manera.az
manera.az

Ölümlə üz-üzə - Qalib Şəfahətin hekayəsi

25-12-2018, 20:22

Ölümlə üz-üzə - Qalib Şəfahətin hekayəsi
Payızın sonuna az qalmışdı. Qış özünü göstərirdi. Axşamdan düşmüş qırov qar ayaq altında xışıldayırdı. Çox soyuq idi, qalın geyinsələr də soyuğa tab gətirmək mümkün deyildi. Amma yeridikcə bədənlərində yaranan hərarət onları üşüməkdən xilas edirdi.

Üç nəfər kəşfiyyatçı idilər. Səhər alatoranından yola düşmüşdülər. Tapşırıq almışdılar; dağın o üzündə yerləşən düşmənin əsas silah anbarını axşam partlatmalı idilər. Bununla da düşmənə ağır zərbə endirmiş olacaqdılar. Yol uzaq olduğuna görə tələsirdilər ki, gedib vaxtında deyilən məkana çatıb, mövqelərini möhkəmləndirsinlər.

Hava dumanlı idi. Yüz metrdən o yana heç nəyi görmək mümkün deyildi . Ətrafı diqqətlə nəzərdən keçirirdilər ki, qəfil hər hansı bir təhlükəylə üzləşsələr özlərini qoruya bilsinlər. Gizli, gözdən uzaq yerlərlə, ən çox da qayaların dibi ilə hərəkət edirdilər. Getdikcə qarşılarına hündür qayalar, çınqıllı, daşlı yollar çıxırdı. Bu onların hərəkətinə əngəl törətsə də, calışırdılar yolları yorub yolda qoysunlar. Onlar sıldırım qayanın ətəyi ilə aralarında 50-60 metr məsafə saxlamaqla yollarını davam etdirirdilər. O, arxada gedirdi. 20-30 metr aralıda partlayan mina onu toz-duman içində görünməz etdi. 2-3 metr hündürlüyü olan qayanın dibinə yuvarlandı. Huşu özünə gələndə bədənində güclü ağrı hiss etdi. Ən çox da sağ ayağı incidirdi. Ətrafında xeyli qan laxtalandığını gördü. Gözünü yoldaşlarının üzünə zilləyib:
– Nə olub? – soruşdu.
Kərim başını bulayıb:

– Yaxşı qurtardıq, – deyib – ona ürək-dirək verdi. – Şükür, salamatçılıqdı. Mina bir az aralıda partlayıb, yaxında partlasaydı, tikə-tikə edərdi. Daşın üstünə düşmüsən, ayağın sağ diz nahiyəsindən sınıb. Bədənində bir neçə qəlpə yarasi var. Qanaxma dayanıb. Sınıq yerə ağac parçası qoyub sarıdıq ki, tərpənməsin, yoxsa incidər. Sən də çalış o ayağını tərpətmə. Ağrikəsici vurmuşuq, bir azdan ağrı keçəcək. Tapşırıq yerinə yetirilməlidir. Xəlvəti bir yer seçərik, gözdənuzaq olasan. Biz gedib əməliyyatı başa çatdırıb, gəlib səni götürərik. Bir az dözümlü ol. Möhkəm ağrı olsa o biri ağrıkəsicini də vurarsan.

Onu qayanın gizlin yerinə yerləşdirib yola düzəldilər. Yoldaşlarının arxasınca:
– Sizə yaxşı yol! Ehtiyatlı olun! – deyib kövrəldi.
Özünü qatardan ayrılmış durna kimi hiss etdi.

Aradan xeyli vaxt keçmişdi. Zəif həniri hiss olunan günəş buludun arxasına girib görünməz olmuşdu. Bədəni zoqquldayırdı. Ağrıdan çox kimsəsiz bir yerdə tək-tənha qalmağı onu daha çox sarsıdirdı. Gecənin səssizliyində nə edəcəyini düşünürdü.
Fikri yoldaşlarının yanında idi. “Görəsən əmri yerinə yetirib, sağ-salamat qayıda biləcəklərmi!?
Bir az da özünü qınadı. “Mən də onlara bır yük olacam.


***
Göydən yerə qar ələnirdi. Hələ hava tam soyumamışdı. Yerə düşən qar o andaca əriyirdi. Arada əsən soyuq külək adamı qılınc kimi kəsirdi. Hər tərəfi qatı duman aldığından qaranlığın düşüb-düşməsi o qədər də hiss olunmurdu. Qolundakı saatın cıkkıltısı onu fikirdən ayırdı.

Saata baxmaq istədi. Qolundakı ağrı ona əziyyət versə də gözünün qabağına yaxınlaşdırdı. O biri əli ilə gödəkcənin qolunu yuxarı qatlayıb saata baxdı. Saat 5 idi. “Qaranlıq düşür. Bir saatdan sonra zil qaranlıq məni öz qoynuna alıb gizlədəcək. Sürünüb daldalanmaq üçün münasıb bir yer tapım. Yoxsa burada ya qurda-quşa rast gələçəm, ya düşmənə, ya da ki, yerimdə donub öləcəm”. “Ölüm” deyəndə qüssələndi. “Yox, hələ ölməməliyəm! Hansı arzularımı yerinə yetirmişəm ki, ölüm haqda fikirləşim! Körpə uşaqlarım atasız necə böyüyəcək? Böyüsələr də ürəkləri sınıq olacaq. Nə arvadımın, nə də uşaqlarımın gözü yollarda qalmasını istəmirəm”. Ətrafa boylandı. Gözünə dar bir çığır sataşdı: Yəqin bu cığır gizlin bir yerə gedib çıxar. Cığırla sürünə-sürünə xeyli getdi. Qarşısına qayanın dibində mağara çıxdı. Sevincək oldu. “Buraya qar yağmır, külək də tutmur, yaxşı oldu. Birtəhər səhərə qədər keçinərəm” – fikirləşdi. Qulağına küçük zingiltisinə bənzər səs gəldi. Başına elə bil qaynar su tökdülər: “Yoxsa gəlib canavar yuvasına çıxmışam?!

Qayıtmaq istədi: “Hara qayıdacam, qayıdası yerimmi var?! Endiyim çığırı necə qalxacam? Yəqin taleyin qisməti buraya qədərdi. Nə olar, olar! Bəlkə də canavarda insaf olacaq, mən onun yuvasına sığınmışam, heç toxunmayacaq? Silahına baxdı: “Yox, güllə atmayacam. Bu çətin vaxtımda istəmirəm balaları çölün düzünə yetim qalsın. Canavar balalarının əlini yalaması onu xəyaldan ayırdı. Əlini qaldırıb başlarını sığalladı. Öz-özünə deyindi: “Mərdimazarlıqla işim yoxdu. Mən də körpə balalarımı qoyub gəlmişəm, heç bilmirəm necədirlər, nə cür yaşayırlar”.

Balaca, zəif canavar balalarından biri zingildəyə-zingildəyə onun ətrafında fırlanırdı. Oğlunu xatırladı: “Oğlum da anadan olanda zəif, tənbəl idi. Qızım ona baxanda çox diribaş uşaq olub. Anası daha cox oğlumun qayğısını çəkirdi. Yəqin bu erkək tayıdı. Çantasından ət konservini çıxarıb onların qabağına qoydu. Qürurlandı; elə bil öz balalarının qayğısını çəkirdi.

Plaş-çadırını üstünə çəkdi. “Soyuqdan bir az qorunmaq olar! – dedi. Canavar balaları yeyib, onun yanına sığındılar. Canavar kaş gəlməyəydi. Beləcə səhərə çıxaydıq. Onsuz da onun balalarına pislik etmək fikrim yoxdu. Qulağına səs gəldi. “Yəqin gəlir, hücüm edə bilər?
Avtomat silahını hazır vəziyyətdə saxladı. Canavar ondan 10 metrə qədər aralıda ayaq saxlayıb dayandı. Ağzında dovşan ovlayıb gətirmişdi. Silahı canavara tərəf tuşlayıb dayanmışdı. O, canavara, canavar ona baxırdı. Ortada dərin bir süküt hökm sürürdü. Allaha yalvarırdı ki, çətin vaxtında hər şey sakitçiliklə keçsın. Canavar elə bil dil bilirdi. Gətirdiyi ovu qarşısına qoyub sakitcə dayanmışdı. Balaları ondan aralanıb analarına yaxınlaşdı. Əvvəlcə analarını əmdilər. Sonra anaları gətirdiyi ovu xırdalayıb balalarına yedirtdi. Doyduqdan sonra gəlib yenə onun yanına sığındılar.

Canavar balalarını mehribanlıqla yedizdirəndə arvadı yadına düşdü. İşdən tələsə-tələsə evə, uşaqların yanına qaçır. Əlində nəsə alıb gətirir. Uşaqlar ələ baxır axı. Ondan çox onların qayğısını kim qala bilər, kim onun qədər doğmalıq göstərə bilər. Uşaqlar da anaları işdə olanda darıxır, yolunu gözləyirlər. Bəlkə də həmişəki kimi oğlum anasını görəndə kövrəlib ağlayır. Bu da uşaqların bir bəhanəsidir. İstəyirlər diqqətdə qalsınlar. Anaları gəldikdən sonra rahat olurlar.

Onda evə axırınıcı mən gələrdim. Yolumu gözləyirdilər. İndi yəqin gözləmirlər. Bəlkə də çox darıxırlar. Amma tez gələcəyimə hələ inanmırlar. Anaları evə gəldikdən sonra rahat olurlar, uşaqlıq dünyalarına çəkilirlər. Sonra analarının qucağına girib mışıl-mışıl yatırlar. Uşaq aləminin bu dunyanın təlatümündən nə xəbərləri var.

***
Saat neçə olduğunu bilmirdi. Qar-çovğun başlamışdı. Qar dənələri göydən yerə çırpılırdı. Yer ağarmışdı. Soyuqdan dişləri bir-birinə dəyirdi. Ağrılarını unutmuşdu. Özünü çox halsız hiss edirdi. Qorxurdu birdən ölər. Özünə sual verdi: “Niyə ölməlisən? Hətta canavar sənə dəymədi, toxunmadı. Niyə özündə güc toplamamalısan? Qara-çovğuna təslim olmalısan. Ölüm sənin üçün belə ucuzdur? Canavarın baxışlarında arvadının baxışlarını görürdü: “Gözləri necə də arvadımın gözlərinə oxşayır, necə də məsum görünür. Bəs deyirdilər canavar yırtıcıdır. Yalan sözdü! Görür balaları ilə mehriban davranıram, bəlkə də yuvasına can atmır ki, mən dardan qurtaram”.

Gözündə sevdiyi ilk günlər canlandı. “Onunla orta məktəbdən, 7-c-sinifdən bir-birimizi sevirdik. Nə bizim evdə, nə də onların evində bizim evlənib, ailə qurmağımıza razı deyildilər. Onların fikrinə görə ortalıqda düşmənçilik var. Amma həqiqətə baxanda heç bir düşmənçilik yox idi. Özləri qaşıyıb qan çıxarmışdılar. Belə danışırdılar ki, mənim babamla onun babası vaxtilə bir yerdə balıq tutmağa gediblər. Elə olur ki, dağda güclu yağış yağır, daşqın olur. Qəflətən sel gəlir, onun babası sudan çıxa bilmir. Boğulub ölür. Mənim babam inandıra bilmir ki, hadısə necə olub. Elə bilirlər babam qəsd edib. Uzun çəkişmədən sonra babamı müqəssir bilib tuturlar. Babam da türmədə ölür. Onlar bizimkiləri dostluğa xəyanətdə günahlandırır, bizimkilər onları mərdimazarlıqda. Bu da düşmənçilik. Həmişə gizlin görüşürdük. Onda 10-cu sinifdə oxuyurduq. Evlərimiz bir-birinə yaxın idi. Söz vermişdik, gecə 1-də görüşüb, söhbət edək. Hamı yatandan sonra görüşdük. Bir-birimizə elə qısılmışdıq ki, elə bilirdik, iki bədəndə bir canıq. Söz vermişdik, bizi bir-birimizdən ölüm də ayıra bilməz. Beləcə səhərə kimi dərdləşdik. Səhər xoruz banında bir-birimizdən ayrıldıq ki, bizi bir yerdə görməsinlər. Əvvəl fikirləşmişdik ki, qovuşmağa imkan verməsələr, bir-birimizə sarılıb özümüzü çaya ataq. Arzularımız boğulunca elə birlikdə boğulub ölək. Etirazımızı belə bildirək. Sonra bu fikirdən daşındıq. Yox, biz ölmək haqda yox, qovuşmaq haqda fikirləşməliyik. Orta məktəbi əla qiymətlərlə qurtarıb, ali məktəbə daxil olduq. Univerisiteti qurtardıqdan sonra evləndik. Onda gördük razı deyillər; onun da yolunu öz aramızda çözdük. Keçmişdən qalan ağrı-acını biz çəkməli deyildik ki. Gedib evlənmə haqqında şəhadətnamə alıb, sonra ismarıc etdik. Çıxılmaz vəziyyətdə qalıb, tasa-pasaları yatdı. Evləndiyimiz gün özümüzü ən xoşbəxt insanlar sayırdıq. İndi Allaha şükür, iki uşağımız var. Mehribanıq, bir-birimizə can deyib dolanırdıq.

“Yox, ölüm, sən bizi-bir birimizdə ayıra bilməzsən. Mən ölməməliyəm. Ölsəm, bilmirəm biləcəklərmi ölmüşəm. Bilməsələr ömrü boyu yolumu gözləyəcəklər. Canavara yem olacam. İlahi, bu dərdi balalarımdan uzaq elə, onlara belə dərd vermə. Meydimi tapıb aparsalar butün ümidləri mənimlə bərabər torpağa tapşırılacaq, gözlərindəki sevinc işartısı yasa bürünəcək. Həmişə qəlblərində bir nisgil , ağrı gəzdirəcəklər. Arvadım həmişə yoldaşlarımın, dostlarımın içində məni axtaracaq. Kaş heç müharibə olmayaydı. Döyüşə yola düşəndə hər şeyi arvadına əmanət etmişdi. “Bilirəm, səni çətin durumda qoyub gedirəm. Getməmək mümkün deyi. Özün, uşaqlar əmanəti. Mən hər şeyimi səni də, uşaqlarımı da, ən ülvi arzularımı da elə sənə etibar edib gedirəm. Narahat olma! Allah qoysa, müharibə qurtarar, sağ-salamat yanınıza qayıdaram. Məni yaşadan sizə bağlılıq, ilahi qüvvədir. O qüvvə içimdə darmadağın olsa, onda mən əbədi öləcəm, – demişdi.

Onda arvadının gözləri dolmuşdu: “Mənə etdiyin əmanəti, qoyub getdiyin kimi özünə qaytaracam. Buna arxayın ol. Mən çətinlikdən qorxmuram. Hər çətinliyin öhdəsindən gələcəm, tab gətirəcəm. Qorxduğum sənsızlikdi, qorxuram sənsizliyə dözə bilməyəm”, – demişdi. “Axı sən söz vermisən, nə tez unutdun. Bu an onun içində bir haray qopdu: Yox, durub getməliyəm, ölməməliyəm. Verdiyim sözə əməl etməliyəm!” Durmaq istədi. Tərpəndikdə ayağındakı ağrı onu ilan kimi sancdı. Ağrıdan qovruldu. Bu an canavar da ayağa durub xeyli yerində fırlanıb yenə də həmən yerə uzandı. Başını qollarının üstə qoyub, gözlərini ona zilləmişdi. Maddım-maddım üzünə baxırdı. Özünü qınadı: “Ağrıdan yerindən dura bilmirsən. Amma vaxt var idi, arvadıma olan məhəbbətin hənirtisinə bu qaya parçalarını da əridib muma döndərərdim. Demək o hərarət sönüb, yoxa çıxıb. Bəlkə qəlbimdəki sevgi hissləri ölüb, xəbərim yoxdu.

Elə qəlbimdəcə daşa dönüb, məni də daşlaşdırıb. Yox, ola bilməz? Bəlkə də qızı yenə anasından hər axşam atasının nə vaxt gələcəyini soruşur. O da yəqin nəsə bir şey uydurub deyir: “Mənim ağıllı balam, yat, bir də görəcəksən bir səhər atan gəlib çıxıb. Sənə qəşəng oyuncaqlar alıb, konfet alıb”, – bəlkə də belə deyir, bəlkə də nağıl uydurub başını qatır. Neyləsin, uşağın ürəyini qırası deyil ki, yola verməlidir. Bilmir ki, nə vaxt gələcəm. Amma oğlum körpədir, hələ heç nə başa düşmür. Yəqin dərk etsə o da anasından məni soruşardı. İndi anasının qoynuna girib mışıl-mışıl yatır: “Hə, köpək oğlu yat, nə bilirsən, atan ölümlə üz-üzə dayanıb, ölümlə əlləşir. Çox kövrəldi. Hiss etdi ki, gözü yaşardı, yanaqları islandı. Gör neçə vaxtdır mənsız keçinirlər. Yəqin onlar üçün də çətindir. Bir an da xəyalımdan çıxara bilmirəm. Yəqin indi bir az böyüyüblər. Böyüyəcəklər, elə mənsiz də böyüyəcəklər. Amma baxır necə böyüyəcəklər. Bir var ata-anası qayğısı ilə böyümək, bir də var ürəyi sınıq böyümək. Ona görə ulularımız bu misalı elə-belə deməyib, “atalı-analı böyüsün”.

Atalı-analı böyüməkdən xoşbəxt nə var dünyada. Yox, onlara qıymaram, mənsiz çətinlik, iztirab içində yaşasınlar. Möhkəm olmalısan, ölümün dizini yerə gətirməlisən. Onlar dünyaya gələndə necə sevinmişdik. Əvvəlcə Lalə – qızım dünyaya gəldi. Ondan sonra Kənan dünyaya gəldi. Aralarında iki yaş fərqi var. Qız qardaşını çox istəyirdi. Uşaq var qısqanclıq edir, o elə olmadı. İstəyirdi qardaşını oynatsın, onunla oynasın. Balaca idi axı, gücü çatmazdı onu oynatmağa. Həmişə anasının quçağında üzündən öpürdü. Uşaqdı da, o da məhəbbətini belə bildirirdi.

Ayağındakı ağrı dözülməz olmuşdu, için-için qovrulurdu. Ağrıkəsicini vurmaq istədi. Tez də fikrindən döndü: – “Yox, ağrıkəsicini vursam keyləşə bilərəm. Xəbərim olmaz, canavar məni parçalayar”. Həm ağrıya, həm soyuğun təsirinə dişlərini qıcayıb birtəhər dözürdü.
Səhərə yaxın idi. Dan üzü yenicə sökülürdü. Huşu qaralırdı. Canavar da sakitcə çəkilib harasa getmişdi. Özünə toxtaqlıq verirdi: “Yox ölməməlisən, buraya qədər dözmüsən, birtəhər yenə döz. Yoldaşların gəlib çıxacaq. Az qalıb. Yəqin əməliyyatı yerinə yetiriblər.
Barmağı avtomatın tətiyində idi. Qulağına aram-aram səs gəlirdi: “Yəqin məni axtarırlar”, – fikirləşdi.

Artıq özünü toparlaya bilmirdi. Barmağı ilə tətikdən möhkəm çəkdi. Üç güllə açıldı. Avtomatın səsi qulağında uğuldayıdı. Getdikcə huşu qaralırdı. Özünü itirdi...

***
Ayılanda arvadını və uşaqlarını yanında görəndə gözlərinə inanmadı. Axı o müharıbədə idi. Onu kim buraya gətirdi. İstədi soruşsun: “nə baş verib, biz hardayıq”? – dinmədi. Xeyli fikrə getdi.

Yadına düşdü ki, o, yaralanmışdı. “Şükür, əsir də düşə bilərdim. Əsir düşsəydim kim idi mənə belə can yandırıb, qulluq göstərən. Arvad-uşağım yanıma gələ bilməzdi. Demək qismətimdə var yenidən arvad-uşaqlarımı görə bilmək. Əsir düşsəydim yəqin düşmən məni hospitala yerləşdirməzdi, ölməsəydim də ordaca bir güllə vurub öldürərdi. Ya donub ölsəydim, meyidim canavar yuvasında qalacaqdı, yerini-yurdumu bilən də olmayacaqdı”. Kövrəldi. Axırıncı yadında qalan canavar və canavar balaları idi. “Görən onlar necə oldu?” Fikirləşdi canavarlar ən çox qoyun-quzuya qənim kəsilir, biz insanlar bir-birimizin ətini didirik, qanına susayırıq. Əslinə qalsa biz azğınlaşanda daha betər oluruq. Canavardan yeri gələndə mərhəmət gözləmək olur, bəzən biz insanlarda o da olmur. “Yoxsa məni qara basır”. Diqqətlə uşaqlarına baxdı. Gözləri necə də canavar balalarının gözlərinə oxşayır. Məhsun gözlər yenə ona sarı dikəlmişdi. Arvadının da kənarda durub məlul-məlul ona baxması canavarı xatırlatdı.

Yoxsa bunlar canavar cildində dağın zirvəsində, qayanın dibində mənim başımı qatırmışlar ki, mən ölməyim. Bəlkə tamaşaya baxmışam, başım qarışıb. Ağrı-acılarım yaddan çıxıb.

Xeyli fikrə getdi, kiməsə heç nə deyə bilməyəcəkdi. Necə inandıra bilərdi başına gələnləri. Özünə xəyal kimi gəlirdi. Yox, əsl canavar yuvası bizim döyüş yerimizdı. Ora sığnacaq imiş. Gülümsünüb əli ilə oğlunun başını sığalladı. “Deyəsən bütün ağrı-acını arxada qoya bilmişəm. Sevinə bilirəmsə demək yaşayıram...” Şükür, sevdiklərimin yanındayam. Hər şey ona yuxu kimi görünürdü. Gözü yaşarmışdı...

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30