Pərviz Seyidli və “İkimiz”

Tarix:7-08-2019, 09:26 Baxış Sayı:127

Pərviz Seyidli və “İkimiz”
Pərviz Seyidli əhvalat yazmır, insan ruhunun macərasını qələmə alır.

Situasiyalar oxucunu Freydin “psixoloji zərbə”ləri kimi tez-tez diksindirir. Bütün yaxşı yazıçılar sehrkar və hiyləgər olurlar. Pərviz hekayələrində alternativ dünyanı ustalıqla qurur və oxucu onun “hiyləgər”liyinə aldanıb son cümləyə qədər mətni oxumağa məcbur olur. Süjetin bir qurğu olduğunu unutdurmaq üçün Pərviz gerçəklik faktorundan istifadə edir. Təbii ki, oxucu bu taktikanı hiss etmir. Oxucu aldanmağa dünəndən hazırdır. Məsələ burasındadır ki, müəllif oxucunu aldatmır! Hekayə karusel kimi fırlandıqca məkan dəyişir, eyni nöqtəyə gəlib çıxırsan. Bu da sonuncu cümlə - partlayış və alınan estetik zövq! Yazıçı üçün vacib olan müşahidə, təxəyyül və fantaziya – üçü də Pərvizdə var və bütün bunlar birləşib mətndə bədii həllini tapanda mahiyyət bir o qədər dəyişməsə də rəngi, forması, ölçüləri dəyişir, bütöv bədii mətn yaranır. Orxan Pamukun iki kateqoriyaya böldüyü “saf və düşüncəli” yazıçı Pərvizdə birləşir. Gənc olmasına baxmayaraq, Pərviz artıq prozanın incəliklərinə kifayət qədər bələd olan yazıçıdır.

Onun mətnlərində Umberto Ekonun sözləriylə desək, yaradıcılıq oyuna, dünya mətnə çevrilir. Modernizmə xas ciddiyyət oyunbazlığı, türklər demiş, qurmacanı əngəlləyir, Pərvizin nəsri struktur və üslub özəlliyinə görə metamodernist ülgüyə daha çox yaxındır. Onun hekayələri sanki əruzun hansısa ləngərli bəhrində yazılıb. Qərbin prozaik texnikasından ustalıqla bəhrələnərək mətnlərinə Şərqin qədim ruhunu gətirməyi bacaran yazıçıdır Pərviz. Səfəvi hökmdarı Abbas Mirzədən bəhs edən “Yuxu” hekayəsi buna ən bariz nümunədir. Bu hekayə modernlə postmodern arasında dalğalanma dönəminin məhsuludur. Keçmişə yenidən baxış, dekonstruktiv deyil, rekonstruktiv baxış, prozaik restavrasiya…

Mən Pərvizi “Pişik qız” romanıyla kəşf etmişəm. Romanın dinamikası, yüyrək dili, çevik süjet xətti oxucunu situasiya labirintlərində azdıra-azdıra gözlənilməz sonluğa gətirib çıxarır. Bu əsər haqqında yazdığım yazıda da qeyd etmişdim ki, müəllif süjeti gözlənilməz situasiyalarla davam etdirir, növbəti süjetdə hansı hadisənin baş verəcəyini oxucu təxmin etməkdə çətinlik çəkir. Bu, daha çox kinoya xas olan xüsusiyyətdir ki, burda da Pərvizin rejissorluğu, ssenaristə xas olan fəndgirliyi özünü göstərir. Müəllif uzun-uzadı təsvirçilikdən qaçaraq situasiya yaradır, insan psixologiyasının dərinliyinə enməyə çalışır. Pərviz yeni hekayələr kitabının əlyazmasını redaktə üçün mənə təqdim edəndə redaktorluqdan öncə yeni, oynaq, dəyişkən mozaikalar aləmiylə üz-üzə qalacağımın sevincini yaşamışdım. Bu hekayələrin hər birini bir neçə dəfə oxudum. İnsanların bir-birinə laqeyd qaldığı bir yerdə qeybə çəkilmiş hisslərin, duyğuların lirizmi, dramatizmi sanki ölü nöqtələri dirildir. Xüsusən, “Bayatı-Şiraz” hekayəsində. İnsanda insanı oyadan bir hekayədir.
Pərviz Seyidli və “İkimiz”
Açığı, Şərif Ağayarın düşündüyünü mən də düşünmüşdüm. Bu hekayənin adı mənə Yusif Səmədoğlunun eyni adlı hekayəsini xatırlatmışdı. Amma sən demə, Pərviz bu hekayə ilə müasir Azərbaycan hekayəçiliyində yeni lirik-dramatik bir pozisiya yaradıb. Fahişəliklə məşğul olan bir qız evində sürücü gözləyir, sürücünün əvəzinə səhvən onun qapısını döyən tar müəllimi qapını döyüb içəri girir. Qız gələnin kimliyinin fərqinə varmır, onu evə qəbul edir. Qızla oğlan arasındakı dialoq zamanı hekayənin taleyi həll olunur. Oğlanın tarda ifa etdiyi “Bayatı-Şiraz” muğamı qızın içində mürgüləyən saf, bakirə duyğuları oyadır. Hekayədə “Bayatı-Şiraz”ın fəlsəfəsi açılır. Oğlan qıza deyir: "Bayatı-şiraz" bərdaştla başlayır. İnsanı titrədir. İnsan ömrü də əslində doğulanda yox, ilk dəfə ağrıyla qarşılaşanda başlayır, daha sonra mayəyə keçir, bu da o deməkdi ki, sən susub bu ağrıyla başa çıxmalısan. Yəni ömrün bayatı-şirazdısa, tarzən sənsən. Özün ifa edirsən, öz musiqini. İnsan öz musiqisinə bəzən elə aludə olmalıdı ki, kənarda olan heç nə ona mane olmasın. Bax, mən belə eləyirəm. Siz də belə eləyin...”

Qızın yaşadığı mənəvi böhran hekayədə özünün bədii həllini tapır. Pərviz mətnə təkcə özünüifadə vasitəsi kimi deyil, həm də sənət kimi yanaşır. Sənət isə yarımçıqlığı sevmir, o, bu sənətin incəliklərinə bələd olduqca sənətkarlığa doğru irəliləyir. Pərvizin hekayələrində melanxoliya, nostalgiya, sentimentallıq dozadan artıq deyil, yeməkdə duz kimidir, mətnin dadını-duzunu artırır. “Dibçəyin intiharı” hekayəsində əşyaların belə insana sadiqliyi, xilaskar missiyası heyrətamiz bir hadisə ilə nəql olunur. Romantik yalanın arxasında sarsılmaz bir həqiqət dayanır. “Acqarına” hekayəsində Bekketvari absurdun bədii məntiqi sonda oxucunu yaxalayır. “Qu quşunun nağılı” hekayəsindəki metafizik gəzişmələr skripka vasitəsilə mətnin hər tərəfinə dalğa-dalğa yayılır. İnsan bu hekayələri oxuduqca içində daşıdığı hisslərin burulğanına düşür, ünsiyyətin (ünsün) sərhədlərini özlüyündə müəyyənləşdirməyə çalışır, bu hisslər sanki ölmüş hüceyrələr kimi yenidən dirilir.

Yox, mən hekayələrin süjetini yazmayacam. Ən yaxşısı, “Parlaq imzalar” nəşriyyatında gözəl tərtibatda nəşr olunmuş “İkimiz” kitabını oxuyun. İnanın ki, bu kitabdan dərin zövq alacaqsınız, bu hekayələrə ruhunuzu dincəldən musiqilər kimi təkrar-təkrar qayıdacaqsınız.

Kənan HACIБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ