Ruhun ehtiyacından yaranan poeziya - Şəfəq Nasir yazır

Tarix:3-06-2019, 11:11 Baxış Sayı:165

Ruhun ehtiyacından yaranan poeziya - Şəfəq Nasir yazır
Mənə görə ədəbiyyata, sənətə, ümumən yaradıcılığa olan maraq bir çox səbəbdən yaranır: İnsanın təbiətinə məxsus yaratmaq eşqi həyatında yaranan min bir təzadları, yaşadığı, müşahidə etdiyi gerçəklikləri özünəməxsus şəkildə təsvirə almaq istəyi, görüb-müşahidə etdiklərini fərqli bir formada yaddaşa ötürmək, yazmaq vərdişi düşüncə və əməllərini sözün qüdrəti, təsiriilə ifadə etmək istəyindən və daha nələrdən yaranır.

Bir də var, qəlbinin, ruhunun ehtiyacından yaranan yaradıcılıq vərdişi. Bu vərdiş həm də və əsasən Tanrının bəxş etdiyi tükənməz bir eşqlə bağlıdır. Belə bir mənəvi tələbatdan doğan yazmaq istəyi həqiqi yaradıcı insanlara xas olan bir cəhətdir. Şair, publisist Əbülfət Mədətoğlu da məhz ruhunda, gözündə-könlündə daşıdığıhəyat gerçəkliklərini, elə həyatın özündə görmək istədiklərini özünəməxsus təsvir-ifadəsi ilə ədəbiyyata gətirmək ehtiyacının tələbi ilə yazıb-yaradır.

Uzun illərdir Əbülfət Mədətoğlunun əsərlərindən görürəm ki, bütün bu sadaladığım cəhətlərin hər biri onun yaradıcılıq laboratoriyasında doğulan,işıq üzünə çıxan ədəbi məhsullarının ərsəyə gətirilməsində mühüm əhəmiyyət kəsb edir. Onun ədəbi aləminə yaxın olan hər kəsə də bəllidir ki, Əbülfətin yaşadığı ömür-gün, mənəvi aləmi ağrı-acılarla doludur. Bunlar şəxsi kədərdən göyərən, həm də milli, ictimai məna kəsb edən kədərdi. Hərdən də bu ovqata bir işıq timsalında çilənən sevinc onu ədəbi yaddaşında közərən könül duyğularını vəsf etməyə həvəsləndirir. Zamanı duymaq, onu müşahidə etmək, görüb-yaşadıqlarına ədəbi həyat vermək Əbülfət Mədətoğlunun bir növ həyat vərdişinə çevrilib. Əslində hər hansı bir işlə, fəaliyyətlə əlaqədar yaranmış vərdiş ictimai əhəmiyyət kəsb edirsə, bu, xalq tərəfindən rəğbətlə qarşılanır. Heç şübhəsiz, ürəyindən keçən, onu duyğulandıran, ehtizaza gətirən bu bədii yaradıcılıq, poetik düşüncələrin ifadəsi elə ruhun ehtiyacıdır. Əbülfəti geniş ədəbi mühitə, oxucu auditoriyasına tanıdan və sevdirən də məhz bunlardır.

Qarabağ dərdləri ilə yüklü olan şair vətəndaşın istəyi əlbəttə ki, doğma yurduna qayıtmaq, dizi üstə çöküb torpağını öpmək, onu gözlərinə sürtməkdir. Allah ona doğma Qarabağa,ocağına, doğulub, boya-başa çatdığı Tuğ kəndinə qayıtmağı qismət eləsin.
Ruhun ehtiyacından yaranan poeziya - Şəfəq Nasir yazır
Onun bir çox əsərlərinin – "Döymək istədiyim qapılar”, "Ürəyimdəki sənsən”, "Ehtiyacın elçi daşı”, "Nilufər çiçəyi”, "Sevgi pıçıltıları”, "Üfüqdə görünən adam”, "Zəhmli polkovnik”, "Sözə ünvanlanmış 15 məktub”, "Bir qadına...” kitablarının əsas ideyası, başlıca qayəsi də məhz budur.Bu kitablar müəllifin poeziya, publisistika vəbədii nəsrindən ibarət toplulardır və onu da qeyd edim ki, Əbülfət Mədətoğlu bu gün üst-üstə 28 kitabın müəllifi kimi ədəbi-mətbu mühitin mərkəzindədir.

"Bir qadına...” Əbülfətin növbəti kitabıdır və heç şübhəsiz, bu toplu da onun əvvəlki kitablarında olduğu kimi, poetik düşüncələrin qəlbindəsöz-söz, misra-misra doğulan məqamları, duyğuları rənglərlə süslənmişmənəvi aləminiişıqlandırmaq ehtiyacından yaranıb.Sözdən hörülmüş yığcam etüdlərin hər biri süjetli həyat lövhələridir. Qəlbin aynasında əks olunan duyğular səltənətinin həzin, kədərli və həsrətli ovqatının ifadəsi, az-azacıq sevincinin parıltılarıdır. Mənə elə gəlir ki, Əbülfətin ilhamının mənbəyi ürəyində yuva quran kədəri və o yuvanıniçində həmişə diri olan xatirələrdir. Bütün əsərləri o xatirələrin qüdrətindən yaranır. Xatirələr isə insanın mənəvi mənbəyi-məxəzidir. Bu mənbə də ki, tükənməzdir. O, qaynar həyatın içində var olduqca həmin mənbə-məxəz daha da dolğunlaşır, zənginləşir. Və poetik düşüncələr, süjetli nağıllar, həyat lövhələri də buradan rişə atıb işığa tələsir.

"Dərdim təklikdən yarıcan,
Çəkisi yoxdur darıcan...
Sən ona söylə barı, can!
– Ayaqda dayana bilsin...”.


Bu, kökü dərinə işləmiş, bu gün də ondan qəlpə-qəlpə qopan xatirələrin sızıltısı deyilmi?..Yaxud, şair deyəndə ki:

"Elə istəyirəm qovuşsun yolum,
Bir az önə çıxım, öndə dayanım...
İndi ki kölgənəm – qoy özüm olum –
Mən də günə çıxım, gündə dayanım!..”


- arzusu, istəyi bu xatirələrin işıq zolağından süzülən, yolunu aydınladan ümiddir. Axı kədərin də, qəmin də məzmununda həm də düşünmək, xəyala dalmaq sevdası var. Elə ümid də bu şirinlikdən yaranır.

Əbülfət Mədətoğlunun şeirlərinin dili o qədər rahat, rəvandı ki, çox zaman onlar bir oxunuşdanyadda qalır. Şeirlərinin üslubundan başlamış, onun ifadə tərzi, fikirlərin bir-biri ilə zəncirvari bağlılığı, ovqata köklənməsi şeirdə bir bötövlük yaradır. Bütün bunlar da heç şübhəsiz, şeirin mükəmməlliyini ehtiva edir.

Yenə insanın düşüncələrinə aydınlıq gətirən kədər... Onun evindən işıqlı dünyaya bir pəncərə var. Oradan sabahlara boylananda yaddaşındakı közərtilər alıb aparır şairi. Yaşadıqlarını təzədən duyur, xatırlayır...

Ürəyim büllur camdı...
Çat-çat oldu cam damdı...
Bu qandakı nə tamdı –
Torpağı xatırladır?!.

Canım yandı, közərdi
yandığı dərd gözəldi...
Dilim sanki xəzəldi –
yarpağı xatırladır...


Əbülfət Mədətoğlunun poeziyasıhəmişə ədəbi mühitin,ədəbi tənqidin diqqət mərkəzində olub. Ədəbiyyat adamları hər zaman onun yaradıcılığını izləmiş, şeirlərinə münasibət bildirmiş, haqqında dəyərli söz demişlər. Azərbaycanın görkəmli ədəbiyyat adamları, şairlər, yazıçılar onun şeirləri ilə bağlı fikir söyləyib, kitablarına ön söz yazıblar. Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Musa Yaqub, Elçin Əfəndiyev, Vaqif Bəhmənli şair, publisist, nasir Əbülfət Mədətoğlunun yaradıcılığına hər zaman diqqət göstəriblər.

Məlumdur ki, söz adamları həmişə mənəviyyatı maddiyyatdan üstün tutublar. Mənə görə də həyatda yaşamın bir qanadı, əsas gücü insanın mənəvi aləmi, duyğusallığı, hissiyyatıdır. Axıbu hissetmələr insan düşüncəsinə aydınlıq gətirir, özünü axtarmağa meyilləndirir, tapanda isə o ucalığını, mərtəbəsini həyatın çirkinliklərindən qorumağa çalışır. İnsan öz duyğularının, mənəvi aləminin gözəlliyi ilə də həyatını nizamlayır, bu cəmiyyətdə yerini, mövqeyini qazanmağa çalışır. Ona nail olanda yaşamağında böyük məna görür.

Əbülfət bəzən şeirlərində bu həyatdan "çıxıb getmək istədiyini”, "yaşamadığını” və bu qəbildən bir çox fikirlərini önə çəksə də, əslində bunlar həyatı görə-görə, tanıyaraq, duyaraq vəsf etməyə başladığı yolun davamıdır. "Ürəyim evin olsun” şeiri bu dediklərimi ayna kimi əks etdirir: "

Atdığı daşlar dəyir
birbaşa ürəyimə...
Daşlama, bu evi sən –
gir yaşa ürəyimə...

Ahdan asma, qovurma
xəlbirləmə, sovurma...
Sən sevməkdən yorulma
– köç yaşa ürəyimə...

Bu əzabı, bu qəmi
Verdin, seçdim qibləmi!
Köçürtdüm sən Kəbəmi-
birbaşa ürəyimə!..”


Bu misralarda sevgi dil açır, öz eşqini izhar edir, yaşamağın gözəlliyini duyur, həyata hüdudsuz bir məhəbbətlə bağlanır. Burada şair ayağı yerdən üzülmüş kimidi, sevginin ipək qanadlarında aləmi dolaşır, dolu ürəyi, oyanmış duyğuları ilə fırçasını əlinə alıb, həyatın rənglərinə öz çalarlarını əlavə edir. Üfüqü öz rənglərinə boyayır.

Başqa bir şeirində dərdin aşıladığı düşüncələr, bu düşüncələrin göyərtdiyi istəklər özgə bir mənada, gözəllikdə təqdim olunur. Burada lirik "mən” ürəyinin qatlarında özünə yer eləmiş dərdinin dili ilə özünü ifadə edir:

Gözlərimin dibinə
bir qaranlıq çökübdü...
Dərd ümid köynəyimi –
İlmə-ilmə sökübdü...

Bu ömrün zərrələr –
anlar toplumu "ah”dı...
Mənim olmamağım tək –
olmağım da günahdı!..


Bu "günah” əslində yaşamaqdı, yaratmaqdı, yaratdığından zövq almaq, nur paylamaqdı. Əbülfət Mədətoğlunu hələ ki düşmənə qalmış Qarabağsız yaşadan ümidlərini, arzularını göyərdən də dərdin ürəyində xatirələrdən açdığı yaddaş ağrısıdır. "Bir qadına...” şeirlər toplusundan ən çox əxz etdiyim bu fikirlər oldu. Yeni kitablarının sorağındayıq, Şair!../adalet.az/

Şəfəq NASİR,
filologiya üzrə fəlsəfə doktoru
31 may 2019

Ruhun ehtiyacından yaranan poeziya - Şəfəq Nasir yazırБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ