manera.az
manera.az

Səs maşını - Roald Dahlın hekayəsi

27-08-2019, 12:37

Səs maşını - Roald Dahlın hekayəsi
Gözəl bir yay axşamıydı. Nə külək varıydı, nə də yağış. Hava çox mülayim idi.

Klausner tez-tələsik darvazadan içəri girdi, evin böyründən sivişib bağa keçdi.

Oğrun-oğrun ora-bura baxdı və taxtadan düzəlmiş bir daxmaya girdi və qapını içəridən kilidlədi.

…Adi bir iş otağı idi. Təmirsiz və səliqə-səhmansız. Hər tərəf məftil və xırda-xurda alətlərlə dolu idi. İş masası və stellajlar da taxtadan idi. Masanın üstündə qəribə bir qutu vardı. Uzunluğu ancaq üç fut olardı. Rəngi də qapqara.

Skripka futlyarına oxşayırdı.

Klausner irəli addımladı. Qara qutunun qapağı açıq idi. O, qutuya yaxınlaşdı. Qara qutunun içi rəngbərəng məftillərlə və Gümüşü borucuqlarla dolu idi. Əllərini uzadıb birbaşa işə başladı. Məftilləri qurdaladı, borucuqları taqqıldatdı…

Sonra qutunun arxa tərəfindəki kağızı götürüb diqqətlə nəzərdən keçirdi və ehmalca masanın üstünə qoydu. Bir gözü kağızda, bir gözü də qutunun içində barmaqlarının ucu ilə məftilləri dartışdırıb kontraktları yoxladı. Elektron sxemə uyğun olaraq hər bir məftilin öz yuvasında olmasından əmin olmalı idi.

Klausner o qədər ehtiyatla davranırdı ki, aralıdan baxan olsaydı, deyərdi ki, yəqin o, hansısa bombanı zərərsizləşdirir.

Klausner düz bir saat o qara qutu ilə əlləşdi.

Əllərini bir-birinə sürtdü. Qutunun ön tərəfində köhnə telefon disklərinə oxşayan üç disk vardı. O diskləri növbə ilə fırlada-fırlada qutunun içindəki incə mexanizmlərin hərəkətini izlədi.
İşləyə-işləyə dodağının altında astaca mızıldanırdı. Hərdən də öz-özünə danışa-danışa başını yelləyirdi. Üzündə qəribə bir təbəssüm vardı. Barmaqları durmadan hərəkət edirdi.
Klausnerin usta barmaqları çox həssas bir nəvazişlə qutunun içindəkiləri təftiş edirdi.

Onun barmaqları elə bil hər bir mikrosxemlə ayrı-ayrılıqda görüşüb, hal-əhval tutur, onlara lazımi tapşırıqlar verirdi. Bir sözlə Klausnerin barmaqları kefdə idilər. Şellənirdilər. Sevdikləri işi görürdülər. Ürəkləri istədiyi yerdə idilər ustanın barmaqları…

Adam tam öz işinə qərq olmuşdu.

Dodaqları da öz işində idi - gah əzilib büzülür, gah da ora-bura qaçırdı.

Klausnerin dodaqları da öz kefində idi.

Hərdən, " Hə… Hə...Düzdür... Ay, sağ ol…

İndi bunu… Aha...Aha " - deyirdi, hərdən də " Görəsən belə etsəm necə olar?.. Bəs diaqram nə deyir?...Həə… Əla...Oldu...Qəşəng… Tamam” - deyə-deyə öz-özünə pıçıldayırdı.
O, bu işə o qədər aludə olmuşdu ki, nəfəsini içinə çəkmişdi, sanki bu ləzzətin əlindən çıxacağından ehtiyat edirdi.

Birdən addım səsləri eşitdi. Kimsə xırda çay daşlarından düzəlmiş cığırla komaya tərəf gəlirdi. Klausner qapını açdı.

O, hündürboylu bir kişi idi. Skot idi. Doktor Skot.

"Həə, deməli axşamlar gəlib burda gizlənirmişsən?” - deyə doktor dilləndi.

"Salam, Skot” deyə cavab verdi Klausner.

"Sizin küçədən keçirdim, dedim görüm necəsən, neynirsən. Boğazın necədir, incitmir ki, səni?

"Yox, yaxşıyam. Hər şey öz qaydasındadır. "

"Gəlmişkən bir baxardım, deyirəm”

"Sən canın, özündən iş çıxartma! Lap yaxşıyam,sağalmışam”

Doktor hiss etdi ki, Klausner elə bil iynə üstə oturub, narahatdır. Bir masanın üstündəki əcaib qara qutuya baxdı, bir Klausnerin üzünə baxdı, və dedi:
"Papağını niyə çıxartmırsan başından? "

"Ay da, doğrudan ee! " - deyib cəld papağını çıxarıb masanın bir qırağına qoydu.

Doktor bir az irəli durub qara qutunun içinə boylandı:

"Bu nədir, radio yığırsan? "

"Yox, əşşi, qurdalanıram elə belə”

"Nəsə qəliz şeyə oxşayır.”

"Hə, çox mürəkkəb bir şeydir! " - deyən Klausner öz-özünə xoflandı.

" Nədir, bu belə. Nəsə, qorxulu bir şeyə oxşadıram bunu. "

"Bir ideyam var. Onun üstündə işləyirəm”

" Vəə? "

"Səslə bağlı bir şeydir, vəssalam”

"Bütün günü işdə bu cihazlarla əlləşirsən, sənə bəs eləmir? Axşamlar da gəlib özünü burda yorursan! "

" Mən səsə vurğunam! "

" Yaxşı, deməli belə. Səni narahat etməyəcəm. Şadam ki, boğazın daha ağrıtmır” - dedi və qapıya tərəf döndü. Sonra nə fikirləşdisə çevrilib gözlərini qara qutuya, daha doğrusu, qutunun içindəki heyrətamiz rəngbərəng məftillərdən hörülmüş balaca cəngəlliyə zillədi. Maraq bürümüşdü doktoru:

" Yaxşı, denən görüm, bu maşın nəyə qulluq edəcək, axı? Sən mənim kürkümə birə saldın ki!.. Danış görüm! "

Klausner qutuya baxdı, sonra fikirli-fikirli doktoru süzdü, sonra sağ qulağını qaşıya-qaşıya duruxub qaldı. Doktor qapının ağzında durub səbrlə gözləyirdi, üzündə məsum bir təbəssüm vardı.

"Yaxşı, rast ki, belə maraqlanırsan, deyərəm sənə” - deyən Klausner yenə bir müddət susdu. Söhbətə nədən və necə başlayacağını bilmirdi.

Ayaqlarının birini qoyub, birini götürürdü.

Barmaqları sağ qulağını tutub yuxarı aşağı sürtüşdürürdü, gözləri də dikilmişdi ayaqlarına… Nəhayət yavaş-yavaş dilə gəldi:

"Bilirsən, necədir vəziyyət… Nəzəri cəhətdən sadə bir şeydir, əslində… İnsan qulağı hər şeyi eşidə bilmir… Sən həkim adamsan, bilirsən yəqin. Çox aşağı tezlikli və çox yuxarı tezlikli səslər var ki, insan qulağı onları eşidə bilmir. Yəni, normal insan qulağı eşitmə aparatı olaraq saniyədə on beşdən on beş min vibrasiya tezlikləri arasındakı səsləri eşitmək gücündədir. İnsan qulağı nə 15 Hersdən aşağı olan infrasəsləri, nə də 15 min Hersdən yuxarı olan ultrasəsləri eşitmir, sadəcə. Qısası çatmır ona belə şeylər, çatsa da qavrayan deyil. Yəni bu maşının - qulağımızın texniki xarakteristikaları belədir…

"Hə, düz deyirsən. Bildim. "-deyə doktor dilləndi.

"Məsələn itlərin qulağı bizimkindən həssasdır. Sən bilirsən, fıştırıqlar satırlar aşırı yüksək tezlikdə işləyir. Sən fit çalırsan, heç kim eşitmir. Ancaq it eşidir!..”

"Hə, bilirəm, görmüşəm o fıştırıqdan. "

"Aha, deməli, o səviyyədə səsi eşitmirik, və onun üst qatındakını da, ondan bir üstü də eşidə bilmirik. Mən not deyirəm onlara. Sonsuzluğa qədər artan səsləri, notları… Not-not qalxan səslər əbədiyyətə doğru ucalır… "

Klausner cuşa gəlmişdi və sağ qulağını dartışdıra-dartışdıra heyranlıqla doktorun üzünə baxırdı:

"Deyək ki, saniyədə bir milyon vibrasiya edən səs var, kaş ki, eşidə biləydik onu, ondan da bir milyon dəfə çox vibrasiyalı səs var, və ondan da o qədər dəfə yüksək tezlikli səs və sairə…
Əbədiyyətə, sonsuzluğa qədər… Ulduzlardan da o tərəfə... "

Klausner arıq və əsəbləri üzdə olan bir adam idi. Yekə başı vardı. Başını sol çiyninə tərəf elə əydi ki, elə bil napnazik boynu bu ağır başı daşımaqdan yorulmuşdu:

"Amma bilirsən, doktor, dünya gözəl səslərlə doludur!.. Biz eşitsək də, eşitməsək də onlar var, və onlar düz-dünyanı başlarına alıblar!.. "

Klausnerin üzü ağ və hamar idi. Eynək taxmışdı.Eynəyin şüşələri onun açıq boz rəngli gözlərini bir az da böyük göstərirdi.

Klausner tez özündən çıxan, əsəbi, əl-ayağı dinc durmayan bir adam idi. Bir sözlə cırtqoz idi. Durduğu yerdə dingildəyirdi.

Doktor bu balacaboy adama baxırdı, Klausnerin cismi orda olsa da, huşu -başı danışdıqca elə bil uzaqlara, lap ulduzların yanına uçurdu…

Doktor fikrini cəmləşdirdi.

Klausner içdən bir ah çəkdi və aramla sözünə davam etdi:

"Mən bilirəm ki, bir dünya dolu səs var. Və bu səslər heç vaxt susmur. Hələ təsəvvürünə gətir ki, bu eşidə bilmədiyimiz tezliklərdə müsiqi bəstələyirlər… Və biz qulağımızı bu səsə uyğunlayıb dinləyirik onu… Və bu musiqi dəli edir səni, öz harmoniyası, ecazkarlığı ilə… Nə isə dəhşətdir, bir sözlə.

Bizi bürüyən bu səs dünyası - bizim səs dünyamızdır.Eşidə bilsəydik, keşkə… "

"Həə, ancaq məncə bu mümkün olan şey deyil. "

"Yox, niyə elə fikirləşirsən. Yoox, mümkündür. O milçəyə bax, masanın üstündəki göy rəngli məftil topası ın üstündəki milçəyi deyirəm, o milçəyin ağzı da var, boğazı da, düzdür? Bəlkə o mahnı oxuyur, bəlkə fit çalır… Hələ uçanda qanadlarının havada cızdığı o səslər…

Nə danışırsan, sən! Bu qədər canlı var dünyada hərəsi bir tezlikdə, hürür, miyoldayır, nə bilim ulayır, mahnı oxuyur - zad… "

Doktor bir milçəyə baxdı, bir Klausnerə, fikirli-fikirli gülümsədi. O, hələ də qapının ağzını kəsdirib durmuşdu:

"Belə başa düşdüm ki, sən bu səs məsələsini araşdırmaq istəyirsən? "

"Bəli” deyə Klausner sözünə davam elədi:

"Bir müddət bundan əvvəl mən balaca bir qurğu düzəltdim və bu qəribə, eşidilməz səsləri tutmağa başladım. Oturub saatlarla bu cihazın iynəsinin havadakı səsləri tutub qeydə almasına tamaşa edirdim. Baxmayaraq ki, o səsləri özüm heç eşitmirdim.Bu cihaz mənə bir daha sübut etdi ki,ətrafımız səslə doludur. Ancaq bu səslər nədən, və ya kimdən gəlir, bax onu öyrənmək istəyirəm. İstəyirəm öyrənim görüm ki, o əcaib-qəraib səslər, h-ə-m-i-n səslər hardan gəlir. "

"Deməli, sən deyirsən ki, masanın üstündəki bu maşınla, sən həmin o səs-küylərə qulaq asacaqsan?”

"Əlbəttə. Kim bilir, alınacaq, bəlkə. Hələ ki, bir şey alınmayıb, amma maşında bəzi dəyişiklər etmişəm artıq və bu axşam bir də cəhd edəcəm. "

Klausner əlini maşının üstünə qoyub dedi:

"Bilirsən, doktor bu maşın insan qulağının eşidə bilmədiyi yüksək tezlikli səsləri qamarlayıb aşağı- bizim qulağımıza uygun həddə salır. Görürsən, bu düyməni bura-bura tuturam o səsləri, eyni ilə radiodakı kimidir. "

"Necə yəni? "

"Bu, çox da mürəkkəb məsələ deyil.

Bax, məsələn, tutaq ki, mən yarasanın çığırtısına qulaq asmaq istəyirəm. Onun səsi kifayət dərəcədə yüksəkdir - otuz min Hersdir. Normal adam bu səsləri eşitmir,düzdürmü? İndi, deyək ki, mənim daxmamım üstündə yarasa uçuşur. Mən bu maşında 30.000 Hersi qurub o səsi tuturam və eşidirəm. Çox səlis və aydın bir səs alıram. Başa düşmədin? "

"İndi, yaxşı de görüm, sən o dediklərini bu axşam təcrübədən keçirmək istəyirsən? " - deyib keyimiş halda o uzunsov qara qutunu süzdü.

"Bəli! "

"Yaxşı. Oldu. Mən sənə uğurlar diləyirəm.” - deyə saatına baxdı: "Ay da, vaxtdır, mən qaçmalıyam. Salamat qal. Maraqlı söhbətlərə görə çox sağ ol. Təşəkkür edirəm sənə. Bir-iki günə zəng edib soruşaram, görüm neylədin, nə iş gördün”

Doktor çölə çıxıb qapını arxasıyca çəkib bağladı.

Klausner qara qutuya tərəf dönüb bir müddət yenə də o məftillərlə əlləşdi, sonra belini dikəldib sakit və sevincək bir səslə öz-özünə dedi : " Həə, indi bir də işə salarıq bu maşını… Bu dəfə götürüb apacam bunu bağa-baxçaya… Ğörək də… Görək nə olur… Bəlkə bu səfər alındı. Götür bunu, qaldır görüm. Ah, Tanrım, bu nə ağırdır”. Maşını qucağına alıb qapıya yaxınlaşdı, və başa düşdü ki, bu cür vəziyyətdə qapını aça bilməyəcək.

O ağır qutunu qaytarıb masanın üstünə qoydu. Sonra qayıdıb maşını götürdü və çətinliklə də olsa daxmadan çölə çıxardı.

Bağçada balaca, alçaq bir stol var idi. Qara qutunu astaca stolun üstünə qoydu.

Qulaqcıqlarını da gətirdi, məftillərini sahmanlayıb maşına qoşdu. Hərəkətləri iti və qəti idi. Bilinirdi ki, bu əllər usta əlləriydi. Tez-tez nəfəs alırdı, çox sevincək idi. Ara-sıra özünə təskinlik verir, hərdən səsini qısırdı, elə bil maşının işə düşməyəcəyindən ehtiyat edirdi. Bəlkə də maşın işə düşdüyündə başına bir iş gələcəyindən qorxurdu.

O, taxta stola söykənib qonşu bağçaya tərəf baxırdı… Solğun bənizli, bəstəboy, cılız, xəstə bir uşağa oxşayırdı.

Günəş təzəcə çıxıb getmişdi. Külək də yox idi. Havanın heç cıqqırı da çıxmırdı.

Qonşu qadının əlində gül səbəti vardı, üzü aşağı gedirdi… Bir neçə dəqiqə qonşuya tamaşa elədi. Sonra qutuya sarı dönüb düyməni basdı, maşın işə düşdü.

Sol əliylə səsin gücünü, sağ əli ilə də tezlikləri ayarlamağa başladı. Radiodakı dalğa axtaran yumru düyməyə oxşar düyməni fırladıqca, cihazın içindəki iynə hərəkətə gəlirdi. Dəyirmi cizgi in üstündəki rəqəmlər 15.000 dən başlayıb 1.000.000 - da qurtarırdı.

Maşının üstünə əyilib asta-asta düyməni fırladır, qulaqcıqlardan zəif, xışıltılı, qırıq-qırıq səslər gəlirdi.

Bu çıqqıltıya oxşar səslərdən əlavə həmişəki kimi bir uğultuya bənzər bir ton da vardı ki, bu da maşının öz səsiydi. Qulaqlarını elə şəkləmişdi ki… Birdən ona elə gəldi ki, qulaqları başına nazik məftillərlə birləşib və məftillər get-gedə uzanır… Və onun qulaqları yavaş-yavaş aradan çıxıb ultrasəsin padşahlıq elədiyi qorxunc bir məmləkətə tərəf, onların heç vaxt olmadığı qadağan olunmuş bir yerə tərəf can atırdılar…

Maşının iynəsi aramla yumru cizğının üstə gəzişirdi ki, birdən qəfil bir çığırtıdan dik atıldı və qorxusundan ikiəlli stolun küncündən yapışdı. Ətrafa göz gəzdirdi ki, görsün o çığıran kim idi. Ətrafda heç kim yox idi. Bircə qonşu qadın idi, o da sarı qızılgülləri qayçı ilə kəsib səbətə yığırdı.

O yenidən eşidildi - o soyuq , o zalım, o qəfil çığırtı insan boğazından çıxa bilməzdi… O qədər aydın eşidildi ki… Həyatında belə metallik notları olan çığırtı eşitməmişdi… Özündən asılı olmayaraq döyüküb qalmışdı. Səsin mənbəyini axtarırdı. Ətrafda yeganə canlı məxluq qonşu bağçadakı qadın idi. Qadın əşağı əyildi, iki barmağı ilə qızılgülün hülqumundan yapışdı, o biri əlindəki qayçı ilə gülü kəsdi. Yenidən qışqırtı səsi gəldi qulaqcıqlardan.

Qışqırtı qadının gülü kəsdiyi həmin o anda eşidildi.

Qadın belini dikəldib qayçını səbətə qoydu. Və səbəti əlinə alıb evə tərəf addımlamağa başladı.

"Missis Saunders, Missis Saunders” - deyə həyəcanla qadını səslədi.

Qadın səsə tərəf dönüb qonşusunu gördü- fantastik kinolardakı yad planetlilərə oxşayan balaca bir adam, qulaqcıqları qulaqlarını tam örtmüş vəziyyətdə bağırırdı. Qadın qorxuya düşdü.
"Birini də kəs. Tez ol, birini də kəs, xahiş edirəm”- deyə bərkdən qışqırdı.

Qonşu yerindəcə quruyub qalmışdı. Gözlərini döyə-döyə Klausnerə baxırdı:

"Niyə, Mister Klausner? Nə olub, axı? "

"Xahiş edirəm, dediyimi elə. Bircə dənə də qızılgül kəs, nə olar? "

Missis Saunders bilirdi ki, qonşusu, belə bir təhərdir, normal adam deyil. Amma indi ona elə gəldi ki, Mister Klausner əməllicə dəli olub. Əvvəl istədi tez qaçsın evə, ərini çağırsın… Sonra fikirləşdi ki, ondan adama xətər gəlməz,yaxşısı budur bir az məzələnim onunla.

"Əlbəttə, əlbəttə, bu dəqiqə, rast ki, sizə belə lazımdır, birini də kəsərəm”- deyib aşağı əyildi və qızılgüllərdən birini də qayçı ilə üzdü…

Yenidən həmin qorxunc, əcaib, heç bir canlının çıxara bilməyəcəyi bir fəryad Qulaqcıqlarını deşib keçdi. Və yenidən qayçının ağızları qapanan həmin anda səsləndi. Klausner iti hərəkətlə qulaqcıqları çıxarıb atdı,və tez iki qonşu bağçanı bir-birindən ayıran çəpərə tərəf yüyürdü:

"Bəsdir. Dayanın. Xahiş edirəm. Daha lazım deyil, kəsməyin!.. "

Qadın bir əlində qayçı, o biri əlində də sarı qızılgül durub kişiyə baxırdı…

"İndi sizə bir söz deyəcəm, Missis Saunders, elə bir şey ki, inanılmaz bir şeydir. "

Klausner çəpərdən ikiəlli yapışıb gözlərini zilləmişdi qonşusuna.

"Siz bu axşam, indicə bir səbət dolu gızılgülü iti bir qayçıyla kəsdiniz. Yəni ki, bu canlı məxluqları o iti qayçıyla doğradız, elə deyilmi? Siz hər dəfə onları kəsəndə o güllərdən ağlagəlməz, dəhşətli qışqırtı eşidilirdi, bilirdiz bunu, Missis Saunders? "

"Yoox, mənim belə şeydən xəbərim yoxdur”-deyə qonşu qadın cavab verdi.

"İnanın mənə, bu həqiqətən də belədir. " Klausner təngənəfəs olsa da aydın danışırdı, həyacanını yüyənləyə bilmişdi deyəsən. "Mən ağrı dolu qışqırtı eşidirdim. Hər dəfə siz qayçını işlədəndə mən o bağırtını eşidirdim. Çox yüksək səs idi. Deyim də, təxminən, saniyədə yüz otuz iki min vibrasiyalı, yəni ki, 132.000 Hers tezlikdə gələn səslər… Mən yüz faiz bilirəm ki, siz heç nə eşitməmisiniz. Ancaq mən e-şit-dim!!! "

"Siz nə danışırsınız, ola bilməz, Mister Klausner " - dedi. Və ürəyindən keçdi ki, yerindən götürülüb qaçıb getsin evinə.

"Əlbəttə, siz deyə bilərsiz ki, o qızılgül kolunun ağrını duyması üçün gərəkdir sinir sistemi olsun. Nə bilim, gərək boğazı-başı olsun ki çığır-bağır sala bilsin… Bəli. Düz deyirsiz. O kolun heç nəyi yoxdur. Hər halda, olsa da biz bilmərik. Amma,bir şey var… " deyib çəpərin o tərəfinə qadına tərəf əyildi və güclə eşidilə biləcək bir pıçıltıyla sözünə davam etdi:

" Təsəvvürünüzə gətirin ki, sizin qolunuzu baltayla kəsib atırlar və siz o gülü qayçıyla biçəndə eyni ilə sizin çəkdiyiniz o dəhşətli ağrıya bənzər bir ağrını da o qızılgül hiss edir və bağırır. Nə bilirsiz ki, bu belə deyil? Axı bu güllər canlıdır, düz demirəm? "

"Hə, hə, əlbəttə, düz deyirsiz, Mister Klausner. Gecəniz xeyrə qalsın” - deyib yerindən sıçradı və gözdən itdi.

Klausner stolun başına qayıtdı. Qulaqcıqlarını taxıb öz işinə davam elədi.

Elə bir şey yox idi. Həmin, güclə eşidilən qırıq-qırıq səslər idi, bir də maşının öz dığıltısı. Başqa heç nə. Aşağı əyildi, baş barmağı ilə şəhadət barmağını cütləyib cıqqılı bir çobanyastığını boğazladı, yuxarı dartmağa başladı, sağa-sola əydi. Və nəhayət ki, üzdü çobanyastığını.

Gülü dartmağa başladığı andan ta ki, qırdığı ana qədər qulaqcıqlardan zəif, cansız bir qışqırtı səsi eşidildi. İkinci bir çobanyastığını da bu minvalla qopardı. Yenə qışqırtı səsi eşitdi. Ancaq bu qəribə səs qəfil ağrının doğurduğu qışqırığa oxşamırdı. Heç bir insani hissin doğurduğu səsə oxşatmaq olmurdu bu səsi. Elə bil bir daşın başına xırda bir daş düşmüşdü və o yekə daş heç kimin, və ya heç nəyin eşitməməsi üçün sakitcə öz dilində qışqırırdı… Belə neytral, heç bir şey ifadə etməyən bir səs idi. Klausner dodaqaltı mızıldamağa başladı:

"Qızılgüllərin çığırtısı ilə eyni notdaydı bu səslər. Yoox, ağrının çıxardığı səs deyil bu. Çox ehtimal ki, gül ağrı hiss eləmir. Onun ifadə etdiyi hiss nəsə başqa şeydir, bizim bilmədiyimiz, bizdə olmayan bir şeydir. Səs də əcaib bir səs idi, nə bilim, elə bil bir daşa şillə-qapaz-təpik vurursan, o da təəccüblə gözlərini bərəldib ağlamsına-ağlamsına qışqırır :”nağayrırsan, əəəəə!!! "
O, dikəldi, qulaqcıqlarını çıxarıb fikirli-fikirli göyə baxdı. Qaranlıqlaşırdı. Qonşu evlərin pəncərələri işıqlanmışdı. Ehmalca qara yeşiyi qucağına aldı, gətirib komadakı iş masasının üstünə qoydu. Çölə çıxıb qapını kilidlədi və evə tərəf addımladı.

Klausner, ertəsi gün havanın gözü açılmamış yuxudan durdu, paltarını geyinib birbaşa komasına sarı getdi. Maşını götürüb sinəsinə sıxdı və ağır-ağır üzü darvazaya tərəf getdi.Darvazadan keçib üz tutdu yaxınlıqdakı parka. Parka gəlib çatan kimi dayandı, nəfəsini dərib ətrafa göz gəzdirdi; böyük bir fıstıq ağacına tərəf addımladı. Ağacın gövdəsinə yaxınlaşıb maşını yerə qoydu.
Tez - tələsik geri qayıtdı, komadan baltanı götürüb gəldi və onu da maşının yanına qoydu.

Gözlərini qıyıb ətrafı bir də yaxşıca nəzərdən keçirdi. Heç kim gözə dəymirdi.

Səhər saat altı idi.

Qulaqcıqlarını taxdı və maşını işə saldı.

Bir müddət maşının öz dığıltısını dinlədi.

Baltanı əlinə aldı, ayaqlarını aralayıb yerini rahatladı, baltanı qaldırıb var gücü ilə ağacın gövdəsinə vurdu. Baltanın ağzı ağaca saplandı. Zərbə anında eşidilən səs misilsiz bir səs idi! Klausnerin həyatı boyu belə bir səs eşitməmişdi! Bu kəskin bir haray-qışqırıq idi, heç bir nota yatmayan qalın bir bağırtı idi. Bu qızılgüllərin nərmə-nazik qara-qışqırığına oxşamırdı.
Özü də balta dəyən saniyədən başlayan o dəhşətli bağırtı sonradan yavaş-yavaş ulartıya çevrilirdi və bu səs nə az, nə çox düz bir dəqiqə sürdü və sonunda sönəndə yaxın iniltiyə oxşadı. İnanılmaz bir səs idi.

Klausner vahimə basmışdı.

Baltanın sapından yapışıb ehmallıca tərpətməyə başladı. Sonra var gücü ilə dartıb baltanı ağacdan qopardıb əlləri yanırmış kimi həmin andaca yerə atdı.

Sonra barmaqlarının ucuyla ağacdakı yarığı sığallamağa başladı. Sanki barmaqlarını ağacın yarasına sürtüb onun könlünü almaq istəyirdi. Dilinin altında astaca mızıldayırdı:

"Canım ağac, gözüm ağac… Ağac, bağışla məni… Bağışla məni… Sağalacaq yaran… Sağalacaq, qorxma… Yaxşı olacaq… "

Bir xeyli bu əzəmətli ağacı qucaqlayıb durdu. Sonra birdən nə fikirləşdisə tez geri çəkildi, və evə tərəf götürüldü.

Evə girən kimi telefona sarı qaçdı, dəftərçəni götürüb vərəqlədi və cəld bir nömrə yığdı. Sol əli ilə telefonun dəstəyini qulağına sıxmışdı, sağ əlinin barmaqları isə öz işində idi -səbirsizliklə masanı döyəcləyirdi. Nəhayət xəttin o başından yuxulu bir səs eşidildi:

"Allo. Bəli”

"Doktor Skotdur? "

"Bəli. Eşidirəm. "

"Doktor Scott. Tez ol, gəl bura. Tez gəl! "

"Kimdir danışan? "

"Klausnerdir. Doktor yadındadır, dünən axşam sənə səslə bağlı eksperimentlər apardığımı demişdim. Və ümid edirdim… "

"Hə, hə, yadımdadır, əlbəttə. Ancaq nə olub axı? Xəstələnmisən, yenə? "

"Yox, xəstə deyiləm, ancaq mən… "

"Saat yeddinin yarısıdır, səhər o başdan mənə zəng edirsən. Həm də deyirsən ki, xəstə - zad deyiləm”

"Xahiş edirəm, gəl. Amma tez gəl. Mən istəyirəm kimsə eşitsin bunu. Bu məni dəli eləyib tamam! İnanılası şey deyil, doktor!”

Klausner təlaş içindəydi, tövşüyə-tövşüyə danışırdı. "Yəqin doğrudan da nəsə olub”-deyə doktor fikirləşdi.

"İndi sən deyirsən ki, mən isti yatağımdan qalxıb cumum sənin yanına? Elə bu dəqiqə? "

"Hə, hə, indi gəl.Xahiş edirəm. Lap bu dəqiqə dur gəl”

"Yaxşı, oldu. Gəlirəm indi. "

Klausner üstündən yük götürülmüş kimi ah çəkib telefonun yanındakı kətilə oturdu.

Ağacın o vahiməli səsini xatırlamaq istədi bütün rəngləri, çalarları ilə birlikdə…

Yadına heç nə düşmədi.

Bircə o yadındadır ki, o dəhşətli səsdən necə qorxmuşdusa, ürəyi qalxmışdı…

Görəsən bir adamı divara dirəyib, əlini-ayağını qandallayıb dizinin gözünə var qüvvənlə balta vursan, o da bu ağac çıxardan səsi çıxarar?! Yox. Dəqiq yox. Adamlar başqa cür şivən salır…
O, başqa canlılar haqqında düşünməyə başladı. Aglına gələn ilk şey taxıl zəmisi oldu.Əzəmətli, sapsarı, canlı taxıl "dəniz”i!

Və… Kombayn. Yerindən tərpənən kimi kəsilən bir beş yüz sünbülün qışqırığı, üstəgəl hər saniyədə kəsilən növbəti 500 sünbülün bağırtısı və üstəgəl sonrakı saniyələrdə biçilən sünbüllərin tükürpədən ulartıları… Aman Tanrım, bu səs - küydən adamın başına hava gələr!..

"Yooox, məni öldürsələr də, bu səs maşınını götürüb taxıl zəmisinə getmərəm” - deyə öz-özünə dedi.Yoxsa ölənə qədər çörək yeyə bilmərəm.

Bəs kartof, soğan? Bəs alma necə?

Almanın işi rahatdır, dəyən kimi özü tullanır düşür yerə, sən də götürüb yeyirsən. Ağacdan qoparmasan heç qara-qışqırıq da salmaz. Amma kartof,soğan, yerkökü elə deyil. Bunları qopartsan, bir hay-haray salacaqlar ki, ələ bil ətlərini kəsirsən…

Darvazanın alaqapısı cırıldadı. Klausner özünü komadan çölə atdı. Baxdı ki, uzun bir adam cığırın üstü ilə ona sarı gəlir. Əlində də qara çantası. Doktor idi.
"Həə, indi denən görüm nə baş verib? "

"Gəl gedək, doktor. Mən istəyirəm sən öz qulaqlarına eşidəsən bunu. Bu yolun o biri tərəfinə gedəcəyik, parka. Bircə sən bilirsən bu söhbəti. Ona görə də sənə zəng elədim. Gəlirsən, mənimlə? "

Doktor diqqətlə onun üzünə baxdı. Klausnerin üz-gözündə dəlilik əlaməti yox idi. Bir az həyəcanlı və narahat idi, sadəcə.

Birlikdə parka tərəf getdilər. Getdilər o qocaman, başıbəlalı fıstıq ağacına tərəf.

Ağacın altındakı qara qutunu və baltanı gön kimi doktor soruşdu:

"Bunları bura niyə gətirmisən? "

"Bağda belə böyük ağac yoxdur. Parkda tapdım bu ağacı… "

"Bəs yaxşı, baltı neynirsən? "

"Deyəcəm indi. Bircə dəqiqə səbr elə. Götür bu qulaqcıqları tax və qulaq as diqqətlə. Çox diqqətli ol, və yadında saxla, sonra mənə dəqiqliyi ilə deyərsən, nə eşitdin, nə təhər eşitdin… "
Doktor gülümsünüb qulaqcıqları taxdı.

Klausner əyilib maşının düyməsini basdı;sonra baltanı əlinə aldı, ayaqlarını aralayıb yerbəyer etdi və hazır vəziyyətdə durdu. Bir anlıq yerindəcə dondu:

"İndi bir şey eşidirsən, doktor? "

"Nə deyirsən? "

"Deyirəm bir şey eşidirsən? "

"Dızıltı səsi gəlir ancaq. "

Klausner baltanı əlində sıxıb durmuşdu. Bayaq eşitdiyi o vahiməli səs onu sıxırdı, elə bil, qoymurdu ki, özünü toparlayıb baltanı ağaca saplasın.
"Nəyi gözləyirsən? "-deyə doktor dilləndi.

"Heç nəyi”-deyə Klausner cavab verdi və baltanı yellətməyə başladı, və qollarını göyə qaldırdığı anda elə bildi ki, yer qaçdı ayağının altından. Nəyə desən and içərdi ki, ayağının altındakı torpaq tərpəşdi.Elə bil bir anın içində ağacın kökləri gərildi. Ancaq gec idi, artıq balta üzü hədəfə - ağaca tərəf uçurdu… Zərblə vurulan balta çox dərinə işlədi. Həmin o anda yuxarıdan dəhşətli şaqqıltı səsi qopdu.Hər ikisi başlarını qaldırıb yuxarı baxdı, doktor qışqırdı:

" Qaç, qaç get!!! Tez ol! "

Doctor qulaqcıqlarını çıxarıb atmağı ilə yox olmağı bir oldu. Var gücü ilə qaçıb getdi. Klausner isə hələ də üzü yuxarı donub qalmışdı. 15-20 metr uzunluğunda olan yekə bir budaq qanrılıb, ağacdan qopa-qopa idi, çartıltı-partıltı, şaraqqıltı ilə üzü aşağı gəlirdi. Ağacın ən qalın, şaxlı-şəvəlli budağı özünü yerə atırdı. Klausner son anda güllə kimi qırağa atılıb xilas ola bildi. O nəhəng budaq səs maşınının üstünə çırpılıb onu darmadağın etdi…

Handan-hana doktor gəlib çıxdı :
"Ulu Tanrım! Bu nəydi belə?! Mən elə bildim o sənin başına düşdü! "

Klausner gözlərini ağaca zilləyib durmuşdu. Yekə başını da adəti üzrə əymişdi çiyninə tərəf. Qorxudan rəngi ağappaq ağarmışdı. Vahimə basmışdı onu. Yavaş-yavaş özünə gəlirdi, deyəsən.
Ağır-ağır addımlarla ağaca yaxınlaşdı, baltanı ehmalca oynada-oynada ağacın gövdəsindən çəkib çıxartdı.

"Eşitdin o səsi? "- Klausner güclə eşidiləcək bir səslə doktora tərəf döndü.

Doktor hələ də həyəcanlı idi. Həm də qaça-qaça gəlmişdi deyənə, tövşüyə-tövşüyə qalmışdı:

"Nəyi? "

"Qulaqcıqlardan bir səs gəldi, baltanı ağaca çalanda? "

Doktor boynunu ovxalayırdı:

"Bilirsən… Deməli.. ", kiçik bir fasilədən sonra alt dodağını dişləyib davam etdi:

"Yox. Dəqiq deyə bilmərəm. Sən baltanı vuran kimi, o həngamə qopdu və mən qulaqcıqları tullayıb qaçdım. "

"Bildim. Sən nəsə eşitdin? "

"Bilmirəm! Mən bilmirəm. Ola bilər o qırılan budağın şaqqıltısını eşitdim” - deyə doktor çaşqın bir tərzdə cavab verdi.

" Nəyə oxşayırdı o səs?” -deyib Klausner doktora tərəf yaxınlaşdı və gözlərini doktorun üzünə dikdi:

"Dəqiq denən mənə görüm,nə səsiydi o? "

"Cəhənnəm olsun o səs! Mən bilmirəm də, dedim sənə. Əşşi, mən canımın hayındaydlm o vaxt! Əl çək məndən!!! "

"Doktor Skot! O - səs-nə-səs-idi? Bir-də-soruşuram-səndən? "

Klausner get-gedə özündən çıxırdı.

" Tanrıya xatir. Bezdirmə məni. O boyda nəhəng ağac ortadan bölünüb mənim üstümə aşa-aşda mən səs dərdi çəkməliydim?” - deyə doktor əsəbi halda cavab verdi.
Klausner bir dəqiqəlik susdu. Key-key doktorun üzünə baxırdı.

Doktor çiynini çəkib qapıya tərəf döndü:

"Gəl, yaxşısı budur, çıxaq gedək burdan”

"Bura bax”, Klausner dişlərini qıcıyıb dedi.

"Sən indi gedib o yaraya tikiş qoyacaqsan”- deyib əlindəki baltanı ağacın çapığına tuşladı.

"Sən gicləyirsən deyəsən?! "

"Sənə nə deyirəm onu da elə! "

Klausnerin üzü hirsindən qıpqırmızı olmuşdu. Əlindəki baltanın başı əsirdi…

Səsində hədə - qorxu notları əmələ gəlmişdi.

"Sənə çatmır, e, deyəsən, ağaca da tikiş qoyarlar?! Mən eləyə bilmərəm bunu! Gəl qayıdaq gedək evimizə-eşiyimizə. "

"Deməli, deyirsən ki, bacarmazsan? "

"Əlbəttə, bacarmaram. Ağacdır, e o! Ağac, başa düşürsən? "

"Çantanda yod var? "

"Tutalım ki, var. Sonra? "

"Get sürt o kəsilən yerə. Bilirəm yandıracaq ağacı, amma olsun, get sürt! "

"Mənə bax, axmaqlama, gəl gedək evə, oturaq… "

"Get-yodu-sürt-kəsilən yerə!!! "

Doktor dik atıldı. Klausner baltanın sapını necə sıxdısa, balta başını qaldırıb doktorun tüz təpəsinin ortasına baxdı.

Doktor bunu sezdi. Bir istədi ki, yerindən götürülüb qaçsın, amma sonra fikrini dəyişdi.

"Oldu, oldu. İndi gedib sürtərəm”-deyə mızıldandı və suyu süzülə-süzülə 10 addım aralıda,otların üstündə atılıb qalmış çantasına yaxınlaşdı. Bir şüşə yod, bir az da pambıq götürüb getdi. Pambığı yodla isladıb yaralanmış yerə vurdu. Bir gözü Klausnerdə idi. Klausner əlində balta quruyub qalmışdı, diqqətlə doktoru süzürdü. Doktor yaranın dərin yerlərini də yodladı.

"Çalış, elə elə ki,yod kəsiyin dibinə qədər işləsin! "

"Baş üstə”

"İndi keç o birisinə. Bir az yuxarıda. Hə! "

Doktor, Klausnerin dediyi kimi, nə lazımdısa hamısını elədi.

"Tamam. Mən işimi bitirdim” - deyib dikəldi və gördüyü işi bir də nəzərdən keçirdi:

"Yaxşıdır, məncə”

Klausner yekə başını əyə-əyə gəlib kəsikləri imtahan elədi.

"Həə, yaxşı eləmisən”-deyib bir addım geri çəkildi və dedi:

"Sabah gələrsən, bunlara bir də baxarsan.”

"Əlbəttə,əlbəttə.Gələrəm.Sabah da yod vurum? "

"Lazım gəlsə, vurasan. "

Klausner başını razılıqla tərpətdi:

"Çox sağ ol, doktor”.

Bu sözləri deyib elə yüngülləşdi ki, balta əlindən sürüşüb təpəsi aşağı gəldi yerə.

Gözləri gülürdü, üzündə sərin bir rahatlıq var idi. Doktor ehtiyatla ona yaxınlaşdı, ehmalca qolundan tutdu:

" Gəl gedək, evə getmək vaxtıdır”

Klausner uşaq kimi başını aşağı salıb doktora təslim oldu.

İki nəfər evlərinə sarı gedirdi.

Bir uzun boylu arıq doktor o biri də bəstəboy yekəbaş səs tutan adam… /yarpaq.az/

İngilis dilindən çevirən:
Rauf Qaraişıq
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30