manera.az
manera.az

Borçalının möhtəşəm söz qalası - Dünyamalı Kərəm

Borçalının möhtəşəm söz qalası - Dünyamalı Kərəm
Az qala bütöv bir əsri geridə qoymuş tanınmış şair Dünyamalı Kərəmin şeir dünyasına baş vurmaq, onun ömür və yaradıcılıq yolunu araşdırmaq o qədər də asan deyil. Çünki əsrin yaşıdı olan şair-jurnalistin söz-sənət dünyası bir yana, əsrə bərabər ziddiyyətlərlə, təlatümlərlə dolu həyat yolu da müasirləri və gələcək nəsillər üçün əsl nümunə, örnəkdir.

Dünyamalı Kərəm (Əliyev Dünyamalı Kərəm oğlu) 1921- ci ildə Borçalı qəzasının Qoçulu kəndində dünyaya göz açıb. Bu tarix başqa-başqa mənbələrdə müxtəlif cür göstərilir: şairin doğum tarixini 1920, 1921 və 1922-ci il kimi göstərənlər vardır ki, bu haqda daha dolğun məlumata “Dünyamalı Kərəm haqqında deyilmiş rəylər və təkliflər”(“Elm və təhsil”, Bakı, 2016) kitabında dərc olunmuş “Qəlb göynədən iki “yaxşı”” (müəllif: Elbəyi Cəlaloğludur) yazısında rast gəlirik. Buradan öyrənirik ki, Dünyamalı 8-10 yaşlarında olarkən uşaqların doğum tarixlərinin qeydiyyata alınması məqsədilə Qoçulu kəndinə məsul şəxs göndərilir. Xatın ana oğlunun dünyaya gəldiyi tarixi dəqiq xatırlaya bilmədiyindən, sorğuya cavab olaraq, oğlunun təzə hökumət gələndə doğulduğunu söyləyir.

Uşaqların siyahıyaalınmasını aparan həmin şəxs də uşağın doğum tarixini “20 iyun 1922-ci il” kimi qeyd edir. Lakin “el ağsaqqalı Mahmud kişi isə buna açıqlama gətirərək, Gürcüstanda Sovet hakimiyyəti 1921-ci ildə qurulduğuna baxmayaraq, hərbçiləri sərhədlərə 1922-ci ildə düzdülər, çox güman ki, katib bunu nəzərə alaraq belə yazıb” – dedi.” Lakin sonralar Dünyamalının doğum tarixi müəyyən səbəblərdən 28 aprel 1920-ci illə əvəz olundu.

1929-cu ildə Dünyamalı Qoçulu kənd ibtidai məktəbinin birinci sinfinə gedir. Üçüncü sinifdə oxuyarkən bilik səviyyəsindəki yüksək göstəricilərə görə, onu birbaşa dördüncü sinfə keçirirlər. 1932-ci ildə ibtidai təhsilini başa vursa da, mövcud siyasi quruluşun onun ailəsi ətrafında, xüsusilə də atasına qarşı hazırlayıb həyata keçirdiyi çirkin ləkələmə, şərləmə siyasəti nəticəsində hər iş yarımçıq qaldı, eləcə də Dünyamalının təhsili. Var-yoxlarının əllərindən alınacağı təhlükəsi ilə üzləşən və buna qarşı çıxan Kərəm kişi bu mənfur quruluşa qarşı mübarizə aparan dəstəyə qoşularaq qaçaqçılığa başlayır. 1933-cü ildə tutularaq, sürgünə göndərilən Kərəm 1935-ci ildə Sibirdən qayıdır.

Lakin başıpapaqlısına “xalq düşməni” damğası vurulmuş ailənin görəcəkli günləri hələ qabaqdaymış və... 1936-cı ildə repressiya dalğası yenidən öz məşum kölgəsini bu günahsız ailənin üzərinə çəkdi. Dünyamalının və ailə üzvlərinin heç ağlına belə gəlməzdi ki, növbəti dəfə Sibirə sürgün edilən atasının üzünü bir daha görməyəcəklər. Sonralar aldıqları məlumatdan öyrənirlər ki, Kərəm kişi sürgünə göndərildiyi Arxangelsk vilayətinin Kotlas şəhərində vəfat edib.

Ailə başsız qalsa da, anasının fədakarlığı sayəsində balaca Dünyamalı daxilindəki oxuyub-öyrənmək həvəsini, şeirə, saz-söz sənətinə sevgisini sönməyə qoymadı; belə ki, 1934-cü ildən başlayaraq təhsilini davam etdirmək üçün İmir-Həsən natamam orta məktəbinə gedir. 1937-ci ildə Tiflis Azərbaycan Pedaqoji Texnikumuna daxil olur. Təhsil illərində o vaxt “Lüksemburq” adlanan rayonda nəşr olunan “Al bayraq” adlı qəzetdə müxbir kimi fəaliyyət göstərməyə başlayır. Ailəsinə, yaxın ətrafına, eləcə də aydın fikirli insanlara qənim kəsilmiş sovetlərin çirkin oyunları ilə barışmayan gənc Dünyamalı qəzetin ideallarına uyğunlaşmır və tezliklə müxbirlik fəaliyyətinə son qoyur. 1940-cı ildə təhsilini başa vuraraq müəllim kimi işləməyə başlayır.

1940-44-cü illər ərzində Şəmşöy kənd ibtidai məktəbində müdir, bir ildən sonra İmir-Həsən natamam orta məktəbində dərs-hissə müdiri, məktəb direktoru vəzifələrində çalışır. “1944-cü dərs ilində Dünyamalı müəllimin təşəbbüsü ilə Qoçulu kəndində 7 illik məktəb açılır və o həmin məktəbə direktor təyin olunur” (Qeyd edək ki, bir neçə il öncə biz Borçalıya növbəti səfərimiz zamanı Qoçulu kəndinə gedərək ünlü şair, mahir tərcüməçi, tanınmış yazıçı-dramaturq, fədakar jurnalist və elm-təhsil xadimi Dünyamalı Kərəmi ziyarət etdik. O ərəfədə vaxtilə özünün əsasını qoyduğu və direktoru işlədiyi həmin məktəbdə keçirilən görüşündə iştirakımız da şairin öz sözü ilə desək, “ömrünə ömür qatdı”). Keşməkeşli ömrünün bir neçə ilini xalqın balalarının savadlanmasına sərf edir, daha sonra daxili potensialının aşıb-daşdığını hiss etdiyindən ali təhsil almaq qərarına gəlir Dünyamalı müəllim. 1949-cu ildə Bakıya gələrək, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur.

Xalq şairi Xəlil Rza Ulutürklə, filologiya elmləri doktoru, professor Qulu Xəlilovla, digər tanınmış alimlərimizlə bir fakültədə təhsil alan Dünyamalı Kərəmə akademik Bəkir Nəbiyev, professor, “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədovla da eyni qrupda oxumaq müyəssər olmuşdu. Nəhayət, 1954-cü ildə BDU-nu bitirən Dünyamalı Kərəm o vaxtkı “Kommunist” qəzetinə Bakı şəhəri üzrə xüsusi müxbir təyin edilir. Bir il keçəndən sonra isə o, qəzetin Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə xüsusi müxbiri təyin olunur və onu DQMV-yə göndərirlər. Burada da o, olduqca səriştəli, ləyaqətli, obyektiv, fədakar bir müxbir kimi hörmət qazanır. 1957-ci ilə kimi burada çalışan Dünyamalı Kərəm Gürcüstana qayıdaraq, Bolnisi rayon Partiya Komitəsində təlimatçı vəzifəsində çalışmağa başlayır. 1961-ci ilin əvvəllərindən 1985-ci il iyun ayının sonunadək “Sovet Gürcüstanı” qəzetində məsul vəzifələrdə işləməklə yanaşı, sevilən şair kimi də dövri mətbuatda müntəzəm çıxışlar edir.

Qəzetin fəaliyyətini dayandırdığı illər nəzərə alınmazsa, bütün bu müddət ərzində görkəmli şair-jurnalist kimi onun fəaliyyəti hər zaman yüksək dairələrdə təqdir olunub, mükafatlandırılıb. Eyni zamanda, hər yerdə xalqın yanında olmağı bir ümdə vəzifə kimi həyat amalına çevirən Dünyamalı Kərəm çoxillik fədakar xidmətinə görə, Gürcüstanın müxtəlif dövlət mükafatları ilə təltif olunmuş, 1979-cu ildə o, Gürcüstanın “Əməkdar jurnalist”i adına layiq görülmüş, 2000-ci ildə isə ona bu respublikanın “Şöhrət” ordeni təqdim edilmişdir.

Göründüyü kimi, Dünyamalı Kərəm uzun və keşməkeşli yaradıcılıq yolu keçmiş, fədakar əməyinə görə bir sıra dövlət mükafatlarına, təltiflərə layiq görülmüşdür. Lakin görkəmli şair-jurnalistin, müdrik el ağsaqqalının ən böyük mükafatı xalqın ona bəslədiyi tükənməz sevgisi, sayğısı, ehtiramıdır. Bu sevgini o, bir-birindən maraqlı, oxunaqlı, sadə, səmimi şeirləri, oxucunun qəlbinə süzülüb axan poeziya nümunələri, haqsızlığa qarşı etiraz səsini ucaldan ədalətli yazıları, humanizm ideyaları yayan publisistik qələmi ilə qazanmışdır.

Xalq şairi Xəlil Rza Ulutürk: “Dünyamalı Kərəmi anası elə şair doğmuşdur”, şair-publisist Mədəd Coşqun: “Dünyamalı Kərəmin şeiri də, sözü də, varlığı da, özü də Borçalıya Tanrı payıdır...”, yazıçı-jurnalist, tərcüməçi Emin Elsevər: “Vaxtı ilə Mirzə Cəlil demişdir ki, bizim hamımız Qoqolun “Şinel”indən çıxmışıq. İndi bizim hamımız da (XX əsrin 60-cı illərindən 90-cı illərinədək Gürcüstanda yaşayıb-yaradan şair və yazıçıların əksəriyyəti) Dünyamalı Kərəmin qələmindən çıxmışıq” kimi dəyərli fikirlərin sayını istənilən qədər artırmaq olar. Göründüyü kimi, Dünyamalı Kərəmi sevənlər təkcə onun oxucuları deyil, eyni zamanda onunla çiyin-çiyinə çalışan həmkarları, qələm ustalarıdır. Gizlin deyil ki, eyni sahənin adamları, xüsusilə də söz sənətkarları arasında adətən həsəd, xəbislik, qısqanclıq kimi zərərli hisslər baş qaldırır ki, qarşı tərəfin qazandığı uğurları, yüksək səviyyədə qələmə aldığı sənət əsərlərinə bol oxucu sevgisini görüb qəbul etməyə, dəyərləndirməyə mane olur.

Amma Dünyamalı Kərəm kimi ədalət mücəssəməsi, ləyaqət simvolu, ədəb-ərkan məktəbi kimi ad çıxarmış söz sənətkarımıza qarşı belə halların mümkünsüzlüyü insanı sevindirməyə bilmir. Təbii ki, sevimli şair bu ehtiram və sevgini, sayğı və etibarı öz şəxsi keyfiyyətləri sayəsində qazanmışdır. Onun özü kimi, əsərləri də əsl ədəb məktəbi, ədəbi nümunədir. Tədqiqatçılarımızın şair-publisist Dünyamalı Kərəmin ədəbi yaradıcılığının, jurnalistlik fəaliyyətinin təhlilinə həsr olunmuş tədqiqat əsərlərində də bu ləyaqətli qələm adamının yüksək yaradıcılıq keyfiyyətləri və insanlıq xüsusiyyətləri öz əksini tapmışdır.

Əsərləri özünün, özü isə əsərlərinin güzgüsü sayıla bilər Dünyamalı Kərəmin. İlk kövrək addımları da beləydi, indi də belədir şair.
İxtiyar çağlarında belə yalnız həqiqəti yazan qələmi yerə qoymayan şair ilk şeirini 1935-ci ildə yazıb. İlk mətbu şeiri “Xaltura” 1944-cü ildə “Sovet Gürcüstanı” qəzetində işıq üzü görmüşdür.

Daha sonra davamlı olaraq müxtəlif məzmun və mündəricəli şeirlərilə dövri mətbuatda çıxışlar edən şairin 7 kitabı üşıq üzü görmüşdür: “Borçalım
mənim”, “Mən atamın oğluyam”, “Qoçulu”, “Pyeslər”, “Navdallıdan Milana qədər”(Müqəddəs Nemətlə birlikdə), “Ömür yolları” və “Müsənbərsiz dünyam”.

“Kainatın sonsuzluğu”, “dünyanın əbədi” olması nələri təlqin etmir ki şairə: dünyanın zənginlikləri nə qədər çox olsa da, nə yaqut, nə cavahirat istəyir şair. O, insanlarla ülfət, mehribanlıq, xoş ünsiyyət təşnəsidir.

Günəş bərq vuranda ulduzlar sönər,
Uca dağ başına buludlar enər.
Dünya yaşadıqca yaşayar hünər,
Qondarma şan-şöhrət istəmirəm mən,
Nəyəmsə, həqiqət istəyirəm mən.

Yalanı, haqsızlıqları sevməyən şairin: “Tamahkar deyiləm, gözlərim toxdur” qənaəti də, “zəhmətsiz eyş-işrət istəməməsi” müqabilində “sadəcə səadət” və “bir ülvi məhəbbət” istəməsi də daxili təmizliyi, vicdan saflığı ilə bağlı məsələlərdir. Ev-eşiyi, el-obası Vətən olan şairin öz Vətənindən istədiyi də yalnız və yalnız hərarətdir, məhəbbətdir – Yurd-yuva hərarəti, Od-ocaq məhəbbəti!

Özü sədaqətli, məhəbbətli, ləyaqətli olduğu, bu ali insani keyfiyyətləri yüksək dəyərləndirdiyi kimi, həm insanlardan insanlıq, sevgi, sayğı, ehtiram umur, həm də onlara bu sevgini, məhəbbəti verməyə çalışır. Ustad aşıq Hüseyn Saraçlının vəfatı şairi varından yox edir. Çünki ustad evdən yox, eldən gedən xəzinə idi:

Ozanlar ozanı, məclislər şahı,
Susmaq yaraşarmı yaz vədəsində?
Ağır yığnaqların, a söz sirdaşım,
Qədrini bilmədik biz, vədəsində.


Odur ki, bütün dəyərlilərə vaxtında qiymət vermək, dəyərləndirmək vacibdən vacibdir. Çünki Saraçlı kimi saz-söz nəhəngləri nadir yaranar, az-az gələr dünyaya:

Mizrab “Sarı tel”ə dəyəndə, ustad,
Pərişan könüllər olardı abad.
“Mənsuri” üstündə açdın qol-qanad
Telli tavar sazın saz vədəsində.


Elin xeyir-şərində hər zaman başda olan ozanlar ustadının dünyasını dəyişməsilə Borçalı elinin qəddi əyilib sanki:

Budur, “Keşiş oğlu” büküb boynunu,
“Çuxur yurd” gözləyir açıb qoynunu.
Borçalı elinin neçə toyunu
Yola salmadınmı öz vədəsində?

Odur ki, ağsaqqal xeyir-duası ilə yeni həyata başlamaq istəyən gənclərin xoş günündə də, hər müşkülün yoluna qoyulmasına ehtiyac duyulanda da, “mənəm-mənəm” deyən aşıqların saz-söz meydanında da... – hər yerdə, hər yerdə yeri görünür Aşıq Hüseyn Saraçlının:

Sənsiz qəribsəyib “Dübeyt”, “Zarıncı”,
“Misri” sıyırmayır qından qılıncı.
Hünər meydanına girib birinci
Nərə çəkmədinmi söz vədəsində?


Ustadın dünyasını dəyişməsi ilə sazın, sözün də bağrına dağ çəkilib elə bil. Şairin nigaranlığı da elə bu sarıdandır: ustadın yerini tuta biləcək yeni nəsil aşıqlarına bel bağlamaq olarmı? Kim verə bilər ki yerini Aşıq Nəbi Faxralının, Aşıq Xındı Məmmədin, Aşıq Alxan Qarayazılının, Aşıq Əmrah Gülməmmədovun, Aşıq Hüseyn Saraçlının, Aşıq Xan Kamandarın? Odur ki:

Yollara göz dikib “Cəngi”, “Bəhməni”,
“Urfanı”, “Cəlili” axtarır səni.
Əgər yada salsaq olub-keçəni,
Səni axtarmazmı göz, vədəsində?

Yaman sənsizləşdi dərdli “Dilqəmi”,
Alovlanıb yandı “Yanıq Kərəmi”.
“Gözəlləmə”n silmir kədəri, qəmi
Ürəklərin belə köz vədəsində.

Hər zaman xalqının xoş arzu-istəyini vəsf edən, öz yurdunu, el-ulusunu sevən “Sənət dünyasının Koroğlusu” – Hüseyn Saraçlını ürəklərdə, könüllərdə gəzin, deyir Dünyamalı Kərəm! Saza da, sözə də, əsl sənətə və sənətkarlığa da əsl qiymətin vaxtında verilməsini tövsiyə edir ağsaqqal şairimiz.

“Özü kimi sözləri də sadə” şairin “düz ürəyi”nin, “düz çörəyi”nin olması böyük həqiqətdir, çünki bu uzun ömrünü ləyaqətlə, halallıqla yaşayıb, “özgə süfrəsinə əl uzatmayıb”: – od-ocağının halal süfrəsindəki halal duz-çörəyi kimi, söz-sənət süfrəsində qazandığı nemətlər də öz halal zəhmətinin, halal yaradıcılığının bəhrəsidir:

Bir qaydadır: qurdun oğlu qurd olar,
Əyri yolda parçalanar, xurd olar.
Tamahkarın yatağına qor dolar,
Nə yaxşı ki, düz çörəyim var.

Halallığa, mərdliyə, sədaqətliliyə sevgisi böyük olduğu kimi, alçaqlığa, namərdliyə, namussuzluğa nifrəti də yaman dərindir şairin:

Dəryalardan çox dərindir nifrətim,
Pələngləri diz çökdürər qüdrətim.
Olmasa da başqa varım, dövlətim,
Söz tarlamda söz çörəyim var mənim.

Əsil sənətkar üçün halal sözdən, bu sözün qədrini bilən, dəyərini verməyi bacaran oxucunun halal sevgisindən başqa böyük xoşbəxtlik ola bilməz. Bütöv bir əsrin dizini yerə vurmuş şair Dünyamalı Kərəm sağlığında bu dəyəri haqq etmişlərdəndi. Halalı olsun!

Qiymət MƏHƏRRƏMLİ,
filologiya üzrə fəlsəfə doktoru, şair

Borçalının möhtəşəm söz qalası - Dünyamalı KərəmБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031