Sərdar Əsəd - Sevgidən intihara

Tarix:8-07-2019, 11:14 Baxış Sayı:94

Sərdar Əsəd - Sevgidən intihara
Sərdar Əsəd - bu son dərəcə bənzərsiz və istedadlı şairlə sağlığında bir neçə dəfə üz-üzə gəlsəm də, bircə kərə də yanaşı əyləşib söhbətini dinləməmişəm. O illərdə mən tələbə, sonra kənd müəllimi olmuşam. O illərdə mən Sərdar Əsədə istedadlı bir şair kimi baxırdım, sevdiyim üç şairdən biri idi (Əli Kərim və Məmməd Arazla birgə).

Mənim Sərdar Əsəd poeziyasına sevgim onun bir neçə şeirindən başladı. O şeirlər o dövrün poeziyasında sanki akvarellə çəkilmiş rəsmlər idi. Qısa, yığcam şeirlərdə şair bizim adi nəsnələrdə görə bilmədiklərimizi gözlərimiz qarşısında canlandırırdı.

Bağladı günəşi dağın qarına,
Yaydı yalmanını atdı şəlalə.
Dözməyib düzlərin intizarına
Zirvədən özünü atdı şəlalə.


Cəmi dörd misralıq bir şeir və şəlalə obrazı. Yaxud, bir şair gecəsinin yuxusuzluğunu, söz axtarışını təsvir etmək üçün qələmə alınan yeddi misralıq başqa bir şeir:

Gün düşdü duyğular pəncərəsinə,
Səhər müjdəsinə açıldı qapı-
Qanadlı sorğular üstümü aldı!
Yuxusuz gecədən mənə nə qaldı:
Qızaran gözlərin rahat əzabı,
Razı vərəqlərə boşalan sinə,
Dolu külqabı..


Beləcə, Sərdar Əsəd mənim üçün doğma bir şairə çevrilirdi. Bu doğmalığı onun mətbuatda az-az çap olunan, amma hər bir şeirində şair fərdiyyətini təsdiq edən poetik dünyası yaşadırdı. 1975-ci ilin iyulunda eşitdim ki, Sərdar Əsəd vəfat edib. Bir neçə il keçəcək, ədəbi mühitə isnişəndən sonra biləcəyəm ki, vəfat yox, intihar edib. Əlbəttə, bunların hər ikisi ölümdür, amma intihar bir az adama ağır gəlir və çoxlu suallar doğurur: niyə, nə səbəbə? Bu intiharın konkret bir səbəbi indinin özündə də mənə məlum deyil, amma Sərdar Əsəd bu intihara çoxdan hazır imiş..

... Onda hələ 1971-ci ilin 17 noyabr günüydü. Ölümünə 4 il qalırdı. Gecə, düzü-dünyanı sakitlik bürüyəndən və hamı yatandan sonra üzündə qəm nişanəsi belə bir yaddaş yazdı: "Özüm olmadığım təqdirdə mənim arxivim Məmməd Araz, Ələkbər Salahzadə, İsa İsmayılzadənin diqqətli qayğısı ilə açıla bilər. Sərdar Əsəd. 17.XII. 1971".

Bu "yaddaşdan" kimsə xəbər tutmayacaqdı. 1975-ci ilin 29 iyulunda Azərbaycanın istedadlı şairlərindən biri-Sərdar Əsəd intihar edəcəkdi. Sonra bu "yaddaş" son şeirləri arasından üzə çıxacaqdı. İlk baxışda bu "yaddaş" heç nədən xəbər vermir. Elə düşünə bilərsən ki, ömrün-günün hardasa qırılacağı qorxusu ilə yazılıb. Amma "yaddaş"ın sonundakı tarixi gördükdə dəhşətə gəlirsən. Deməli, Sərdar Əsəd -o gözəl şair ən gözəl şeirlərini, poemalarını yazdığı illərdə ölüm haqqında fikirləşirmiş, artıq onun zəruri,qaçılmaz olduğunu görürmüş.Budur, Sərdar Əsədin iki şeir kitabı- "Yanan memar" və "İllər ayrısı"..bir də ölümündən sonra "Ədəbiyyat qəzeti" və "İlham" qəzetlərində çap edilən şeirləri ilə üz-üzə dayanmışam. Bircə-bircə o şeirləri oxuyuram və hər misraya sərraf gözüylə baxıram. Görüm bu misralardan onun intiharından xəbər verən işartılar görünürmü?

Ara-sıra qəm aşılayan misralar da var, ancaq bunların heç biri S.Əsəd şeirlərinin nikbinliyi üzərinə kölgə sala biləcək xallar deyil.

Bəli, kədərli misralar var. S.Əsəd də bir çox şairlər kimi ana ölümündən kədərlənir, yazırdı:

Ana ağrısının sözü olaydım,
Titrəyib yanaydım tellərin üstə.
O yorğun ayağın izi olaydım,
Yataydım getdiyi yolların üstə.


Söhbət ki bu məqama yetişdi, gərək deyim: Azərbaycan şairləri içərisində ən yaxşı ana şeirlərindən birini də S.Əsəd yazıb.

Sərdar Əsədi görmək mənə də qismət olub. Tələbə ikən bir neçə dəfə şeir gecələrində görmüşəm onu. Qəribə səsi vardı və bu səs ən yaxşı misralarında adamın içini göynədirdi.

Sərdar Əsədin yaşadığı 45 illik bir ömürdə xoşbəxt günlər də olub. Onu bir şair kimi seviblər də, etiraf da ediblər (hərçənd ki, bəzi şairlər kimi "dəbdə" olmayıb, buna ehtiyacı da yox idi), o, gözəl ailə başçısı olub, heç bir düşməni-filanı da yox idi. Ancaq...

Bu dünyada bəlkə də ən həssas kardioqramma şair ürəyinin ağrılarını hiss edəmməz. Sərdar Əsəd Cəbrayılın Soltanlı kəndində dünyaya gələn bir insan elə ağlı, şüuru kəsəndən repressiya qasırğasına tuş olub. Atası Heydər kişi Sovetin əleyhinə qaçaqçılıq edirmiş. Və qaçaq atasına görə anası və böyük bacısıyla bir yerdə Sibirə sürgün olunur. Doğrudur, tezliklə onlar Sibirdən qayıdırlar, çünki atası qaçaqçılıqdan çəkinir. Amma bu hadisə gələcək şairin həyatından hələm-hələm silinib gedə bilməzdi. Sonrakı illər sakit keçir. O da hamı kimi orta məktəb bitirir. O zaman Leninin adını daşıyan PEDAQOJİ İnstitutun filologiya fakültəsində təhsil alır. Sonra da Süleyman Rəhimovun köməkliyi ilə "Ədəbiyyat və incəsənət" qəzetində işə düzəlir. Sonra şeir kitabları çap olunur. Əlfi Qasımovla, Əli Kərimlə, Tofiq Bayramla, Məmməd Arazla, Ələkbər Salahzadə, Səttar Bəhlulzadə ilə
oturub-durur. Xoşbəxt ədəbi həyat...

Ancaq Sərdar Əsəd faciəsi onun "Ədəbiyyat və incəsənət" qəzetindən işdən çıxarılması ilə başlayır. Düz beş il (1958-1963) o, işsiz qalır. Sonra bir nəşriyyatda işə düzəlir. Sonra...sonra...yenə işsizlik. Və beləliklə, laübalı bir ömür.Bir az da içkiyə meyl və aludəlik...pulsuzluq, işsizlik və bütün bunları unutdurmaq üçün yenə içki..Bəli, gizlətməyək: Əli Kərim də içirdi, Tofiq Bayram da, İslam Səfərli də, İslam İbrahimov da. Yazı stolunda yox, yeməkxanalarda, bufetlərdə, şərab stolunda yaşanan o günlər, o saatlar, o dəqiqələr bəlkə də neçə şeirin, poemanın, hekayənin, povestin elə oradaca boğulması, o şərab istisində əriyib buxarlanmasıydı. Bəlkə də bu mənim subyektiv fikrimdir, yanlışlığa yol verirəm. Çünki istedadlı insanları məhv edən, vaxtından tez qəbrə sürükləyən heç də araq olmayıb. O insanları şəraba meylləndirən yaşadıqları mühit olub.

Bu kiçik yazıda "Sərdar Əsəd necə şair idi?" sualına qısaca cavab vermək istəyirəm. Əvvəlcə S.Əsədin şair dünyasından soraq verən kiçik bir xatirəni dinləyək. O xatirənin müəllifi Məmməd Arazdır: "O (S.Əsəd-V.Y.) deyirdi: "Mən balaca bir qələm sahibiyəm. Təzə şeir işləyəndə xəlvətə çəkilirəm ki, görən olmasın. Qələm sözümə baxmayanda elə bilirəm ki,onun düzgün şırım açmadığını kimsə görür, kimsə onu əlimdən qapıb sındırmaq istəyir. Qələmin də fəhmi var. O, canlıdır, o, xış kimi, kotan kimidir,. Naşı əl torpağa xəyanət eləyir. Onun açdığı şumu malalamaq, toxum səpmək olmaz, olsa da cücərti alınmayacaq. İlahi, gör hələ Füzuli olan şəxs nə sarsıntı keçirib".

Sərdar Əsəd beləcə şeirə, sözə qarşı həssas, son dərəcə ehtiyatkar, məsuliyyətli idi. İstəyirdi ki, hər şeirində nəsə təzə bir söz desin, məlum deyilmişlərə qayıtmasın, qayıtsa da ona təzə can versin. Bu elə bir dövr idi ki, poeziyada Ə.Kərim, M.Araz, Ə.Salahzadə, İ.İsmayılzadə, V.Səmədoğlu kimi təzə söz deyən şairlər yetişmişdi. R.Rza novator şeirin öncülü olaraq qalırdı. Digər şairlərimiz də sözün əlçatmaz qatlarına can atırdılar. Sərdar Əsəd ana dilli şeirimizin qoşma, gəraylı kimi formaları ilə bu söz qatlarına "hücum" elan eləmişdi. Sözlər, ifadələr dünyanın adiliklərindəki qeyri-adilikləri, məchulluqların arxasındakı məlumluqları və əksinə, məlum şeylərin, nəsnələrin daxilindəki naməlumluqları kəşf edirdi. Budur, başdaşında bir gözəl rəsm. Ona adi gözlə baxanda heç nə görə bilməzsən. Sərdar Əsəd gözüylə baxanda isə:

Yanağı gündən allanır,
Bir xəzəllə sığallanır,
Kirpiyindən şeh sallanır,
Buzları qışda ağlayır.

Donub görünməz qorxuya,
Susub cavabsız sorğuya,
Ayılmaz, gedib yuxuya,
Gözləri huşda ağlayır.

Görmür özü gündüzünü,
Döndərib dostdan izini,
Əliylə örtüb üzünü,
Heykəli daşda ağlayır.


Şəlaləyə baxın. O gözəllikdən özünüzü itirənəcən bu misraları yadda saxlayın:

Dərələr söykənib o qayalara
Asılıb şəlalə sarmaşığından.


Səhər dan yerinə boylanmısınızmı? Üstünüzə tökülən "o tonqal şəlaləyə" baxın, S.Əsədi xatırlayın. Kiminsə dərdinə ağlasın deyə, torpağa sıxılan qar kövrəkliyini görün, ağacın meyvəsiylə saçın çiçəyi arasındakı bu doğmalığa heyrət edin:

Çəkmişəm əlimi ağ saçlarına,
Saçın ağ çiçəyi əlimdə qalmış.


Sərdar Əsəd sözü belə diriltməyib, adilikdən, yekrəngdikdən çıxarıb ona yeni mənalar işığında baxmağı xoşlayırdı. Ən çox anasına şeir həsr etmişdi; ana nisgili, ana ömrü bu şeirlərin başlıca mövzusuydu. Ancaq anaya aid hər şeirdə Ana obrazı təzə bir poetik biçimdə üzə çıxırdı:

Ay illər, səninlə gəl qucaqlaşım,
Məsum körpəliyi yenə anırıq.
Nədənsə üstümdə durmayır başım-
Yenəmi beşikdə yırğalanırıq?!

Ana, nə deyirdin sən qulağıma,
Bəlkə söyləyirdin yaman kürəm mən,
Mənə deyirdin ki, qaç qucağıma,
Hələ də yanına yüyürürəm mən!...


Öncə qeyd etdim ki, Sərdar Əsəddə rəssamlıq duyğusu, təbii ki, sözlə gözəl bir mənzərə yaratmaq duyğusu güclü idi. İstənilən rəssam bu gün onun çox şeirini oxuyub tabloda nəsə yarada bilər...

Zəmi dalğasında istəyir daşa-
Yellər yelkənini yoxlayır nədir:
Qönçələr titrəyir gəlir baş-başa,
Güllər bir-birini qoxlayır nədir.


Deyirlər ki, Sərdar Əsədlə Əli Kərim çox möhkəm dost olublar. Onların talelərində, həyata, dünyaya şair baxışında doğmalıq çoxdu. Sərdar Əsəd də Əli Kərim kimi söz heykəli yonurdu, yüzilliklər boyu qəlibdən qəlibə keçən sözü bir də sığallayır, tutiyə kimi əzizləyir, tapılmaza çevirirdi. Sərdar Əsəd də sağlığında qədr-qiymət adlı bir insaf gözündən keçə bilmədi. Tənqidçilər susdular. O yerdə ki, Sərdar Əsəd görünməliydi, o yerdə ortabablar, miyanələr meydan suladılar.

Əli Kərim 38, Sərdar Əsəd 46 il yaşadı.

Əli Kərim iyunun 30-da, Sərdar Əsəd iyunun 29-da dünyasını dəyişdilər. Sözləri, taleləri yaxın şairlərin ölümü də yaxın oldu. Sərdar Əsədin bu misraları ilə ikisinin də ruhu şad olsun deyirəm:

Gedəni gəlməz olur,
Hey fikir daşıyanlar.
Dünyada ölməz olur
Əzabla yaşayanlar.


Vaqif YUSİFLİБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ