Yalnızlıq, xərçəng və “The lobster”... - KİNO

Tarix:25-07-2016, 09:30 Baxış Sayı:633

Yalnızlıq, xərçəng və “The lobster”...  - KİNO
MANERA.AZ
Yalnızlıq

Qanunlar qorxulardan dolayı yaradılır. Bunun ən açıq təzahürü cinayətlərin qarşısını almaqçün qoyulmuş qanunlardır. Qorxu nə qədər çoxdursa, həyati əhəmiyyətlidirsə, müvafiq qanun da o qədər sərtdir. Qanun kütlə tərəfindən təyin olunur və əsla fərdiyyəçiliyi qəbul etmir. Bəs tək qalmaq qorxusundan qanun törənərsə?.. Yalnızlıq cəmiyyət tərəfindən diskriminasiya, dövlət tərəfindən cəza ilə nəticələnərsə?.. İnsanlar yalnız qalmağa qarşı qorxuları ətrafında kütləviləşib, bunun tədbirini qanunla görsələr, necə olar?

Lobster (xərçəng)

Məsələyə həm də romantik baxış var. Aşağıda qeyri-müəyyən bir yerdə, zamanda cərəyan edən hadisələrə baxacağıq, amma günümüzdə də yalnızlıq, sevgisizlik duyğusuzluq hesab olunur. Romantiklərin sevgi utopiyası (aşağıda bunun images (1)distopiyaya çevrilməsini görəcəyik) getdikcə daha çılğın istəkdə əksini tapır; birləşir, kütləviləşir və sevgisiz insanlar barəsində kütləvi rəy yaradır. Sevgi insanlığın problemlərindən qurtuluşdur; insanlığın birləşməsi, növünü Yer üzündə saxlaması, ali olması, planetinin sahibinə, nəzarətçisinə çevrilməsi üçün verilmiş tək yoldur. Sevgisiz insan aşağı təbəqədir. Varlığı insana çevirən sevgidən uzaq canlı, insan deyil. Nəsə başqa canlıdır. İtdir, donuzdur, qarğadır… və ya xərçəngdir…

“The lobster”

İl: 2015
imdb: 7,2
Rejissor: Yorgos Lanthimos
Ssenari: Yorgos Lanthimos, Efthymis Filippou
Əsas rollarda: Colin Farrell, Rachel Weisz
Soundtrack: Apo Mesa Pethamenos – Danai


Təsəvvür edin – sizi bir otelə məhkum ediblər və otelin digər sakinləri arasında sizə uyğun olan bir nəfər tapıb, izdivaca başlamaqçün 45 gün təyin ediblər. Vaxtın tamamında isə sizi bir heyvana çevirəcəklər. Çünki yaşadığınız yerdə cütlük olmaq icbaridir və yalnızkən siz onsuz da heyvan hesab olunursuz. Əlbəttə, oteldə qalmaq vaxtınızı uzatmaqçün də ədalətli bir yol təyin olunub: mövcud sistemin müxalifləri – meşəyə çəkilmiş yalnızlar var və siz öldürdüyünüz hər yalnıza görə heyvana çevrilmə vaxtınızı bir gün gecikdirə bilərsiz.

Bu sistemin nə vaxt və harda mövcud olduğu və ya olacağı məlum deyil. Bu sistem sevgi məhkumiyyətidir; utopiyanın di51972520150514063512stopiyaya çevrildiyi yerdir. “The lobster” doğruyla yanılışın, həyatını sərbəst yaşama azadlığı ilə həyatına gecikməmə istəyinin təzad nöqtəsidir. Bu potensial heyvanların vaxtı o qədər azdır ki, cütlük olmaqçün vizual uyğunluqlar səciyyələndirilməlidir.

Mütəmadi şəkildə burnu qanayan bir qıza yaxınlaşmaqçün burnunu gizlicə zərbələrlə qanadan oğlan xoşbəxtlik sisteminin ən böyük ziddiyyətidir. Rejissor öz xəyali sistemində boşluqlar da qoyub filmdə. Məsələn, əks-cinsin ona yaxınlaşma cəhdlərini həmişə cavabsız qoyan bir qadın var. Amma əvəzində hər dəfə meşəyə ova çıxanda digərlərindən daha çox sayda yalnız öldürməklə oteldə qalma gününü uzadır. Bu qadın, hər kəs tərəfindən duyğusuz hesab olunur. Amma qanuna görə heç kimin onu heyvana çevirmə ixtiyarı yoxdur.

— SPOİLER —

Filmin mərkəzində həyat yoldaşından ayrıldıqdan sonra otelə gələn bir nəfər durur. Çevriləcəyi heyvanı da seçib; əgər 45 gün ərzində sevgilisi olmasa xərçəng olacaq. Amma duyğularını itirmiş potensial xərçəng, vaxt ötdükcə otelə adaptasiya olsa da, nə qadınlarla münasibətdə, nə də yalnız ovunda heç cür uğurlu ola bilmir. Ta ki, oteldən qaçıb, meşəyə – radikal yalnızların sırasına qoşulana qədər. Bu dəfə ona sevmək qadağandır. Amma bu dəfə onun qarşı cinsə olan istəyi özlüyündə azaddır.

“The lobster” bizə hər iki halda; sistemdəki sevgi və meşədəki yalnızlıq məcburiyyəti vəziyyətində azadlığı göstərir. Doğruların nisbiliyi, həqiqətin individuallığı, fərdiyyəçiliyin qanun qəlibinə sığmaması filmin ideya kökənidir.

– Burda qaldığınız müddətdə kiməsə aşiq olmasanız bir heyvana çevriləcəyiniz reallığı sizi narahat etməsin. Bunu bir heyvan olaraq yoldaş tapa bilməkçün ikinci bir şans kimi düşünün. Amma həmin vəziyyətdə belə diqqətli olmalısınız. Sizə bənzər növdə bir heyvan seçməlisiniz. Bir pinqvinlə canavar əsla birlikdə yaşaya bilməzlər. Yaxud bir dəvə və bir hipopotam… Bir fikirləşin… bu absurd olardı. Bu danışığın sizinçün xoş olmadığını bilirəm. Amma sizi hər cür nəticəyə psixoloji olaraq hazırlamaq mənim vəzifəmdir. Buranı yalnız bitirsəniz hansı heyvana çevriləcəyinizi düşünmüsüz?

– Bəli… Xərçəng.

– Niyə xərçəng?

– Çünki xərçənglər 100 ildən artıq yaşayırlar və aristokratlar kimidirlər.

Müəllif: Natiq Bəxtiyarlı

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ