Roma papasının sevinci - Nurəddin Ədiloğlu

Tarix:13-06-2019, 15:59 Baxış Sayı:572

Roma papasının sevinci - Nurəddin Ədiloğlu
MANERA.AZ Nurəddin Ədiloğlunun "Taxt və tabut" romanından parçalar təqdim edir:

“Biz (papalar) bütün xalqlara və dövlətlərə ağalıq etməliyik”
Roma Papası III İnnokenti1

Qan rəngini xatırladan qırmızı alovun dilimlərinin səssizlikdə sanki pıçıltısı eşidilirdi. Bir az əvvəl çır-çırpı ataraq qaladığı qədim divar ocağının istisinə qızınan Papa X Lev əllərini sinəsinin üstündə xaç kimi çarpazlayıb xəyala dalmışdı. Əyninə lacivərd kaftan geyinmiş papanın boynundan asdığı qızıl zəncirli iri xac piyli göbəyinin üstünəcən sallanmışdı. Latın xacın üzərində incə naxışların haşiyəsində çarmıxa çəkilmiş İsa təsvir olunmuşdu. Xaçpərəstlər cəmiyyətləri tərəfindən yer üzünün mənəvi hökmüdarı hesab edilən Tanrının oğlu İsa Məsihin ruhu da sanki Roma papasının yeni qaladığı ocağin istisinə qızınırdı.

İrili –xırdalı ikonalar düzülmüş mərmər sobanın tən ortasında yerləşdirilən kürəyə kral tacı kimi qiymətli daş-qaşlarla bəzədilmiş böyük xaç pərçimlənmişdi. Kürə - dünyanın, xaç isə bütün yer üzündə xristian hakimiyyətinin qurulmasının rəmzi sayılırdı.

X Lev kürə üzərinə kölgə salan xaça baxıb, qanı qaçmış dodaqlarının altında İsanın: “Birisi sizin sağ üzünüzə vurursa, siz sol üzünüzü də ona çevirin” fikrini pıçıldadı. İsanın yer üzərində nümayəndəsi hesab edilən papa özünün ən çox güvənib etibar etdiyi kardinalları ilə söhbətdə bu fikri dəfələrlə özünəməxsus tərzdə belə izah etmişdi.

- İstəyirəm hamınız biləsiniz ki, bu fikir bəzilərinin bəsit şəkildə anladığı kimi, İsa peyğəmbərin zülmün qarşısında boyun əymək, dözmək çağırışı deyil. Bu müqəddəs kəlamın məna qatı çox dərindir. Əmin olun ki, bu fikirlə Tanrının oğlu özünün davamçılarını zülm edən zalımla savaşa çağırmışdır. Sizin hər biriniz müqəddəs İncildə onun son sözlərini təkrar-təkrar oxumusunuz. İsa deyir: “Elə düşünməyin ki, mən dünyaya sülh gətirmək üçün gəlmişəm. Mən qılınc gətirmişəm, sülh deyil. Öz taleyini götürüb mənim arxamca gəlməyənlər mənə layiq deyillər”…

Öz sələfləri kimi, onun da fikri-zikri Avropa hökmüdarlarını öz tabeliyində saxlamaq, onların gücündən xristianlıq dinini dünyanın ən ucqar güşəsinədək yaymaq idi. “Biz (papalar) bütün xalqlara və dövlətlərə ağalıq etməliyik”1

Qərinələr boyu Papanın vassalına çevrilən Qərb dövlətlərindən axın-axın sərvətin Vatikandakı xəzinəyə toplanması buradakı katolik kilsəsinin qüdrətini, eləcə də Romadan çox-çox uzaqlarda yerləşən monastrların və xristian məbədlərinin nüfuzunu artırmışdı .
______________________
1.Lotario de Kontini(1161-1216) O, 37 yaşında III İnnokenti adı ilə sayca 176-cı Roma papası olmuşdur.

Vatikan böyüdükcə Allahın xristian bəndələrinin Müqəddəs Ata dediyi Roma papalarının iştahası da artıb - çoxalırdı. İndi də gözlərində alov şölələri əks olunan Papa X Lev ağalıq etmək yükünü təkcə qərbdə deyil, şərq dünyasında da öz çiyninə götürdüyünü və gənc Səfəvilər imperiyası ilə qoca Osmanlı İmperiyası arasında qalayacağı düşmənçilik ocağını kardinalları ilə müzakirə etməyi düşünürdü.

Vaxti ilə sərdabə kimi inşa olunan Müqəddəs Mələk qəsri dərin süküt içindəydi. Roma papasının iqamətgahı kimi tanınan bu qədim qəsri İmperator Adrianın özü və xanımı Sabina üçün sərdabə kimi tikdirirmiş. Onun ölümündən dörd il sonra xələfi Antonin Piy sərdabənin inşasını başa çatdırır. Din xadimləri rəvayət edirdilər ki, 590 –cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori məbədin üzərində Mələk Mikayılı görmüş və o vaxtdan bura Müqəddəs Mələk qəsri kimi məşhurlaşmışdı.

Din pərdəsi altında öz mənafelərini düşünən Roma papaları sonralar buranı əsl qəsrə və özləri üçün iqamətgaha çevirmişdilər. Məbəddə vaxtilə onu sərdabə kimi tikdirən Adrian və Antonin Piy ilə yanaşı bir çox Roma imperatorlarının məzarları da yerləşirdi. Amma həmişə təklikdə düşüncələrə dalanda Papa İmperator Adrianın qəbri üzərində həkk olunmuş epitafiyanın sözlərini zümzümə etdirdi:

Həlim ruhum, azmış ruhum
Bədənimin yol yoldaşı və qonağı
Tərk edib tələsdiyin yer,
Solğun, kimsəsiz və sükutdur...
Oralarda
vərdişincə zarafat edə bilməzsən.


Bayaqdan bəri rəngli daşlarla bəzədilmiş divarlarındakı böyük şamdamların işığında Şah İsmayılla Sultan Səlimin yanaşı qoyulmuş rəsmlərinə uzun-uzadı baxandan sonra Roma papası X Lev burda hakim olan sükütu pozdu:

- Allahın Romaya – bizim bu əbədi şəhərə rəhmi gəldi, –deyə o, sözə başladı.

İki böyük türk dövləti arasında yaranan gərginlik barədə xəbəri eşidəndən bəri içində gizlədə bilmədiyi sevincini kardinalları və monarxlarla bölüşüb, onlara irəlidə atılacaq addımların, görüləcək tədbirlərin faydasını izah etməyə çalışan papa iqamətgahına hərbi müşavirləri də dəvət etmişdi. O, hamının üzündəki ifadəyə bir-bir nəzər salıb öz kürsüsünə əyləşdi və sözünə davam edib dedi:

-Bu ixtilafın böyük müharibəyə çevrilməsi Allahın bizim xristian dünyası üçün yaratdığı əlverişli fürsət olacaq... Mən gecələr çox narahat yatırdım. Son günlər əcaib-qəraib qarışıq yuxular görürdüm. Məni haldan- hala salan o yuxularımda gah Şah İsmayılın, gah da Sultan Səlimin başına tac qoyub Avropanın imperatoru elan edirdim... Beləcə səksəkə ilə yuxudan oyanıb sübhəcən oyaq qalırdım... - O bu sözləri deyib xaç çevirdi, - Allahım, sənə çox şükürlər olsun ki, məni bu qorxunc yuxunun əndişəsindən qurtardın!

Sonra papa dərindən köks ötürdü, amma onu narahat edən böyük fəlakətin əndişəsindən qurtulsa da, papanın gözlərindən kədər yağırdı. Hüzurunda cərgə ilə dayanmış monarxlar hamısı heyrət içindəydilər. Onlar sanki papanın yuxuda gördüklərinin gerçəkdə baş verəcəyinə şəkk edirdilər.

Papaya bir an elə gəldi ki, din qardaşları üzdə biruzə verməsələrdə daxillərində ona gülürlər və əlində tutduğu qızıl və gümüşlə işlənmiş əsasına söykənib dik ayağa qalxdı.

- Hə, sizə yuxuda gördüklərim qəribə gəldiyindən təəccüb edirsiz. Amma bilin ki, tarix təkrar olunmaqdan heç vaxt sığortalanmayıb... Vaxtilə türk tayfalarının başında duran Muncuq xanın oğlu Atilla Romanın qapılarına çatanda mənim ulu əcdadım I Lev məcburiyyət qarşısında qalıb onu qarşılamışdı və Atilladan Romanın bağışlanmasını istəmişdi.

İndi hamı maraq içində qulaqlarını şəkləyib müqəddəs atanı dinləyirdi.

-Bəli, əzizlərim, bu əhvalat bir çox qərinələr bundan öncə - 452-ci ildə olmuşdu. Məsihin və Romanın yolunda ölməyə hazır olan iki yüz minlik Roma legionçularına Katalaun düzənliyində Atillanın ordusuyla ölüm-dirim savaşına girmişdi. İki gün çəkən bu dəhşətli savaşdan qalib çıxan Atillanın qoşunu Romanın qapılarına çatanda papanın öz nümayəndə heyəti ilə onun qərərgahına getməkdən ayrı əlacı qalmırdı...

O, sözünə ara verib qəsrin divarına qədim heykəltəraşlar tərəfindən işlənmiş xaç yelkənli nəhəng gəmi təsvirinə baxdı.

-Şübhəsiz ki, ulu əcdadım Hippolitusun2 müdrük kəlamını xatırladıqdan sonra Atillanın ayağına getməyi qərara almışdır. Doğrudan da, xristianlıq bəşəriyyət üçün nicat gəmisinə bənzəyir. Və müqəddəs İsanın Həvarisi Pyotrun varisi olan ulu əcdadım bir türk barbarına bu gəmini yandırıb kül etməyi özünə rəva görməzdi də... Və o, Atillanın önündə diz çöküb ondan Romanın əhvini dilədi...
______________________________________
2.Hippolitus (III əsrdə yaşamışdır) xristian məşhur roma ilahiyyatçısıdır. O, xristian kilsəsini "dalğalar üzərində üzən və heç zaman batmayan" gəmiyə bənzədirdi. Ona görə gəmidəXristianlığın ən qədim rəmzlərindən (simvollarından) biri sayılır.

Hamı başını aşağı dikmişdi, din xadimləri sanki uzaq keçmişdə baş vermiş hadisəni göz önündə canlandıraraq məyus olmuşdular.
Bu zaman papa da öz aləmindəydi. Nəyisə xatırlayıb gülümsünürdü. O ağır addımlarla yaxınlaşıb sobanın yaxınlığında qoyulmuş büllur qarafindən gümüş piyaləyə su tökdü. İlıq sudan bir-iki qurtum içəndən sonra qırmızı xaçlı ağ cib yaylığı çıxırıb dodağını quruladı. Getdikcə gur alışıb yanan ocağa baxa-baxa sözünə davam etdi:

- Amma Atillanın önündə diz çöksə də, Roma Papası ona kinayə ilə belə xitab etdi: “Səni salamlayıram, Allahın bəlası...” Və bundan sonra ulu əcdadım xristian ocağını xilas etmək naminə Atillanın bütün şərtlərinə razı olur. İndi gəlin bir an biz özümüzü onun yerinə qoyub düşünək!

Görəsən o zaman papa Atillanın ayağına düşüb, onun şərtlərinə razı olmasaydı, onda Romada nələr baş verəcəkdi?!

Çünkü mənim əcdadım I Lev çox yaxşı bilirdi ki, əgər qoşun Romaya girsə, onda bu qədim şəhər nə hala düşər... Bəli, mənm qardaşlarım, o zaman Atillanın ordusu Konstantinopala3 girmədiyi kimi Romaya da girmədi. Nerondan, bir Makedoniyalı İsgəndərdən, Yuli Sezardan fərqli olaraq adına köçəri barbar dediyimiz türk sərkərdəsi tarixi əlyazmaların, əzəmətli abidələrin gələcək nəsillərə qalmasına razı oldu. Və bu alicənablığına görə ulu əcdadım olan Papa həzrətləri Atillanın başına tac qoydu və onu Avropanın imperatoru elan elədi.

Papa X Lev bu sözləri deyəndən sonra yenə nəfəsini dərdi, onu maraqla dinləyən monarxların sual dolu nəzərlərinin gah onun üzünə, gah da Şah İsmayılla Sultan Səlimin portretlərinə diqqətlə dikildiyini görüb bayaqdan başladığı söhbətini belə yekunlaşdırdı:

- İndi agah oldunuz ki, niyə mən yuxuda gah İsmayılın, gah da Sultan Səlimin başına tac qoyuram? Çünki öz tərafdarları tərəfindən Allah kimi pərəstiş olunan Şah İsmayıl da, gücləndikcə özünü İslam peyğəmbərinin davamçısı hesab edən Osmanlı padşahı Sultan Səlim də böyük türk sərkərdələridi... Axtarsanız hər iksinin kökü Atillaya gedib çıxar. Ona görə bu gün bizim hədəfimizdə hər ikisi eyni tutulmalıdır. Məsləhət görürəm ki, onların burdakı elçilərinə dövlət xadimlərimiz soyuqqanlı yanaşsınlar, o cümlədən öz elçilərimizi şahla sultanın hüzurlarına göndərib onların hər ikisinə müttəfiq olacağımızı vəd etməliyik. Bu minvalla onların arasında münaqişəni daha da gərginləşdirmək olar...

____________________________
3.Osmanlılar 1444-cü ildə macarları, çexləri, 1453-cü ildə Bizans imperiyasını məğlub etdilər.Bizansın paytaxtı Konstantinopol İstanbul adlandırıldı və dövlətin paytaxtına çevrildi.20 yaşında Osmanlı xəlifəsi olan Sultan II Məhəmməd İstanbulu fəth edərək Fateh adını qazandı.Daha sonra Krım xanlığı, Albaniya, Moldova, Afina hersoqluğu və bəzi Yunan knyazlıqları da Osmanlı imperiyasından asılı vəziyyətə salındı.

Monaxlardan biri dedi:

-Amma müqəddəs atamız papa həzrətləri yaxşı bilir ki, bizimlə Osmanlılar arasında baş verən müharibə ərəfəsində4 Venesiyalı diplomat Konstantino Laskari Qaraman bəyliyində olmuş, orada Səfəvilərlə danışıq aparmaq üçün Azərbaycana getmişdi. Laskari vətənə qayıdandan sonar Şah İsmayılla apardığı danışıqlar barədə 1502-ci il oktyabrın 14-də Venesiya hökumətinə yazılı şəkildə hesabat vermişdi. Bu hesabatda o, Səfəvilərin odlu atəş silahı əldə etmək istədiklərini bildirmişdi.Onun fikrincə, türk mənşəli Səfəvi əsgərinin və ümumən bu xalqın hərbi döyüşdə silah işlətməkdə zəngin təcrübəsi var... Bu xalq üçün başlıca məsələ silah və atdır. Səfəvi qoşununda "döyüş qaydası" mütləq hakimdir...Sofinin5 başqa layiqli cəhətlərindən danışarkən Laskari bildirirdi ki, türk torpaqlarında çox adam ona rəğbət bəsləyir və onun hakimiyyəti altında yaşamağa can atır... Mənim fikrimcə, biz öz münasibətlərimizdə Səfəvilərə üstünlük verməliyik.

Papanın əvvəl nəzərləri məchul nöqtələrə dikildi, sonra başını tərpədib dedi:

- Doğrudur, əvvəllər mən də Şah İsmayılın taxt-taca gəlişindən, şərqdə güclü səltənət qurmasından çox məmnun idim. Hətta Osmanlı imperatorluğunun başına böyük bəla olacağını düşünüb sevinirdim də. Amma son yeddi-səkkiz il ərzində Asiyadaki zəfərlərin görəndən sonra indi ayrı cür düşünürəm... – papa sözünün gerisini deyə bilmədi, onu öskürək tutdu. Sakitləşəndən sonra susub yenə gözlərini Şah İsmayılın portretinə dikdi, - məsələ burasındadır ki, məni indi daha çox Avropanın gələcəyi narahat edir... Qorxuram ki, xristian dünyası nə vaxtsa İslam düşüncəsinin təsirinə məruz qalsın!..

Papa böyük kürənin üzərindəki İsa peyğəmbərin qızıldan tökülmüş təsvirinə baxıb xaç çevirdi: “Tanrının oğlu İsa köməyimiz olsun!” deyə pıçıldadı. Kardinallar və monaxlar da xaç çevirdilər. Bu zaman Konstantinus adlı qoca cardinal ehtiramla hamıya təzim elərək papanın söylədiyi son fikrinə öz münasibətini bildirdi:

- Cəsarətimə görə, Papa həzrətlərindən üzr istəyirəm. Bu gün ətrafımızda İslam dinindən xəbəri olmayan elə bidətçilər6 var ki, onlar kilsə mərasimlərinə gəlməkdən boyun qaçırırlar. Onlar Müqəddəs Atamız haqqında ağızlarına gələn cəfəngiyyatlar danışır, hətta Roma papasını Allahın deyil, şeytanın canışini hesab edirlər. Məncə, inkvizisiya7 belə kafirləri daha ağır cəzalara məhkum etməlidir.Belə davam etsə, onların arasından Janna Dark kimi özlərini tanrının elçisi adlandırıb ətrafında silahlı quldur dəstələri yaradanlar da peyda olacaq!..
______________________________________________
4. Venesiya-Türkiyə müharibəsi ( 1499-1502-ci illər)
5.Şah İsmayıl
6.dinindən dönən
7.inkvizisiya –“təhqiqat” deməkdir; kilsə təliminə qarşı çıxanları mühakimə etmək üçün Roma papasının yaratdığı kilsə məhkəməsi.

Papa dedi:

- Konstantinus qardaş, istər Janna Darkın, istərsə də Yan Qusun odda yandırılması onu göstərdi ki, kilsə belə ağır cəzalarla xalq qəhrəmanlarının və elm fədailərinin axırına çıxmaq məqsədi güdür. Mənə qalsa indiki zamanda günahların bağışlanması barədə indulgensiyalara8 daha çox üstünlük vermək sərfəlidir. Belə olan halda Cənnət qəbzləri verib günahlarını və cinayətlərini bağışladığımız adamların kilsə xəzinəsinə özləri ağırlığında ödədiyi pullar xristianlığın qorunmasına xidmət edəcəkdir... Qaldı nəzərinizə çatdırım ki, bu gün bura yığışmağımızın mövzusu Sultan Səlimlə Şah İsmayıl arasında yaranmış münaqişədir. Ona görə də bu barədə fikirlərinizi bildirməyi rica edirəm.

Nikolas adlı monax söz alıb dedi:

- Papa həzrətləri, nəzərinizə çatdırım ki, gənc olmasına baxmayaraq, Şah İsmayıl da taxt-taca gəldiyi ilk vaxtlardan Babası Uzun Həsən, ulu nənəsi Sara xatun9 kimi bizim xristian olkələri ilə diplomatik əlaqələr yaratmağa başlayıb. Qısa müdət ərzində10onun səyi ilə Papalıq, Venesiya, Neapol krallığı, Kipr və Rodosla Səfəvilər arasında qarşılıqlı münasibətlər yaradılıb. Hələ doqquz il bundan qabaq o, Venesiyanın doju11 Leonardo Loredanoya göndərdiyi məktubda yazıb bəyan edirdi ki, "Biz bütün Əcəm ölkəsini öz hökmüdarlığımız altına aldıq, indi səltənətimiz günü-gündən çiçəklənir. Allahın kəramətinə inanırıq ki, elə bu ümidlə düşmən üzərində daha böyük qələbələr əldə edəcəyik. Venesiya Respublikası və digər Qərb dövlətləri ilə hərbi-siyasi ittifaq yaratmaq üçün məşhur hakim Əli bəy Avropaya göndərildi" Şah İsmayılın dediyi kimi hakim Əli Bəy dörd il bundan əvvəl12 İtaliyaya gəldi. Onun dediyinə görə, Şah İsmayılın əsas niyyəti öz ordusunu odlu silah və Artilleriya ilə təmin etmək idi. Fəqət Sufinin dövlətiylə aramızda olan məsafə uzaqlığı bu işi uzun illərdi ki, təxirə salır. Bundan başqa da osmanlı imperatorluğu Qızılbaş tacirlərinin Aralıq dənizinə yolunu bağlayıb.
_____________
8. indulgensiyalar -cənnət qəbzləri (günahların bağışlanması haqqında xüsusi kilsə fərmanı belə adlanırdı)
9.Osmanlı mənbələrində Gövhərşah xatun göstərilir.
10.1507-1508-ci illərdə
11.doju (yerli hakim)
12.1510-cu ildə


Bir az əvvəl papanın iradından sonra susaraq fikrə gedən qoca kardinal danışmağa məqam gözləyirmiş kimi dilləndi:

- Bizə o da məlumdur ki, elə osmanlılara bu hərəkətinə görə Aralıq dənizi vasitəsi ilə Qərbdən odlu silah almağın baş tutmayacağını duyan şah dərhal başqa yollar düşünüb tapıb...

-O hansı yollardı ki, Konstantinus qardaş? – deyə papa soruşdu.

-Mənim bildiyimə görə. Hörmüz körfəzi və Hind okeanı vasitəsi ilə avropalılardan odlu silah almağa çalışan Şah İsmayıl Portuqaliyaya öz elçilərini göndərib... Hətta məqsədinə tez çatmaq xatirinə Sufi şah Portuqaliya donanmasının Hörmüz körfəzində möhkəmlənməsinə də razılıq verib...

Bunu eşidəndə Papanın dodağına təbəssüm qondu. O, əvvəl qarşısındakı iri xəritəyə baxdı. Titrək əllərini xəritənin üzərində gəzdirdi.Sonra gözlərini qıyıb məchul nöqtəyə zillədi.Onun nəzərləri sanki çox uzaqlara dikilmişdi.

- Çox yaxşı, - dedi və xəyalının cövlan elədiyi uzaqlardan nəzərlərini çəkib hərbi səriştəsi olan kardinala baxdı, - Məncə, portuqaliyalılar Sufi şahın bu məqsədindən yaxşıca yararlana bilərlər. Qoy onlar tezliklə Hörmüzü ələ keçirib, Səfəvilərin Hind okeanına çıxış yolunu bağlasınlar. Bu gələcəkdə həm də osmanlıların Şərqə doğru hərbi yürüşlərinə mane olar...

- Bəs silah məsələsi?
- Məhəmmədilərin əlinə odlu silah vermək olmaz! – deyə Papa qətiyyətlə bildirdi və yenə əlini xəritənin üzərində gəzdirdi, bu dəfə o, Təbriz şəhərini göstərib belə dedi:

- Təbriz çox varlı şəhərdir. Sufi şaha quru vədlər verib bu paytaxt şəhərin və Azərbaycanın sərvətinə yiyələnmək olar! Hələ neçə qərinə bundan qabaq Təbrizdə olan bizim səyyahlardan biri Odorik de Pordenon yazırdı ki, Hülakü hökmüdarının bu şəhərdən əldə etdiyi gəlir Faransa kralının bütün Fransadan əldə etdiyi gəlirdən qat-qat çoxdur. Bilirsiniz ki, Təbriz Avropa-Asiya arasında ticarəti tənzim edən ən önəmli şəhərlərdəndir. Dünya ticarətinin karvan yolları burada qovuşur. Bu şəhərin digər tərəfdən Xəzər dənizi ilə Moskva knyazlığına tiçarət yolu var. Məncə gələcəkdə Xəzər dənizində imtiyazları ələ keçirmək üçün Böyük Moskva knyazlığı öz ciddi cəhdlərini artırmalıdır. Xəzərə sahib olmaq həm Qafqaza, həm də bu dənizin ətrafında yerləşən Orta Asiya əyalətlərinə sahib olmaqdır...

Vyana baş yepiskopu, kardinal Georgius öz mülahizələrin söylədi:

- Bayaqdan burada Dövləti –Qızılbaş haqqında fikirlər səslənir. Bəlkə Sufi şahını silahla təmin etmək bizim məqsədlərimizə daha çox fayda vermiş olardı. Papa həzrətləri, nəzərinizə çatdırım ki, Sultan Səlim də bizim xristian dövlətləri tərəfindən olacaq hücumları düşünərək Macarıstan, Venesiya, habelə Böyük Moskva knyazlığı ilə sülh müqavilələri bağlayıb və özünün bütün qüvvələrini Səfəvilərə qarşı yönəldib. Bizdə olan məlumata görə odlu silahlara malik yüz qırx min nəfərlik qoşunla Şah İsmayılın üzərinə gedir... Şübhəsiz Səfəviləri məğlubiyyətə uğradandan sonra yenə üzünü bizə çevirəcək. Və yuxuda gördüyünüz gerçəkləşə bilər. Yəni Sultan Səlim də Atilla kimi Romanın qapısında peyda ola bilər...

Papa etiraz əlaməti olaraq başını buladı.

-Belə görünür ki, Georqius qardaşımızın ayaqları burada - Müqəddəs Mələk qəsrində, fikri xəyalı Vyanadakı Stefan kilsəsində gəzib-dolaşır. Bayaq söhbətimə başlarkən qeyd etdim ki,Şah İsmayılın taxt-taca gəlişindən, Şərqdə güclü səltənət qurmasından çox məmnun idim. Fəqət, onun qısa müddət ərzində Asiyada qazandığı uğurları görəndə, ayrı cür düşünməyə vadar oldum!..Çünki məni Avropanın gələcəyi daha çox narahat edir. Siz heç bilirsiniz ki, Sufi şahını nəinki öz rəiyyətinə, hətta Osmanlı təbəələrinə sevdirən nədir? Və mənə elə gəlir ki, gənc olsa da, o, insanları qılınc gücünə deyil, Səfəvilik inancının qüdrəti ilə öz iradəsinə tabe edir. Söylədiklərimə diqqət yetirin! Onun bu gün başında dayandığı və banisi olduğu Səfəvi hakimiyyətini yönəltməkdə yararlandığı şiə məzhəbi ilə xristianlıq atributları arasında bənzər cəhətlər çoxdur! Baxın, on iki həvari bizdədir, on iki imam onlarda. Biz qeybə çəkilmiş xilaskar İsa Məsihin intizarındayıq, onlar qeybə çəkilmiş on ikinci imam Mehdi Sahib əz-Zamanın... Xristianlığın nişanı xaç işarəsidir, şiə qızılbaşlarınkı beşbarmaq əl işarəsi... Əgər biz gənc Şah İsmayıla odlu silahla yardım etsək, onda Avropanın gələcəyini təhlükə qarşısında qoymuş olarıq. Sultan Səlim nə qədər qəddar olsa da, Sufi şahla müqayisədə yaşlıdır... Gücü-qüdrəti ona aman versə də, ömrü aman verməz!..

Yaşca hamıdan böyük olan qoca kardinal dilləndi:

-Elədir, Müqəddəs Ata!.. Fəqət bu hər iki türk imperatorluğu bizim şərqdəki məqsədlərimizin həyata keçirilməsi yolunda çox böyük maneədir. Doğrudur, Osmanlı imperiyası ilə getdikcə Asiyada mərkəzləşən Səfəvi dövləti arasında dini şüarlar altında məzhəb münaqişələri mövcuddur! Lakin Osmanlı sarayı şiəliyi, Səfəvilər isə sünniliyi rədd etsələr də, əslində böyük bir regiona - Qafqazın cənubuna, Ön Asiyaya, Fars əyalətinə, İraqa nəzarət etmək, Qafqazdan Mesopotomiyaya uzanan ticarət yolunu ələ keçirmək uğrunda mübarizə aparırlar.

Papa onun fikrini başı ilə təstiqləyib bir anlıq fikrə daldı. O, yenə Şah İsmayılın florensiyalı rəssam tərəfindən çəkilmiş portretində məğrur və əzəmətli duruşuna baxdı və sonra heyrətlə dedi:

- Sultan Səlimdən fəqli olaraq Şah İsmayıl üçün türk dünyası daha böyük məna kəsb edir. Yəni diqqət etsək görərik ki, Səfəvi hökmüdarı bu zəmanədə böyük regionda türkçülük hərəkatının yeganə rəhbəridir. Əgər o, türkləri şiə məzhəbi sayəsində bir bayraq altında birləşdirsə, yaxın gələcəkdə Avropa xristianlarının taleyi türklərdən asılı olacaq! Buna heç vəchlə yol vermək olmaz.. Bir baxın, damarlarında türk qanı axan bu cəngavər özü çətin durumda olmasına baxmayaraq Hindistanda Dehli sultanlığının varisi kimi Baburlar sülaləsini himayə edir. Ona görə ki, Babur da türkdür...

Monax Nikolas dedi:

- Müqəddəs Atanın narahatçılığını çox yaxşı başa düşürəm. Amma Baburlar sülaləsi türk mənşəli olsa da, taxt-tacını qorumaq naminə təkcə Şah İsmayıla bel bağlamır. Deyilənlərə görə, Babur İsmayılın əlini öpəndə özünü şiə kimi qələmə verir, öz ata mülkünü ələ keçirmək üçün onunla müqavilə bağlayaraq, adına xütbə oxutdurub, hətta sikkə kəsdirib. Amma Osmanlı sultanından odlu silah istəyərkən sünnilər kimi dualar oxuyur.13
Papa xəfifcə gülümsündü:

- Belə görünür ki, Məhəmməd Babur odlu silah əldə etmək xatirinə belə ikiüzlülük edib. Babur14 şahın soykökü ata tərəfdən Əmir Teymura, ana tərəfdən Çingiz xana gedib çıxır.15 Əgər Şah İsmayıl Sultan Səlim arasında münaqişə müharibəylə nəticələnsə və Qızılbaşlar məğlub olsa, onda Babur da bu məğlubiyyətin acısını dadacaq!.. Buna mənim şübhəm yoxdur!..Türklərin birliyini sarsıtmaq üçün Osmanlılarla Səfəvilərin savaşı çox mühüm məsələdir.

- Müqəddəs Ata, biz istəsək də, istəməsək də bu iki türk cəngavərindən biri ağır məğlubiyyətə uğrayacaq. Mənim fikrimcə də, dediyiniz kimi, bu savaşın qalibi Osmanlı padşahı olacaq. Birincisi, o, qızılbaşları müsəlman hesab etmir və bütün müsalmanları onlarla savaşa çağırır, ikincisi, burada deyildiyi kimi, Osmanlıların Konstantinopolda odlu silah, top istehsal edən emalatxanaları var..

Papa:

- Yox, bu düzgün fikir deyil, Nikolas qardaş,-dedi, - əslində iki böyük imperiya arasında baş verəcək döyüşün nəticə etibarı ilə qalibi bizim bütün xristian dünyası olacaq... Əgər gözlədiyimiz kimi, böyük müharibə baş versə onların hər ikisi məğlub olacaq və dediyim kimi bu məğlubiyyətin acısını Babur şah da dadacaq! Bununla da şərqin qapıları üzümüzə açılacaq... Siz unutmayın ki, Səfəvi –Osmanlı münasibətləri bizi çoxdan narahat edirdi. Çünki bizə yaxşı məlum idi ki, Sultan Səlimin atası II Bəyazit Şah İsmayılla öz arasında Qərbin bir çox vilayətlərinin sahibi olan Osmanlı dövləti ilə Şərqin sahibi Səfəvi İmperatorluqlarını birləşdirmək barədə anlaşmışdılar, - papa bir anlıq nəfəsini dərib sözünə davam etdi, - Bu anlaşmaya görə yeni qurulacaq Türk dövlətinin paytaxtı ya Təbriz, ya da İstanbul nəzərdə tutulurdu. Ona görə də biz atasının yolunu davam etdirmək məramında olan şahzadə Əhmədə taxt-taca sahib çıxmasına mane olduq. Çünki Şah İsmayıl da öz arzusuna çatmaq üçün rəhbərlik etdiyi təriqətə pərəstiş eləyən şahzadə Əhmədin sultan olmasını istəyirdi...
_____________________________________________________
13.Şah İsmayılın müasiri və Moğol imperyasının banisi Zəhirəddin Məhəmməd Babur.Babur Şah İsmayıla itaətkarlıq edəndə kəlmeyi-şəhadətdəki "Əliyən vəliyullah” kəlməsini deyirdi. Osmanlıdan top-tüfəng alan kimi "Əliyən vəliyullah”-ı dilinə gətirməkdən çəkinmişdi
14."Babur" sözü əski türkcədə "bəbir", "pələng" mənasına gəlir.
15.Baburun atası Fərqanə hakimi Ömər Şeyx Mirzə Əmir Teymurun nəticəsi, anası Qutlu Nigar xanım isə Çingiz xanın 14-cü nəslindən idi.

Əgər Osmanlı taxtı-tacına şahzadə Əhməd sahib çıxsaydı, nə ordusunu Balkan torpaqlarından geri çəkərdi, nə də bizimlə sülh danışıqlarına elçilər göndərərdi... Biz isə həm Təbrizə, həm də İstanbula göndərdiyimiz elçilərimizi Həzrəti İsa şagirdlərinə buyurduğu bir kəlamla silahlandırdıq: “Sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun...” Və beləcə Səlimin taxta gedən yolundaki maneələri bir-bir aradan qaldırdıq...

Qoca Kardinal Konstantinus qamətini şax tutub əsasına söykəndi və aramla danışmağa başladı:

- Hamınıza yaxşı məlumdur ki, mən Tanrının oğlu müqəddəs İsa həzrətlərinə xidmətdən qabaq Varşavanın müdafiəsi uğrunda Osmanlılara qarşı savaşda bir əsgər kimi döyüşmüşəm.16 İndi də Papanın iqamətgahında xidməti işimlə bağlı şərq dünyasının yetişdirdiyi böyük sərkərdələrin həyatı ilə maraqlanıram. Buna görə də məni yaxşıca dinləməyinizi və deyəcəklərimdən düzgün qərar çıxarmanızı xahiş edirəm ...

Papanın işarəsiylə o, sözünə davam edib dedi:

- Sufi şahı gənc olmasına baxmayaraq çox qeyri-adi həm mənəvi, həm də fiziki gücə malikdir. Bu qeyri-adi mənəvi gücün bir səbəbi də Şah İsmayılın ulu babası şeyx Səfiyəddinin İslam peyğəmbərinin iyirmi doqquzuncu və yeddinci İmam Museyi Kazımın isə iyirmi birinci nəvəsi olmasıdır. Xalq arasında Sufi şahını qeyb olmuş on ikinci imamın zühur etməsi kimi qələmə verirlər.Şiyə təriqətçiləri Zəmanənin Sahibi adlandırdığı on ikinci imamın Sufu şahında təcalla etdiyini düşünürlər, - kardinal papadan üzrxahlıqla izn alıb, su içmək istədi. Və papanın əli ilə “buyur” işarəsindən sonra qrafindən piyaləyə su töküb içdi. Sonra ona təşəkkür edib dedi, -Şah İsmayılın on iki – on üç yaşından hakimiyyətə yiyələnməsi və bu günəcən səltənətinin ərazisini üç milyon kvadrat kilometrə çatdırması onun barəsində söylənilən bir çox rəvayətlərin həqiqət olduğunun isbatıdır. Eləcə də Müqəddəs Atanın onun barəsində düşündükləri, yəni Sultan Səlimdən də bizim üçün təhlükəli rəqib olduğu fikriylə tam razıyam. Sufi şah həm şair, həm də döyüşlərdə bu günəcən yenilməyən mahir sərkərdədi. Bu vaxta qədər o, “Ya Əli” sədası ilə dəfələrlə özündən sayca çox olan rəqib qoşununa hücum edib, zəfərlər qazanıb. İcazənizlə onun zəfər qazandığı bir necə müharibədən misal gətirməklə bu fikirlərimə aydınlıq gətirmək istəyirəm...

Papa bu dəfə yorğunçuluq duyulan səslə ona “Buyurun!” - dedi.
__________________________
16.Budapeşti, Sofiyanı ələ keçirdikdən sonra 1498-ci ildə Osmanlı ordusu Varşavaya qədər böyük zəfər yolu keçmişdi.

-Bu dediklərimə ən bariz misal kimi Şah İsmayılın yeddi minlik qoşunla iyirmi min süvarisi və altı min hərbi nizamla düzülmüş piyadası olan Şirvanşah Fərrux Yasara, bir o qədər qoşunla Ağhunlu Əlvəndin otuz minlik qoşununa qalib gəlməsi, on iki minlik qoşunla Ağhunlu Muradın yetmiş minlik qoşununu məğlub etməsini göstərmək kifayətdir!.. Müxtəsər desək, Sufi şahı hakimiyyətdə olduğu on dörd il ərzində on dörd əyaləti fəth edib, öz hökmüdarlığı altına alıb. Bu gün Fərat çayından başlayaraq Amudəryaya kimi böyük bir ərazi onun hakimiyyəti altındadır. Sufi şahın özbək xanı Məhəmməd Şeybaninin17 kəlləsindən piyalə düzətdirməsi isə qədim Hun xaqanlarından qalma bir adətdir. Hun xaqanları düşmənlərini öldürdükdən sonra kəllə sümüyünü qızılla bəzəyib kasa düzəldərdilər.

Onu dinləyəndən sonra Roma papası bütün kardinallara və sərkərdələrə üzünü tutub dedi:

- Baxın, elə məhz buna görə dəSufi Şahın bizə odlu silah almaq məqsədiylə göndərdiyi məktubların surətini çıxırıb Sultan Səlimə yollamağı sizə tövsiyyə edirəm!Məncə, Sultan Səlimin zövcəsinin Polşa yəhudisi olmağı da bizim məramımızı gerçəkləşdirməyə kömək edən amillərdən biri ola bilər!.. Osmanlı sarayında yüksək qulluq tutan xaçpərəstlər var. Onlar məcburiyyət qarşısında qalıb İslam dinini qəbul ediblər. Biz belələrini tərəfimizə çəkməklə Sultan Səlimin Şah İsmayılla aralarında böyük müharibənin baş verməsindən ötrü əlimizdən gələni əsirgəməməliyik. Hər iki dövlətə dərhal səriştəli xəfiyyələr göndərilməlidir... Bir daha təkrar edirəm. Qoy onlar İsanın öz şagirdlərinə dediyi bu sözləri unutmasınlar: “Sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun...” Bəli, əgər bu müharibə baş versə, onda qanı eyni kökə bağlı bu iki dövlət uzun illər, bəlkə də əsirlər boyu bu savaşın əzabını çəkəcək. Və bizim xristian dövlətləri onların hakim olduğu şərqdə əsas söz sahibi olub öz müstəmləkəçilik siyasətini həyata keçirə biləcəklər... Qoy gələcəkdə bütün türk dövlətlərinin taleyi Vatikana sədaqətlə xidmət edən Avropa krallarından asılı olsun!

Papanın hüzurunda ayaqüstə dayananların əksəriyyəti məmnunluqla başlarını tərpətdilər. Polşa Kardinalı isə narahatçılığını dilə gətirib dedi:
________________
17.Məhəmməd Şeybani hakimiyyəti (1500-1510)-Şeybani sülaləsindən özbək xanı, şair

- Şəksiz-şübhəsiz ki, Sultan Səlimin arzusu da Şah İsmayılı məğlub edəndən sonra dünyanın üç qitəsində ağalıq etməkdir. Əslində bu, elə dünyanın yarıdan çoxuna sahib olmaqdı. Sufi şahın ən ali məqsədi isə Müqəddəs Atanın dediyi kimi, vahid Türk imperatorluğu yaratmaqdır. Son nəticə etibarı ilə bu da, digərindən fərqlənməyən böyük təhlükədir.Yəni hər iki halda Avropa Məhəmmədilərin əsarəti altına düşə bilər!
Hərbi səriştəsi olan kardinal təmkinlə ona cavab olaraq dedi:

- Hər halda Şah İsmayıl Sultan Səlimə rəğmən daha təhlükəli rəqibdir! Onun müharibədə elə fəndləri və taktiki gedişləri var ki, bütün dünyadakı hərb sənəti üçün örnək ola bilər. Əgər bizə məlum “Troya atı” əməliyyatı bir yunan əsatiridirsə, Şah İsmayılın “Aypara”, “Turan taktikasi” və ya “Qurd oyunu” adlı döyüş manevrləri, geri çəkilməklə qəflətən qurduğu “pusqu əməliyyatı” gerçək hərbi fəndlərdi.18

Papa X Lev bu zaman yorğunluğunu bir daha büruzə verib əsnədi. Sonra:

- İndicə Həzrəti İsanın bir kəlamı yadıma düşdü, -dedi, - Buyurmuşdu ki: “Həqiqətən, gecə və gündüz iki xəzinədir, elə isə onlarda nəyi tələf etdiyinizə nəzər salın!”Görünür, gecə sübhətək dualar edəndə, yuxumu tələf tələf etmişəm. Gündüzə qalanda isə, məncə,bu gün hər iki zalım türk padşahları haqqında bütün təfərrüatlar açıqlandı.

Amma son anda onun baxışları hündürboylu, çatma qaşları olan, qırmızıbənizli, enlikürəkli Sultan Səlimin rəsminə dikilib qaldı və heyrətlə soruşdu:

- Bəs qırx dörd yaşlı Osmanlı Sultanının qulağındakı bu sırğa nəyin rəmzidir?

Kardinallardan biri dedi:

-Deyilənə görə, Sultan Səlim qulağındakı bu sırğanı Kəbə evinin xidmətçisi olmasının əlaməti olaraq daşıyır. Amma bizim Venesiyada qulağı sırğalı belə asiyalı kişilərin çoxunu yeniyetmə oğlan həvəskarı kimi tanıyırlar.

Papa başda olmaqla hamı onun bu sözünə gülüşdü.

Bu zaman kilsənin zəngləri çalındı. Papa zəngə qulaq asa-asa indiki Müqəddəs Pyotr kilsəsinin ərazisinin qədim çağlarda sirk meydançası olduğunu və burada İmperator Neronun19 xristianları amansızlıqla edam etdirdiyini düşünüb xəyala daldı. Neronun göstərişi ilə edam olunan ilk Roma Papası Pyotrun məzarı bu ərazidə yerləşdiyi təxmin edildiyindən bura sonralar xristianların ziyarətgahına çevrilmişdi. Papa X Lev kilsəni tikdirən Roma imperatoru Konstantinin ruhuna həmişə dualar oxuyurdu.İlk dəfə xristianlığı qəbul etdiyinə görə o zaman Papa I Silvestrin rəhbərliyi ilə tikintisi başa çatan kilsəyə imperator Konstantinin adı verilmişdi. Müqəddəs Pyotrun adı ilə kimi tanınana qədər bu kilsədə Roma İmperiyasının iyirmi üç imperatorunun tacqoyma mərasimi keçirilmişdir.
__________________
18.Mərv döyüşü zamanı (2 dekabr 1510-cu il) Şah İsmayıl geri çəkilməklə “pusqu əməliyyatı”ndan uğurla istifadə edərək Şeybani xanı tələyə salmışdı.
19.Klavdi Sezar Neron (15 dekabr, 37-9 iyun, 68) - Roma imperatoru (54-68), Nero sözü, güclü, igid və xoşbəxt mənasını verir.

Səkkiz il əvvəl20 Papa II Yuli kilsənin yerində yenisini inşa etdirməyə başladı. Əhali əvvəl bu gözlənilməz dəyişikliyə etiraz elədi, hətta memar Donato Bramanteyə "Dağıdıcı usta" adını verib səs-küy qaldırdı. Amma eşidəndə ki, burada daha əzəmətli, hündür yaraşıqlı kilsə ucaldılacaq və geniş mərkəzi zalda daha çox insan ibadət edəcək, narazılıq səngimişdi.

İndi öz sələfinin işini canla-başla davam etdirən Papa X Lev içində həm qürur, həm də təəssüf hissi keçirdi: qürur hissi keçirirdi ki, tikintisi başa çatandan sonra Müqqədəs Pyotr kilsəsi dünyada yaşayan bütün xristianların döyünən ürəyi və katolik zəvvarların ən müqəddəs ziyarətgah məkanı sayılacaqdı. Kilsənin inşası başa çatandan sonra Papalıq iqamətgahı da ora köçürüləcəkdi. Təəssüf hissi ona görə keçirdi ki, özündən əvvəlki Papa kimi kilsənin inşasının başa çatmasını görmək ona nəsib olmayacaq... Bir-iki ay olardı ki, papanın əmri ilə otuz bir yaşlı italiyan rəssamı Raffaello Santini21 kilsənin inşaat işlərinə rəhbərlik etmək üçün baş memar təyin olunmuşdu. Heykəltaraş Mikelancelo Buonarroti22 də burada çalışırdı...

Papa zəng səsinə qulaq asa-asa bir neçə dəfə xaç çevirdi:

-Böyük tufan yaxınlaşır. Bu tufan bizim üçün təhlükəli olan rəqiblərimizə Tanrı tərəfindən göndərilən cəza olacaq!.. – dedi və əsasını yerə vurdu. O, bununla da Şah İsmayılla Sultan Səlim arasında münaqişəyə həsr olunmuş kilsə məclisinin başa çatdığına işarə etdi və təkrar xaç çevirərək dedi:

- Qoy Tanrının oğlu Müqəddəs İsanın ruhu köməyimiz olsun və mənə də bütün xristian ölkələrində üç gün aramsız kilsə zənglərinin sədası altında şükranlıq duası23 oxutdurmaq nəsib olsun... Amin

Hamının xorla dediyi “Amin” kəlməsi Müqəddəs Mələk qəsrinin divarlarında əks səda verdi.
_______________________
20.18 aprel 1506 –cı ildə
21.Rafael Santi (6 aprel 1483 – 6 aprel 1520, Roma) məşhur İtalyan rəssamı.Raffaello, Raffaello Sanzio, Raffaello Santi, Raffaello de Urbino və ya Rafael Sanzio de Urbino kimi de tanınmışdır.
22.Mikelancelo Buonarroti (6 mart, 1475, -18 fevral, 1564) – italyan heykəltəraşı, boyakar, memar və şair. Renessans mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri.
23.1402-ci ildə Ankara düzənliyində Osmanlılar Teymur tərəfindən məğlub edildi və I İldırım Bəyazid əsir alındı. Osmanlıların məğlubiyyət xəbərini eşidən Roma Papası sevincindən Avropa ölkələrinin kilsələrində üç gün aramsız, kilsə zənglərinin sədaları altında Teymur üçün şükranlıq duaları oxutdurmuşdu.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ