manera.az
manera.az

Xalq artisti: “Bu hadisə ad günümə "hədiyyə" oldu”

26-08-2019, 10:27

Xalq artisti: “Bu hadisə ad günümə "hədiyyə" oldu”
Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyeva bu günlərdə saytlardan birində onun haqqında çıxan yazıya əsəbiləşib. Xalq artistinin dediyinə görə, söylədiyi fikirlər həmkarları tərəfindən düzgün anlaşılmayıb və bu da aktrisanın çalışdığı teatrda onlar tərəfindən narazılıqla qarşılanıb.

Sözü gedən açıqlama ilə bağlı MANERA.AZ Xalq artistindən münasibət öyrənib:

“İyul ayının 1-də mənim 75 yaşım tamam oldu. Doğum günümdən 2-3 gün sonra mənə bir jurnalist xanım zəng edərək təbrik etdi, haqqımda çox xoş sözlər dedi. Və daha sonra məndən soruşdu ki, Lətifə xanım, sizi doğum gününüz münasibəti ilə təbrik edənlər olub? Kimlər təbrik edib? deyə soruşdu. Mənim də evdə və səhhətimdə çox ciddi problemlər var idi, özümü yaxşı hiss etmirdim, əsəbi idim. Mən də xanıma təşəkkür edib bildirdim ki, qızım, mənim heç təbrikə ehtiyacım yoxdur! Qohum-əqrabam məni təbrik edib, digər insanlar da yaydır, istirahətdədir. Mən heç kimdən təbrik gözləmirəm də. Jurnalistə bildirdim ki, məni Teatr Xadimləri İttifaqından Azərpaşa Nemətov və kollektivi zəng edib, teleqram vurub təbrik ediblər. Dedim ki, mən bu insanlara minnətdaram.

Jurnalistin bəs teatrdan, iş kollektivindən sizi heç kim təbrik etməyib?- sualına cavabım narazılıqla qarşılanıb. Belə ki, həqiqətən məni Nicat Kazımov, İlham Əsədov, Leyli Vəliyeva təbrik etmişdi. Bildirmək istəyirəm ki, jurnalist sualları mənə ard-arda verdiyinə və çox gərgin vaxtım olduğuna görə, mən bu adları deməyi unutdum. Amma fikrimdə tutmuşdum, deyəcəkdim. Yenə də istəyirdim ki, deyim, əlavə bir sual da verdi. Mənim o jurnalistə gileyim sənət yoldaşlarım haqda yox, illərdir çıxış etdiyim televiziya kanalları haqda idi. O mənə həmin insanların təbrikini deməyə imkan vermədi.

Saytda yazını gördüm, oxuyub çox əsəbləşdim.

Bilirsiz, mənim oğlum müharibə veteranıdır, o 1992-ci ildə Kəlbəcər döyüşlərində başından ağır travma alıb. İndiyə qədər də mən oğluma 1 uşaq kimi baxıram, onun qayğısını çəkirəm. 52 yaşlı oğlum mənim həyatımda bir dərddir. Sağ olsun ki, cənab prezidentimiz ona təqaüd verir. Hər an onun hərəkətindən qorxuram, onu izləyirəm, nəzarət edirəm. Xanım məndən müsahibə alanda da oğlum bir neçə gün idi ki, evdən çıxıb getmişdi, qorxu içində yaşayırdım, nə danışdığımın fərqinə varmırdım. Onun evdən getməyi ilk deyildi, bir neçə dəfə belə halla üzləşmişəm.

Əlavə olaraq, jurnalist xanım özü də fərqinə varmadan yazıb ki, siz ana rollarının əvəzolunmaz ifaçısısız. Amma insanlar qoy bilsin ki, bizim teatrımızda çox gözəl ana rolları oynayan aktrisalarımız olub. Firəngiz Şərifova, Susanna Məcidova, Rəhilə Məlikova, Solmaz Qurbanova, Ruxsarə Ağayeva. Allah o aktrisalara qəni-qəni rəhmət etsin. Mən bu gözəl aktrisalarla həm dublyor olmuşam, həm də tərəf müqabili. Onlardan çox şey öyrənmişəm. Bu gözəl aktrisalardan öyrənsəm də öz qəlbimdə yaratdığım anaları üzə çıxarmışam, onları təkrar etməmişəm. Hesab edək ki, mən onları yenidən doğmuşam. Son sözü isə hər zaman olduğu kimi qədirbilən tamaşaçılarımız deyəcəklər.

Müdiriyyət və kollektivim mənim bu sözümdən inciyib, xətirlərinə dəymişəmsə, onlardan üzr istəyirəm. Bu hadisə mənim ad günümə, 75 illik yubileyimə bir "hədiyyə" oldu” deyə xalq artisti bildirib.

Xalq artisti sonda bundan sonra heç bir jurnalistə müsahibə verməyəcəyini sözlərinə əlavə edib.

Elman,
MANERA,AZ



Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031