Elmin inkişafında orta əsrlər islam alimlərinin əvəzsiz rolu_ (LAYİHƏ)

Tarix:11-05-2015, 11:38 Baxış Sayı:1128

Elmin inkişafında orta əsrlər islam alimlərinin əvəzsiz rolu_ (LAYİHƏ) Əhməd Qəşəmoğlu, professor

(Əvvəli var)

İbn Sina ( 980 - 1037) - Orta əsrlərin, ümumiyyətlə tarixin ən böyük alimlərindən, təbiblərindən biridir. Hələ sağlığında hər kəs onu dahi bir insan kimi tanıyırdı. Fəlsəfə, riyaziyyat, mexanika, fizika, astronomiya, kimya, musiqi və s. sahələrdə mühüm elmi nəticələri olan İbn- Sina daha çox tibb sahəsində böyük nəaliyyətlər əldə etmiş, dünya tib elminin inkişafına ciddi təsir etmişdir. Çoxcildlik tibb ensklopediyası, fəlsəfi əsərləri, metafizikaya, astronomiyaya aid əsərləri bütün dünyada məşhurdur. "Təbabət elminin qanunu" adlı 5 cildlik əsəri hələ XII əsrdə latın dilinə tərcümə olunmuşdu. Uzun müddət bütün Avropada yeganə tibb dərsliyi olaraq tədris olunurdu. Əbülhəsən Bəhmənyar(993-1066) İbn-Sinanın ən sevimli tələbələrindən biri olmuşdur və XI əsrdə islam aləmində yunan fəlsəfəsinin, Şərq peripatetizminin ən nüfuzlu tədqiqatçılarından, təbliğatçılarından biri olmuşdur. İbn- Sinanın fəlsəfə, metafizka sahəsində başladığı işin layiqli davamçısı olmuş, islam şərqində fəlsəfənin yayılmasında mühüm rol oynamışdır. Məntiq, təhsil sisteminin təkmilləşməsi ilə bağlı ciddi əsərləri vardır.

İmam Mühəmməd əl-Qəzali (1058-1111). İslam ilahiyyətçisi və filosofu olmuşdur. Öz dövründə islam aləmindəki olduqca ciddi dunyagörüşləri, elmi istiqamətləri sistemləşdirərək, islamın potensialının üzə çıxarılmasında əlahiddə rol oynamışdır. Həm islam dinini, həm də fəlsəfini çox dərindən bilən Qəzali sufizmin- təsəvvüf fəlsəfəsinin formalaşmasında olduqca mühüm xidmətlər göstərmişdir. Fəlsəfənin ilişib qaldığı dolanbaclardan çıxa bilməsinə dünya nizamının kitabı olan Qurani Kərimin necə imkanlar yaratdığını olduqca dərindən hiss etdiyindən, bu faydalanmadan doğan təsəvvüfün formalaşmasına əvəzsiz kömək etmişdir. Eyni zamanda o zaman ortaya cıxan yalançı fəlsəfi görüşlərin, dini təriqətlərin mahiyyətini açaraq onların ortadan götürülməsində ciddi fəaliyyət göstərmişdir. Nahaq yerə demirlər ki, o öz dövründə islam aləmində baş verən ziddiyyətləri ortadan götürərək “islamı xilas etmişdir”. Məhz onun zəkası hesabına dünyəvi elmlərdən, xüsusi ilə yunan fəlsəfəsindən mexaniki şəkildə istifadə etmələrin qarşısı alınmışdır.

Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) gənclik illərində yunan fəsəfəsini, peripatetizmi dərindən öyrənmiş, amma sonra özünün işraqilik fəlsəfəsini yaratmışdır. Sührəverdi bütün kainatın, kainatdakı hər bir varlığın bir işıq sistemi ilə yaradılması ilə bağlı ortaya ciddi bir fəlsəfi baxış qoymuşdur. Artıq bütün ciddi mütəxəssislər yalnız rasional amillərlə elmi araşdırmanın mümkün olmadığını duyur, təsdiq edirlər. Rasional olmayan amillərin tədqiqata cəlb olunması istiqamətində yollar axtarıldığı indiki zamanda təsəvvüf fəlsəfəsini xeyli dərinləşdirən Sührəverdinin elmi müddəaları günü-gündən öz aktuallığını daha da artırır. Rasional düşüncəyə üstünlük verən Aristotel məntiqinin tükəndiyi yerdə yol göstərən məntiqlərdən biri də “yalnız görməklə, birbaşa hiss etməkl dərk etmək olmaz, eyni zamanda tətqiq etdiyinin nurunu öz nurunla da duymalısan!” deyən Sührəverdi məntiqidir.

Bəziləri işraq fəlsəfəsinin kökünü Zərdüşdçülükdə, hind fəlsəfəsində və s. axtarır. Təbii ki, İranda yaşayan Sührəverdi həmin mənbələrlə tanış idi və o mənbələr ona düşünmək üçün müəyyən ideya verə bilərdilər. Amma, işraq fəlsəfəsi tamamilə yeni bir dünya baxışı, yeni bir fəlsəfi sistemdir. Və çox təbii, inandırıcı yanaşmadır. Əgər kainatı yenə bir sonsuz ölçülü orqanizm kimi təsəvvür etsək, bu orqanizmi eninə uzununa, olduqca sürətlə gəzən hansı varlıqdır? Təbii ki, işıq! ən qədim inancalradan üzü bəri, yunan fəlsəfəsi həyatın mənbəyi 4 ünsürdə görülür: su, torpaq, hava, od. Bunlar kainat orqanizminin imkanları, resurslarıdır. Bəs bu kainatı ən sürətlə dolaşan, bu resursları anında biri biri ilə birləşdirərək onlara enerji daşıyan nədir? Təbii ki, işıq. O zaman işıqın xassələri, qüdrəti təbii ki, fəlsəfə elminin diqqət mərkəzində olmalıydı.

Sührəverdiyə görə, bilik almağın iki yolu var: birbaşa və dolayısı yol. Onlar biri- birinə zidd deyillər, biri birinə kömək edirlər, biri birlərini tamamlayırlar. Birinci yol ilahiyyət elmlərinin yoludur. İkinci yol dünyəvi elmlərin tədqiqat yoludur. O üstünlüyü birinci yola verir. Birinci yoldakı mükəmməllik daha yüksək qiymətləndirilir. Birinci yoldakı mükəmməl alimlər daha böyük alimləri, Allahın seçilmiş bəndələridir. İkinci yolun tədqiqatları birinci yolun mükəmməl nümayəndələri tərfindən qəbul olunmursa onları bir kənara qoymaq, bu sahədəki tədqiqatları mükəmməlləşdirmək lazımdır.

İbn Ərəbi (1165–1240) –Kifayət qədər mükəmməl təhsil alan, dövrünün görkəmli alimləri ilə daima təmasda olan mütəfəkkir, orta əsrlər İslam, təsəvvüf fəlsəfəsinin dərinləşməsində olduqca mühüm bir rol oynamışdır. O, özünün vəhdəti-vücud fəlsəfəsində sufilərin bir çox ideyalırını sistemləşdirmiş, daha da dərinləşdirmiş, konkretləşdirmişdir. İbn Ərəbinin eyni zamanda hind fəlsəfəsindən, özündən əvvəl yaşamış sufilərdən də bəhrələnərək formalaşdırdığı bu fəlsəfənin əsas ideyası bütün kainatda yalnız bir həqiqi varlığın – Allahın olduğunu, yerdə qalan bütün yaranmışların həmin varlıqların hissələri, kölgəsi olduğunu əsaslandırmaqdır. Bu təlimə görə Allah elə bütün kainatın özüdür. Bu fəlsəfəyə görə, hər bir yaranmışın- təkin, hər bir insanın əsas borcu xüsusi təlimin köməyi ilə yer qayğılarından, nəfsdən qəlbən təmizlənərək, bunun nəticəsində ümum ilə- Allahla rabitəni gücləndirmək, get-gedə Allahın bütün xüsusiyyətlərini özündə əks etdirərərk, bir fərqli yaranmış olaraq özəl xüsusiyyətlərini məhv edərək Allaha qovuşmaqdır.

Bu təlimin müxtəlif müddəalarını ciddi şəkildə təqdir edənlər də, daha da ciddi, kəskin şəkildə tənqid edib küfr sayanlar da çoxdur. Amma, ümumən təsəvvüf dünyagörüşünü sistemləşdirən, inkişaf etdirən bir fəlsəfə olduğu əksəriyyət tərəfindən qəbul olunur. Bu təlimin yaranması təsəvvüf elmini xeyli dərinləşdirdi, dünyanın dərki sahəsində yeni üfüqlər açdı. Təsəvvüf elminin belə dərinləşməsi dünya fəlsəfi sisteminə yeni, vacib bir keyfiyyət gətirmiş, özünü “bir fəlsəfi sistem kimi təsdiq etmişdir”. XIX əsrdən başlayaraq qərb mütəxəssislərinin bu fəlsəfi sistemin tədqiqinə maraqları xeyli artmışdır. Əgər əl-Kindi, əl-Fərabi, İbn Sina, Bəhmənyar kimi dahi alimlər daha çox yunan fəlsəfəsinin təsiri altında idilərsə və şərq dünyagörüşündən, Qurani-Kərim, islam potensialından yunanan fəlsəfəsinin təsiri altında faydalanırdılarsa, vəhdəti-əl-vücud fəlsəfəsi Quranı- Kərimin daha dərin hikmətlərini dərk etməyə yönəlmişdi. Vəhdət - əl- vücud fəlsəfəsi həmin dərinliklər yolunda axtarışlar aparmışdır.

Yer üzünün böyük dahilərindən biri də Nəsrəddin Tusidir(1201 - 1274). Marağa rəsədxanasının yaradıcısıdır. Astronomiya, riyaziyyat, məntiq, tibb, fəlsəfə, etika, sosiologiya, fizika sahəsində olduqca ciddi əsərlərin müəllifidir. Onun əsərləri şərqdə olduğu kimi, qərbdə də astronomiyanın, riyaziyyatın, xüsusi ilə həndəsə və triqonometriyanın inkişafında mühüm rol oynamışdır. “Əxlaqi - Nasiri” adlı əsəri pedoqoqika, sosial psixologiya, sosiologiya sahəsində sistemlilik prinsipi ilə yazılmış olduqca mühüm bir kitabdır. İslam aləmində əxlaq normalarınının formalaşmasına ciddi təsir etmişdir. Sosial idarəetmə elminin başlanğıcı kimi də baxıla bilər. Qeyd etmək lazımdır ki, kitab indən belə də qərbdə əsasən pozitiv biliklər əsasında formalaşmış sosiologiya elminin mükəmməlməsinə, inkişafına ciddi təkan verə bilər.

İbn Haldun ( 1332 – 1406). Orta əsr İslam şərqinin ən axırıncı böyük, tanınmış alimi. İqtisadiyyat, tarix sahəsində ciddi elmi müddəaları vardır. Qərb alimləri onu həm də sosiologiya elminin yaradıcısı kimi də tanıyır və qəbul edir. Onun müxtəlif elm sahələrindəki fikirləri bu gün də dünyəvi elmlər baxımından aktualdır. İqtisadiyyatın təşkilində dövlətin rolu, dövlət xərcləri, vergi sistemi, məmurları savadı, əmək bölgüsü, qiymətləndirmə, stimullaşdırma, normativ-hüquqi baza və s. barədə bu gün də aktuallığını saxlayan elmi mülahizələri vardır. Tarixin mənası, səhvləri, coğrafiiya, insan psixologiyasına coğrafi ərazinin təsiri, həqiqətin dərk olunması qaydaları, ailə, ictimai həyat barədə bir çox elmi fikirlərin ilk müəllifi ibn Haldundur. Əməyin dövlətin rifahındakı rolu, müxtəlif əmək sahələri, iqtisadi və əqli inkişaf, dövlətçilik prinsipləri, elmin lassifikasiyası və s. barədəki fikirləri indiki zamanda da müasir elmin təkmilləşdirilməsinə xeyli kömək edə bilər. Bu əsərlər eyni zamanda sosioloji baxımdan da olduqca maraqlıdır.

Bir şeyi tam əminliklə qeyd etmək olar ki, İbn Haldun iqtisadiyyat elminin fundamenti olan bir çox əsərlərini yaradaraq iqtisadi nəzəriyyə formalaşdırarkən strateji baxımdan Adam Smitdən də, Rikardodan da, onlardan sonrakı bütün qərb iqtisadçılarından da daha doğru yolda olmuşdur. O öz iqtisadi nəzəriyyəsini qurarkən şərq mədəniyyətinin, islamın potensialını nəzərə alaraq qurmuşdu. O iqtisadiyyat deyəndə insanın, cəmiyyətin rifahına, mənəvi inkişafına, imanına, tərəqqisinə kömək olan maddi təminat sisteminin qurulmasını nəzərdə tutmuşdur. İaqtisadi amilləri sosial amillərin fonunda araşdırmışdır. Elə sosiologiya elmini üçün də mühüm olan müddəalar bu araşdırma prinsipinin hesabına yaranmışdır. Qərb alimləri isə daha çox mənəviyyatla, imanla bağlı öz məhdud fantaziyaları hesabına nəzəriyyə yaratmışlar. Nəticədə kapitalizm cəmiyyəti kimi eybəcər, mənəviyyatı aşındıran bir cəmiyyət formalaşmışdır və onun dəyərləri bu günə qədər də yer üzündə gərginliklərin artmasına səbəb olur. Bu kitabda, başqa bir paraqrafda bu eybəcərliklər barədə daha ətraflı danışılacaqdır.

Əgər qərb fəlsəfəsinin nəhəng sütunları olan İ. Kant, Höte, Hegel, Nitsşe Marks, Veber kimi filosofları, Kont, Spenser, Dürheym kimi sosioloqları lazımi qədər bəhrələnə bilsəydilər İndi fəlsəfə elminin də, dünyanın da mənzərəsi tam başqa cür olardı.

Haqqında danışdığımız bu alimlər orta əsr islam alimlərinin bir hissəsidir. Həmin alimlər arasında sırf azərbaycan türkləri olanlar da az deyildir. Növbəti yazıların birində bu barədə də danışılacaqdır.

Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ