"Dördgünlük müharibə"-Şəhidliyin Vaqif Bayramov zirvəsi

Tarix:29-11-2017, 12:46 Baxış Sayı:954

"Dördgünlük müharibə"-Şəhidliyin Vaqif Bayramov zirvəsi


Lap kiçik yaşlarından Vaqif qisas hissi ilə yaşayırdı. 1992-ci ildə böyük qardaşı Mehman Qarabağ döyüşlərində şəhid olduqdan sonra, Vaqifin ürəyində düşmənə nifrət, ermənilərdən qisas almaq hissi elə dərəcəyə çatmışdı ki, qarşısına məqsəd qoydu, düşməni diz çökdürəcəyinə and içdi və nəhayət Aprel döyüşlərində məqsədinə çataraq şəhid oldu.

Pressaz.com əməkdaşı, araşdırmaçı jurnalist Vəfa Orxanın növbəti şəhid ailəsi, mayor Vaqif Bayramovun ailəsi ilə olan yazısını təqdim edir:

Ümumiyyətlə, "Dördgünlük müharibə" və ya "Aprel döyüşləri haqqında yazmaqla bitmir. "Aprel döyüşləri" Azərbaycanın necə şanlı ordusu olduğunu sübut etdi, necə qeyrətli övladları olduğunu sübut etdi. "Aprel döyüşləri" sübut etdi ki, Azərbaycan artıq 90-cı illərin əvvəllərindəki Azərbaycan deyil. Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, Azərbaycan Ermənistanın Dağlıq Qarabağla bağlı şərtləri ilə heç vaxt barışmayacaq, düşmənə layiqli cavabı verəcək və işğal altında olan torpaqlarımızı azad edəcəkdir.

"Aprel döyüşləri" zamanı itkilərimiz oldu. Barışa bilməyəcəyimiz itkilər. Yüzə yaxın qəhrəman oğlanlarımızı itirdik, daha doğrusu, onlar cismən bizdən ayrıldılar, qəlbimizə isə əbədi həkk olundular. Bu igidlərimizdən biri "mayor" adını almış, amma daşımaq qismət olmamış kapitan Vaqif Bayramovdur.

Vaqifin həyat yoluna səyahət etdik... Vaqif Dilqəm oğlu Bayramov 25 dekabr 1979-cu ildə Naftalan rayonunda anadan olub. 1986-cı ildə Naftalan şəhər İ.Nəsimi adına tam orta məktəbə gedib. 8-ci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi liseyə daxil olub, oranı bitirdikdən sonra Bakı Ali Komandanlıq Məktəbinə qəbul olub. Həmin məktəbi 2001-ci ildə Motoatıcılıq ixtisası üzrə bitirib, Müdafiə Nazirliyinin əmri ilə "Leytenant" rütbəsi almışdır. Daha sonra Bakı şəhər Silahlı Qüvvələrin TTM-nə daxil olmuş, oranı bitirib hərbi hissələrin birinə tağım komandiri təyin olunub. 2012-ci ilə kimi müxtəlif hərbi hissələrdə tağım komandiri olaraq xidmət edib. 2012-ci ildən etibarən ilk öncə "n" saylı hərbi hissədə motoatıcı taborun qərərgah rəisinin tərbiyəvi işlər üzrə köməkçisi, daha sonra isə sərhəd rayonlardan birindəki hərbi hissədə şəxsi heyətlə iş üzrə bölmə rəisinin mənəvi psixoloji təminatı üzrə müavini təyin edilib. 6 Aprel 2016-cı ildə Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlərdə şəhid olub. Ailəlidir, 2 qızı, 1 oğlu var.

Zeynəb ana və Dilqəm ata gözü yaşlı danışırlar: - Vaqifdən nə qədər danışsaq bitmir. Ana-ata istəyən olub, övlad istəyən olub, ailəcanlı olub, tabeliyində olan əsgərlər danışırlar ki, imkansız olanlara öz cibinin pulundan kontur yükləyirmiş ki, ailələri ilə danışa bilsinlər. Onun ən çox işlətdiyi söz idi, mənim üçün rütbə, ulduz çox böyük önəm daşımır, mən vətənimə xidmət edirəm.

Vaqif anadan qəhrəman doğulmuşdu. Necə qəhrəmancasına yaşamışdısa, elə də dünyasını dəyişdi. O 12 yaşından özünü əsgər hesab edirdi. Həmin illərdə velosiped almaq üçün bizdən pul alıb yığırdı. Yadıma gəlir, o vaxtın pulu ilə 200 manat yığmışdı, "Müdafiə fondu"na keçirməyə getmiş, ondan doğum haqqında şəhadətnamə tələb edəndə, "məktəbdən istəyirlər" adı ilə evdən götürmüş, aparıb o pulları fonda keçirmişdi. Daha sonra məni çağırıb, 12 yaşlı uşağın bu pulları hardan aldığını soruşdular, təbii ki, sonra aydınlaşdı ki, velosiped üçün yığılan pullardır.

Birinci Qarabağ döyüşü zamanı Vaqifi evdə tuta bilmirdik, Talışa qaçırdı, Ağcakəndə qaçırdı. Sonra gedib o vaxtki Şəhər Sovetindən xahiş elədim, mənə maşın ayırdılar. Vaqiflə birlikdə üç gündən bir, həftədə bir dəfə hospitala gedirdik, əsgərlərə yemək, meyvə, qalın corab aparırdıq. Aprelin 1-ni heç vaxt unutmaram. Şəhid oğlum Mehmanın ad günü idi, Vaqif qapıdan bizimlə görüşdü, bir tikə çörək belə yemədi ki, aşağıda əsgərlər gözləyirlər. Sonra getdi. Mən onu öpə bilmədim. Tələsik çıxdı evdən. Müharibənin başladığını eşidəndə onunla telefonda danışdım, yalvardım ki, özünü qorusun. Cavabında mənə dedi ki, burdakı oğlanların heç biri məndən əskik deyil, hamısının anası var. Son dəfə Aprelin 5-i yığdı, dedi narahat olmayın, yaxşıyam. Arxayınlaşıb oturmuşduq ki, şəhid olması xəbəri gəldi...

Qardaşı Ədalət Bayramovun yaddaşından:- İki qardaşımı şəhid vermişəm. Mehman 1992-də şəhid oldu, Vaqif 2016-da. Vaqif sonbeşiyimiz idi. Onu hamımız çox istəyirdik. Vaqif uşaqlıqdan döyüşə həvəsli idi. 12-13 yaşlarından əlinə düşən pulları yığıb orduya kömək edirdi. Bir dəfə 200 rubl, bir dəfə 110 qutu siqaret, mer-meyvə və s. aparmışdı. Vaqif ali təhsildən sonra ön cəbhəni seçdi. Bir dəfə söhbət əsnasında dedim ki, özünü önə verirsən, axı sən əsgərlərin üstündə dayanırsan, dedi ki, mən öndə getməsəm, onlarda heç vaxt ruh yüksəkliyi olmaz. Döyüş yoldaşları indi bizə danışırlar ki, Vaqif mühasirədə qalanda belə ətrafını xilas etmək barədə düşünürdü...

Vaqifin bacısı Məlahət xanım gözü yaşlı halda ancaq bu sözləri deyə bildi:- Böyük qardaşımız Mehmandan sonra Vaqif qarşısına məqsəd qoymuşdu ki, ön cəbhədən bir addım da arxaya getməyəcəm. Mehmanın qisasını alacağam. Aldı qardaşının qisasını. Neçə erməni öldürdü... Yüksəklikləri azad etdilər...Vaqifi çox sevirdim, o da bizi heç ayırmırdı... Bütün sirrini-sözünü mənə deyirdi. Amma Azərbaycanı daha çox sevirdi. Ömrünün 25 ilini hərbiyə həsr etdi. Vətən uğrunda da canını verdi...

Və ən sonda Vaqifin həyat yoldaşı Nuranə xanım danışdı:- Vaqiflə hər zaman fəxr etmişəm. Çünki, o tək işində deyil, ailədə də ideal insan idi. Gözəl ata, gözəl həyat yoldaşı idi. O mənə yeri gəldi dost oldu, yeri gəldi ata qayğısı göstərdi. Mən 6 Apreldə tək həyat yoldaşımı deyil, demək olar ki, həyatımı itirdim. Vaqiflə yaşadığım 9 illik ailə həyatında gördüyüm xoş günləri bəlkə də, illərin ailəsi görməmişdi. Çətinliklərimiz də oldu, təbii ki. Amma ən çətin anlarımızda belə bir-birimizə sevgi ilə bağlandıq. Yaxşı ki, Vaqifi seçmişəm həyatda, onu sevdiyim üçün bir gün belə peşman olmadım. Əsl sevgini, xoşbəxtliyi o mənə yaşatdı...Fəxr edirəm ki, Zeynəbimin, Aylinimin və Ümidimin atası qəhrəmandır. Övladlarımın başını uca etdiyinə görə Vaqifə dünya durduqca minnətdar olacağam...
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ