manera.az
manera.az

Məmməd Dəmirçioğlu: “Bizdə ədəbiyyat adamları acından günorta dururlar…”

29-04-2015, 09:34

Məmməd Dəmirçioğlu: “Bizdə ədəbiyyat adamları acından günorta dururlar…”
Müsahibimiz rəssam, şair Məmməd Dəmirçioğludur.

- Məmməd müəllim, bu gün ədəbiyyatımız hansı ovqatdadır?

- Hazırda ədəbiyyatımız Allah ümidinə gedən yelkənsiz gəmiyə bənzəyir. Bütün qayğılardan məhrumdur...

- Ədəbiyyatda inqilab nə zaman ola bilər?

- Mən ruhən Mütəsəvvüf yolçusuyam. Bu yolda inqilab və inqilabçılar yoxdur. Amma müridizm və müridlər var. Şeyx Şamil də mürid idi. İnqilab o zaman baş tutur ki, bıçaq sümüyə dirənir. Məncə, bıçaq artıq sümüyə dirənib. Mən bir mürid olaraq həmişə hazıram. Şeyx Şamil kimdirsə çıxsın ortalığa...

- Dinimizdəki Allahın günümüzdəki "allah"lardan fərqi nədədir?

- Mənim “Allaha qımqımı” şeirimdə belə bir bənd var:
Din xofunu tərk edəli,
Sevə-sevə ərk edəli,
Tanrım, səni dərk edəli,
Dindən yuxarı dindəyəm.


Məmməd İlqarda da belə bir bənd var:

Dərd əhlinin dini birdi,
Ahı birdi, ünü birdi.
Bəndələrin dini birdi,
Tanrılar bir dinə gəlsin.


Mən Allah anlayışında sabitəm. Allahı din vasitəsi ilə dərk etməmişəm. Allahı ona olan sevgilərimlə, ona olan inamımla dərk etmişəm. Allah ədalətlidi. Dinsiz “allahlar” isə dünyadan əliboş gedirlər. Allah bu dünyanı günümüzdəki allahlardan qorusun.

- Məmməd müəllim, çağdaş ədəbiyyatımızdakı qabarıq problemlər nələrdi və çözülməsini nədə görürsünüz?

- Problemlər təkcə ədəbiyyatımızda deyil, yaradıcılığın bütün sahəsində dözülməz həddə çatıb. Bayağılıq baş alıb getməkdə, biganəlik boy verməkdədi. Məncə ədəbiyyatımızın aliqarxları arasında islahatlar getməlidi. Hər kəsin halal haqqı verilməli, muğamda və idmanda olduğu kimi ədəbiyyatda da istedadlı gənclərin qayğısına qalmalı, Muğama olan qayğı ədəbiyyatımıza da tətbiq olmalıdı. Eyni ilə ədəbiyyat müsabiqələri keçirilməli, televiziya vasitəsi ilə yayımlanaraq xalqa çatdırılmalıdır. Amma bunun olacağına ümidsizəm. Hazırda hər kəsi pul gətirən sahələr maraqlandırır. Bizdə şairlər və ədəbiyyat adamları isə acından günorta dururlar. Ulduz olan müğənnilər isə toylardan kifayət qədər pul qazanır. Bütün günü də televiziya efirlərini zəbt edirlər. Mənə elə gəlir ki, bu işlər bilərəkdən edilir. Ona görə də ədəbiyyatımız bu gündədi.

- Bizdə söz azadlığı varmı, varsa hardadır?

- Dar ağacında!
Oğlum Daşqına yazdığım nəsihət şeirimdə belə bir misra var:

…Getdiyin yol haq yoldusa,
Şahın fərmanından qorun…


Və yaxud:

…Söz ürəkdə duruldu,
Dilə möhür vuruldu.
Dar ağacı quruldu,
Barı ola bilmədim…


- Ədəbiyyatımızda tənqid yetərincədirmi, ümuməm tənqidə münasibətiniz necədi?

- İndi tənqidçilərin əksəriyyəti tənqid yox, tərif yazırlar. Onu da pulla yazırlar. Onları qınamıram. Onlar da ailələrinə çörək pulu qazanmalıdırlar. Tənqid edəni isə indi heç kim bəyənmir. Nədənsə hamı tərif yazanı sevir.

- Sizcə, istedad sahibi azad yazar olmalıdır, yoxsa hansısa qurumun tabeliyində?

- Normal bir qurumun olması həmişə işin xeyrinə olub. Yəni, o qurum ətrafında istedadlar birləşərsə, bu böyük bir qüvvəyə çevrilə bilər. O qurum ki, əqidəsiz və keyfiyyətsiz insanların əlindədir, deməli, bunun var olmasından olmaması faydalıdı. İstedadlı insanlar ədəbli, istededsızlar isə həyasız olurlar. Təxminən bənövşə çiçəyi ilə ala qanqal kimi…

- Bizim də AYB-miz var da…

Mən bu yaxınlarda tam əmin oldum ki, AYB bir qurum olaraq özəlləşmiş obyektə bənzəyir. Tanıyanlar bilirlər ki, mən çörəyimi rəssamlıq sənətimlə qazanıram. Onlara müraciətim çörək pulu qazanmaq məqsədi daşımırdı. Hamı kimi bu qayğını mən də hiss etmək istəyirdim.
AYB-yə 4 il öncə təqaüd üçün ərizə yazmışdım. Bu gün də üzümü qızarda-qızarda “ruskoyazıçnı” Rauf bəyin yanına getdim. Bu ilki siyahıya düşəcəyimə ümid etmişdim.Vəziyyətlə maraqlandığımı görən “işgüzar” Rauf bəy söylədi ki, hələ sənin növbən çatmayıb. Dedim o zaman təqaüd alanların ərizələrini göstər, görək hansı tarixdə yazılıb. Dedi ki, bu bizim işimizdi. Kimə istəyirik, ona da veririk. Anladlm ki, mən onların baryerini aşa bilməyəcəm. Çünki, Rauf bəy mənə açıqca “yaxşı yol” söylədi...

- Sizə təqaüd verilməyib?

Mənim nə ədəbiyyatda, nə də onların təqaüdündə iddiam yoxdur. Sadəcə AYB-nin iç üzünü gördüm. Bunu ona görə söyləyirəm ki, bu dünyada qərib olduğum kimi, ədəbiyyatımızda da qəribəm. İnanıram ki, nə Anar müəllimin, nə də Fikrət Qocanın mənim yaradıcılığımdan xəbərləri yoxdur. Baxmayaraq ki, onlara Rauf müəllimin vasitəsiylə kitablarımı, üstəlik Anar müəllimə bir akvarel əsərimi də göndərmişəm.
“Azərbaycan” jurnalı 3 ildir ki. “Hürmələk nənə” poemamı dərc etmir.

-Səbəb?

Səbəb də budur ki, 17 səhifədi. Jurnala yerləşmir. Sadəcə utanıram bu işlərdən. Utanıram ki, niyə onlara ağız açmışam.

- Sizcə, AYB öz missiyasını yerinə yetirmir?

- Akif Səməd deyirdi ki, indi vəzifələrin hamısı ömürlükdü. Öna görə də hər vəzifə sahibi öz əhatəsini qurur, yad adamları ora qəbul etmirlər. Xeyir-bərəkəti özününkülərə verirlər. AYB-miz də bu missiyanın daşıyıcılarındadırlar. Orada işləyən ata ev, bala Prezident təqaüdü alır, ”yad” adamlar isə illərlə gözləyir və sonda mənim kimi qapıdan qovulur...

Söhbətləşdi: Emil Rasimoğlu
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30