manera.az
manera.az

Sürüşkən xəyallar... | MANERA.AZ

20-08-2015, 16:52

Sürüşkən xəyallar... | MANERA.AZ


Manera.az Hikmət Məlikzadənin yeni şeirlərini təqdim edir:

Gəl otur, hərəyə yüz
qram içək

Gəl otur, hərəyə yüz qram içək,
Sənin sağlığına qəmlənək bir az.
Soyun əynindəki çulu-çuxanı,
Eşqin dumanında nəmlənək bir az.

Araya nə qədər ağ pəri girib,
Həyat torpaq kimi dadın itirib.
...Adəmin günahın almaq əbəsdir,
Kişi Həvva boyda qadın itirib...

Məndən yanağını uzaq tut, nazlım,
Dişlərim qaşınır - zəliyəm artıq.
Mən aşiq oluram, aşıq sanırlar,
O da elə bilir, dəliyəm artıq.


***
Qaralıb Bakı istidən.
Şəhərin üzünü qarsıb
asfalt yolların istisi.
Bakının yolları
kasıb şalvarı kimi yamaqlı.
Hər gün artan maşınların səsindən
bir-birinə qısılıb hündür göydələnlər,
alçaq damlar da.
Elə yuxulu kimidi
burda adamlar da.

Sosial peyzaj

Saxta təbəssümlər
Eşidə bilmədiyin pıçıltılar kimidi;
Adama hicran verir.
...Ruhun fikri göydə, özü darda.
Açığı, alındakı qırışların sayı qədərdi
Sürüşkən xəyallar da...
...Bir də görürsən, duaların
dodaqlarının arasında güvə tutub.
Məyusluq canını sarır,
Əllərini Allahdan aralayırsan.
Kölgənsə, varlı adamların keçmədiyi
beton səkilərdə xatirə şəkli çəkdirir...
Bir tikə çörək üstündə
Bir-birlərinə dimdik atan
alabəzək sərçə balaları ilə.
Qəfildən dağınıq diqqətini
göz qamaşdıran villalara mismarlayır
ruhu ac, qarnı tox dilənçi uşaqlar.
...Zaman çat salır.
Bir əcnəbi də
Kamerasının yaddaşına həkk edir
İşıqlı küçələrdəki qara kölgələri...

***
Kölgəm, dünya savaşına ac adam...
Sevdam, zirzəmi pilləkəni kimi uçuq.
Ruhm da, yuvasına həsrət alabaxta kimi səksəkədə.
Allahım, neynim?!
İndi kimsə yoxsul baxışlara könül qapılarını açmır.
İndi qurbağalar oxuyur elçi daşlarının üstündə.
İndi... Sən sənsən. Mən mən deyiləm...
Nə deyirsən, Səni aldadan qızın solğun baxışlarını
Büküm bir parça ağ kağıza, atım,
ayda bir kərə açılan poçt qutusuna?!
...Ah nə ola, onun da ahı tuta,
Mənə ürək açalar, qapı açmayalar.
Hamının yadından çıxa,
Qonşudakı kor qızın könül əvəzi
barmağıma bağladğı sapı açmayalar...

***
Hər can bir adamı qaraya çəkir,
Hərə bir can dartır öz ağlığına.
Qayıt, ağ əzaba bükdüyün canın,
Diz çök qarşısında, döz ağlığına…

…Tabutdu elə bil o qara taxta,
Sənin nə vecinə ölən kimdi, qız.
Yaman naz atırsan, o da ruh verir,
Kaş, bircə biləydim kölən kimdi, qız…

Bir ömür bəs etmir bir sısqa eşqçün,
Özünə zəhmət ver, yu xəyalları…
Nə sevgi sənlikdir, nə sən sevgilik,
Çəkil, boşa verim bu xəyalları.

***
Kölgəmin yuxusuna
daha ağ atlar girmir;
qara atlar kişnəyir
kölgəmin yuxusunda.
Sən də,
İçində intihar edən
kölgələr kimi
Ay işığına asisən.
Torpaq, aramızdakı səssizliyi
udmaq üçün qabıq atır.
Arxası işığa yeri birtəhər.
Xınalı barmaqlarını
ya ruhuma sürt,
ya qana batır.
Ancaq kölgəmin əynindəki
ağ çuxanı kəfənə oxşatma...

Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30