə bilə­rəm? Həyatda heç də hər şey biz istədiyimiz kimi olmur. Küləklər də gəmilərin üz­düyü istiqamətə əsmir.

Kişi arvadının sıxıntı­larından əzab çəkirdi. Qadın isə hönkürürdü:

– Mən qorxuram, çox qorxuram. Yeganə övladımı itirməkdən qorxuram. Əgər onun ba­şına bir iş gəlsə, yaşaya bilmərəm.

Məmur, arvadının sözünü kəsərək dedi:

– Bu qadın mənim fəlakətimdir. Daima qızımızın ölümündən danışıb məni də həyəcanlandırır. Düşünmür ki, mən, ya özü də ölə bilər.

Az sonra avtomobil gəlib çıxdı və qızcığaz yerə düşdü. O, çox şən idi. Məlum oldu ki, avtomobil xarab olduğundan, sürücü onu təmir etmək üçün qaraja aparmalı olub. Qızcığaz da ona tanış olmayan yerləri və maşınların təmiri üçün lazım olan avadanlıqları görüb.

Ana qızcığazı bağrına basıb öpüşlərə qərq etdi. Mən bu səhnəni müşa­hidə edən zaman öz-özümə dedim: “Budur, həyatın əcaib və qəraib işləri... Bir ana hamilə olmamaq üçün həblər qəbul edir, o biri isə hamilə olmaq üçün bilmir nə etsin.

İki aydan sonra tale elə gətirdi ki, hər iki ana hamilə oldu.

Gözətçinin arvadı taleyini lənətləyir, az qalırdı hikkəsindən dəli olsun. Məmurun arvadı isə bunu bilən kimi, həddən artıq sevincək oldu və dərhal məşhur qadın məslə­hətxanalarından birinə yollandı. Həkim onu diqqətlə müayinə edib hamiləliyini təsdiqlədi və məs­ləhət gördü ki, nə ev süpürsün, nə də yemək bişirsin – ümumiyyətlə, özünü yormasın, hə­yəcanlanmasın, heç bir ədviyyatdan istifadə etməsin.

O, intizamlı əsgər kimi həkimin məs­ləhətlərinə riayət edir, zavallı əri isə nahar yeməyini ümumi yeməkxanalarda yeyir, evi də özü yığıb-yığışdırırdı. Həm də bütün bunları gizlincə edirdi ki, qonşulardan onu görən olmasın və onun kişi qüruruna xələl gəlməsin. Amma məmur ər bu kiçik qurbanları verməklə bərabər, çox xoş­bəxt idi.

Ana fərəhini qızcığazdan gizlət­məyərək, günlərin birində ona yaxın vaxtlarda balaca bir qardaşının olacağını dedi. Qızcığaz bu sözlərin mənasını öz uşaq ağlı ilə düzgün anladı və bir uşaq səmi­miyyəti ilə dedi ki, balacanı çox böyük nəva­ziş və sevgi ilə əyləndirəcək, ona süd içirəcək, həm də çox xoşbəxtdir ki, evdə tək olmayacaq.

Gecə gözətçisinin arvadı isə xalq təbabə­tinin ənənəvi üsulları ilə özünü üzüb əldən salandan və heç bir nəticə əldə edə bilmə­yəndən sonra qadın həkimlərindən birinin yanına məsləhətə getməyə məcbur oldu. Ailəsi üçün çox vacib və əziz olan bir dina­rı ödəyəndən sonra ağlayıb həkimə yalvardı ki, onu bu böyük bəladan xilas etsin. Həkim qadının qarnını əli ilə müayinə edəndən sonra dölün öz qanuni yerində tut ağacından da möhkəm oturduğunu və heç bir çıxış yolu olmadığını bildirdi. Sonra hər hansı bir cərrahi müdaxilənin intihara bərabər olduğunu sözlərinə əlavə etdi.

O, qəzəb və kindən irəli gələn bir məyus­luqla evə qayıtdı. Doğulacaq körpənin çə­tinlikləri, onun bağırtısı, əsgi-üsgüləri və sallaq döşlərinin gilələrini acgözlüklə əməcəyi, ananın gözləri önündə canlandı. Gələcək barədə bədbinlik onun qollarındakı zərif tükləri ürpətdi. Əri evə gələndə bu bəd xəbəri ona da çatdırdı və o da öz növbəsin­də həkimləri yeddimərtəbəli söyüşlərlə yad edərək, onları mərdimazar, alverçi və cadugər sözləri ilə damğaladı. Qısası, gözətçi qəzəbdən od püskürdü.

Gecələrin birində gözlənilməz bir ha­disə baş verdi. Saat biri ötəndən sonra məmurun otağından çox dəhşətli bir hadisənin olduğundan xəbər verən səs eşitdim. Tez çölə çıxdım ki, nə baş verdiyini öyrənim. Bu zaman məmurun arvadının güclə eşidilən iniltiləri qulağıma dəydi və gördüm ki, məmur bayırda var-gəl edir. Baxışları mənə sataşan kimi yanıma yüyürərək yalvarışlı səslə dedi: “Halı çox pisdir. O, uşağı salır. İlahi, heç bilmirəm nə edim”.

Özümü elə itirdim ki, gözətçinin ar­vadından yardım istəməkdən başqa, çarəm qalmadı. Gözətçinin qapısına yaxınlaşıb onu bir neçə dəfə ehmalca döydüm. Uzun və üzücü gözləntidən sonra gözətçinin arvadı yarıyu­xulu və hirsli şəkildə qapının arxasında görün­dü. Soruşdum ki, qonşu qadın çox ağır vəziyyətdədir, ona yardım edə bilərmi? O, narahatlıqla nə baş verdiyini soruşdu. Dedim ki, uşağı salır. Laqeydcəsinə dilləndi: “Mən nə edə bilərəm? Qoy mənim qar­nımı götürüb öz qarnını mənə versin”.

Və qapını örtdü.

Bir neçə gündən sonra məmurun ailəsi buradan köçdü. /Ərəbcədən tərcümə edən: Valeh Vəliyev/

Edmon SABRİ
Taleyin təzadları - İraq yazıçısının hekayəsiБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031