manera.az
manera.az

Çovdar çörəyi... - Romandan parça

22-11-2018, 22:11

Çovdar çörəyi... - Romandan parça
Əlibala Məhərrəmzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatıdır. "Bakı üçbücağı" adlı rus dilində işıq üzü görən detektiv romanı Rusiya və Ukraynada kifayət qədər oxucu auditoriyası toplamışdır."Çovdar çörəyi" romanı Əlibala Məhərrəmzadənin azərbaycandilli oxucularla ilk görüşüdür.

İyulun on səkkizi. Sabah Cəlilin rəhmətə getməsinin bir həftəsi tamam olur. Sabah gəlib-gedənləri olacaqdı, gərəkdir ki, mütləq evinə qayıtsın.

Çörək qurusunu qırıqlayıb göyərçinlərə atırdı, onlar da dənləyirdi.

Durub bağlarından yüz metr aralıdakı kiçik marketdən ərzaq almışdı, bir tava sosiska qızardıb üstünə yumurta vurmuşdu. Yarım kömbə çörəklə və iki stəkan tünd şirin çayla səhər naharını eləmişdi.

Günəş artıq qızmar şəfəqlərini ətrafa pərçimləyərək hökmranlığı ələ keçirmişdi. Talvarın altında belə nəfəs almaq müşkül idi.

Qardaşı zəng çaldı, ilk kəlməsindəncə onu heyrətləndirdi. Dedi ki, 3856 nömrəli telefonun yiyəsi səksən yaşlı qoca bir kişidir. Daimi qeydiyyatı da yoxdur. Bir sözlə, bomjdur. Telefonu özünə lazım olanda açıb işlədir, lazım olmayandasa qapadır. Odur ki, onu tapmaq müşkül məsələdir.

Qulaqlarına inanmadı. Necə yəni "bomj"dur? Bu günə kimi ona elə gəlirdi ki, bütün sualların cavabını məhz bu nömrənin yiyəsi gizlədir.

Amma indi qardaşı gör bir nələr söyləmişdi.

Demək, evsiz-eşiksiz səksən yaşlı qoca kişi?

Bu, ən ağlagəlməyən variant idi axı...

Qardaşı məsləhət gördü ki, hər ikisi fasiləsiz olaraq həmin nömrəni yığsın, nömrənin məşğul olduğunu görcək, mütləq danışığın bitməsini gözləyib qocaya zəng vurmaq lazımdır. Həmin vədədə qoca zəngi eşidib telefonu açacaq.

Planları tam dağılmışdı. Səksən yaşlı bomj onun oğlunu bir zənglə, qəfildən hansısa rayona necə yollaya bilərdi axı? Bu, mümkünsüz idi.

Az keçmiş beynini sıxan fikirlər onu yeni bir məcraya yönəltdi. Olsun ki, o qoca kiminsə sözlərini çatdırmışdı Cəlilə. Yüz faiz bu belə idi. Qoca bomjla Cəlilin nə əlaqəsi ola bilərdi axı? Heç bir. Sadəcə, o qoca köpək hansısa alçağın - oğlunun qanına susamış qatilin əlaltısı kimi Cəlilə zəng vurmuş, ona o alçağın mesajını çatdırmışdı. Cəlil də məcbur olub evə çörək alıb vermək, müstəntiqin yanına getmək, Zemfira xanımın ad günündə iştirak etmək əvəzinə o ölüm marşrutuna çıxmışdı.

Beynindəki "Qatillər siyahısı"na bu, yeddinci ad idi düşmüşdü: "Qoca bomj".

Fasiləsiz olaraq nömrəni yığdı, telefonu götürmürdülər. Bəlkə, Mərdana zəng vursun, ondan kömək istəsin? Mərdan sistem işçisiydi, nüfuzu-filanı da qədərincəydi, mütləq o qoca kaftarı ələ keçirməyə köməklik göstərərdi. Üstəlik, o Dördbarmaq köpəyi də cəzalandırmaq, gəncləri bədbəxtliyə sürükləyən həmin o şər yuvası olan obyekti də dağıtdırmaq lazım idi, bu barədə də Mərdanla danışması vacib idi.

Ürəyində kəskin ağrı vardı, iki stəkan çay içsə belə, dili-ağzı qurumuşdu. İçəri keçib beşlitrlik plastik qabdakı suyu başına çəkdi, su çənəsindən damcılayıb köynəyinin yaxasını yaş elədi. Həm də ləzzətli bir sərinlik hiss elədi.

Zəng gəldi telefonuna. Götürdü. Nail təkidlə ondan evə gəlməsini xahiş edirdi.

Dedi, sabah yeddidir, qəbir üstünə gedilməlidir, gələcəyəm, arxayın ol.

Telefonunu masanın üstünə yenicə qoymuşdu ki, bu dəfə Aytən zəng elədi. Hal-əhval tutdu, dedi, günortaya mamagildən üçbacı dolması gətirəcəyəm, qurban sənə, gəl səni yedirdim.

İştahsızlığını, vacib işləri olmasını bəhanə gətirib birtəhər Aytəndən qurtuldu.

Elə bil, hamı şərtləşib. Ardınca Nazlı zəng elədi. Telefonu açmadı. Nazlı bir də zəng elədi, sonra zəngi kəsildi. Yəqin, həyətə gəlib evinə girmədiyinin səbəbini soruşacaqdı ondan.

Qəribədir. Bir vaxtlar sürətlə yaxınlaşdığın adamdan, gün gəlir, eyni sürətlə uzaqlaşırsan. Elə bil, bir-birinə çırpılmış iki daşdır. Öncə bir-birlərinə doğru səmt götürürlər. Toqquşandan sonra hərəsi bir səmtə yönəlir.

İsti lap can alırdı. İçəri keçib yenidən su içdi. Ürəyi atlandı. Kaş, indi Bodrumda olaydı. Bu bədbəxtlik gəlməyəydi, çiməydi o dumduru Egey dənizində, sərinlənəydi...

Ya da, hovuzda o baş-bu başa ardıcıl üç-dörd dəfə üzəydi...

Ya da, lap hotel eyvanındakı həsir oturacaqda oturaydı, sərin meh vura-vura mineral suyunu içəydi...

Sonra öz-özünə etiraf elədi ki, indi Bodrumda necə ola bilərdi ki? Hesabla dünən qayıtmalıydı Bakıya.

Telefonu götürüb yenə bir müddət ardıcıl 3856 nömrəsini yığdı. Nömrə bağlı idi.
Çovdar çörəyi... - Romandan parça
Bəzən xoşbəxtlik insanın əlində olur. Onu həm cismən, həm ruhən bürüyür, onu oxşayır, əzizləyir. Amma insan bunu duymur, xoşbəxtliyi hiss eləmir, xoşhal olmaq, rahatlanmaq, xumarlanmaq əvəzinə yeni-yeni nəsnələr axtarır, hansı ölçüdə, hansı rəngdə olduğundan bixəbər halda mifik xoşbəxtliyin axtarışını davam etdirir.

Bir də, bir də nömrəni yığdı.

Əzilmiş, qat kəsmiş vərəqi gözünün önündə tutanda birdən vərəqdəki yeganə işarəsiz qalmış "saat 10.23. № 2787" yazısına gözü sataşdı. İşə bax, zəngin vurulma vaxtının hadisələrin axarına heç bir təsir göstərməyəcəyi əminliyi ilə hələ bir dəfə də olsun bu nömrəni yığmamışdı.

Amma axı bütün tamlar hissəciklərdən yaranır. Böyük işlərdə ən xırdalıqlar belə əhəmiyyət daşıyır bəzən.

Cəld nömrəni yığdı, xəttin o biri başından məlahətli qadın səsi eşidildi.

- Bəli.

- Kimdir danışan?

- Sizə kim lazımdır?

- Mən Cəlilin atasıyam.

- ...

- Alo, alo.

- Bəli. Buyurun.

Hiss edirdi ki, qadın duruxub.

- Mən Cəlilin atasıyam. Siz Cəlilin kimisiniz?

Öldürücü dərəcədə maraqlı idi, kim ola bilərdi bu xanım?

Xəttin o biri başından xışıltı, uşaq səsləri eşidildi. Sükutun narahatlıqla, təşvişlə dolu uzanmasını onun növbəti dəfə sualı təkrarlaması kəsdi:

- Siz Cəlilin kimisiniz?

Qadın səsi tutula-tutula sualı cavablandırmağa çalışdı, amma daha çox öz təşvişini dilə gətirdi:

- Mən bilirdim əvvəl-axır bu məsələyə müdaxilə edəcəksiz. Cəlil mənə sizin barənizdə danışıb, vəzifəli şəxs olduğunuzu, ziyalı olduğunuzu deyib. Altı gündür o mənə zəng eləmir, məni itirib-axtarmır, telefonu sönülüdür. İraq olsun, başına nəsə iş gəldiyini düşünürdüm. Amma demək, siz bizim münasibətimizdən xəbər tutmusuz, münasibətimizə qadağa qoymusuz.

Bir bu çatmırdı elə. Demək, hər halda oğlunun kənarda sevgilisi varmış. Yazıq nişanlısı.

Bu nəydi belə, zərbə zərbə dalınca gəlirdi.

O qədər məyus idi ki...

Qadının sözünü kəsməyə çalışdı:

- Bir dəqiqə...

Amma qadın asan təslim olana oxşamırdı.

- Sizi and verirəm o bir olan Allaha, aramıza girməyin. Ziyalısız, vəzifəlisiz, bəlkə, özünüz də haçansa sevmisiz, sevginin nə olduğunu bilirsiz. Biz bir-birimizi sevirik. Ayırmayın bizi, qurban olum sizə.

- Bir dəqiqə imkan verin...

- Mən hər gün sirrimizin faş olacağını, münasibətlərimizdən üçüncü bir şəxsin xəbər tutacağını gözləmişdim bu günlərdə. Öz aramızda Cəlillə mən münasibətimizi "Qızıl Sirr" adlandırmışıq. Bu sirri ölənəcən heç kəsə açmayacağımıza söz vermişik. Necə olub xəbər tutmusuz, bilmirəm. Amma nə olar, ayırmayın bizi.

Demək, oğlunun "Qızıl Sirr"i buymuş?!

- Ay xanım, imkan verin sözümü deyim...

- Bəli, mən Cəlildən üç yaş böyüyəm, bəli, mənim beş yaşında övladım var. Ancaq mən Cəlildən axı heç nə istəmirəm, onun azadlığını əlindən almıram. Cəlil özü belə qərar verib, ailə də quracaq, sizinçün dünyaya nəvə də gətirəcək. Bizim münasibətlər sonadək gizli qalacaq, bizim "Qızıl Sirr"imiz heç kəsə agah olmayacaq. Düzü, heç ağlıma gəlməzdi ki, Cəlil bu sirri sizə aça bilər. Necə oldu bu? Siz Allah, necə oldu bu?

Nəhayət, qadın susdu. Qadının susması, yaranan sükut talvara qonmuş sərçələrin cikkiltisi ilə, qadının yanındakı uşağın nəsə deməsi ilə pozuldu. Sonra yenə davam etdi.

Dağıl, ay dünya! Özündən üç yaş böyük, yanıuşaqlı qadın! Bir bu əskik idi.

Səsi çıxmadı nəsə demək istəyəndə. Səsini xeyli arıtladı, axırda birtəhər, qəhərlə dedi ki, bəs Cəlil ölüb.

Xəttin o üzündəki qadın yenə danışmağa başladı. Tanışlıqlarından danışdı. Deməzsənmiş, ilk dəfə, o, uşağını bağçaya aparanda yolu keçərkən Cəlil onu görübmüş. Görüb valeh olubmuş. O qədər valeh olubmuş ki, ertəsi gün həmin vaxt yenidən oradan keçibmiş ki, qadını yenidən görsün. Növbəti dəfə Cəlil bağçanın giriş qapısı ağzında dayanıb qadınla tanışlığa cəhd eləmişdi, bu alınmayanda onun ardınca düşüb evinin ünvanını öyrənmiş, tinlərində qarşısını kəsmişdi...

Qadın hıçqırdı, dedi, bizi ayırmaqçün yalandan Cəlilin ölduyünü deyirsiniz, Allahdan qorxun, ayırmayın bizi. Dedi, birinci evliliyim bir səhv idi. Əzabını çəkə-çəkə yaşayırdım, ikinci səhv mənim həyatımı bitirəcək.

Deməzsənmiş, qadın altı il əvvəl valideynlərinin təhriki ilə istəmədiyi şəxslə ailə həyatı qurubmuş, ancaq yaşaya bilməyiblərmiş birlikdə. İşləməyən, ata-ana hesabına yaşayan, üstəlik, bir fərli görkəmi də olmayan o şəxsin işi-gücü bunu qısqanmaq, güdmək, telefonunu yoxlamaq imiş. Hətta məhəllədə onlara aid söz də çıxarıblarmış ki, meşədə əzgilin ən yaxşısı çaqqal-çuqqala qismət olar.

Qadın ağlaya-ağlaya söyləyirdi ki, Cəlil onun hər şeyidir. O, ilk dəfə sevgini, bağlanmağı, aşiq olmağı, mumtək əriməyi Cəlillə rastlaşandan sonra görüb. O, Cəlillə nəfəs alırmış, sən demə. Hətta, Cəlil nişanını qaytaracağını, onunla birgə yaşayacağını qərarlaşdıranda belə bunu qəbul etməmiş, o cür nüfuzlu valideynlərin ağıllı-kamallı, ali təhsilli oğullarının özündən üç yaş böyük, yanıuşaqlı bir gəlinlə ailə həyatı qurmasının mümkünsüz olduğunu bəyan etmişdi...

Qadın yalvarırdı, hönkürürdü, deyirdi, nə olar, ayırmayın bizi.

Deyirdi, Cəlilsiz yaşaya bilmərəm...

İsti bir qədər də artmışdı, daha quşlar da susmuş, özlərini haradasa kölgəyə vermişdilər.

Həmin gün, iyulun on ikisində səhər-səhər qadın Cəlilə zəng edibmiş. Uşağın məktəb məsələsini çözməyi ondan xahiş edibmiş (Sentyabrdan uşağı məktəbə qoymaq istəyirdi. Noyabrda altı yaşı olasıymış. Qərara gec gəlmişdi. Məktəblərə qəbul vaxtını artıq ötürmüşdü. Odur ki, Cəlilin köməyi olmadan bu işi həyata keçirə bilməyəcəkdi). Cəlil də söz veribmiş ki, köməyimi əsirgəmərəm, atamla danışaram, deyərəm, bir tanışımın bacısı uşağını məktəbə düzəltmək lazımdır, həll edərik.

Qadın zəng eləyəndə Cəlil sükan arxasında imiş, mikrofonla danışıblarmış.

Cəlil deyibmiş ki, əlimdə vacib bir işim var, onu həll eləyim, sabah gəlib sənə dəyəcəyəm.

Səhərisi gün Cəlildən bir xəbər çıxmayanda qadın zəng edib onun telefonunun bağlı olduğunu görmüş, bərk narahat olmuşdu. Növbəti günlərdə Cəlildən nə xəbər gəldiyini, nə də telefonunun açıldığını görcək lap dəli olmuşdu.

Cəlilin nə ev ünvanını, nə dost-tanışını tanımadığı üçün, ümumi tanışlarının olmaması səbəbindən heç yerdən onun barəsində xəbər tuta bilməmiş, bütün bu günləri canlı meyit kimi yaşamışdı.

Qadın yalvarırdı ki, Allaha acıq gedər, onları ayırmasınlar.

İçində qadına aradabir mərhəmət hissi oyanır, oğlunu tora salan, onu nişanlısından ayıran bu əfi ilana olan nifrəti örtürdü. Amma tam olaraq bilmirdi bu qadını oğlunun ölümünə baiskar olanlardan birimi adlandırsın, yoxsa oğlunu dünyaya bağlayan, ona həyat eşqi gətirən birimi hesab eləsin.

Düz bir saart iyirmi dəqiqə danışmışdılar. Nəhayət, "Cəlil ölüb" kəlməsini yenidən təkrarladı.

- Həmin gün, səninlə danışandan bir qədər sonra qəzaya düşüb, ölüb. Sabah yeddisidir. Məzarı da Yasamal qəbiristanlığındadır! İnanmırsansa, özün gedib şahid ola bilərsən.../edebiyyatqazeti.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031