manera.az
manera.az

"Günahkar şair yox, od axşamıdır" -Tural Turan | MANERA.AZ

2-06-2016, 14:03

"Günahkar şair yox, od axşamıdır" -Tural Turan  | MANERA.AZ

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı şeir” nominasiyası üzrə II yerin qalibi elan edilən Tural Turanla “Od axşamı notları” şeiri haqda söhbət

- Tural bəy, ”Əsəbiləşmək üçün oxuyuram” deyirsiniz . Bu cür oxumaq necə olur?

- Yaxşı mətn – şeir və ya esse, istərsə də roman olsun, həmişə insanı əsəbləşdirir... Başqalarını bilmirəm, istənilən yaxşı mətn məndə qığılcım oyadır, yəni, əsəbləşdirir. Bundan sonra mənim üçün mövzudan mövzu, mətndən yeni mətn doğur. Baxın, doğur deyirəm, törəyir demirəm. Hətta ilk görünüşdən komediya janrında yazılmış mətnlərə, bu mövzulu filmlərə baxanda da əsəbləşirəm... Yazıçı, şair əsəbləşməsə yaza bilməz. Bu şeirdə də əsəbləşmək, qığılcımlanmaq anlamındadır.

- Üşüyərək oxumaq-ilik oyuğuna kimi” misrasını oxucu soyuqdan yox, oxuduğu mətndən vahimələnərək, üşürgələnərək donduğu kimi qəbul etsə, etiraz etməzsiz ki?

- Tək oxucu yox, elə mən də o cür qəbul edirəm. Elə misralar, cümlələr olub ki, tüklərimi bizməcə edib, yaxşı mənada ürpərdib. Məsələn, Murat Menteşin “Ruhi Mücərrət”ində belə bir cümlə var- “90 yaşında biri ne yapar? – Azrailin penaltilərini kurtarmaya can atıb canını kurtarmaya düş salar...”. Baxın bu bir romançı tapıntısıdır. Menteş oxucunu əyləndirən, romançılıqda ciddi obrazlara əyləncəli və silsilə hazırcavablıq gətirən yazıçılardandır.

Onu da deyim ki, mən adətən öz yazarlarımızın əsərlərinə yox, Türkiyə, Rusiya, Polşa yazıçılarının yaradıcılığına dalarkən ilik oyuğuna kimi üşüyürəm. Sevdiyim şair və yazıçılar var ki, mən onları oxumuram, sadəcə dalıram...

- Şər qarışır sətirlə göz arası”... Burada “şər qarışır” vaxt yox, mətləbin şərliyindən xəbər verir həm də. Razısınız?

- Xeyir, burada şər qarışmaq ifadəsi siz dediyiniz qədər dərin anlamda deyil mənə görə, amma sizin də baxışınız maraqlı gəldi. Bu da sizin şeirə baxış bucağınızdan qaynaqlanır. Ümumiyyətlə, istənilən bir yazını on nəfər oxusun, onların 10-u da fərqli rakursdan, yöndən baxıb izah və məna verməyə çalışacaq həmin əsərə. Mən burada şər qarışmağı əsərin sonunun çatması kimi qiymətləndirirəm. Oxucu əlindəki kitabı və ya 5 bəndlik yaxşı bir yazını oxuyub sonuna yaxınlaşanda onun bitməməsini istəyir. Şər qarışır sətirlə göz arası... – yəni artıq kitabı günorta bitirsən belə sonuna çatdığını anlayanda, yavaş-yavaş sətirlə gözün arasındakı məsafəyə qaranlıq çökür... “Oda xşamı notları” şeirində də bu misra sona yaxın işlənir...

- Od axşamında bu qədər soyuq nidalar haradandır? Niyə o həm də odsuz axşamdır?

- Günahkar şair deyil, od axşamının özüdür, bunu od axşamının özündən soruşmaq lazımdır. 6 gün sonra yenə od axşamı olacaq, bir soruşarsınız. Amma hazırlaşın bu suala, şeir yazılanda fevral ayı idi, indi iyun ayının od – çərşənbə axşamı olacaq. Bəzən bu, oxuduğun bir kitab yaxud da yaşadığın bir dönəmlə bağlıdır. Yəni, əvvəldən sonuna qədər hər şey odlu-alovlu gəlir, son isə sönük bir sonluğa dönür. Mənim kimiləri isə bu cür “soyuq duş”larla barışa bilmir.

- Günləri quru odun kimi üstə-üstə qalaqlayıb od axşamını keçirən şair niyə bu qədər bədbindir?

- Bəlkə də bir od axşamında sevib, elə od axşamında da ayrıldığı üçün... bəlkə heç bu da deyil... Kaş ömrümüzü yeyib bitirən günləri quru odun kimi üst-üstə qalayıb yandıra bilsəydik, ya da Tanrı onların əvəzinə yeni – yaş, höyüş və daha ağır günlər versəydi deyirəm hərdən... Mənim bədbinliklərim şeirdəki sətirlərin tikanlı sərhədləri arasında bitir, elə “Od axşamı notları”ndakı kimi... Sonra yenə də nikbinlik var... Növbəti şeirə qədər...

-Uğurlar...


Söhbətləşdi: Şəhla Aslan
_____________________

Od axşamı notları...

Günlərdən od axşamı, ikindi sonrası...
Qurşaqdan aşağı cins
Sağ əlimdə“Sarıkız”.
Əynimdə bir Sədərək koftası: -
“I date only blondes”.
Sol əlimdə qatıqqara bir kitab.
Yeriyərək varaqlamaq
Səhifənin ən maraqlı yerinin altun oranına basmaq
Binədövrün alın yazısı məndə…
Əsəbləşmək üçün oxuyuram;
Və dişimin dibi bir söyüş süzgəci kimi süzür.
(Sizlərdən üzr!)…
Qaranı gözdən qoymamaq,
Qaranın kölgəsi də deyil…
Bir məşğuliyyət boş zamanlarda
Oxumaq, oxumaq…
Düz axşam soyuğuna kimi,
Üşüyərək oxumaq –
İlik oyuğuna kimi.

Açıq havada öləziyir göz:
Şər qarışır sətirlə göz arası.
Bu soyuq işıqların çevrəsində bir az döz.
(Bir haşiyə: həm də mətləb…
Fikirlər qarışanda lap çaşdırır təb:
Gur işığa baxdıqca öləziyir işıqlar,
3D – yə bürünür sayrışan sarmaşıqlar).
Öldüyü bir saat qərinəsi qədər oldu
günün ikinci yarısı.
Günlərdən od axşamı,
Odsuz bir axşam.
Bir maçlıq zamana bitər bu gün,
Sadəcə bitməz, ilim ayağı itər.
Ta başdan... elə huşdan da.
Zatən xatırlamaq üçün yazdım bunları,
Adına gün dediyim qurumuş odunları.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031