manera.az
manera.az

Şeirin Tanrı tərəfi - ESSE

4-10-2019, 10:22

Şeirin Tanrı tərəfi - ESSE
Yoxdan var

Bəlkə də, şeir yazmağın, ən insafsız tərəfi aldanışla bağlılığı, hətta deyərdim, iç-içə, əl-ələ olmasıdır. İstedadsızlığını gizlətmək imkanından məhkum olmuşlar - "şairlər" daim belə düşünürlər ki, onların yazdıqları hər nə varsa İlahidən gəlir, birbaşa Tanrıyla, qeyblə bağlıdır. Şeirin göylərlə əlaqələndirilməsini əksərən "şairlər" belə izah edirlər: "Yazmağa başlayana qədər bilmirəm ki, nə yazacağam, hər şey öz-özünə baş verir və bir də görürəm ki, misralar səhifələrə düzülüb". Düşünmək lazımdır ki, təkcə şeirdə yox, əksər yaradıcılıq növlərində ruhi vəziyyət oxşardır. Yaradıcılıq zamanı yaranan çox nəsnənin mahiyyətində "yoxdan var olmaq" gücü var. Əksi olsaydı, onda təbii yaradıcılıqdan söhbət gedə bilməzdi və sənət başdan sona idarə edilən bir nəsnəyə çevrilərdi və möhtəşəm əsər yazmaq nəsibi çoxlarının qismətinə yazılardı. Əsas olan şeirin (hər hansı yaradıcılıq nümunəsinin) enerjisinin müəllifin varlığında necə toplanmasını anlamaqdır. Bəs "yaradıcı enerji" necə yaranır?

Enerjinin doğuluşu

Yaradıcı insan özünü düşünməyə "sövq edəndən" sonra onun ruhunda bir gərginlik yaranır. Həmin daxili gərginlik enerjiyə çevrilir və yaradıcı adam o enerjidən müəyyən qədər xəbərsizdir. Sonra həmin enerji təfəkkürdə və onun yaratdığı ovqatda öz ifadəsini tapır. Bu qədər sadə prosesi sırf İlahi ilə bağlamaq "hər nə varsa göydən gəlir" təsəllisi, yaxud düşüncə məhdudiyyətidir. Saysız-hesabsız istedadsız, məzmunca təkrar, yaxud yenilik adına sırıdıqları gərəksiz şeir müəllifləri var ki, onlar istedadsızlıqlarına, yaxud "şeir istehsalına" Allahı da şərik etmək istəyirlər. Allahın bu qədər istedadsız, yaxud "istehsalçı" şairlə ortaqlığına inanmaq çətindir. Əgər belə bir proses məhz onların dediyi kimi varsa, onu daha çox Nizami, Füzuli, Nəsimi kimi şairlərin (yaxud müasir dövrün müstəsna istedadlarının) yazdıqlarına şamil etmək daha məntiqli olar. Müasir dövrdə isə əksərən hər şair yalnız bir neçə dəfə oxşar ruhi məqamı yaşaya, o ovqata köklənə bilər, əksi ya özünü "özünə" inandırmadır, ya da başqalarının qulağından əriştə asmaq xəyalına qapılmaq...

Toplanmaq

Şeirlər həm də yuxu kimidir, onlar gündəlik yaşantıların, bildiklərinin, gördüklərinin, düşündüklərinin cəmindən yaranır. Yaşantıların cəmindən formalaşanlar həyati, öyrəndiklərimizin nəticəsitək meydana çıxanlar isə daha çox intellektual yaradıcılıq nümunəsi kimi meydana çıxır. İnsan qəlbi hər iki halda "meydan" rolunu oynayır. Füzulinin dediyi "Yoxdan varı söz" fikrinin "kənar rakurs"u, çox güman, budur.

Təqlid qanunu

Yaradıcı proses həm də sövq-təbii surətdə, bir qədər də təqlidlə bağlıdır. İnsan yazmaqla - hətta öz həyatını qələmə almaqla belə, öz yaşantılarını "təqlid edir". Təqlidin ifrat forması arzuladığını ötməkdir. Buna "yaradıcı təqlid" də deyirlər. Yəni "idealının vurğunluğu"ndan aşır və prosesin özünün təqlidçisinə çevrilirsən və bu da, öz növbəsində, "müəllifə" daha böyük yaradıcı həzz verir. Çox şeir yazmaq şeir yazmaq prosesinin təqlidçiliyinə çevrilməkdir. Və bu cür prosesdən həzz almaq prosesi - şeir yazmağı müəllifin qələmə aldıqlarını Tanrıyla bağlamasına sövq edir. Çünki təqlid, zamanla təbiilik duyumunun özünü belə yamsılamağa gətirib çıxarır. Orta əsrlərdə şövqlə vuruşanlar hesab edirdilər ki, onların yerinə Allah vuruşur, yaxud Yaradan onlar tərəfdən döyüşür. Məsələn, döyüşçü nə qədər güclü zərbə endirsə, Allah da qarşı tərəfi daha zərblə vuracaq. Oxşar vəziyyət yaradıcılıqda da (özünü inandırma kontekstində) bu və ya başqa şəkildə haradasa duyulmaqdadır.

Bağlılıq

Şeir yazmaq və yazdıqlarının hər birinin gərəkliliyinə inanmaq şairi poeziyaya qara parça arxasından baxmağa sövq edir. Şeirin Tanrı tərəfi, çox güman, göylərlə bağlılığı olmamış deyil, amma bu, proseslə - şeirin yazılması ilə bağlı məsələ də deyil, şeirin gəlib çıxdığı nöqtəyə qədərki proseslə əlaqəlidir və yalnız müstəsnalara, nadir istedadlara, seçilmiş söz adamlarına nəsibdir. Şairin ən böyük bədbəxtliklərindən biri özünü "Allahla aldatması"dır. Belə etməklə - yazdıqlarını göylərlə bağlamaqla şairlər bir sıra hallarda şeirin insan tərəfindən saf-çürük edilməsinin, şərhinin qarşısını almağa çalışırlar. Sonuncu dinlə peyğəmbərlik məqamı yekunlaşdı, sonuncu şair isə hər bəşəri şeirlə doğulur...

Fərid HÜSEYNБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031