Fatimənin rəngarəng dünyası...

Tarix:8-06-2019, 17:48 Baxış Sayı:216

Fatimənin rəngarəng dünyası...
Xətai Sənət Mərkəzində gənc rəssam Fatimə Mahmudovanın fərdi rəssamlıq sərgisi açılıb.

Sərgiyə tanınmış rəssam və sənət müəllimim Əbdül Şərifin dəvəti ilə qoşuldum. Sərgiyə erkən gəldiyimdən, gənc rəssam qızımızın rəngbərəng sənət dünyasına yetərincə səyahət etməyə vaxt tapdım. Nə gizlədim, Fatimənin rəng, müşahidə, təxəyyül və ifadəetmə manerasının əlvanlığına heyran qaldığımı qeyd etməyə bilmirəm...

Nəsimi rayonundakı 42 saylı tam orta məktəbin 9-cu sinif şagirdidir Fatimə. Sərginin açılışından öncə gənc rəssamla və anası Qumru xanımla ayaqüstü söhbətimiz oldu:

- Qumru xanım, bu gün Fatimənin ilk fərdi sərgisi açılır. Təbrik edirik sizi və rəssam qızımızı. Qızınızda belə bir qabiliyyətin olduğunu haçan hiss etdiniz?

- Təşəkkür edirəm. Qeyd edim ki, lap kiçik yaşlarından çəkməyə başlayıb Fatimə. 5 yaşı olanda onda bu istedadın olduğunu aşkarladıq və “Röyalar dünyası” sənət mərkəzinə qoyduq ki, rəssamlığın daha incə qatlarını görüb öyrənsin. 2 il həmin mərkəzdə məşğul oldu. 7 yaşından Xətai Sənət Mərkəzinə gəlir.

- Fatimə, bu gün sənin ən sevincli günlərindən biridir. Sənə uğurlar arzulayırıq. Həyəcanlısanmı?

- Bəli, çox həyəcanlıyam. Rəssamlar, sənətsevərlər, qohumlarımız, dostlarım, sinif yoldaşlarım, müəllimlərim gəlib sərgiyə. Adam çoxdur, görək çəkdiklərimi bəyənəcəklərmi?

- Düzü, mənim də diqqətimi çəkən sərgiyə gələn sənətsevərlərin sayının çoxluğu oldu. Adətən, fərdi sərgilərdə belə izdihamın yaşandığını nadir hallarda müşahidə etmək olur...

Qumru xanım: - Doğru buyurursunuz, elə mən də Fatimədən az həyəcanlı deyiləm. Düzdür, o, əvvəllər də müxtəlif sərgilərə qatılıb, lakin ilk fərdi sərgisi olduğundan, Fatimənin yaradıcılığına bu cür maraq olacağını təsəvvür etmirdim. Axı, hələ balacadır, lakin sənətə olan sonsuz marağı həmişə orta məktəb müəllimlərinin, eləcə də sənət müəllimlərinin diqqətini özünə çəkib.

- Sənət Mərkəzində Fatimənin müəllimi mənim özümün də müəllimim olmuş istedadlı rəssam Əbdül Şərifdir. Necə oldu ki, məhz Əbdül müəllimi seçdiniz?

- Mən qızımı buraya gətirəndə Əbdül müəllimi şəxsən tanımırdım, yalnız ətrafdakılardan məlumat almışdım rəssamlıq sənətinin sirlərini kiçikyaşlı istedadlara necə böyük ustalıq və həssaslıqla öyrətdiyini! İllər keçdikcə müəllimin ən incə detalları belə uşaqlara bezmədən, usanmadan, nəvazişlə öyrətdiyinin şahidi olduq. Fatiməyə də xoş gələn elə Əbdül müəllimin həm rəssam, həm müəllim, həm də qayğıkeş bir pedaqoq kimi balacalarla yüksək ünsiyyət qurma mədəniyyəti, xarakteri oldu.

- Fatimə, sərginin adı da gözəldir, elə çəkdiyin əsərlər də rəngarəng nağıllar dünyasını xatırladır. Ən çox nələri çəkirsən, ən çox sevdiyin rəng hansıdır?

- (Duruxur...) Bütün rəngləri sevirəm, əslində... Ancaq ən çox şux rəngləri xoşlayıram. Daha çox velosiped, gəmi, peyzaj çəkməyi sevirəm.

Sərginin başlanmasına çox az vaxt qalır. Odur ki, suallarımı yekunlaşdırıram. Onsuz da bu gənc rəssamın gələcək arzu və istəkləri haqqında anası Qumru xanımdan yetərincə məlumat almışam: ali təhsilini də elə bu istiqamətdə almaq niyyətindədir Fatimə. Rəssamlıq sənətini alın yazısı hesab etdiyindən, rəssam-dizayner olmağı qarşısına məqsəd qoyub. Biz də gənc Fatiməyə gələcəkdə daha böyük uğurlar arzulayırıq.

70-ə yaxın rəsm əsərinin nümayiş olunduğu bu rəngarəng sərginin açılış mərasimində ilk söz deyən elə gənc rəssamın sənət müəllimi Əbdül Şərif oldu. Əbdül müəllim öz tələbəsinə sənətin keşməkeşli yollarında sonacan və uğurla addımlamağı arzuladı. Digər çıxışçıların da arzu və niyyətləri eyni simə köklənmişdi: Fatimə Azərbaycan rəssamlıq sənətinin gələcəyinə ümid bəslənən ən istedadlı və ümidverən gənc nümayəndələrindəndir Uğurlar olsun!

Qiymət MƏHƏRRƏMLİ
filologiya üzrə fəlsəfə doktoru, şair


MANERA.AZ sərgidən fotolar təqdim edir:

Fatimənin rəngarəng dünyası...
Fatimənin rəngarəng dünyası...
Fatimənin rəngarəng dünyası...
Fatimənin rəngarəng dünyası...
Fatimənin rəngarəng dünyası...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ