manera.az
manera.az

Bəxti gətirməyənlər - HEKAYƏ

27-04-2019, 12:00

Bəxti gətirməyənlər - HEKAYƏ
Min nəfərin arasında da təksən,
Özünlə təkbətək qalanda da təksən

Çingiz Aytmatov

Atasının ölümündən sonra Əjdər evin yeganə kişisi olaraq bütün məsuliyyəti öz üzərinə götürmüş, qazanc istəyi ilə hər işin qulpundan yapışmışdı. Zaman-zaman evə gətirdiyi qəpik-quruş bir dərdə yaramasa da, anasının, bacılarının gözündə milyonlara sahib kimi zəhmətinə dəyər verilmiş, uca tutulmuşdu. Hərbi xidmətdə ikən böyük bacısı qonşu kənddə yaşayan oğlana qoşulub qaçsa da, bir il sonra kor-peşman geri evlərinə dönmüşdü. Bacısına qarşı üsyankar, sərt mövqeyini anasından eşitdiyi sarsıdıcı xəbərlərdən sonra dəyişmiş, döyülməkdən bədəni qançır olan, az qala gözləri hədəqəsindən çıxan Gülçöhrənin halına acıyıb aradakı pərdəni açmamışdı. Qəzəbini yeznəsi Vüqarı tapıb döyməklə çıxarmış, yaxasından tutub onu torpaq boyu sürükləmişdi. Gözləmədiyi qəfil hücumdan özünü itirmiş Səfər üz-gözünün qanını silib bacısını “qısır” adlandırmış, bağıraraq “bir il gözlədiyim yetər, anama nəvə, mənə də uşaq lazımdı!”- deyib yarasına köz basmışdı. Eşitdiyi sözdən naçar qalıb geri dönmüş, düşdükləri vəziyyətlə əlacsız da olsa barışmışdı.

Dolanışıqları gün-gündən ağırlaşır, yaşamaq çətinləşirdi. Hələ də özünə gələ bilməyən xəstəhal bacısının üzünə baxmaqdan sıxılır, anasının ümidli baxışlarından utanaraq hər səhər alatoranda rayon mərkəzinə üz tutardı. Çəlimsiz vücudu olduğundan iş tapmaq samanlıqda iynə axtarmağa bərabər olmuşdu. Adi fəhləni belə tanışlıq olmadan götürmürdülər. Ali savadı yox idi deyə, hər getdiyi yerdə lazım olmasa belə diplom soruşanda onsuz da balaca olan vücudu bir az da qısılır, özünü dəyərsiz biri kimi hiss edirdi. Rayonda iş yox idi, demək onun bəxti yalnız Bakıda üzünə gülə bilərdi. Mütləq şəhərə getmək lazım idi, fikrini anasına bildirəndə o, narazılıqla başını bulayıb dedi:

-Ay bala, səbirli ol, ürəyini sıxma. Nolub axı, acından ölmürük ki, pis-yaxşı yatmağa evimiz var, dolanışığa qalanda da, hamı necə biz də elə bir təhər dolanırıq. Əsas odu azar-bezar olmasın, qalanı zamanla düzələcək. Heç yana getmə oğul, evdə qalsan yaxşıdı. Əsgərlikdən gələni doyunca üzünü də görmürük, səhərdən axşama kimi küçələrdə vurnuxursan. Bacının evə qayıtdığı bu pis vaxtda bizi tək-tənha qoyub hara gedirsən? Elə bilirsən şəhərdə yağ, bal tökülüb səni gözdüyür? Şükür Allaha məktəbi silib-süpürürəm, qonşu Şəfiqənin biş-düşünü edirəm, yoxa lənət! Gülər də bu gün sabah məktəbi qurtarıb bizə kömək edəcək. Qaldı Gülçöhrəyə o hələ özünə gəlsin, işləməsə də olar. Onsuz da hara getsən hər yerdə dolanışıq çətindi, camaat əziyyət çəkir.Oglunun narazı baxışlarını görüb tələsik əlavə etdi:

Bir söz demirəm ki, ay bala niyə özündən çıxırsan? Bir az döz, üzü yaya gedəndə iş başdan aşacaq. Kənddə alağı təmizləmək, bağa-bostana, mal-qaraya baxmaq üçün o qədər işçi axtaranlar olacaq ki. Bax onda ürəyin istədiyin qədər işləyərsən, bir də kim sənə nə deyir ki, özünü darıxdırma!

-Ay anaa..., mən yayı gözləyən deyiləm, hər şey bir-birinə qarşışıb, evin damı ordan uçulub tökülür, hələ bacının halı gün-gündən pisləşir. Əsəbimdən partlayıram, çıxıb gedəcəm. Şəhərdə o qədər binalar tikilir ki, sayı-hesabı yox. Bir-iki nəfərlə danışmışam, harda düzəlsə onların birində fəhlə işləyəcəm. Sonra da həftə sonu evə gələrəm, gələ bilməyəndə isə, pul göndərərəm. Hər şey yaxşı olacaq, ana, inan mənə! Bir də düzü kənddə qalmaq istəmirəm. Gedəcəm!

Nə deyim, görürəm qərarı da vermisən, boğçanı da bükmüsən, Allah xeyr versin. Bəs Bakıda qohum olmayan yerdə pulsuz-parasız kimin yanına gedəcəksən, harda qalacaqsan ay bala? Heç bunları fikirləşmisən Əjdər?

-Həə ana, narahat olma, əsas odu iş tapım, qalanı düzələndi. Sən məndən dularını əsirgmə. Bakıda Yasamal deyilən yerdə günəmuzd yatmağa o qədər yerlər var ki, birin tapıb uşaqlarla başımı girləyəcəm. Bu gün heç gecdi, sabah sübh tezdən yola çıxacam. Gülər hanı ana? Ona de mənim əyin başımı hazırlasın!
***
Şəhər həyatı ilk vaxtlar gözünü qamaşdırsa da, işinin çəmini tədricən tapmış, yeni həyatına uyğunlaşmışdı. Altı aydan sonra anasının təkidi ilə tək qalmasın deyə, kiçik bacısı Güləri yanına gətirmiş, iri marketlərin birində işə düzəltmişdi. Ev sahibəsi olan həyətdə otaq kirələmişdilər. Həftəsonu kimin boş vaxtı olurdusa ayın-oyun alıb rayona gedər, anasının könlünü sevindirməyə çalışardılar. Deyəsən zamanla hər şey yoluna düşürdü. Hər ikisinin çalışqanlığı sayəsində göndərdikləri pulla evin damını qırlatdıran ana yerə-göyə sığmır, övladlarının uğurunu qonşular arasında dönə-dənə danışmaqdan doymurdu. Günlər, aylar keçir, ağrı –acılar unudulurdu.

Əslində isə, Əjdər iki növbəli iş rejiminə keçməklə can ağrısı, halsızlıq tapmışdı. Vərdiş etmədiyi əzələ ağrılarından əziyyət çəksə də, bircə təsəllisi qazancının artıq olması idi. Gülər ərənglik yaşına çatmışdı deyə, anasının Gülərə almaq istədiyi cehiz arzusunu gercəkləşdirir, zamanla bu ağır yükdən qurtulmaq haqda düşünürdü. Onu ərə verəndən sonra, birinci işi doyunca yatmaq olacaqdı. Keçən illər ərzində az əziyyət çəkməmişdi. Bir müddət işləməyəcək, şəhəri gəzəcək, arada kinoya da gedəcəkdi. Sonra evlənmək haqda düşünmək olardı. O da gec-tez evlənməli, oğul-uşaq sahibi olmalı idi. Gözaltısı olmasa da, kəndən görüb seçdiyi qız həlbət ki, olacaqdı. Götür-qoy etdiyindən sübhün nə vaxt açıldığını bilmədi. Həvəsiz olsa da, durub geyindi, çay içmədən qapını bağlayıb yola düzəldi. Hava çiskinli olduğundan bütün bədəni zoqquldayırdı. Ağrıyan ayaqlarının iniltisini içində çəkib inşaat meydançasına gəldi.

Su krantına yaxın gəlib acışan gözlərini bir neçə dəfə yudu, yuxusunu qaçırtmağa çalışıb sement dolu torbaları liftə daşıdı. Təngiyir, nəfəs almaq çətinləşirdi. Ciyərlərinə, boğazına dolan tozlu havanı yerə tüpürdü. Açıq havada asma liftlə yuxarı daşıdığı sementləri suvaqçılara təhvil verib, yenidən geri qayıtdı. Aşağı-yuxarı getdiyindən başı gicələnsə də, işini sona qədər görməyi düşünürdü. Çox yox, iki-üç saata işini bitirəcək, kirələdiyi mənzildə heç nəyi düşünmədən doyunca yatacaqdı. Fikirlər burulğanında kiminsə onu çağırdığını eşitdi, aşağı boylananda başı gicələndi. Əlini kəndirdən tutmaq istəsə də alınmadı, boş gedən hava axınında ayaqları büdrədi. Yenidən cəhd edəndə havada yellənən vücudunun zərblə yerə çırpıldığını hiss etdi. Ağrıdan zarıdı, ağzından axan qanı silib ani olaraq ətrafa baxdı. Səs-küy salan, çığırtı qoparan yoldaşlarını eşitsə də, göz qapaqları yumulur, söz deməkdə çətinlik çəkirdi. Bir an sonra əzrayıla yoldaş olan Əjdər yuxusunu alıb dincəlmiş adamlar kimi gülümsəyirdi...

***
Dəhlizdən mətbəxə var-gəl edir, hər vəhclə evdəkilərin gözündən yayınmağa çalışırdı. Gözü pəncərədə olsa da boş küçələrdə insan övladı gözə dəymirdi. Bunlar harda qaldılar axı?! Bəlkə yolu səhv salıblar, evi tapa bilmirlər. Otaqdan qadınların ona ünvanlanan sual dolu pıçıltılarını eşitdikcə, anasının gərginliyini bütün varlığıyla hiss edir, həyəcan keçirirdi. Saatın əqrəbləri sürətlə gedir, qonaqlar gəlib çıxmırdı. Acizliyini barmaqlarının yan ətini çeynəyib qanatmaqla çıxarırdı. Bu nə iş idi axı mən tutdum? Kaş ki, rayona gəlməyəydim, elə kirədə qaldığım evdə anamla onları qarşılayardıq, heç kim də bilməzdi. Əgər gəlməsələr qonum-qonşunun yanında biabır olduq. Elə bircə bibim bəsdi ki, anama baş qaxıncı etsin. Onsuz da bu izdivaca razı deyildi. Deyəcəyi söz də bu olacaqdı: “Bilirdim, ay bala vallah ürəyimə dammışdı ki, onlar düz adam deyil. Salamun eleyküm, əlyeküm salam. Səni sevirəm, evlənirəm.

Ay qurban olum belə də ərə getmək olar? Tanımırsan, bilmirsən atası kimdi, anası kimdi, özü hansı yuvanın quşudu? Oğlan qəhət idi o boyda Bakıda, qızın gedib türkdən yapışdı? Axı nolub özümüzün kişi qeyrətli oğlanlarımıza?”- əminliklə bu sözləri deyib anasını iynəli sözləri ilə sancacaq, sonra da öyüd-nəsihətə başlayacaqdı. Arvadın bizə qahmar çıxdığı vaxtlarda bircə sözü vardı: “Neyləsin bu tifillər, balalarımın başlarına nə gəldi avamlıqdan gəldi ay bacı. Mənim balalarımın bəxti gətirmədi. Əjdərim bizə görə cavan canını çürütdü, qızlarım da belə. bəziləri kimi gözüaçıq, çoxbilmiş olsaydılar çoxdan hərəsi bir ocağın gəlini idi, -deyib bizə qahmar çıxar, ağlayardı.

İki saatdan çox vaxt keçdi. Qonşular küsülü kimi evlərinə dağılışmış, anası baş ağrısını bəhanə edib yataq otağına çəkilmişdi. Gülçöhrəni bibisi dizinə yaxın oturdub asta səslə nəsihət edir, dünyanın gedişini-gəlişini başa salırdı. Müti vəziyyətdə bibisini dinləməyə məcbur olan Gülçöhrənin halına gizlin baxmaqdan ürəyi sıxıldı, mətbəxə keçib az qala otuz-qırx dəfə zəng etdiyi nömrəni yenidən qorxu-hürküylə yığdı. Cavab gəlmədi, şəbəkə kəsilmişdi. “Bu nömrəyə müvəqqəti olaraq zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsindədir.” Deməli belə...

Bu artıq son idi! Süst halda hıçqırtısını içində boğub ağladı, duyuq düşməsinlər deyə, üzünü pəncərəyə tutub kədərli uşaqlığını, neçə illər bundan qabaq qardaşının faciəli ölümünü xatırladı. Bu günkü hadisədən sonra çətin ki, anası özünə gələ, elə o, özü də yəqin ki, heç kəsin gözünə görünməyəcəkdi. Bilirdi ki, kəndə gəlməsə belə, hələ uzun müddət onların ailəsini barmaqla göstərib əhvalatı bəzərək danışacaq, məsxərəyə qoyacaqdılar. Qaranlığa dikilən kədərli baxışları onunla ilk görüşünü xatırlayır, harda, necə səhv etdiyini tapmağa çalışırdı.

***
Marketdə şirniyyat şöbəsinə baxan Gülər gününü ayaq üstə keçirtsə də, işini sevirdi. Müxtəlif adamlarla ünsiyyət, alınan şirniyyatların müddəti, dadı haqqında müştəriyə məlumat verər, xidmətin yüksək olmasına, alıcının razı qalmasına çalışardı. Türk vətəndaşı ilə tanışlığı adi günlərin birində olmuşdu. Aldığı şirniyyatı seçməkdə ona yardımçı olan Gülər elə ilk baxışdan oğlanın nəzərini vücudunda hiss etmiş, duyğulanmışdı. Bu hissdən yararlanan Yılmaz Gülərin ovcuna qoyduğu bükülü kağızda nömrəsini yazmış, ona zəng etməyi xahiş etmişdi. Beləcə ünsiyyət yaranmış, zamanla ehtiraslı görüşlərə çevrilmişdi. Gülər qəfil gələn sevgidən duyğulanaraq sevincini hər kəslə bölüşməyə çalışırdı. Bu illər ərzində onunla tanışlığa can atan oğlanlar az olmamışdı. Aralarında yaxşısı da olmuşdu, pisi də. Nədənsə münasibət çox getməmiş, müəyyən vaxtdan sonra ayrılmışdılar. İndi isə, aylardı ona diqqətini əsirgəməyən türk vətəndaşı peyda olmuşdu.

O, sevincini əzizləri ilə bölüşür, bir az da üstünə qoyaraq gözəl günlər vəd edib özünü də, onları da inandırmağa çalışırdı. Həmən gün ananın gözləri işıldamış, üzünün qırışığı açılmışdı. Deyəsən Tanrı Gülərə digər övladlarının yarımçıq qalmış xoşbəxtlik payını da nəsib etmişdi. O, tezliklə ailə quracaq, şəxsi evi olacaqdı. Ana üçün bundan böyük xoşbəxtlik ola bilməzdi. Gülər dəfələrlə bürkülü yay gecələrində xəyal qurduğu kənddən Bakıya yox, pərəstiş etdiyi Türkiyə ölkəsinə səfər edər, oranı qarış-qarış gəzərdi. Sonra, Yılmazla Çarşıbazara gedib alış-veriş edər, doğmalarına çoxlu hədiyyələr alardı. Qucaq dolu hədiyyələri onlara bəxş edəndə qəfil gəlişdən özünü itirən ana başılovlu qonum-qonşuya xəbər göndərər, tədarük görərdı. Düşüncəsinin mövcudluğuna əminliklə inanan Gülər doğmaları əhatəsində deyib-güləcək, ağrı-acılar tamamilə unudulacaqdı.

Qardaşının ölümündən sonra uzun müddət özünə gəlməyən anası üçün bax bu əsl müjdə olacaqdı. Yılmazla görüşləri daha çox işdən çıxdığı vaxtlara təsadüf edirdi. Həyatına sədd qoyan biri olmadığından bəzən gecəyarıyadək bir yerdə olar, dənizkənarı parka, kinoya gedərdilər. Qəfil gələn eşq havasından göylərdə uçsa da, iş yoldaşlarının sorğu-suallarından cana doymuşdu. Tezliklə marketdən uzaqlaşacaq, yeni parlaq həyata qədəm qoyacaqdı. Görüşdükləri bir il ərzində zamanla yaxınlıqları artmış, günlərin birində dərinə gedərək özünü Yılmazın yatağında, qolları arasında görmüşdü. Bir müddət sarsılsa da, bu gizli həyat onun xoşuna gəlmişdi. Gülər Yılmazın kürən vücudunu oxşamaqla qadınlığın gözəlliyini yaşayır, həyatından zövq alırdı.

Bircə nigarançılığı nigahdan qabaq doğula biləcək uşağın olması idi. Hər ikisi ciddi-cəhdlə qorunmağa çalışsalar da, alınmamış o, hamilə qalmışdı. Bətnindəki uşağın varlığını gizlətməyə çalışmış, Yılmaza deməkdən ehtiyat etmişdi. Özünün çoxdankı arzusu, anasının təkidi ilə tanışlıq vaxtının çatdığını Yılmaza açıqlayanda o, arxayınlıqla yaxın zamanda valideynlərini götürüb onlara gələcəyini söyləmişdi. Gün təyin olunmuş, vədə yetmişdi. Əslində isə Türkiyənin ucqar vilayətində yaşayan valideynləri Yılmazın sözünü qulaqardına vurmuş, onu nişanlamışdılar. Vəziyyətin bu hal alacağını düşünməyən Yılmaz mübarizə aparmağa cəhd etmədən Gülərlə bağlı bütün əlaqələrə son qoymuş, işlətdiyi nömrəni belə qırıb bir kənara atmışdı.

Taleyin gərdişindən bixəbər Gülər isə, bətnindəki övladını yaşatmalı, ya öldürməli olduğunu düşünür, qərarsız halıyla fikirlər burulğanında nə edəcəyini, hara gedəcəyini bilmirdı...

Təranə FAZİLQIZI
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30