manera.az
manera.az

Xan Rəsuloğlu: “Kitab biznesimi xeyriyəçilik üzərində qurmuşam” |MANERA.AZ

2-05-2016, 11:52

Xan Rəsuloğlu: “Kitab biznesimi xeyriyəçilik üzərində qurmuşam”  |MANERA.AZ
Budəfəki həmsöhbətimiz kitabçı Xan Rəsuloğludur.
_____________________________________________________________
Xan Rəsuloğlu kitabların əhatəsindədir. Bəs oxucu auditoriyasından necə, razıdırmı?

-Ən azı 10-12 İllik pedoqoji təcrübəmə(orta və ali məktəblərdə müəllimlik,Artek pioner düşərgəsində dəstə rəhbəri,sambo və qaydasız döyüş üzrə məşqçi, bir neçə dərnək və klub rəhbəri)kitab dükanında işimi də əlavə etsəm,əslində müəllimliyimi yenə də davam etdirirəm.Qətiyyətlə deyə bilərəm ki,heç bəzi akademiklərimizin də oxumağa fiziki imkan tapmadığı minlərlə pedaqoji,psixoloji,bədii, tarixi,fəlsəfi,dini,elmi-populyar ədəbiyyat oxumuşam və çoxunu da konspektləşdirmişəm. Məişət qayğılarından sıxılmasaydım yığdıqlarımdan,yazdıqlarımdan,tərtib etdiklərimdən hər il azı 20 -30 kitab çap etdirə bilərdim, özü də, dünya səviyyəli. Sözsüz ki, yığımı, korrektə və mütəxəssis redaktəsində kömək olması şərtiylə.

Həm də müəllimlik edirsiz…

-Bəli. Müəllimliyi ən müqəddəs peşə,təhsili ən vacib sahə sayıram.Peyğəmbər kimdir-cəmiyyətin müəllimi.Eləcə də,prezidenti,nazirləri,alimləri,millət vəkilləri və sairə üzdə olanların xalqımızın ziyalısı və öyrətmənləri olması,onların dövlət işçisi olmasından daha vacibdir.Çünki,onlardan nümunə götürülür.Zamanında,Moskvada ikən öz ictimai-siyasi karyeramdan təhsil sistemində işləyim deyə, vaz keçdim.Kitab dükanında öz məsuliyyətimi,səlahiyyətimi də unutmuram.Məhşur bir deyim var,guya dünyanı seks və aclıq idarə edir.Məncə, dünyanı xəstə təxəyyüllər idarə edir...Bəzi xəstə,yoluxucu,dağıdıcı fikirlərlə oxucuların zəhərlənməməsi,bir az da biz kitabçılardan asılıdır.Minlərlə oxucuma,alıcıma hansı kitabı oxumalarını müəllim kimi özüm tövsiyə etmişəm. Dahilərdən,ululardan,müqəddəslik hüququ qazanmış nurlu şəxslərdən aldığım dərslərlə,bütün dünyaya qarşı xoş niyyətimlə öz işimi də vacib sayıram. Ona görə,oxucu və alıcılarım mənim üçün əzizdir,onlara xidməti borcum sayıram...İnsanlara xidmət ən böyük ibadətdir elə. Kitab almaq fikrini beynindən keçirən insan artıq mənim üçün xüsusi imtiyazlıdır. Çünki çox nadir adam pis niyyətlə kitab oxuyar...

Bəs Azərbaycanda niyə kitab az oxunur? Səbəb kitablardadır,yoxsa özümüzdə?

- Hələ insan o dərəcədə gəlişməyib ki,kitabsız özünü kamilləşdirə bilsin…İnformatika texnologiyasının özünün belə müəllimi,hələ ki, kitablardır.Gözlənilməz və ədəbsiz çıxsa da,monitordan kitab oxumağı virtual sevişmə kimi bir şey sanıram. İnsanın həyatda müəllimi çox ola bilər. Kitabla təkbətəkdə alınan effekt isə tamam başqadır. Kitablar az oxunursa,günah həm özünü tanımayan adamlarda,həm də o adamlara biganə olan cəmiyyətdə,dövlətdədir.Yaponu,yəhudisi,almanı olan bu dünyada mən öz millətimi hədsiz istedadlı olmasına baxmayaraq imkansızlıq içində çırpınan görürəm.Təhsil sistemimizin bu dərəcədə yarıtmazlığında isə əsas günah müəllimlərdə, onların səviyyəsindədir…Ortababdan da aşağı (ümumi səviyyəni deyirəm) savadı-qabilliyəti və müqəddəslik haləsindən məhrum olan müəllimlərin cəmiyyətə xeyri nə ola bilər ki?Yəni,biz balalarımızı məktəbə göndəririk ki, mərifət, elm öyrənsinlər, cəmiyyətdəki bütün çatışmazlıqlar isə orada-məktəbdə buraxılan səhvlərdir ki, sonradan qarşımıza çıxır.

Texnikanın inkişafı da kitablara olan diqqəti 2-ci plana keçirir…

-Buna 3 əsas səbəb var.

Hansılardı?

1.İnformatika texnologiyaları
2.Əlifbanın dəyişməsi
3. İqtisadi durum.

Bildiyim qədər, ölkəmizdə cəmi 10 kitab evi var. Sizcə bu normaldırmı?

-Dərslikləri çıxsaq, başqa növdə(bədii,texniki və.s) kitab satan dükanlar heç də az deyil.Sadəcə, ixtisaslaşmış,peşəkarcasına təşkil olunmuşları siz deyən qədərdir.Çox gözəl təşəbbüs olan,Dünya Ədəbiyyatı 150 cildliyinin min nəfər abunəçisini yığmaq,bu ölkədə böyük əziyyətə başa gəldi.İndi kitablar gülünc tirajla çıxır-100-500,ən uzağı 1000 ədəd.Amma,elə bir kitab dükanı göstərin ki,Vergi departamenti onu cərimələməmiş olsun…Sahibkarlığa yardım əvəzinə,maneçilik görmüşük.Qəribəsi də budur ki,rəsmi idarələrdə işləyənlər özlərini elə aparırlar ki,sanki vergi ödəyicisi onlara şəxsən borcludur.Onsuz da,vergidən alın yazısı kimi qaça bilmərik.Amma beşqat üstünə gəlməsin də…Bunu deməkdə məqsədim odur ki,hər sahədə öz işimizi insafla görsək,bu gün hamımızın qarşılaşdığımız sıxıntılardan da,tezliklə üzülüşə bilərik.

Sizin kitab dükanınızın xüsusi məziyyətləri nədədir?

1:Ən ucuz dərsliklər(orta və ali məktəblər üçün)
2:Kitabların həftəlik( ya 10 günlük) kirayəsi.( satış qiymətinin 10/1-nə) 3:Oxuduğunuz kitabların geri satışı.
4:Kitabların dəyişilməsi-barteri
5. Evdən azaltmaq istədiklərinizin satişı
6.Türkiyə və Rusiyadan kitabların sifarişi
7.Axtardığınız kitabların sifarişi
8.Kurs,diplom,elmi işlərin yazılmasında yardım
9.Qocalar evinə, həbsxanalara,hərbi hissələrə, xəstəxanalara,uşaq evlərinə,diasporlarımıza kitab hədiyyəsi.
10.Dükanda kitabsevərlərin tanış oimalarına şərait yaratmaq.
11.Kitab müzakirələri,təqdimatlar,müəlliflə tanışlıq.
12.Yeni dərnək və klublar yaratmaq imkanı.

Bunlar heç də az deyil,məncə.


Bu gün kitab mağazalarında əcnəbi yazıçıların əsərləri daha çox satılır. Sizcə, indiki yazıçılarımızdan elələri varmı ki, biz də onları dünya kitab arenasına çıxaraq?

-Ədəbiyyatımızdan elə də bədgüman deyiləm.Sadəcə,dərd burasıdır ki, Latın-Amerikası ədəbiyyatına xas olan problemləri (60-70-ci illərin) biz indi çözməyə başlamışıq.Nə qədər istedadlı olsalar belə,internet erasının sürətinə uyğunlaşmaq istəyən qayğılarımızdan qopub yaradıcılığa köklənə bilmədiyimizdən,yazdıqlarımız dünyanı ilgiləndirmir...Yəqin ki,azı yüz millətin özlüyündə Nəriman Əbdülrəhmanlısı, Əlabbası, S.Alışarlısı, İlqar Fəhmisi, Əyyub Qiyası,Kənan Hacısı, Sadıq Elşanlısı,Qaraqanı,Qanturalısı, E.Zeynallısı,S.Sədaqətoğlusu, M.Ağaoğlusu və başqa kimləri var. Bu siyahını çox uzatmaq da olar və mən hələ şairlərdən danışmıram .

Bəs Azərbaycanın dünyada, təfəkkürdə - ədəbiyyatda iz qoymuş,dünyaya yeni baxış bəxş eləmiş adları niyə azdı?

-Deməli, nə isə çatmır da.

Nədir çatışmayan?

Bu özünü bütün varlığınla öz işinə həsr eləmək inadıdır.

Məni qınamasınlar,az-çox ədəbi uğur qazananlarımızın çoxu,məişət qayğılarıyla(psixoloji,ictimai-siyasi demədim ha..) nisbətən az yüklənənlərimizdir,deyərdim:Ə.Cahangir,S.Baycan,Əli Əkbər,Salam Sarvan,Anar,Elçin,Ç.Abdullayev,K.Abdulla-yenə də adları artırmaq olar və burada da,yenə də istedadı olanlardan danışılır,vaxtı-imkanı olub,yaza bilməyənlərdən yox! Nədən və necə yazırlar,bu ayrı məsələdir...Ədəbiyyatımızda bəyənmədiyim əsas bir şey var,o da bədiilikdən uzaqlaşmaq meylləridir.Çoxları elə düşünür ki,ağzına və ağlına nə gəldi yazmaq,ədəbiyyatmış.Orta və ali məktəblərimizdə çox zəif tədris olunsa da,yazıçılıq-şairlik havasıyla yaşayanlar üslubiyyət məsələlərinə,tabeli və tabesiz mürəkkəb cümlələrin quruluşuna diqqət yetirməli,ciddi şəkildə izahlı lüğətimizin üzərində işləməlidirlər.

Azərbaycan ədəbiyyatında yeni adlar gələcəyə nə vədlər verir?

-Üzdə olan,olmayan,yaşı qırxacan götürsək,10-15 nəfər böyük potensialını duyduğum yazarlarımız var,amma şah əsərlərini yazmaqla bacarıqlarını reallaşdıra biləcəklər,ya yox, bu tale məsələsidir.Türk,ingilis,rus,qismən də öz dilimizdə kitabları oxumaqla, dünya ədəbi prosesinə tezliklə inteqrasiya olunmuş gəncliyin şansları sonsuzdur.Gəncliyi plaqiatlıqda qınamaq da nisbilikdir.Məsələn,E.Qaraqanın toxunduğu mövzular yeni olmaya bilər,informasiya xüsusi mənbələrdən alına bilər,bu təbiidir.Amma özünəməxsus yorumlarıyla yenidir,vacibdir,həqiqətən də postmoderndir.Ən istedadlı gənclərimizdə belə, mövzuya orjinal yanaşmalarıyla birgə dilin də bədiiliyinə,xəlqiliyinə,axıcılığına,şirinliyinə,dərinliyinə fikir verilsəydi,ayrı bir aləm olardı.Baxın,Alqayıt,Şücaət,Şürüyə,B.Vətənoğlu,Baba Pünhan...Onlarla belə ad çəkərəm ki,xalq arasında sevilir,məhşurdur,amma ədəbi səviyyə baxımından M.Araz,R.Rövşən,M.İsmayıl,Musa Yaqub,V.Səmədoğlu deyillər axı...Bu ona bənzəyir ki,Röyanı,Faiq Ağayevi,İzzət Bağırovu,Zülfiyə Xanbabayevanı və başqa müğənniləri gətirib Bülbül,Rəşid Behbudov,Qədir Rüstəmov,Alim Qasımovla müqayisə edək...Və ya, elə mavi ekranları bürümüş beşgünlük ömrü olan mahnılarla,bizi biz yapan, millətin orijinllığını vurğulayan mahnılarımızı müqayisə edək.

Bəs gənclərə tövsiyəniz nədir?

-Biliyiniz,təcrübəniz 40-50 ildən sonra artıq ola bilər,amma 15-16 yaşında da İlhamla yazdığınızı 60-70 yaşınızda şedevr kimi qəbul edə bilərsiniz.Ona görə ,inkişaf etməyə çox da ümid bəsləməyin...Reallıqda nəsiniz-kimsinizsə, ondan maksimum yararlanmağınız gərəkdir.Yaradıcılıq isə maksimumsuz mümkün deyil.Maksimumluq isə gücənmək deyil.Nə mutlu”İndi və burada” formulunu yaşayan insana. Əvvəlki yazarlar ilə indikilər arasında bədii əsərin keyfiyyəti baxımından tərs mütənasiblik özünü göstərir:Bir ideologiya çərçivəsində olsa da,mətnin dil və bədii vasitələrlə mükəmməlliyinə çalışan sovet yazarlarına tam əks olaraq, indikilər mövzu sarıdan nə qədər rəngarəng, gözlənilməz olsalar belə-dilin imkanlarından xəbərsiz kimi yazırlar...Postmodern ədəbiyyat heç də min illərin sınağından çıxmış ədəbi kriteriyaların dağıdılması yox,sınırların götürülməsidir,nəyisə bütləşdirmək,hansısa ideya və üslubun məngənəsində əzilmək yox,beynin-duyğu üzvlərinin operativ reaksiya verə biləcəyi istənilən sahəyə,istənilən anda baş vurmaq,cövlan etmək, insan ruhu və zəkasının sonsuz imkanlarına doğru yürümək,uçmaq,kvant sıçrayışı etmək-yəni hətta məntiqin səbəb-nəticə çərçivələrinə də sığmayan çevrilmələrə şahidlik etmək. Lütfizadənin Qeyri-Səlis məntiq nəzəriyyəsini təkcə texniki sahələrə yox,fəlsəfə,din,ədəbiyyat,qısa söyləsək-təxəyyül-təfəkkürün,istənilən yönünə tətbiq etmək olar və olunur da.Böyüklük insanın içindədir və onu çölünə də gətirmək gərəkdir.

İçəri dünyamın işıqlarıyla
Nurlada bilsəydim bu çöl dünyamı-
eh, nə vardı ki.

Tez-tez rast gəlirik ki,Azərbaycanda kitabı zibil yeşiyinə atırlar.Kitaba bu münasibət haradan qaynaqlanır?

-Çexovda belə bir fikir var,kim yazıb bilmirəm,amma mən axmaq bunu oxuyuram.Hər kitab nə qədər informasiya daşısa da,gərəkli olmur axı.Vaxtı-dövrü keçmiş informasiyalar,ziyanlı doktrinalar,xürafat,düşmənçilik və s. yayan kitaba vaxt, enerji sərfinə dəyərmi? Acınacaqlısı budur ki,ata-babasının kitabxanasını zibilxanaya atanlar var...Xatirəsini əziz tutduğunuz qohumlarımızın kitablarını təmənnasız bağışlayın-o qədər yer var ki,...ya da simvolik qiymətə satın,dəyişin. Artıq 8-ci kitabxananı yaratmağa başlamışam. Mən öz kitab biznesimi-işimi əslində çox zəhmətli olsa da, xeyriyəçilik, ucuzluq üzərində qurmuşam və bu işdə də tərs mütənasiblik var: Kitab çox-gəlir az-zəhmətinə isə,dağam ki,hələ dözürəm.

Bildiyim qədər, roman üzərində işləyirsiz. Mövzu nədir?

- Mövzuca ədəbi taleyimiz və ədəbi mühitimizdən danışan bir roman üzərində işləyirəm ki,orada ümumiləşdirilmiş obrazlar olsa da,hər kəs özünü görəcək,çünki olmuş hadisələrdən,deyilmiş sözlərdən,yazılmış məqalələrdəki fikirlərdən də qismən dəyişərək istifadə etmişəm...Özümü də incidən, xoşuma gəlməyən bir şey var ki,ədəbi qeybət,ədəbi incikliklərdən də yan qaça bilməmişəm. Ola bilsin ki,son redaktədə nələrisə dəyişəm,çıxaram, o da ovqata, məqama baxır...Reallıq budur. Mən AYB və AYO üzvləriylə də, sərbəst yazanlar,həvəskarlardan tutmuş ədəbi mühitimizin,eləcə də, mətbuat nümayəndələrinin çoxu ilə daim kontaktda olmuşam,xüsusi məqsəd, metodika və oxu üsulu ilə azı 50-60 min kitabın üzərində işləmişəm(oxumuşam demək azdır).

İnsanları kitab oxumağa yönəltmək üçün yazarlar hansı janra daha çox üstünlük versələr daha yaxşıdır?

-Yazar yazmaq istədiyini yazmalıdır...Şöhrət ya pul üçün yazmaq ayrı şeydir.Amma,gəlin razılaşaq ki,ədəbiyyat da bir növ hipnoz və proqramlaşdırma kimidir.O dövlət ki, siyasətinə hər şeyi qurban verməyə hazırdır,cürbəcür ideyalarla manipulyasiya edir,xalqı kütlə halına gətirir,orada bütün məmurlara xüsusi imtiyazlar verilir,maaşları artırılır və rüşvətə rəvac verilir.Aforizmdə deyildiyi kimi,ordenlər xalqına xidmət edənlərə yox,ordenləri verənlərə xidmət edənlərə verilir.

Sizcə, bu qədər oxucu azlığına görə yazmağa dəyərmi?

- Ədəbiyyat da elmdir. Ibtidaisindən alisinəcən səviyyə söhbəti var. Abdulla Şaiqin, Sabirin uşaq şeirləri əgər ibtidai təfəkkürü qidalandırırsa və aşıq yaradıcılığında daha çox gəlişmiş qoşma-gəraylı üslubunda, məsələn R.Rövşənin “Dünya mənə tanış gəlir- ”artıq ali duyğular yaşadır adama...Elə bayatılarımızdakı 4 misra içində ən adi-həmişəişlək sözlərdən,bəzən görürsən bir ovqatın ilahi vəsfi,ya da bir ömürdə gəlinmiş nəticə öz ifadəsini tapır.Ya ki, Xəyyamın,Baba Tahirin,İbn Sinanın rübailəri,ya elə 3 misraya sığışdırılan yapon xokkuları, bir cüm ləylə deyilən aforizmlər-qaranlıq gecədə şimşəyin çaxmasına bənzəyir.Şappaşurup yazılan şeir və romanlardan qat-qat artığını yazaram bir gecəyə(özünə hörmət eləyən istedad sahibləri çoxu bunu bacarar).Ədəbi oğurluq eləməklə və başqasına şeir-hekayə-roman yazdırmaqla-özünü cəmiyyətə sırıyan, hətta AYB-yə üzv olanlar,görüm-baxımla təqaüdlər alanlar da var.Bunu hamımız bilirik,tanıyırıq. Amma onlar ədəbiyyatı təmsil etmir axı...Onlarda əskiklik kompleksi danışır.Qəribədir ki,səsi olmayanlar müğənniliyə,gözəlliyi ilə seçilməyənlər kino ulduzu olmağa, nadan və bədxahlar şair kimi tanınmağa can atırlar.Yazanların da hərəsinin öz oxucu kontingenti olur axı. İstəsək də,istəməsək də özümüz kimi yazırıq deyə,özümüzə uyğun da qəbul edilirik. Özünü yox,dünyanı yazanlar da var ki,onlardan da hər biri oxucuya istədiyi mesajları göndərir.

Zənnimcə, o cəmiyyət ki kitabları,uşaqları,qocaları sevmir,o cəmiyyət xoşbəxt ola bilməz...

-Kitabı sevmək, elə özünü sevmək,özünlə baş-başa qalmaq,özünə dalmaq,özünü kəşf etmək,özünü tanımaqdır.Elə özünü bilmək üçün oxuyursan da…Kitabı oxumazlar,kitabı yaşayarlar…Qocalar bizim keçmişimiz,uşaqlar gələcəyimizdir.Keçmişimizə sayğı,gələcəyimizə qayğı göstərmək də,elə özünə xidmətdir.

Bizdə ictimai nəqliyyatda kitab oxuyanlara səviyyəsiz atmacalar atılır...

-Doğrusu, Azərbaycanda nə qədər çatışmazlıqlar varsa da,ictimai asayiş o qədər də dözülməz-pis deyil.Mənim kontakda olduğum insanlar da,polislər də mədəni-qanacaqlı olub çox vaxt( tək-tük hallar isə yəqin ki,dünyanın hər yerində mümkündür).Kitab oxuyanlara təhqiramiz yox,yazığı gəlirmiş kimi baxanları görmüşəm. “Pul-sənət qazanmaq əvəzinə,kitab oxuyurlar”-deyirlər.Bu gün böyük cəsarət-sevgi gərəkdir kitab oxumağa da,yazmağa,özünü bu ovqatla yaşatmağa da.

Son olaraq, insanları kitaba qaytarmaq üçün nə etməli?

- Bütün dinlər,sənətlər,fəlsəfələr,ideyalar hamısı insanı xoşbəxt eləməyə yönəlikdir.Ona görə də, insanları, dünyanı və allahı sevmək lazımdır.Sadəcə,bu.

Söhbətləşdi: Şəhla Aslan,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031