manera.az
manera.az

Saza, sözə sonsuz sevgisi olan şair

1-10-2019, 15:43

Saza, sözə sonsuz sevgisi olan şair
Gürcüstanda – Borçalı diyarının Qarayazı mahalında ahıl-ağsaqqal bir el şairi yaşayır: Zahid Mirzə oğlu Ələmpaşalı!

Türk dünyasına adlı-sanlı, ləyaqətli, qeyrətli şəxsiyyətlər bəxş etmiş Qarayazı mahalının Kosalı kəndində 1935-ci ildə doğulub Zahid Ələmpaşalı. Kosalı dünyaya ünlü şəxsiyyətlər – fəlsəfə elmləri doktoru, professor Camal Mustafayev (Dədə Camal), “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı, “Borçalı Cəmiyyəti” İctimai Birliyinin sədri, tanınmış ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədli, ustad aşıqlar Alxan Qarayazılı, Aslan Kosalı, məşhur sovxoz direktoru, rəhmətlik Məmməd Xiyalov, məktəb direktoru Süleyman Abdullayev, tanınmış alimlərdən Əhməd Məmmədov, Rzaxan Mahmudov və s. kimi neçə-neçə elm, mədəniyyət, dövlət xadimi bəxş edib. Qaçaq İsaxan adlı məşhur el qəhrəmanı da bu ulu yurda başucalığı gətirən simalardandır.

Bu qədim mahalın övladlarının saza-sözə nə dərəcədə yüksək qiymət verdiklərini dilə gətirmək artıq olar. Aşıq-ozan sənətinə hər zaman sevgi və sayğı sərgiləyən belə bir mühitdə dünyaya göz açmış, laylası sazla çalınmış, sözlə oxunmuş Zahidin saz-söz sənətinə sevgisi elə qundaqdaca başlamışdı. Böyüdükcə bu sevgi daha da artıb ölçüyəgəlməz bir həddə çatdı. Zahid öz duyğu və düşüncələrini şeirin diliylə ifadə etməyə başladı. Ustadların yaradıcılıq yolu gənc şairə örnək, nümunə oldu. Odur ki, xalq şeirinin, klassik aşıq poeziyasının müxtəlif forma və janrlarında oxunaqlı bədii nümunələr yaratmağa başladı Zahid.

Orta təhsil aldıqdan sonra sürücü kimi çalışmağa başlayan Zahidin şeirlərinin çoxu elə sükan arxasındaca yaranıb. Gözələ, gözəlliyə, insana, insanlığa vurğunluq, yurda, torpağa, əcdadlara tükənməyən sevgi, məhəbbət şairin şeirlərinin cövhərini təşkil edir. Dəyərli el şairinin bugünəcən bir neçə şeir kitabı işıq üzü görüb. “Qarayazı çiçəkləri”, “Ellərə yadigar sözüm, söhbətim” adlı kitabların, bir neçə dastanın müəllifi olan Zahid Ələmpaşalının 80 illiyi ərəfəsində “Borçalı Cəmiyyəti” şairə böyük diqqət və sayğı əlaməti olaraq “Məhəbbət dastanı” adlı dastanından və şeirlərindən ibarət “İnsanın dəyəri söhbətindədi” şeirlər kitabını çap etdirmiş, şairin yubileyini keçirmişdir.

Qəlbi yazıb-yaratmaq eşqiylə aşıb-daşan Zahid Ələmpaşalının “Məhəbbət dastanı” klassik ustadların dastanyaratma qaydalarında olduğu kimi tərtib edilmiş, divani (qıfılbəndli divani), nəsihətnamə, ustadnamə, təcnis, vücudnamə, qoşma və deyişmələrlə daha da dolğunlaşdırılmışdır.

Qeyd olunduğu kimi, Zahid Ələmpaşalı yaradıcılığı aşıq poeziyasının müxtəlif janrlarını özündə əks etdirən şeirlərlə zəngindir. Hətta könlünə daha yaxın hiss etdiyi qoşma şeir növünün özünü belə ustalıqla vəsf edir el şairimiz:

Necə cilvəlisən, necə gözəlsən,
Sevgilər qəlbinin yarısan, qoşma.
Ulu babalardan mənə xəbər ver,
Sazınla qocalıb qarısan, qoşma.

Şənliyə gedəndə şənlən deyirsən,
Dağları dolaşıb çənnən deyirsən.
Qəmlərə batırsan, qəmnən deyirsən,
Yaralı könüllər sarısan, qoşma...


Sonrakı bəndlərdə də qoşmanı “ruhlar hökmdarı”, “ürək hakimi” adlandıran şairə görə, bu əsrarəngiz şeir növü “şeiriyyətin ləli”, həm də şair yaradıcılığının “misilsiz dövləti, varı”dır.

Saza, sözə sonsuz sevgisini, xalq yaradıcılığı qaynaqlarına, ağız ədəbiyyatı nümunələrinə dərindən bələdliyini və bu zəngin xəzinədən ustalıqla bəhrələndiyini “Yanında” qoşmasında aşkar müşahidə etmək olar. Şairə görə, balabanın qandırdıqları sazın yanında heç nədir, çünki sazın bağrından qopan nidalar şair könlünün simlərini ehtizaza gətirməkdə misilsizdir. Saz türk ruhunun tərcümanı, türk mədəniyyətinin məhək daşı, nüvəsidir.

Aşıq, ağ simlərin nələr qandırır,
Balaban nə lazım sazın yanında.
Çoxun da çox dərdi özünə bəsdi,
Lovğalıq etməsin azın yanında.


Həyatda mərdi-mərdanə ömür sürdüyü kimi, söz meydanında da beləcə cəsarətli, sözünün ağası olan el şairi “Məni” adlı bir qoşmasında oxucunu ömür dastanını varaqlamağa dəvət edir:

Tanış ol, sinəmdə dastanlar yatır,
Oxu səhfə-səhfə, varaqla məni.
Düşün, hər kəlmənin mənasını qan,
Keçir nəzərindən maraqla məni.


Daha sonra “mənəm-mənəmlik” iddiasıyla “aləmə meydan oxumaq istəyənlər”ə üz tutur:

Mənəmlik eyləyib, qürrələnmə sən,
Xızır ha deyildir hər gəlib-gedən.
O gizli sirlərin açarıyam mən,
Axtar el-obanı, soraqla məni.


Lakin hər kəsə yaxşı məlumdur və illərin təcrübəsi də göstərir ki:

Cəngə düşsə mərd, meydannan qaçılmır,
Bəndərgah bağlanır, onnan keçilmir.
Çox silah tutublar, mənə açılmır,
Zalım, hədələmə yaraqla məni.


Çünki halallıq, südündə-mayasında, zatında-kökündədir. Və bu dəyanətli söz adamı ilə “cəngə çıxmaq” da hər “mənəm” deyənin girə biləcəyi meydan deyil.

Xalqımla açıldım, xalqımla soldum,
Bəzən də çağladım, buludtək soldum.
Gözəllər üzünə mən rübənd oldum,
Bədnəzər onlara baxmasın deyə.

El şairinin doğulub-yaşadığı yurda, bu yurdun qeyrətli, ləyaqətli, zəhmətsevər, fədakar övladlarına olan etibarı, sədaqəti sonsuzdur, tükənməzdir:

Mən Zahidəm, qeyrətliyəm, arlıyam,
Mayam hikmət, könlü zəngin, varlıyam.
Dostluğa möhkəməm, etibarlıyam,
Onunçün gəzirlər çıraqla məni.


Doğrudan da, Zahid Ələmpaşalı sözünün qüvvəti, indiki zamanda halal sözün keşiyində halallıqla duran, bu halallığı hər kəlməsində, sözündə ehtiyatla qoruyub-saxlayan söz sahibi, el sənətkarı olmaq hər qələm adamına nəsib olan xoşbəxtlik deyil. Ulu türk yurdu Borçalıda özü və sözü ucalıqda ləyaqət heykəli, sənətkar simvolu Zahid Ələmpaşalı yazıb-yaradırsa, deməli, sazımız, sözümüz və söz sənətimizə sayğı, sevgi də yaşayır və gələcək nəslə bir əmanət kimi ötürülür.

Zahid aşkar deyir, dinlə kəlməsin,
Yaxşıya, ay ellər, yaman gülməsin.
Elin şənliyinə namərd gəlməsin,
Gəlsə də qayıtsın, nahaqdan gəlir.


Qiymət MƏHƏRRƏMLİ
filologiya üzrə fəlsəfə doktoru, şair

Saza, sözə sonsuz sevgisi olan şairБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031