manera.az
manera.az

“Yalnız dəlilər xoşbəxt ola bilirlər” - Azər Qismət | MANERA.AZ

18-05-2016, 12:58

“Yalnız dəlilər xoşbəxt ola bilirlər” - Azər Qismət | MANERA.AZ

“Hamilə dəli”hekayəsi sevinci əlindən alınanlar barədədir...

Manera.az-ın elan etdiyi müsabiqədə “Ən yaxşı hekayə” nominasiyası üzrə "Hamilə dəli" (BURADA) hekayəsiylə I yerin qalibi olan Azər Qismətlə söhbəti təqdim edirik:


-Azər bəy, öncə hekayənizin müsabiqədə I yer tutması münasibətiylə sizi təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik. Siz bizim saytımızın ilk müsabiqəsinin ilk qalibisiniz. Ayağınız düşərli olsun!

-Təşəkkür edirəm.

-Elan etdiyimiz müsabiqəyə hekayə göndərməyiniz necə baş verdi?

-Ədəbi müsabiqədə ilk dəfə idi ki, qalib gəlirdim. Məhz bu səbəbdən təşkil etdiyiniz müsabiqəni heç vaxt unutmayacağam. Ya 10-a düşmək üçün 1 bal çatmırdı, ya 3-ə düşmürdüm. Ona görə söz vermişdim ki, daha heç bir müsabiqəyə hekayə göndərməyəcəyəm. Sizə hekayə göndərməyimi yadıma salanda bir az qımışıram. İşdən çıxırdım və feysbukda elan etdiyiniz müsabiqə gözümə sataşdı. Kefim kök idi. Göndərdim. Nəsə hiss etdim ki, budəfəki ədəbiyyat müsabiqəsi ədalətli keçiriləcək. Və başım işlərimə qarışdı, müsabiqəyə hekayə göndərdiyimi unutdum. Siz müsabiqənin bitməsi, eləcə də orada iştirak etmək barədə mənə məktub göndərəndə də gəlmək istəmirdim. Düşündüm, tədbirdə adamların çox olması üçün məni də dəvət edirlər. Yox, gəlmək istəmirdim. Hansısa bir hiss məni çuğladı ki, get. Getdim. Yaxşı ki, getmişəm. Təsəvvür edirəm ki, qalib elan olunur, o isə yoxdur. Ədalətli müsabiqəyə görə təşəkkür edirəm. Özü də münsiflər heyətinə müəllifin adını verməməyiniz xüsusilə təqdirəlayiqdir.

-Keçək ”Hamilə dəli”yə. Qəribə süjet xətti, kompozisiyası olan maraqlı bir hekayədir. Heç bir obrazın xüsusi adı yoxdur. Dəlinin doğduğu uşaq da ölü olur. Bu bir rəmzdirmi?

- Kimsə sizə dəli olduğunuzu desə, buna sevinmək lazımdır...yalnız dəlilər xoşbəxtdir...yalnız onlar xoşbəxt olmağı bacarırlar...Heç kimin müzakirəsinə, qeybətinə fikir verməyən hamilə dəlimi tez-tez düşünürəm...Ədəbi əsərlərimin içində daha çox iki qəhrəmanımı xatırlayıram...”Qramofon” hekayəmdəki qadını və hamilə dəlini...Yuxularıma da girirlər...Bəzən ağlayırlar ki, bizim taleyimizi niyə belə qələmə aldın...

“Hamilə dəli” hekayəsi sevinci əlindən alınanlar barədədir...Sizin sevincinizi əlinizdən almaq istəyirlər ki, kütlənin yanına qayıdasız. Qəhrəmanımın rəqs etməsinə imkan vermədilər. O, ilahi ədalətin yaranması üçün öz sevincini, rəqsini, mahnısını, həyat eşqini bir körpəni dünyaya gətirməyə həsr etdi...dəliliyə dəyişdi...”dünyanı yalnız tiranlar xilas edə bilər” – deyə kütlənin düşündüyünün əksinə olaraq cəsarətli addım atdı...bətnindəki körpəyə klassik musiqi dinlədib ona məhəbbət, harmoniya, əbədilik aşıladı...hardasa şüuraltı da olsa uşağın doğulmayacağı fikrinə də gəlmirdi...hərçənd bilirdi ki, doğulsa murdarlığa qurşanacaq...məhz bunun üçün elə bətndəcə onu bu həyata hazırlayırdı...

-Hekayədə oxuduqca hər bir faktın mətnaltı məna daşıdığına inanırsan. Oxucu öz səviyyəsinə uyğun yozumlar tapır. Amma müəllifin fikri maraqlı olardı. Məsələn, niyə hamilə dəlidir, yaxud tərsinə, niyə dəli qadın hamilədir?

-Hamilə qadın planetin obrazıdır...hər an doğa bilər...hər an keysəriyyə əməliyyatına məruz qalar...bu dünyadan nə desən gözləmək olar...Bu dünyada həmişə gözəl və yaddaqalan dəlilər olub. Dahilər də kütlənin gözündə dəlidir...təkrar edirəm, “kütlənin gözündə”... Mənim hamilə dəlim dünyanın ütülənməmiş, ənlik-kirşansız, dili rəndələnməmiş ilk adamlarına bənzəyir. O bu dünyanı çərçivəyə, sonradan yaranan etik qaydalara, nəyi demək və deməmək halqalarına bölmür. O, sadəcə deyir, öz fikrini ifadə edir. Bir amal beyninə girdisə etməlidir. Üzə demək lazımdırsa qışqıracaq...özü də hündürdən hayqıracaq...onun üçün sərhəd yoxdur... Amalı da ondan ibarətdir ki, bu dünyaya hazırlıqlı insan övladı gətirsin. Bu ideya pislikləri görəndən sonra yaranıb. Hardasa hərəkətlərinə nəzarət edə bilmir, amma beyni ölməyib. Şüuraltında başqa bir qadın yaşayır. O xoşbəxtdir. Özünü bədbəxt hesab etmir, qəzavü-qədərdən qorxmur, xırda məsələlər barədə narahatlıq keçirmir. Dolu anlar yaşayır... və bu açıqlıq onu gül kimi iyləndirir, ətir yayır. Hamilə dəli heç kimə mane olmur, öz həyatını yaşayır. Amma imkan vermirlər. Bəlkə də həyətin uşaqlı-böyüklü sakinləri ona söz atmasaydılar, təbdən çıxmazdı. Mənim hamilə dəlim həm də gizliliyi qoruyandır...hətta kimdən hamilə qalmasını da demir, həmin kişini təhlükəyə atmır. Bəlkə də qəsdən uşağa qalır ki, illərdən bəri düşündüyü ideyasını həyata keçirsin. Özünüz düşünün, həyətdə bütün günü əxlaqsız söyüş söyən uşaqlar insanlığa xidmət edirlər, yoxsa ideyasını səliqə-sahman və ardıcıllıqla həyata keçirən qadın?!

-Azər bəy, hekayədə ötəri obrazlar kimi iki “sevgili”dən bəhs olunur. Oğlanın saxta hissləri, qızın sadəlövlüyü, müasir gəncliyə qarşı bir ittiham deyilmi? Ya da ayrı bir mesaj kimi düşünmüsüz bunu?

- Cəmiyyət barışa bilmir ki, qeyri-adi hərəkət edən, sözü birbaşa deyən adam onların arasında gəzir. Bu ortada ağ qarğanın gəzməsinə bənzəyir. Kütlə arasında ağ qarğa olmaq da bir mübarizlikdir, hər quşun işi deyil. Hamilə dəlini aşağılamaq üçün bütün vasitələrdən istifadə olunur. Oğlan qıza özünün bir kişi kimi sayılmasını, qadınlar tərəfindən sevildiyini, bir sözlə maço olmasını göstərmək üçün dəlini hədəf seçir... özünün və kişiliyinin sübutü üçün dəli qadından savayı bir fəqir tapmayacaqdı...Halbuki, o anda dəli evində sakit oturmuşdu. Bu qadın binanın üstündə sərçə tutub aşağı düşəndə qonşusu gülərərk onu dəli adlandırır. Niyə? Hansı səbəbə? Bu sizə neyləyib axı?

-Niyə heç kim dəlinin halına yanıb onu başa düşmür?

- Mənim qəhrəmanımın hər addımı, hər sözü gicbəsərliyə cəhd kimi anlaşılır. Dəli onları sakitləşdirmək üçün gələcək uşağı ilə qorxutmağa məcburdur. Onun arxası yoxdur. O təkdir...köməksiz bir qadın, daha kiminlə özünü müdafiə edə bilərdi ki...qadın sadəcə uşaq doğmaq istəmir ki, gələcəkdə arxa-dayağı olsun...o, məsələyə köklü şəkildə yanaşır....o, bilir ki, hardasa başqa yerlərdə də özü kimisi var, onlara da gülüb qəhqəhə çəkirlər...heç özü kimiləri də düşünmür...

-Azər bəy, cəmiyyət xəstədir, ya hamilə qadın? Anormal olan kimdir?

-Hamilə dəli hesab edir ki, cəmiyyətdəki problemlər adamların içindəki çatışmazlıqdan, düzgün tərbiyə almamalarından irəli gəlir...və bütün bunların həlli üçün ideal insan doğulmalıdır...arzulayır ki, valideynlər onu uşaqları üçün nümunə gətirsinlər... uşaqlar ona oxşamağa çalışsınlar, hər sözü, hər addımı etik etalon sayılsın...lakin nə etdilər? onun dünyasını əlindən almağa çalışdılar, kiçik xoşbəxtliyini, daha doğrusu xoşbəxt olmaq cəhdini fitə basdılar...ədalətsizlik qalib gəldi... cəmiyyət onun ideyası ilə barışa bilmədi, bunu ağlına gətirməyə belə qorxdu...kütlə öz murdarlığını ört-basdır etmək üçün hamilə dəlinin təmiz, aydın, duyumlu, həyat eşqli fikrini məhv etmək üçün hər şeyə əl atdı...barışa bilmədilər...çünki fərqli insan gəlirdi dünyaya...bu elə bir insan olacaqdı ki, ona baxıb utanacaqdılar...adamlar isə özlərinə baxıb utanmağı özlərinə sığışdırmırlar. Bu xarakter çoxdan unudulub. Ümumiyyətlə, özünütənqid və daxili xəcalət hissi insanın hərəkət və düşüncə sistemindən çoxdan çıxıb.

-Dəli qadının cəmiyyətə qarşı kini nədən qaynaqlanır, özünün dəli təsəvvürlərindən, ya ətrafdakıların ona olan nifrətindən?

- Hər iki tərəfin özünün kultlaşmış dəyərləri var. Buna dəyərlər də demək olmaz. Sadəcə, hərənin qəbul etdiyi standartlar mövcuddur. Bir dəlinin hərəkəti gülüş doğura, kritik dəlilərdə isə bir nəfərin, bir ailənin sonunu gətirə bilər. Cəmiyyətin kütləvi dəliliyi və ağılsız qərarları isə bir xalqın, bir ölkənin sonunu gətirər, taleyini həll edər. Gündəlik həyatda elə insanlarla toqquşuruq ki, ona heç nəyi sübut etmək olmur, elementar qaydaları qəbul etmirlər. Ya belə görürlər, ya belə görüblər. İddia ucbatından düzgünlük tapdanır. Onun üçün fərqi yoxdur, təki o dediyi düz olsun. Bəzən bunu analiz edəndə o nəticəyə gəlirəm ki, bu ağıllılıq, qeyri-ağıllılıq deyil. Burada problem çox dərindir. Ağılsızlıq müxtəlif səbəblərdən ortaya çıxır. İnsan uşaqlıqda dərin depressiya keçirb, ana nəvazişi, ata qətiyyəti görməyib, çoxuşaqlı ailədə böyüməyib ki, kiçik cəmiyyətin qayda-qanunlarını ibtidai zamandan bilsin. Düşünmək və düzgün nəticəyə gəlmək irasional faktorların deformasiyaya uğramasından irəli gəlir. Mənim hamilə dəlimin keçmişi bilinmir. Bu barədə heç nə yazmamışam. Lakin onun belə bəşəri arzusu uşaqlıqda gördüyü ideal ailədən də qaynaqlana bilər. İnsan o vaxt təmizlik istəyir ki, onu nə vaxtsa görüb, sadəcə bərpa etməyə cəhd göstərir. Xoş anları qaytarmağı kim istəməz ki. Doğuluşdan qüruba qədər murdarlıq edən adam isə cəmiyyətdə təmiz insanın olmasını istəməz, çünki görməyib. Kitablar, böyüklərin xatirələri onlarda belə bəşəri fikirlərin yaranmasında təkanverici rol oynaya bilməz.

-Dəli qadın sərçə əti yeyir ki, uşağı bilikli olsun, heyva yeyir ki, gözəl olsun. Onun doğacağı oğlunu ətrafdakı yaramazlar altelnativ kimi görmək istəyindənmi yararlanır bu nüanslar?

-Bəli, yeni körpə alternativdir. Dəli bu dünyaya bir mələyi gətirmək istəyirdi. Mələklər isə ya doğulmurlar, ya da çox yaşamırlar. Tanrı onların bulaşmasına yol vermir.

-Bir az anlamadım. Onda belə çıxır ki, Tanrı bütün uşaqları da tez aparmalıdır. Axı, hamısı mələkdir...

-Söhbət yaranışından mələk olanlardan gedir. O mələklərdən ki, hər toxumu, hər hüceyrəsi idealdır, xəmiri təmizliklə yoğrulub, mələklərin qanadının sərinliyində yatıb, içinə Tanrının ağız suyu səpilib.

-Və nəhayət... Uşaq ölü doğulur. Məhəllə uşaqları sevinib arvadı fitə basırlar. Bu şərin qələbəsidirmi? Ümumiyyətlə, bu gözlənilməz sonluq barədə fikriniz maraqlı olardı...

- Mən reallığı düşünən insanam. Şərin cövlan etdiyi dünyada elə şər körpələr doğulmalıdır...xeyir doğulsa, bax o həyətdə fit çalan uşaqlar onu dəli edəcəklər...Təmiz körpənin yaşaması üçün xeyir modelinin formalaşdırılması prosesi başa çatmalıdır. O model hələ formalaşmayıb. Üzərində tədqiqat işləri gedir, tam başa çatmayıb...uşağın ölümü minilliklərdən bəri o modeli işləyib hazırlayanlara bir siqnal oldu... Ki, nəhayət ortaya xeyir konsepsiyası qoyulsun...yalnız ondan sonra xeyir doğulacaq...

Söhbətləşdi: Şəhla Aslan
MANERA.AZ“Yalnız dəlilər xoşbəxt ola bilirlər” - Azər Qismət | MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031