manera.az
manera.az

"Atamın düşüncələrinin yanlış olduğunu sübut etmək istəyirdim" - Ayxan Ayvaz |MANERA.AZ

14-05-2016, 12:04

"Atamın düşüncələrinin yanlış olduğunu sübut etmək istəyirdim" - Ayxan Ayvaz |MANERA.AZ
MANERA.AZ yazar Ayxan Ayvazla müsahibəni təqdim edir:

- Sevdiyin və səni yetişdirən əsərlər hansılar olub?

- Sevdiyim yazıçılar və əsərlər sevdiyim adamlara bənzəyir. Mən onlara doğma insan kimi tez-tez qayıdıram. Sevdiyim əsərlər bəzən mənə bir az əzab verir, sarsıdır...

Mən daha çox rus ədəbiyyatını sevirəm, rus ədəbiyyatına yaxın hiss edirəm özümü. Xüsusən, Dostoyevski və Tolstoy. Amma Amerika ədəbiyyatı da yaxındır mənə. Selincerin və Con Steynbekin adını məxsusi qeyd etmək istəyərdim. Mark Tven uşaqlığımın yazıçısı olub. “Səfillər”, “Don Kixot”, “Hərb və sülh” əsərlərinin yazılmasına möcüzə kimi baxmışam həmişə. Ancaq İvan Turgenevin “Atalar və Oğullar” romanı mənim sevdiyim əsərlər sırasında ilk yerlərdədir.

- Niyə “Atalar və Oğullar”?

- Çünki bu əsəri oxuyanda öz həyatıma oxşar tərəfləri tapdım. Mənim atam da yazıçı idi, sonradan mən də yazmağa başladım və bizim aramızda köhnəliklə yeniliyin mübarizəsi yarandı. “Atalar və Oğullar” həyatımın bir parçasına çevrilmişdi. Çox vaxt atamı qısqanırdım, ona paxıllıq eləyirdim. Onun üstümdəki kölgəsini hiss edirdim və bu mənə mane olurdu. Atam mühafizəkar idi, mən isə açıq və yeni düşüncəli. Buna görə də tez-tez mübahisələrimiz yaranırdı. “Atalar və Oğullar” əsərini oxuyanda həmin mübahisələrimiz gözümün qabağına gəldi.

- Əsər nədən bəhs edir?

- Əsərin qısaca məzmunu belədir: Bazarov və Arkadi Tibb Akademiyasını bitiriblər. Hər ikisi də nihilistdirlər. Nihilizm ümumi qəbul olunmuş dəyərlərə və avtoritetlərə qarşı olan cərəyandır. Qatı nihilist tərəfdarı olan Bazarova bütün dəyərlər mənasız gəlirdi. Onlar bir yerdə Arkadigilə gedirlər. Bazarov burda elmi araşdırmalar hazırlamağı və özünü daha da inkişaf etdirməyi düşünür. Ancaq Arkadinin əmisi Pablo Pabloviçlə olan mübahisələri Bazarovu boğaza yığır. Pablo Pabloviç keçmiş zabitdir, düşünür ki, nə vaxtsa onu mükafatlandırıb dövlət işinə alacaqlar, lakin həyat onu da Bazarov kimi öz qardaşının malikanəsinə gətirib çıxarıb. Bazarov yenilikçidir, beynində yalnız gələcəkdə edəcəyi elmi kəşf var. Bütün əxlaqi dəyərləri alt-üst edir, poeziya və təbiətə nifrət edir. Bazarovun Arkadinin ailəsi ilə mübahisələrindən sonra əsərin mahiyyəti açılır. Dəyərlərə sadiq Arkadinin atası Nikolay Kirsanov və əmisi Pablo Pabloviç arasında axşam yeməyində düşən mübahisələr Bazarovun nihilist görüşləri ilə daha da qızışır. Onun qəbul etmədiyi dəyərlərdən bərk-bərk yapışan bu “atalar” Bazarovla qətiyyən razılaşmırdılar. Bazarov belə olduğunu gördükdə Arkadi ilə birlikdə quberniyaya gedir və kübar zadəganların arasına düşür, orda Anna Odinstova adlı bir qadınla tanış olur. Odinstovanın Katya adlı bir bacısı var və Arkadi Katyaya aşiq olur. Bu andan etibarən Arkadi nihilizmdən uzaqlaşır, Bazarov da öz ideya yoldaşının sevgi ucbatından inandıqları dəyərlərdən qopmasını görür. Daha sonra isə Bazarov qəfildən Anna Odinstovaya eşq elan edir. Qadın nəzakətlə qarşılasa da, müsbət cavab vermir. Bundan sonra Bazarovun depressiv dövrü başlayır.

- Bazarov obrazı rus ədəbiyyatında çox maraqlı obrazdır. Turgenev öz obrazının sona qədər öz ideyasına sadiq qalmasına imkan vermir. Arkadi üçün bəlkə də hər şeydən uzaqlaşmaq adi ola bilərdi, amma Bazarov əsas obrazdır əsərdə və niyə öz ideyalarına “xəyanət” edir, səncə?

- Bazarov obrazı rus ədəbiyyatşünaslığında bir mənalı qarşılanmamışdı. Onu ziyanlı və lazımsız hesab edən, buna görə Turgenevi tənqid edənlər oldu. Turgenev “Atalar və Oğullar”ı müdafiə edən yazı yazmışdı. Yazıda müəllif Bazarovu “öz sevimli övladı” adlandırırdı. Əslində burada Rusiyanın həmin dövrdəki iyrənc mühiti təsvir olunur. Əsas konlkikt ziyalılarla mühafizəkar dvoryanlar arasındakı qarşıdurmadır. Zadəgan sinfi bütün çılpaqlığı, ziddiyyəti ilə birgə təsvir olunur. Əsərin mesajı isə məncə budur: atalar oğulları, yeni gələn nəsli anlayışla qarşılamalıdır.

Bazarov rus ədəbiyyatının ən qeyri-adi obrazıdır. Rus ədəbiyyatında mənə görə üç qəribə obraz var. Biri Bazarov, biri Lermontovun “Zəmanəmizin Qəhrəmanı” əsərindəki Peçorin obrazı, biri də Oblamov. Bu cür obrazlarla yazıçılar belə baş aça bilmir, onların sonunun hara gedəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Bazarov əsərin əvvlərində adamı itələyir, hətta ona nifrət də edə bilərsən. Ancaq qəribədir ki, dəyərlərə mübariz biri heç gözlənilmədən bir qadına eşq elan edir və sonra öz kəndinə qayıdır. Bazarov kənddə xəstələrə baxırdı və öz elmi araşdırmalarına davam edirdi. Bir dəfə isə yanına taun xəstəli biri gəlir və ehtiyatsızlıqdan Bazarova xəstəlik keçir. Yatağa düşəndə Bazarov atasından Anna Odinstovanı çağırmasını istəyir, son anında qadın onun yanına gəlir. Bazarov qadının qollarında can verir, onu xilas etmək mümkün olmur. Bazarov son nəfəsində belə bir ifadə işlədir: “Ölüm köhnə şey olsa da, hər bir kəs üçün yenidir”. Bazarov eybəcərləşmiş rus mühitinə etiraz idi. Bu əsər zamanların fövqündədir, istənilən vaxt aktualdır. Atalar və oğullar problemi bu gün də davam edir.

- Əsərdəki bütün obrazları sistemləşdirə bilərsənmi?

- Bütün obrazlar Bazarovun mahiyyətini aydınlaşdırmaq üçündür sanki. Əsərdə Fediçka adlı bir qız var. Bazarov təsadüfən bu qızla öpüşür və bunu Arkadinin əmisi görür. Aralarındakı mübahisə ucbatından onsuz da Bazarova qızğın olan Pablo Pabloviçin əlinə fürsət düşür. Amma gördüyünü evin sahibinə, qardaşına demir, Bazarovu duelə çağırır. Dueldə Pablonun ayağını yaralanır, sonralar Bazarovla onun arasında isti münasibət başlayır, hətta Bazarov peşman da olur etdiyinə.

Arkadi Bazarov kimi nihilist olsa da həmişə mübahisələrdə sakitləşdirən və yumşaltmağa çalışan tərəf kimi qalır. O, Bazarov kimi dəyərləri tamamilə alt-üst etmək istəmir, sanki dostunun küyünə düşüb ona qoşulub. Evlərindəki mübahisələrdə dəfələrlə Bazarova etirazlar edir. Arkadi nihilist kimi Bazarovun yanında çox sönük görünür. Bazarovdan fərqli olaraq Arkadi həyata və dəyərlərə tez təslim olur. Əslində Bazarova, ideyalarına xəyanət edir. Arkadi yarımçıqdır, onu bütövləşdirən Bazarovdan isə getdikcə uzaqlaşır. Çünki əslində Arkadi öz ideyalarına sadiq deyil, hələ harda olduğunu tapa bilməyib.

Nikolay Kirsanovun isə yaxşı mülkü və ferması var, atası 1812-ci illərin hərbi generallarından olub. Qardaşı Pablonun və oğlu Arkadinin rəyi ilə təzədən, özündən yaşca balaca biri ilə evlənir. Əslidə o, bunun dəyərlərə zidd olduğunu düşünür.
Anna Odinstova isə kübar, yetişmiş bir qadındır. Məhz buna görə Bazarov ona vurulur. Bazarovun ölümündən sonra Arkadi onun bacısı ilə, Anna Odinstova isə kübar adamla evlənir.

- Əsərin kuliminasiyasiya hissəsi hansıdır, səncə?

- Kuliminasiya Bazarovun Anna Odinstovaya eşq elan etmə səhnəsidir. Dəhşətli eşq elanıdır. Bazarovun öz ideyalarından uzaqlaşıb sevgiyə, dəyərə yıxıldığı amansız bir səhnədir.

- Əsərdə avtobioqrafiklik varmı?

- Turgenevin atası Serqey Nikolyayeviç zabit, anası Varvara isə varlı bir saray ailəsinin qızı olub. Turgenev heç vaxt pul problemi yaşamayıb. Varlı həyat tərzi keçirib, çox pul xərcləyib. Yaxşı ovçu olub həm də. Anası Turgenevlə tez-tez mübahisə edirmiş. Səbəb də qadın. Nəsli qaraçılara çıxan bir qadını sevirmiş Turgenev, anası isə bu münasibətdən razı deyilmiş. Burdan görünür ki, Turgenev də ata-ana kölgəsindən xilas olmaq istəyib. Və qəribəsi budur: Turgenevin özü qadın qarşısında acizdir və bu acizlik onun bir çox əsərlərində (“Asya”, “İlk məhəbbət”, “Rudin” və s.) təsvir etdiyi qəhrəmanlarına da yansıyıb.

- Turgenev əsərdə ataların(mühafizəkarların) yoxsa nihilistlərin (oğulların) tərəfini tutur?

- Əsər bütün zamanlara ayna tutur. “Atalar və oğullar”da Turgenevin mövqeyi bilinmir. Yazıçı kənardan, heç nəyə qarışmadan olub bitənləri müşahidə edir. Zatən yazıçının mövqeyi görünən əsər bu qədər böyük zirvələrə ulaşmazdı.

- Əsərin hansı hissəsinə əlavələr edərsən?

- Böyük əsərlərə əlavələr etmək mümkün deyil. Həm də “Atalar və oğullar” o qədər bitkin bir romandır ki, nəyisə əlavə etməyə belə ehtiyac yoxdur.

- Azərbaycan ədəbiyyatında problemli atalar və oğullar mənzərəsi niyə həmişə görünür? Atanla hansı məsələlərdə problemin olub?

- Bir qısa əhvalatla izah edim. Bir dəfə tanış bir adam haqqında danışırdıq. Atam dedi ki, o, səhv edib rus qadınıyla evlənməklə. Amma mən razılaşmadım təbii. Atam buna görə mübahisə etdi ciddi formada. Atam millətçi idi, o düşünürdü ki, bir insan ancaq öz mühitindən olan qadınla evlənməlidir. Mən atama uduzurdum həmişə. Yaşım çox az, savadım az. Mən bir müddət atamın baqajına, savadına söykənib onunla razılaşmışam. Ancaq vaxt keçdikcə hiss edirdim ki, atamın savadı qarşısında əzilirəm. İstəyirdim, atamın düşüncələrinin yanlış olduğunu sübut edim, ona görə həmin illərdən fasiləsiz oxumağa, mütaliə etməyə başladım. Atamla hər vaxt düşüncə savaşına çıxdım, hər gün evimizdə eynən Bazarovla Arkadinin ailəsində olduğu kimi mübahisələr düşürdü: mən mühafizəkarlığa, atamın bayraq tutduğu dəyərlərə qarşı çıxırdım. Bizim aramızdakı mübahisələr məni yetişdirirdi. Atamdan öyrəndiyim çox şeylər oldu. Orhan Pamuk deyir ki, biz atalarımızın kölgəsindən çıxıb azad olmaq istəyirik, ancaq həm də ata nəvazişinə ehtiyac duyuruq. Bu mənada atamın kölgəsindən çıxmaq istəsəm də eyni zamanda onun varlığına hər zaman ehtiyac duyuram. Bizim davamızı qısaca belə izah etmək olar: köhnə dəyərlərlə yeni dəyərlərin üz-üzə gəlməyi. Atam da başa düşürdü ki, nə vaxtsa bu etirazla qarşılaşacaq və ona görə də normal münasibət göstərdi. Azərbaycanda ata və oğul yazıçılar, şairlər var ki, baxırsan, bir-birindən fərqlənmir: ata deyəni tutuquşu kimi oğul da təkrarlayır. Bu mənada bizdə atalar və oğullar arasında qarşıdurma yox kimidir. Anar atası Rəsul Rza ilə, Elçin atası İlyas Əfəndiyevlə heç vaxt atalar və oğullar savaşı yaşamayıb. Bir-birilərinin təkrarıdırlar, düşüncə, dəyərlər sistemi dəyişməyib. Atanın dediyi həmişə onlar üçün qanun olub. O köhnə düşüncəni Anarla Elçin təzədən yaşadıblar. Öz atalarının avtoritetliyini vurub yıxa bilməyiblər. Onlara bu sərfəli gəlməyib. Heç vaxt öz ataları haqqında tənqidi bir şey deməyiblər, onların yolu ilə gediblər. Atalar və oğullar arasında əslində heç bir fərq yoxdur Azərbaycanda. İndi Kəramət Böyükçöllə Qəşəm Nəcəfzadə fərqli görünürlər, amma yazı tərzləri eynidir, düşüncə baxımından da bir almanın iki yarısıdırlar. Mahiyyət dəyişməyib: atalar və oğullar arasındakı ciddi fərq yox dərəcəsindədir. Sanki bizdə yalnız bir tərəf var: atalar. Oğulların düşüncəsi əsa ilə yeriyir. Onlar köhnə dəyərlərin qarşısında aciz qalıblar. Oğullar atalarla az qala yaşıddır. Elə bil dünyaya gələn kimi qocalıblar. Gənc nəsil görünmür, atadan qalan miras üstündə savaşan oğullara oxşayır hamısı.

- Turgenevin danışdığın əsərinin Azərbaycan ədəbiyyatında bənzəri varmı?

- Düşünürəm ki, gələcəkdə özüm atalar və oğullar məsələsi haqqında nəsə yazım. Belə baxıram, mən yazmalıyam. İş mənə düşüb. (gülür).


Söhbətləşdi:
Tural İsmayılov,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031